525.Az

Qar göstərdi ki, Bakıda İcra hakimiyyəti modeli özünü doğrultmur


 

Qar göstərdi ki, Bakıda İcra hakimiyyəti modeli özünü doğrultmur<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Elxan Şahinoğlu, politoloq:

- Ermənistanla yanaşı, Gürcüstanda da siyasi xaos davam edir. Gürcüstanın əsas müxalif partiyası olan "Vahid Milli Hərəkat"ın sədri Nika Melia həbs edilib. Polis əməkdaşları Melianı partiyanın baş ofisində həbs edərkən bibər qazından istifadə ediblər.

Melianın həbsinə hazırlıq bir neçə gün əvvəl baş nazirin istefasına səbəb oldu. Demək, hakimiyyətdə həbslə bağlı yekdil qərar yox idi, çünki nəticənin ölkəni qarışdıracağı ehtimalı az deyildi. Gürcüstanda siyasi hərarətin artacağı gözlənilən idi. Çünki müxalifət parlament seçkilərindən sonra hakimiyyəti saxtakarlıqda ittiham etdi və mitinqlərə başladı. Müxalifət etiraz əlaməti olaraq parlamentin iclaslarına  qatılmadı.

Çıxış yolu varmı? Müxalifət yenidən parlament seçkilərinin keçirilməsini tələb edir. Hökumət bunun əleyhinədir. Baş nazir vəzifəsinə irəli sürülən İrakli Qaribaşvili də növbədənkənar parlament seçkisinin keçirilməsinin əleyhinə çıxış edib. Çünki bu halda hakimiyyət zəif görünəcək. Digər tərəfdən növbədənkənar parlament seçkisinin də qaşıdurmaya son qoyacağını vurğulamaq çətindir. Müxalifətin yeni seçkinin də saxtakarlıqla müşahidə edildiyini irəli sürməyəcəyi istisna deyil.

Bu vəziyyətdə müxalifət siyasi hərarəti getdikcə artırmağa çalışacaq. Nika Melianın həbsi vəziyyəti daha da gərginləşdirəcək. O biri tərəfdən Mixail Saakaşvili Ukraynadan Gürcüstandakı tərəfdarlarına çağırışlarını artıracaq. Necə ki, Ermənistanın müxalifət liderləri baş nazir Nikol Paşinyanı devirməyə çağırırlar, oxşar çağırışları Saakaşvili Gürcüstan üçün edir. Gürcüstanın iqtisadi durumu da ağırlaşıb. Bu ölkənin əsas gəlir mənbələrindən biri turizm idi, koronavirus hər yerdə olduğu kimi, Gürcüstanda da bu sahəni çökdürüb.  

Bu arada, baş nazir vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdəki çıxışında deyib ki, ilk xarici səfərini Azərbaycana edəcək. Təqdirəlayiqdir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Bunu Qaribaşvili də xüsusi olaraq qeyd edib. Ancaq Qaribaşvilinin çıxışındakı "sərhədlə bağlı Azərbaycan tərəfi ilə səmərəli danışıqlar aparacağam" cümləsini xüsusi vurğulaması müəyyən suallar doğurur. Sərhədlə bağlı ikitərəfli komissiya işləyir. Gürcüstanda hakimiyyətə gələnlər anlamalıdırlar ki, Azərbaycan güzəştə getməyəcək. Biz erməni separatizmi ilə işi tam bitirmədən bir başqa istiqamətdə torpaq güzəştinə gedə bilmərik. Qaribaşvili sərhəd məsələsini ön plana çəkməkdənsə, Azərbaycanla regional layihələri müzakirə etsə, daha faydalı olar. Gürcüstan şirkətlərinin işğaldan azad olunmuş torpaqlarda fəaliyyətinə də qapılarımız açıqdır. Ancaq Tiflisdə bu barədə danışan yoxdur.

Aqşin Kərimov, jurnalist:

- Bir az qar yağdı, külək oldu, şaxta düşdü, yenə işıqları kəsilən, qazları sönən evlər var. Bu qədər xəbərdarlıq edilmişdi, müvafiq qurumlar isə "hazırıq" deyirdi. Yaxşı ki, bizdə ABŞ-dakı kimi fırtınalar, tornadolar olmur, ya da başqa ölkələrdəki kimi qar bir metrə çatmır. İşinin öhdəsindən gələ bilməyən qurumların rəhbərləri çıxıb sakit şəkildə istefa verməlidirlər, onların daha deyəsi bir şeyi qalmayıb. 

Taleh Şahsuvarov, jurnalist:

- Kadrlardan belə məlum olur ki, şəhər iflic olub, marşrutlar qeybə çəkilib, bəzi yerlərdə işıq, bəzi yerlərdə qaz kəsilib. Hava proqnozları ilk növbədə dövlət qurumları üçündür ki, işini ona görə qursun və hava proqnozu məxfi də deyil, Bakı şəhər İcra Hakimiyyəti köməkçisinin istənilən bir saytdan oxuya biləcəyi məlumatdır. Hacıbala köhnə idi, qoca idi, rayonlu idi, o idi, bu idi... Bəs bu nə gündür? Bakıda adam çoxdur, paytaxt yüklənib kimi bəhanələrin də yeri yoxdur. Los Anceles, İstanbul kimi şəhərlərdə Azərbaycandan çox əhali yaşayır. İcra hakimiyyəti modeli özünü doğrultmur. Seçki olsun, böyük şəhər bələdiyyəsi olsun, bir gün deyil, aylarla qar, yağış yağsın. Görün bu şəhər necə yaşamalı yer olur...

Elçin Mirzəbəyli, politoloq:

- Fevralın 22-də Ərdəbil şəhərində "Azərbaycan türkcəsinin izahlı lüğəti"nin I cildinin beynəlxalq səviyyədə onlayn formatda təqdimat mərasimi keçirilib.

Tədbirdə güneyli alimlərlə yanaşı, Azərbaycandan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Türkiyədən Əli Qafqasyalı, Seyfəddin Altaylı və digərləri iştirak edib.

Akademik Möhsün Nağısoylu mərasimdə lüğətin əhəmiyyətindən danışaraq, onun imkanları, söz və ifadələri haqqında məlumat verib.

İclasda bildirilib ki, lüğət müəllifləri kənd-kənd, oba-oba gəzərək sözügedən əsəri ərsəyə gətirib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Amerikanın Səsi"nə müsahibəsində bildirib ki, lüğətin birinci cildi "a" hərfi ilə başlanan sözləri əhatə edir. Kitab İranda çap olunub və İran Azərbaycanında işlənilən sözləri əhatə edir. Orada sözlərin izahı fars əlifbası ilə verilib.

"Lüğət azı 10 cilddən ibarət olacaq. Böyük bir işdir. Lüğət Cənubi Azərbaycanda işlənən sözləri əhatə edir. Müəlliflər Cənubi Azərbaycanda kənd-kənd, oba-oba gəzib sözləri toplayıb".

Akademik bildirib ki, belə bir lüğətin Azərbaycan Respublikasında da çapına ehtiyac var və yeni lüğət azərbaycanlıların yaşadığı bütün əraziləri əhatə etməlidir.

"Azərbaycan Respublikasında çap olunan lüğət kasaddır. Cəmi dörd cilddən ibarətdir, 40-45 min sözü əhatə edir. Halbuki bizim dilimizdə 200 mindən çox söz işlənilir", - deyə o qeyd edib.

Nağısoylunun özünün müəllifi olduğu Azərbaycanca-Farsca lüğət 65 min sözü əhatə edir.

Xatırladaq ki, Əhəd Byütənin rəhbərliyi altında böyük bir heyət tərəfindən tərtib olunan kitabın təqdimatı bundan öncə fevralın 20-də Təbriz şəhərində keçirilib.

Təqdimatda tanınmış dilçi alim Hüseyin Məhəmmədzadə Sədiq, Behruz bəy Babayi, Mehdi Mirzə Rəsulzadə, Azərbaycan Respublikasından və Türkiyədən olan bir neçə alimin iştirakı ilə baş tutub. 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Paşinyandan Rusiyaya biabırçı "İskəndər" zərbəsi.

Xatırlayıram ki, Vətən müharibəsi başa çatandan sonra xeyli müddət "İskəndər" raketi məsələsi müzakirə predmeti oldu.

Bəzi erməni generallar "İskəndər"dən istifadə edildiyini bildirsələr də, rəsmi şəxslər susurdular.

Prezident İlham Əliyev də, xatırlayıram ki, bir dəfə çıxışında ermənilərin ballistik raketdən istifadə etdiyini ötəri də olsa  vurğulamışdı. Lakin dərinə getməmişdi.

İndi isə Nikol Paşinyan da  Rusiyadan alınan "İskəndər" raketlərindən istifadə edildiyi və keyfiyyətsiz olması səbəbindən partlamadığını bildirib.

Onun bu açıqlaması aydın səmada göy gurultusu olub. Sanki Rusiyada bu raket həqiqətən partlayıb, bütün Rusiya bir-birinə dəyib.

Rusiyanın ən güclü silahının qarşıya qoyulan hərbi vəzifəni yerinə yetirə bilmədiyini hökumət başçısı səviyyəsində səsləndirmək Rusiyaya qarşı amansız zərbə olub.

Odur ki, Rusiya mediasında da Paşinyanın açıqlamaları əleyhinə müzakirələr baş alıb gedir.

Güman etmək olar ki, bundan sonra Rusiyanın silah satışı bazarı xeyli müddət tənəzzülə uğrayacaq və böhran keçirəcək.

Yeri gəlmişkən, belə qənaətə gəlmək olar ki, bizim hərbi komandanlıqda ermənilərin "İskəndər" raketindən uğursuz istifadə ilə bağlı dəqiq məlumatlar olub.

Lakin düşünmək olar ki, bu biabırçı  uğursuzluğun rəsmi səviyyədə  açıqlanması Rusiya üçün çox ciddi qıcıq yarada biləcək, odur ki, çox da dərinə getməyiblər.

Güman ki, bizimkilər hesablayıblar ki, son zərbə elə düşmənin öz əli ilə vurulacaq, hansı ki, bu da özünü təxminən 100 gün gözlədib. 

Nofəl Qasımov, Feysbuk istifadəçisi:

- Məcburi köçkünlərin Qarabağa qayıtması ilə bağlı sorğu keçirilir. Əvvəla sorğuya nə ehtiyac var? Hamı qayıtmalıdır. İkincisi, heç olmasa, sualları peşəkarlara hazırladın. Sualları oxudum, cavablandırdım və həm də şübhələndim. Qayıdış məsələsinə ciddi və ədalətli yanaşmaq lazımdır! Suallar əhatəli deyil. Amma ortada çox sullar var və hamısı da cavabını gözləyir. Əhalini hər tərəfli maarifləndirmək lazımdır kı, narazı qalmasın və doğma Qarabağa sevinə-sevinə qayıtsın. 

İradə Tuncay, Əməkdar jurnalist:

- Gün ərzində iki tərəfin TV-sinə baxıram. Yəni onların dilin bilirəm də. Türkiyədə seriallar gözəl çəkilir. Hərdən yaxşı filmlər də olur. Rusiyada da eynən...

Amma Rusiya müxtəlif güc strukturlarının sifarişi ilə də çox film çəkir. Məsələn, eyni gündə həm FSB, həm Müdafiə Nazirliyi, həm Daxili işlər orqanları haqqında filmlər verilir. Hamısında da bir-birinə ilişirlər. Yəni rəqabət məsələsi olduğundan hər tərəf öz xeyrinə çalışır. Əslində, bu, çoxdan var. Xatırlayın, "Görüş yerini dəyişmək olmaz" və ya "Baharın on yeddi anı"... Bu, iki təşkilatın davası idi - Şelokovun və Andropovun... Amma nəticədə tamaşaçı qazanmışdı, rejissor-aktyor heyəti qazanmışdı, dövlət qazanmışdı...

Təbii ki, imperiyalarla müqayisə etmək fikrindən çox uzağam... Amma müharibə haqqında olar da. Yoxsa o da siyasi məsələdir?

Asif Nərimanlı, jurnalist:

- Son 1 ildə 1300 erməni Zəngəzur (erməni dilində Sünik) bölgəsini tərk edib. Sərhədin demarkasiyasından sonra yeni köç dalğası sürətlənə bilər:

1. Ermənilərin işğal dövründə istismar etdikləri, əsas gəlir sahəsi olan əkin və otlaq sahələrindən məhrum olub;

2. Onlarla kənd sərhəd zonasına çevrilib və köçən ermənilər "təhlükəsizlik" problemi ilə üzləşdiklərini əsas gətirirlər: misal üçün, ötən həftə David Bek (Zeyvə) kəndinin rəhbəri Poqosyan "Əhali nə heyvandarlıq, nə də əkinçiliklə məşğul ola bildikləri üçün mallarını satır, kəndi tərk edirlər, təhlükəsizliyimizə zəmanət də yoxdur" demişdi;

Zəngəzurda ermənilər üçün həyat perspektivinin azalması bir gün tarixi torpaqlara qayıda bilməyimizə imkanlar yarada bilər.

Yusif Mirzə, rəssam:

- Zərdüşt Əlizadə iqtidarın Qarabağ siyasətini tənqid edən müxalifətçiləri eyni yanlış siyasətlə torpaqlarımızın işğalına və 20 Yanvar qırğınına səbəbkar göstərib. O, "İlham Əliyevin indiki Qarabağ siyasəti düzgündür və xalqımızı addım-addım tam qələbəyə aparır" deyib.

Politoloq Xankəndinə Azərbaycan Ordusunun daxil olacağı halda, mümkün ssenarini belə təhlil edir: "Azərbaycan Ordusunun Xankəndinə daxil olması, dünya mediasının yeni erməni soyqırımı" şivəni qoparması, Rusiyanın bu "soyqırımın" qarşısını almaq üçün Gümrü bazasındakı qoşunlarını Qarabağa yeritməsi və təbii ki, rus ordusu ilə Azərbaycan Ordusu arasında döyüşlərin başlaması, bu zaman Türkiyənin məcbur olaraq hərbi münaqişəyə qarışması və Azərbaycan ərazisində genişmiqyaslı regional müharibənin qızışması kifayət idi".

Zərdüşt Əlizadə düzgün siyasi analiz verən siyasətçidir və bu fikirlərində tamamilə haqlıdır.

 





26.02.2021    çap et  çap et