525.Az

"Xankəndinin inteqrasiyası labüd prosesdir"


 

"Xankəndinin inteqrasiyası labüd prosesdir"<b style="color:red"></b>

“İnteqrasiya məsələsinə gəldikdə isə, biz bundan sonra da müxtəlif variantlar təklif etməyə hazırıq. Məsələn, bu gün mən bilirəm ki, su ehtiyatlarının idarə edilməsi məsələsi müzakirə olunur. Bəs bütün bu illər ərzində bu məsələ niyə həll edilmirdi? Nə üçün ərazilərimizi işğal edərək Sərsəng su anbarından bizə gələn suyu bağlamışdılar? Yaxud nə üçün qış vaxtı suyun qabağını açıb daşqınlar törədir, yayda isə bağlayırdılar ki, bizim kənd sakinləri öz torpaqlarını suvara bilməsinlər. Artıq biz Suqovuşan su anbarını özümüzə qaytarmışıq və bu gün tamam başqa vəziyyət yaranıb. Bəli, bu gün onlar bizdən xahiş edirlər. Buna görə də burada enerji təhlükəsizliyi ilə bağlı məsələlər çox olacaq”.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bütövlükdə Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Tarixi perspektivi də başa düşmək və qəbul etmək lazımdır:

“Yeri gəlmişkən, mən bu barədə müharibədən əvvəl demişəm. Yəni əgər Ermənistan rəhbərliyi qüvvələrin – həm hərbi, həm siyasi, həm iqtisadi, həm demoqrafik qüvvələrin nisbətini ayıq başla qiymətləndirsəydi, düzgün qərar qəbul edərdi. Bizim qüvvəmiz isə yalnız artacaq. O cümlədən, əhalimiz də. Ermənistan isə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Burada obyektiv olaraq başqa hal, sadəcə, mümkün deyil. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Lakin indi həmin kisə, deyərdim ki, balaca bir torbaya çevrilib. Vəssalam. Onlar yaxşı başa düşməlidirlər ki, hansısa “arsax” adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. Biz onları Azərbaycan vətəndaşları hesab edirik, onların beynini yeyiblər. Bu gün Yerevanda yenidən hakimiyyətə gəlməyə çalışanlar həmin hərbi canilərdir. Xalqın beynini yeyən onlardır. Onlar özləri orada yaşamır, müharibə vaxtı da orada yox idilər, qaçmışdılar, Sarqsyan da, Koçaryan da, Ohanyan da. Uşaq qatilləri, Xocalı qatilləri kimi döşlərinə taxdıqları qəhrəman medalları haradadır? Onlardan biri Şuşada, ikisi Xankəndidə doğulub. Bəs nə üçün doğulduqları yerləri müdafiə etmədilər? Müdafiə edəydilər! Yaxud indi. Qoy getsinlər, burunlarını oraya soxsunlar. Baxarıq, onlar oradan salamat çıxacaqlarmı? Bilirsinizmi, bu insanları, azərbaycanafobiyanın, Azərbaycana qarşı bu təbliğatın qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənnimcə, zaman ən yaxşı təbibdir. Bu, mənim sözlərim deyil. Bunu çoxları deyib. Yaraların sağalması, anlaşma yaranması üçün vaxt lazımdır. Ermənistanda bunu anlamalarından ötrü vaxt lazımdır ki, Azərbaycanı iblis şəklində təqdim etməklə bağlı göstərdikləri bütün cəhdlər, ilk növbədə, onların özləri üçün səmərəsizdir”.

Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki xristian məbədlərinin ziyarət edilməsi məsələsinə də toxunub:

“Dini abidələrə gəldikdə isə biz bütün dini abidələri qoruyuruq, onları dövlət qoruyur, biz bərpa edirik. Biz müharibə dövründə Qəbələ rayonunun Nic qəsəbəsindəki xristian məbədini bərpa edəndən sonra onun açılışını etdik. İşğaldan azad edilmiş ərazilərdəki xristian dini və mədəni abidələrinə gəldikdə isə, heç kəsin şübhəsi olmamalıdır ki, onlar layiqincə qorunacaq. Yeri gəlmişkən, erməni zəvvarlar Kəlbəcər rayonundakı qədim Xudavəng alban məbədini sərbəst ziyarət edə bilərlər. Biz şərait yaratmışıq və həmin məbədin mənsub olduğu Azərbaycan udi icması və məbədi erməniləşdirməyə cəhd göstərən ermənilər də onu ziyarət edirlər. Beləliklə, gələcəkdə burada problem olmayacaq. Mən buna əminəm”.

“Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında üçtərəfli görüşlər keçirilir. Artıq iki belə görüş olmuşdur. Üçüncü belə bir görüş Moskva şəhərində sabaha planlaşdırılmışdır. Ancaq mənə hələ də məruzə edilməyib ki, bu görüş Ermənistan tərəfindən təxirə salınıbmı. Yəni bu, təxirə salınsa da, anlaşılan olacaqdır”.

Dövlət başçısı bildirib ki, ancaq yenə də bu, Ermənistanda gələcəkdə baş verəcək hadisələrdən, oradakı siyasi mübarizənin nəticələrindən asılı olacaq:

“Amma bu, bizim planlarımıza təsir edə bilməz. Qeyd etdiyim kimi, artıq bizim regionun gələcəyi ilə bağlı aydın fikrimiz var. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvürümüz var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Bununla yanaşı, Türkiyə-İran-Rusiya arasında əməkdaşlıq formatı da var. Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil. Yəni biz, bu regionun məsuliyyətli ölkəsiyik. Müəyyən geriləmələr, müəyyən təxirə salınmış tədbirlər ola bilər. Ancaq ümumiyyətlə, mən hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan buna böyük mənada təsir edə bilməz və etməməlidir də”.

“Bu gün Qarabağ ərazisində yaşayan erməni əhalinin azərbaycanlı əhali ilə əlaqəsi yoxdur. Lakin bu, ona görədir ki, orada azərbaycanlı əhali, sadəcə, yoxdur, otuz il orada azərbaycanlılar olmayıb və azərbaycanlı əhali oraya qayıtmayıb. Erməni əhali isə Rusiya sülhməramlı missiyasının nəzarəti altında olan ərazidədir və bu ərazidən kənara çıxmır, ona görə ki, orada çıxası yer də yoxdur. Orada hər yer minalanıb”.

Dövlət başçısı bildirib ki, buna görə də erməni və azərbaycanlı əhali arasında gündəlik əlaqələrin başlanması üçün şərait yetişməlidir. Bu, ilk növbədə, siyasi şəraitə aiddir:

“Bir daha deyirəm, Ermənistan dövləti Azərbaycanın suveren ərazisini onun əlindən almaq üçün hər hansı cəhdlərdən, “Arsax müstəqil dövlətdir” tipli hər cür frazalardan, bütün bu boş və cəfəng sözlərdən imtina etməlidirlər. Onlar, sadəcə, özlərini və bütün dünyanı aldatmaq və orada yaşayan insanları çaşdırmaq cəhdlərindən imtina etməlidirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Hesab edirəm ki, bu, zəruridir. Mən əvvəllər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mümkünlüyü barədə suallara cavab verərək deyəndə ki, bu gün lazım olduğundan bir qədər irəli getdiyimi başa düşürəm, lakin bu da o vaxt mümkün olacaq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, bunu bütün dünyaya etiraf etsin.

Düşünürəm ki, indi rəsmi şəxslər səviyyəsində əlaqələr, baş nazirlərin müavinlərinin iştirakı ilə işçi qrupu, Azərbaycanın və Ermənistanın sərhəd xidmətlərinin rəhbərlərinin sərhəddə görüşü, Rusiya, Azərbaycan və Ermənistanın xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada görüşü, rəsmi şəxslər arasında digər əlaqələr buna zəmin yaratmalıdır. Burada yenə zəruridir ki, Ermənistan tərəfi bizi aldatmağa çalışmağın lazım olmadığını başa düşsün. Ona görə, təəssüf ki, belə demək mümkündürsə, biz yenə bu cür hoqqaları görürük. Onlar sözdə bir cür danışır, əməldə başqa cür hərəkət edirlər. Belə etmək lazım deyil, indi o vaxt deyil. Onlar əsla elə vəziyyətdə deyillər ki, indi bunu özlərinə rəva görsünlər. Səmimi işləmək lazımdır, əgər nə barədəsə razılığa gəliriksə, onu yerinə yetirmək lazımdır, yox, əgər bunu edə bilmirlərsə, demək lazımdır ki, edə bilmirlər. Bilirsiniz, bu cür əsassız ümidlər və vədlər olmamalıdır.

Bax, belə bir baza yaradılanda, azərbaycanlı əhali işğaldan azad edilən ərazilərə qayıdanda, əlbəttə, əlaqələr olacaq. Ona görə ki, hazırda Xankəndidə, digər yaşayış məntəqələrində yaşayan insanların normal həyat fəaliyyəti üçün əlaqələr, sadəcə, zəruridir. Azərbaycansız buna nail olmaq, sadəcə, qeyri-mümkündür. Fikir verin, bu gün Qarabağdakı rusiyalı sülhməramlı kontingent üçün yüklər necə çatdırılır. Necə? Əvvəlki kimi təyyarə ilə Yerevana qədər, sonra isə yük maşınları ilə Xankəndiyə qədər. İndi dəmir yolu ilə Bərdəyə qədər. Tezliklə, bir ildən sonra bizim yolumuz Ağdama qədər uzanacaq. Oradan Rusiyaya məxsus yük maşınları gəlir, yüklənir və gedir. Bu, xeyli ucuz və rahat olacaq. Bəs, hərbi qulluqçular üçün yük daşıyan Rusiya təyyarələri indi necə uçur? Onlar sonradan 10 saat, özü də qar basmış bu dəhlizlə getmək üçün Yerevana uçmurlar. Onlar Gəncəyə uçur, oradan isə Xankəndiyə getmək üçün bir saat, ola bilsin bir qədər çox vaxt lazımdır. Yəni bunu həyat tələb edir. Rusiya tərəfi belə bir xahişlə müraciət edəndə biz onları dəstəklədik. Axı nəyə görə biz sülhməramlılar üçün süni problemlər yaratmalıyıq? Bu sülhməramlılar, o cümlədən bizim sakinlərin də təhlükəsizliyini təmin edirlər. İkincisi, beləliklə biz hazırda orada yaşayanlara siqnal veririk ki, baxın, axı Qafqaz bürosu o vaxt Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması barədə qərarı təsadüfən qəbul etməmişdi. Bir daha vurğulamaq və ermənilərin bir çox başqa yalanları kimi bu yalanını da ifşa etmək istəyirəm ki, həmin qərarda Dağlıq Qarabağın Azərbaycana verilməsindən yox, onun Azərbaycanın tərkibində qalmasından söhbət gedir. Onlar bu prinsipial bənd ilə həmişə manipulyasiya edirlər. O cümlədən ona görə ki, bu, Azərbaycanın tarixi vilayətidir və ikincisi, onlar oraya necə gedib çıxa bilərdilər? Axı ötən əsrin 30-cu illərinə qədər Laçında və Kəlbəcərdə yol olmayıb. Əgər kimsə bunu bilmirsə, qoy bilsin. Orada atla hərəkət edirdilər. Ermənistandan oraya necə getmək olardı – heç cür. Yalnız atla. Kəlbəcərdə, ümumiyyətlə, yol yox idi. Bu, təcrid olunmuş bir bölgə idi. Biz 1930-cu illərdə yol çəkməyə başladıq. Buna görə təbiidir ki, burada yaşayış məntəqələri, sivilizasiya, qədim şəhərlər var. Xankəndiyə gedən yol Ağdamdan keçirdi. Buna görə də hər şey öz təbii vəziyyətinə qayıtmalı, tamamilə siyasətsizləşdirilməlidir. Zənnimcə, orada yaşayan erməni millətindən olan adamlar da öz azərbaycanlı qonşuları və keçmiş dostları ilə ünsiyyət saxlayanda bunu başa düşəcəklər, tezliklə ortaq dil tapacaqlar”.

 

 





27.02.2021    çap et  çap et