525.Az

"Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər"


 

"Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər"<b style="color:red"></b>

“Mən Ağdama səfər edəndə oradakı səngərləri görəndə heç ifadə edə bilmirəm ki, necə qarışıq hisslər keçirdim: sarsıntı, əzab, təəssüf. Eyni zamanda, fərəh hissi var idi məndə ki, biz ora qayıtmışıq. Bu, bəlkə də hətta əlavə bir mətbuat konfransının mövzusu ola bilər. Qeyd etdiyim kimi, Ağdamın işğaldan əvvəl əhalisinin sayı 40 minə yaxın idi”.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, yəni işğaldan sonra, təbii ki, əhalinin sayı artıb:

“Biz artıq təqribən 70 min nəfərlik şəhərin baş planını yenidən işləməliyik və sizə bir nümunə deyə bilərəm. Ötən il biz bir neçə min ailə üçün mənzil və evlər inşa etmişik. Mənim qərarımla onlar, əslində, məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. Ancaq artıq işğal olunmuş ərazilər azad edildikdən sonra qərara gəldim ki, həmin mənzillər şəhid ailələrinə verilsin və dünən də mən belə bir şəhərciyin – 1572 ailəlik şəhərciyin açılışını etdim. Bu ilin sonuna qədər daha 3 min şəhid ailəsi ev və mənzillərlə təmin ediləcək. Biz buna bir növ öyrəncəliyik, bizdə bunun təcrübəsi var. Biz hər il 3-4 min mənzil və ev inşa edə bilirik. Yəni fiziki olaraq biz Ağdam şəhəri haqqında danışırıqsa, bu şəhər hesab edirəm ki, 2-3 il ərzində tam bərpa oluna bilər. Ancaq bundan öncə minadan təmizləmə, infrastruktur layihələri həyata keçirilməlidir. Elektrik infrastrukturuna gəldikdə, biz bütün şəhərlərimizin, bölgələrimizin bir-biri ilə bağlı enerji şəbəkəsini yaradacağıq. Artıq büdcə, proqram təsdiq edilib və bu ilin sonuna qədər elektrik enerjisi təminatı başa çatdırılacaqdır. Su təminatı, qaz təminatı, yollar... Biz təkcə evlər tikməli deyilik, orada xəstəxanalar, məktəblər, bağçalar tikilməlidir. Orada iş yerləri yaradılmalıdır. Çünki orada yaşayan insanlar işlə təmin edilməlidir. Yəni bütün bu işlər bizim Böyük Qayıdış adlandırdığımız proqramımızın tərkib hissəsidir, Prezident Administrasiyasının rəhbəri bu əlaqələndirmə ilə məşğuldur. Təkcə Ağdam deyil, digər bütün şəhər və qəsəbələrimizdə – Füzuli, Cəbrayıl, Qubadlıda vəziyyət təqribən eynidir. Zəngilanda bir neçə ev istisna olmaqla hər şey darmadağın olub. Bu, çox nəhəng bir işdir, bizim qarşımızda böyük işlər dayanır. Biz bunu yalnız öz daxili resurslarımız hesabına edəcəyik və artıq etməyə başlamışıq. Burada söhbət təkcə maliyyə resurslarından getmir. Söhbət texniki imkanlardan gedir, bizim peşəkarlarımız, intellektual resurslarımız var.

Xüsusilə vurğulamaq istəyirəm ki, biz orada vətəndaşlarımız üçün ən yaxşı şərait yaratmalıyıq. Çünki uzun illərdir bu insanlar əziyyət çəkirlər. Biz anlayırıq ki, həmvətənlərimiz ən qısa zamanda oraya qayıtmaq istəyirlər. Yenə də istəməzdim daha dəqiq tarix verim, təkcə elə Ağdam kimi bir şəhərimizin yenidən bərpası ən azı 2 il çəkəcəkdir”.

“Mən istəməzdim Ermənistandakı vəziyyətlə bağlı dərinə gedim. Mənim deyə biləcəyim Ermənistanda müəyyən siyasi qruplar tərəfindən sui-istifadə edilə bilər. Məncə, məsələni özləri həll etsələr yaxşıdır. Ancaq qonşu ölkə olaraq və müharibənin başa çatmasını nəzərə alsaq, biz, əlbəttə ki, Ermənistandakı vəziyyətə biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr Bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Mən artıq Prezident Putinin sitatını dilə gətirdim. Bu, onlar üçün sui-qəsd olacaqdır, vəziyyət bundan da qat-qat pis olacaqdır”.

Dövlət başçısı bildirib ki, ona görə bu gün Ermənistanda anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə baş verən və ya bir neçə ayın nəticəsində baş verən hadisə deyil, bunun birbaşa səbəbi işğaldır:

“Onlar hazırda bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycanofobiya üzərində qurulmuş miflərdən ibarət idi. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Ancaq üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir. Yəni, bu vəziyyəti mən nəzarətdə saxlayıram, ancaq mən narahat deyiləm ki, Ermənistanda olan hər hansı bir dəyişiklik Bəyanatın icrasına təsir edə bilər. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə ona görə ki, burada Rusiya Prezidentinin də imzası var. Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır. Müharibədən əvvəl də Ermənistan Rusiyadan asılı olan bir ölkə idi. Mən bununla Ermənistanı ittiham etmirəm, bu, reallıqdır, yəni o asılılıq müharibədən sonra 10 qat artmışdır. Yəni, Ermənistanın cəsarəti çatacaqmı ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın? Burada, sadəcə, o bəyanatdan söhbət getmir, bu söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya Prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir. Yəni, mən tövsiyə edərdim onların hər hansı bir gözləntisi olmasın. Ermənistanda tarix sübut edib ki, orada siyasətçilər hər zaman hakimiyyətə gəlmək üçün populist çıxışlar ediblər, sonra real vəziyyətlə üzləşəndə onlar bunun əziyyətini çəkiblər. Ona görə mən istisna etmirəm ki, hər hansı revanşist bəyanatlar olsun. Amma onlar bundan çəkinməlidirlər. İstənilən halda Ermənistan hakimiyyətinin iradəsindən asılı olmayaraq 10 noyabr Bəyanatı icra ediləcəkdir.

Mənim Paşinyanla təmaslarım o vaxt sona çatdı ki, o təxribatçı bəyanatlar verdi, mən onları artıq səsləndirdim. Ondan əvvəl o, 2019-cu ildə Düşənbə şəhərində belə bir təmasın təşəbbüskarı oldu. Həmin siyasətçilər Ermənistanda bu gün onu “lift diplomatiyası” ilə məşğul olmaqda ittiham edirlər. Amma gülünc bir vəziyyətdir. Biz təsadüfən 1 dəqiqə ərzində liftdə olduq, yəni, görüşə gedərkən bir mərtəbədən digər mərtəbəyə qalxdıq. Liftdə bir dəqiqə ərzində bu adam hansı diplomatiya ilə məşğul ola bilərdi? Düşənbə şəhərində o, mənə təklif etdi ki və söz verdi ki, atəşkəsə riayət edəcək, münaqişənin başa çatdırılması üçün səylər göstərəcək. Mən dedim olsun. Sonra bizim nümayəndələr arasında birbaşa təmaslar yarandı və təmas xəttində hər hansı bir hadisə baş verəndə qarşılıqlı olaraq məlumat mübadiləsi baş tuturdu. Sonra Paşinyan özü qeyd edirdi ki, təmas xəttində bu qədər dinc vəziyyət mövcud deyildi. Nəyə görə? Çünki o, məndən xahiş etmişdi bunu və mən hesab etdim ki, bu, sülhə töhfə verəcək. Mən hesab edirdim ki, o, öz sələflərinin səhvlərini təkrar etməyəcək, siyasətini dəyişəcək. Ancaq o, mənim jestimi yanlış dəyərləndirdi. O, bunu zəiflik əlaməti kimi gördü, halbuki, bu, güc əlaməti idi, böyüklük əlaməti idi. Sonra da onun Şuşadakı məlum rəqsi və məlum bəyanatları bizim təmaslara son qoydu. Əlbəttə, müharibə zamanı də bizim heç bir təmasımız ola bilməzdi. Biz Moskvada Prezident Putinin dəvəti ilə yanvar ayında üçtərəfli görüş keçirdik. Bu, üçtərəfli görüş idi və bizim ikitərəfli hər hansı bir əlaqəmiz olmayıb və təmasımız da olmayıb”.

“Biz indi, ilk növbədə, hansı kəndlərin bərpa olunacağını və bundan ötrü nə etmək lazım olduğunu müəyyən edirik. Həmçinin mənim tapşırığımla, artıq keçmiş köçkünlər arasında sorğuya başlanıb ki, biz kimin oraya getməyə hazırlaşdığını dəqiq bilək. Bilirsinizmi, mən də əminəm ki, Allahın izni ilə hamı getmək istəyir, amma ola bilsin, kimsə getmək istəməyəcək. Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsa, nə üçün xərc çəkməliyik. Məgər bu, vəziyyətdən çıxış yoludurmu? Xeyr. Biz o yerlərdə kim yaşayacaqsa onları yerləşdirməliyik. Bax, buna görə biz sorğu keçirməliyik, özü də elə-belə, soruşmaq və unutmaq üçün yox. Xeyr. İmza etsin ki, mən filankəs filan rayonun filan kəndinə köçüb getməyə və orada yaşamağa hazırlaşıram”.

Dövlət başçısı bildirib ki, buna uyğun olaraq, maliyyə məsələləri və bütün digər məsələlər həll ediləcək:

“Əks halda, mən öncəgörənlik etmək istəmirəm, lakin bilirəm ki, işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil. Biz, ümumiyyətlə, kimin orada yaşayacağına ciddi nəzarət edəcəyik və məhz oraya getmək istəyənlər üçün hər cür şərait yaradacağıq”.

“İnvestisiya holdinqinə gəlincə, mən çox danışmayacağam, fikrimcə, onun nə üçün yaradıldığını hamı bilir və mənim Fərmanımda bu barədə dəqiq göstərilib. İlk növbədə, idarəçilik sistemini təkmilləşdirməkdən ötrü. Dövlət şirkətlərində idarəçilik sistemi axsayır. O, müasir tələblərə cavab vermir. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Bizdə praktik olaraq, heç bir dövlət şirkəti, az istisnalar olmaqla, özünü dolandıra bilmir. Deməli, daim büdcədən dotasiyalar tələb edirlər. Bu, nəyə lazımdır? Buna görə də daha belə davam edə bilməz”.

Dövlət başçısı bildirib ki, digər tərəfdən, bu mərhələdə strateji infrastruktur, özü də Qarabağın bərpası nəzərə alınmaqla, dövlətin əlində qalmalıdır:

“Bu, birmənalıdır, əks halda, biz, sadəcə olaraq, ərazini bərpa edə bilməyəcəyik. Əgər bu gün fərz etsək ki, bizim bütün dövlət şirkətlərimiz bir növ özəl Qərb şirkətlərinin korporativ idarəçilik üsulu ilə işləyir, o halda onlar, sadəcə, ərazilərin bərpası üçün lazım olan layihələrə sərmayə yatırmayacaqlar. Buna görə də bu mərhələdə məqsəd dövlət şirkətlərinin korporativ idarəçiliyini beynəlxalq normalara uyğun şəklə salmaq, lazımi nəzarəti təmin etməkdir. Bundan ötrü Müşahidə şuraları yaradılır. Müşahidə şuralarına Administrasiyanın, nazirliklərin, hökumətin nümayəndələri daxil ediləcək ki, nəzarətsizlik, israfçılıq olmasın. Ona görə ki, bu gün dövlət şirkətləri bir çox məsələlərdə dövlətin boynunda ağır yükdür. Hətta vergiödəyicisi olan Dövlət Neft Şirkəti də dövlətdən pul alır. Bu yaxınlaradək qazlaşdırma üçün büdcədən pul alırdı. Belə iş olarmı? Mən hələ başqalarını demirəm. Cüzi istisnalar olmaqla, bizim dövlət şirkətləri səmərəsizdir. Buna son qoyulacaq, həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəçiliyin təkmilləşdirilməsi planında. Kim yeni qaydada vicdanla, şəffaf işləməyi bacarmırsa və ya bunu istəmirsə, o, məsuliyyətə cəlb ediləcək, özü də təkcə inzibati məsuliyyətə yox”.

“Mən bilirəm ki, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur. Bu gün sizinlə razılaşıram ki, bu da xüsusi bir gündür. Mənə məlumat veriləndə ki, xarici jurnalistlərdən ibarət qrup buradadır və Hikmət Hacıyev bunu mənə deyəndə mən düşündüm ki, bu, yaxşı bir imkandır. Ona görə sizin hər birinizə təşəkkürümü bildirirəm, siz gəlməsəydiniz yəqin ki, bu mətbuat konfransı da baş tutmayacaqdı”.

Dövlət başçısı dünya mətbuatının Azərbaycana qarşı münasibətinə də toxunub və bildirib ki:

“Dünya mətbuatının Azərbaycana münasibətinə gəldikdə, deyə bilərəm ki, bu məsələ artıq dəyişir. Bu məsələyə yanaşma dəyişir, fikirlər dəyişir və reallıq artıq daha yaxşı dərk edilir. Bunun ən yaxşı yolu Azərbaycana gəlməkdir. Biz başqa xarici ölkədə sizinlə görüşsəydik, sizə eyni sözləri desəydim siz bunu fərqli şəkildə qəbul edə bilərdiniz. Ancaq bu gün siz buradasınız, siz hamınız peşəkarsınız, ağıllı insanlarsınız və bilirsiniz ki, doğru və yanlış nə deməkdir. Siz həmin dağıdılmış ərazilərə səfər edirsiniz və bu, hər bir sözdən artıqdır, bunu öz gözünüzlə görmək imkanınız olur. Ona görə hesab edirəm ki, müharibə vaxtı mən, səmimi desəm, bir balaca fərqli yanaşma gözləyirdim, çünki uzun illərdir ki, Azərbaycana qarşı ədalətsizlik hökm sürürdü, bizə qarşı müxtəlif media qrupları tərəfindən hücumlar var idi. Bəzən bu, məlumat qıtlığından qaynaqlanırdı, ancaq bir çox hallarda erməni lobbi təşkilatlarının sayəsində baş verirdi. Onlar hər zaman Azərbaycana qarşı hücumlar edirdilər. Bəziləri hesab edirəm ki, o qədər də müstəqil olmayan media şirkətləri idi. Amma mən, sözün açığı, gözləyirdim ki, müharibə zamanı bizə qarşı ədalətsizlik olacaq. Ancaq ümumi deyə bilərəm ki, bu, məni təəccübləndirdi ki, Azərbaycana qarşı ədalətli mövqe var idi. Bunun da əlbəttə, səbəbi ondan ibarətdir ki, biz haqlı idik, biz öz ərazilərimizi işğaldan azad edirdik. Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun. Nəyə görə mən bunu deyirəm? Mən bilirəm ki, biz əlaqələndirilmiş, təşkilatlanmış informasiya hücumuna məruz qalırdıq. Bu əməllər bizim etdiyimizi gözdən salmaq, bizə ləkə yaxmaq və Azərbaycan haqqında, onun hökuməti haqqında yanlış təsəvvürlər yaratmaq məqsədi daşıyıb. Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin. Ola bilər ki, bu, jurnalistlərə verə biləcəyim o qədər də yaxşı tövsiyə olmaz. Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı”.

 





27.02.2021    çap et  çap et