525.Az

Tanıyaq və tanıdaq: Səhər Barani


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Səhər Barani</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular! 

Vətəni sevmək imandandır-Esmira FUAD | SENET.AZ 

Esmira FUAD
Filologiya elmləri doktoru

***

Səhər BARANİ

"1984-cü ildə Güney Azərbaycanın Solduz şəhərində dünyaya gəldim. Orta oxulu Sulduzda bitirdim. Riyaziyyat üzrə ali təhsil aldım. Lap uşaqlıq çağlarımdan ədəbiyyata, şeirə könül verdim. Bu dünyanın sehrli qanadlarında mən də uçdum və şeirlər yazmağa başladım.

Çap olunan ilk kitabım belə adlanır: "Buz dövründə yaşayan qadındır adım". Şeirlərim "İşıq", "Varlıq", "Azəri", "Ərməğan-e Azərbaycan", "Qürub və dan" məcəllələrində dərc edilir".

Gecənin gözləri mavidir

Tarixin uzununu addımlamaqdayam,
keçmişdən gələcəyə, gələcəkdən keçmişə...
mətrü qitələrində sataşır gözümə biri
ağarır gözləri xəritələrin!
Fırlanır-fırlanır dəlicəsinə saatların əqrəbləri,
Bütün coğrafiya qanayır dırnaqlarımda
Şumlayır günəşin dirəkləri,
Dans edirəm saymazcasına ölülərlə
yerin qurtaracağında!
Ölülər xortlayır, Dirilər ölür,
ağır ayaq sürünənlər tək yayılıram...
Mən, zaman pazlının itkin bölümüyəm
gecənin gözləri mavidir!

*** 

Biz hansı əsrdə quşa dönmüşük,
Sən hansı tanrının imdadısan?
Renesans başlanır baxışlarından!

*** 

Bağlasam səslərin beynimə giriş yollarını,
Qırmızı olsa şəhərin
bütün pəncərələrdən sızan işıqları,
İki heca arasında yaşansa bu devrim!

Sevdanı ikiyə bölsək

Sevdanı ikiyə bölsək,
yarısı qələm, yarısı tanrıdan bir çimdik!
yenidən yazsaq dünyanın yasalarını!
Cüt dırnaq arası kəpənəklər doğulmadan!
Uçarmı yenə yelqovanlar
püfləsəm gözlərinə bu şəhərin?

Uzat əlini

Burax əsrlərdə sürgünlüyümü,
Əlini uzat, qaraçı qızları falına baxsın...
Uzat əlini, xodunu al arada avara küləklərin.
höccələ ipəkliyini, yumma gözlərini,
qoy qarışsın göy üzü ilə bəbəklərin!
Uçmağım gəlir bu gecə,
Çıxma şəhərimin güvənindən
Cəhənnəmə ki,
polislər bütün yol ayrımlarında pusu qurublar!
Seviş kəlmə-kəlmə dodaqlarımla...
səni sətir-sətir uğurlamışam
şəhər divanlarından...
Ulduzların tozunu silkələsək
kipriklərindən,
gecənin gözləri hələ mavidir!
İl qış üşüyürəm, üşüyür dodaqlarım,
titrəyir ovuclarında barmaqlarım...
Məni hansı sevgili qınadı qollarında,
qarğadı baxışlarında?
Məni hansı sevgi duvar hördü
sənə həsrətlik diləkçəsi ilə?
Məni hansı tanrı sürgün saldı ürəyindən
dizlərinin dayanmamazlığına?
Lənət olsun qəfil yağan qarlara...
Bir çimdik sevgi olsa
basardım bu darısqal otağı da bağrıma
dolardım qollarımı mavi baxışlarının boynuna...
Əsməsəydi keşkə bu ayaz!
Baxırsan,
gözlərimdə sözlər qəndil bağlayıb...
Ötməsəydi keşkə ürəyimdə
gizlətdiyim bir ovuc bu yaz...
Bir daha sevirəm desəydin...
nə var ki, bunda?..
Qürurluluğun başına gəlsin,
qara gözlərin pəncərələrə pıçıldasın,
pəncərəm də bilsin nə çəkir gönlüm...
Hər özləmdə səni açsın şüşələri...

Buludlar paylasın
şəhərin bütün baxçalarına baxışlarını,
ev-ev küçələrin başına gəlsin qara gözlərin...
Əlini uzat!
Şəhərlərimin həftəsindəki yaraları tumarla!..
Adın sümükdür,
kəlmələrin boğazından keçmir,
heçə girir qağayıların qasırğa qorxusu
gecənin bağrına düyünlən
əllərimin arasından...
Dinmə,
uzaqlaş dəftərlərimin dərd əsrindən...
Şəhər yerinə ulduz yağsa
aydınlaşardı
yetim uşaqların kabus tənhalığı...
çək gözlərini duvarların yaddaşından,
çəmadana qoy qoxunu...
Get, bu şəhərin
xiyabanlarını apardığın kimi
apar körpə məsuməliyimi!..
anamın yeriyinə qaytar yolları,
alma çiçəklərinin qoxusuna,
tanrı babamızın qucağına ver
gözlərimdən keçdiyin fəsilləri...
Mən Afrodita,
Mən Lilit,
Mən yeraltı dünyaların sürgün tanrıçası...
Gözlərinin güldüyü bu ana - suçuma qaytar...
Get, tumarlama yaraların yaddaşını...
Tək gerçək olan yalqızlıqdır,
dolanır qarğınmış xiyabanları əl-ələ...
Sevdiyini xəyal etdiyin oğlanların xatirəsi.
oysakı
sevməyi də öyrətməmiş dediyin an
daramışdın saçlarını yalqızlığın,
qopub bir-bir ələnmişdi qucağına...
kimsəsiz əlinin barmaqları
bütün canalıcılığında
aynalara ilişib qalırdı çıxanda qapıdan...
heç oğlan da əlini sınamadı
ayrılıq gətirirmi deyə, ayrıldılar bir-bir...
Axı, insan, yol ayrımlarından abardır
cümlələrin qısacıq fasilələrində,
qalmaqmı, getməkmi?..
Yer kürəsinin damarlarında gəzən
avara yalqızlığam,
hamı mənə dönür sonunda,
hamı məndən döndüyü kimi bir gün...
Çalınan bütün qapıların səsində
bir damar tənhalıq var.
Tənləri yamaq kimi daşıyan ruhların
qərarsız qalmışlığı...
dar gələndə halına sığmayan da
əllərin yalqızlığın qocaman əllərinə
çarəsizliyidir...
Mesajların alarm çağrışı,
açsan da, açmasan da,
möcüzə baş vermədən sovuşur bizdən...

Mavi gözlü sərçələrin gözünə

Qançır yaradır yalanlarının yeri,
Ürək damarlarımda
laxta bağlayır baxışların
keçməyib, keçəsi deyil...
Söküb atmaq var bir də səni
bütün günlərin gövdəsindən
daldalanmaq var bir də
qara gözlüklərin kölgəsində...
Qırmızı saçlarımın başına
qara ləçəkdir adın - Gələcəkdir!
Gələcəkmi günlərin birində
demişdi falçı qadın?
Xatırlamaq olmur
gözlərinin rəngini
 dənizə dalmayınca...
Bir də ormanlar var
həmin dənizlərin sınırında...
Keçəcəkmi bu yara izləri bıçaqlardan?..
silinəcəkmi yolların sonu
xəritələrin alnından?
Geri dönüşü olsun
deyirəm heç olmasa...
Bir çimdik gözlərimə çəkim
sürmə kimi döngəli yolları...
Dönmə sakın! Möhkəm ol,
qayıtmağa məmləkətinmi var?
Bütün şəhərlərin boğazında
kor düyündür adın.
nə hıçqırıqla keçir,
nə dənizi qurtum-qurtum başıma çəkim!
Ondandır pəltəkliyi baxışlarımın...
Bir az da islaqdır -
Bağışlar
göz-gözə gəldiyim yuvasız durnalar,
mavi gözlü sərçələrin
gözünə taxılır hərdən,
qonur telefon tellərinə...
Səsləri səsinə bənzəyən
hamı kişilərin dodağıdır,
dağıdır, çəkilir sinəmə...
təkrar-təkrar,
bir günluk,
bir gecəlik...

 





26.02.2021    çap et  çap et