525.Az

Əks-sədanın ilk mənbəyi - Resenziya


 

Əks-sədanın ilk mənbəyi - <b style="color:red">Resenziya</b>

(Səadət Kərimi: Əks-səda: Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində. - İsveç, Diktonius Text, 2020.; 213 s.)

(Saadat Karimi: Efterdyningar: Ögonvittnen berattar om Karabach, Tabriz och Jerevan. - Sverige, Diktonius Text, 2020.; 213 s.)

Umeo Universitetinin riyaziyyat üzrə elmlər doktoru Səadət Kəriminin müəllifi olduğu bu kitab, sözün həqiqi mənasında dərdlərimizin tərcümanı sayıla bilər. Kitabın məğzini və mahiyyətini açıqlamazdan əvvəl demək istəyirəm ki, müəllifin bu çap məhsulunda tək özünün yazdığı tarixi elmi araşdırma və esselərindən savayı, həm də tərcümə əsərləri toplanıb. Yəni yazar xanım kitabda məhsuldar əməyini iki formada ortaya qoyub - müəlliflik və tərcümə işini. Lakin mahiyyət baxımından kitabın içindəki mövzuları bir xətt birləşdirir: Azərbaycan nədir? - sualına cavab axtaranlara bu antologiya ilə yardımçı ola bilmək. Mütərrəqi təşəbbüsdür, elə deyilmi?

İkinci bir tərəfdən, kitab yurdumuzun ruhani xəritəsi ilə bağlı tək tarixi yox, eyni zamanda, ictimai-siyasi, etnoqrafik baxımdan da müşküllərinə ayna tutmuş olur.

Kitabın adı və üz qabığında olan foto oxucuya - istər türk oxucusu olub üz qabığındakı olaydan xəbərdar olanlara, istərsə də tarixi Xocalı soyqırımından xəbərsiz olan əcnəbi oxucuya - kitabın içindəkilərin sürpriz vəd etmədiyini anons verərək, onu psixoloji baxımdan mövzuya kökləyir.

Yuxarıda qeyd etdiyim kimi, bu gün işğal altında olan İrəvan, Təbriz və bir hissəsi işğalçı ermənilərdən geri alınmış Qarabağla bağlı informasiyaları ilk növbədə kitabın üz qabığından almaq mümkündür. Nədən müəllif kitabı işğalda olan yurd yerlərimizin adı ilə adlandırıb? Bu yerdə mənimlə razılaşmasanız belə, deməliyəm ki, bu suala ən çox Azərbaycandan kənarda yaşayan oxucular doğru-dürüst cavab verə bilərlər. Çünki Azərbaycanla bağlı informasiya savaşında ən çox dara düşdüyümüz hal, yurdumuzla bağlı tarixi faktlar əsasında elmi, publisistik, tarixi-bədii romanların əlimizdə lazımi qədər olmamasıdır. İngilis dilini çıxmaq şərtilə digər dillərdə haqqında bəhs etdiyim tipdə informasiya mənbəyi, əsasən də kitab yetərincə deyil. Əslində, ingilis dilində belə qədərincə bu növ əsərlər yoxdur. "Türk tarix yaradıb, amma yazmayıb" deyimi, nə heyif ki, burda yerini tapmış olur. Bir məsələni də etiraf etməliyəm ki, müəllifin münaqişəli yurdumuzla bağlı bu kitabı ortaya qoyması, onun hünər sahibi olmasından xəbər verir. Uzun müddətdir İsveçdə yaşayan, ictimaiyyətçi bir xanım bilməmiş deyil ki, türk millətinin bu mövzuda sanballı çap məhsulunu üzə çıxarması onun çapdan sonrakı karyerası üçün maneələr törədə bilər. Müəllifi yaxından tanıdığım üçün bilirəm ki, o, əsl ziyalı kimi hərəkət edərək həqiqətin yanında olmağı hər şeydən üstün tutub.

Kitabın içinə baş vurmazdan öncə bir haşiyə çıxmaq istərdim. Səadət xanımın bu ağır əməyinin məhsulunu müəlliflik baxımından təhlil edərkən, mən istər-istəməz onu orta əsr dəqiq elm sahəsinin alimləri ilə müqayisə etməyə bilmədim. İxtisasca riyaziyyatçı olan alimimizin tarixi, ictimai-siyasi olayları dərindən araşdırması, ədəbiyyatı, toponimləri öyrənməsi, etnoqrafiyanı, coğrafiyanı, türkoloji məsələləri bilib, kitabda ustaca bəhrələnməsi adamda heyrət yaradır. Elmi təsnifatın 200-dən artıq növü var, qəribədir ki, elmi təsnifləşdirənlərin əksəriyyəti dəqiq elmin mütəxəssisləri idilər. Qədim dövr elmi təsnifatların yarandığı ilkin başlanğıcda onların arasında riyaziyyatı musiqi ilə bir yerdə və ya ədəbiyyatı riyaziyyatla eyni sırada qoyanlar çox olub. Məncə, bu, ən çox elmi təsnifatçıların öz bilik hazırlıqlarından xəbər verirdi. Qəribədir ki, mən bu kitabı oxuyarkən Səadət xanımı tək riyazi savada malik olan birtərəfli şəxs kimi görmədim, onun humanitar elmə dəqiq elmlər qədər diqqət ayırdığını hiss etdim.

Az qala, milli taleyüklü məsələmizə çevrilmiş "Sarı gəlin" xalq mahnımızı müəllif öz araşdırmalarından olan "Sarı gəlin" ("Bruden i gult") essesi vasitəsi ilə erməni əlindən geri alıb orta əsr mədəniyyət tariximizə qaytarır. Mahnının yaranma kökünü Şah İsmayıl Xətai dövrünə aparan müəllif, essedə tək mahnı ilə bağlı məlumat verib durmur, o, eyni zamanda, ilk abzaslardan Bütöv Azərbaycan haqqında tarixi-coğrafi bilgini oxucuya çatdırmaqla, bu mahnının niyə böyük bir ərazini gəzdiyini ustacasına şərh edir (mahnının geniş mətni də kitabda yerləşdirilib). Bəlkə də, bütün bunlar bizim bildiyimizdir, deyəcəksiniz. Amma nəzərə alın ki, "Sarı gəlin" haqqında xarici oxuculara külli miqdarda yanlış məlumat və faktlar vermiş ermənilərin informasiyasını darmadağın etməkdən ötrü müəllifin hər bir kəlməsinə diqqət edərək yazdığı bu əsəri biz beyni yanlış informasiyadan qatmaqarışıq anbara çevrilmiş İsveç ictimaiyyətinə tərəddüdsüz təqdim edə bilərik.

İsveçdə Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr olunub

"Ermənilər və Qarabağ" məqaləsinin ilk cümləsində haqqında bəhs etdiyi mövzuda dünyanın obyektiv baxışı olmadığından təəssüflənən müəllif, böyük ustalıq nümayiş etdirərək dünya tarix elmində ermənilərə olan dəqiq baxışları misal çəkərək öz fikirlərini şərh edib. Müəllifdən fərqli olaraq, mən bu yerdə qeyd etmək istərdim ki, əslində, dünyanın ədalət ölçüsü yoxdur. Bizim görmək istədiyimiz məhz budur. O ölçü həqiqəti dərk etməklə yaranır. Amma bizə qarşı həqiqətə uyğun hərəkət etməyən dünya ədalət hissini itirib. Qəribədir ki, müəllif ermənilərin "qədim tarixinin varlığını" arxeoloji tapıntılarla, faktlarla yalan olduğunu ortaya qoyduqdan sonra, amerikalı alimlərin obyektiv rəyləri ilə razılaşmayan ermənilərin onları bugünkü Ermənistana buraxmadıqlarını vurğulayır.

"Vandalizmin açıq muzeyi" ("Utomhusmuseum av vandalism") məqaləsi İrəvanın mənimsənilməsinin böyük bir plan üzrə baş tutduğunu dəqiq faktlar və hadisələrlə şərh edir. Qərbi Azərbaycanın coğrafi relyefini, tarixini, şəhərsalma mədəniyyətini yazmaqla İrəvanın bizim üçün nə qədər önəmli bir yurd yeri olduğunu önə çəkmək müəllifin nəzərdə tutduğu əsas məsələdirsə, bundan əlavə, yurdumuzun işğalına ermənilərin təkbaşına nail olmadığını, "rusun tarixində ağ ləkə" adlı məqalə boyu verdiyi bir xətlə əsəri zənginləşdirir. Rus tarixindəki ağ ləkələri sıralayan müəllif iki Azərbaycanın yaranmasının İrəvanın işğalında həlledici rolunu göstərir. Əsər boyu verilmiş rəngli şəkillər vandalizmin faşist caynaqlarında can vermiş şəhərin ruhlar şəhərinə çevrildiyini əks etdirir. Sərdar sarayı, İrəvan hamamı, qədim şərq memarlığının dəyərli nümunələri olan məscidlərin fotoları, məşhur rus rəssamı Frans Roubaudin "İrəvan qalasının fəthi" kimi sənət əsərində məscid günbəzlərinin təsviri ilə müəllif İrəvanın əsl simasını çatdırmağa çalışır. O, əsl bizə məxsus İrəvanın yer üzündən silinməsinə xidmət edən digər bir amili də diqqətə çatdırır: deportasiyalar! Sovet rejiminin hakimiyyəti dövründəki Sovet Ermənistanı imperiya daxilində olan digər respublikalar kimi Kremldən idarə olunmayıb, birbaşa özü öz hakimi olduğundan toponimlərimizin erməniləşməsi və buna türklərin 1947-1948-ci illərdə Qərbi Azərbaycandan deportasiyasının güclü şəkildə rəvac verdiyini bildirir.

"Salah" türk adı 1991-ci ildən dəyişdirilib "Akavnavan" adlandırılaraq erməniləşdirilib. "Qətran" 1948-ci ildən "Gedaliç", "Aşağı Qaranlıq" 1936-cı ildən "Martuni", "Doqquz" 1945-ci ildən "Kanaçut" adlandırılıb. "Zəngi" çayının adı dəyişdirilərək "Razdan", "Cəlaloğlu" mahalı 1924-cü ildən "Stepanavan", "Göyçə gölü" "Sevan" olub. Burada Ağrı dağı kimi ağrılı mövzuya da yer verilib. Bu dağın Türkiyə ərazisində yerləşməsinə baxmayaraq, ermənilər hər yerdə dağı öz əraziləri kimi mənimsəyib dururlar. Yeri gəlmişkən, qeyd edim ki, bizim yaşadığımız İsveçdə Ararat firmasının yemək məhsulları geniş şəkildə satılır. Ararat isə Ağrı dağının erməniləşmiş variantıdır.

Səadət xanımın tərcüməçisi olduğu əsərlər iki yerə bölünür: İsveçdə yaşayan müəlliflər və öz ruhu ilə səsləşən əsərlər. Eluca Atalı, Vahid Qazi və Şəlalə Əbildən etdiyi tərcümələr kitabın ümumi xəttinə xidmət edir. E.Atalının "Ay ana, yel vurub sındırdı sünbülümüzü" və "Atillanın açıq pəncərəsi" kimi Güney Azərbaycanın ictimai-siyasi və güneylilərin mühacir həyatından bəhs edən əsərləri, əslən Ağdamdan olan Vahid Qazinin "Üsyan nəğməsi", "Mən göz şahidiyəm", "Həyatda qalan ayaq izləri", "Milli kimlik harayında" kimi əsərləri Qarabağın keçmişi və Birinci Qarabağ savaşının acı nəticələri haqda İsveç dilli oxucuya lazımi məlumatı verir.

Tərçüməçinin ruhuna doğma bildiyi poeziya nümunələri isə Nigar Rəfibəyli, Ramiz Rövşən, Aydın Əfəndi, Rafiq Zəka Xəndan, Zivər Ağayeva, Adil Rəsuldan etdiyi seçmələrlə kitab səhifələrini zənginləşdirir.

"Əks-səda: Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində" kitabı əcnəbi oxuculara Azərbaycanın taleyüklü problemlərindən qədərincə məlumat verdiyi üçün bu kitabın daha böyük tirajla yayılmasını və eyni zamanda, digər xarici dillərə çevrilib təbliğ edilməsini arzulayıram.

Eluca ATALI

 





26.02.2021    çap et  çap et