525.Az

Mən Aqil Abbası belə tanıyıram... - Cahangir Məmmədli yazır


 

Mən Aqil Abbası belə tanıyıram... - <b style="color:red">Cahangir Məmmədli yazır</b>

Aqil Abbas çox yaxından tanıdığım səmimi bir Azərbaycan ziyalısıdır. Düşündüyünü deyən, həmişə xalq içərisində olan, xalq dilində danışan, pafosdan uzaq bir insandır.

Aqil Abbas "Ədalət" kimi millətə doğma bir qəzetin yaradıcısı, yüksək peşəkarlığı ilə nümunə olan jurnalistdir. Aqil Abbas öz jurnalistikası ilə bir məktəb səviyyəsinə yüksələn, klassikamıza dərindən bələdliyi və yüksək sevgisi ilə seçilən bir sənətkardır. O, öz yaradıcılığında filologiyanı və jurnalistikanı birləşdirərək bədii və publisistik sözün klassikaya düşəcək nümunələrini yaradır. Onun tez-tez qələmə aldığı satirik, yumoristik hekayələri bugünkü gəncliyimizin təmiz dünyasını formalaşdırmağa xidmət edən əsl maarifçilik nümunələridir.

Aqil Abbas bədii yaradıcılığında nə qədər duyğuludursa, jurnalistika və publisistikasında o qədər sərt və qorxmazdır. Aqil Abbas hər cür kürsüdən öz sözünü cəsarətlə deyən xalq tribunudur. O, millət vəkilidir, sözün həqiqi mənasında millətin vəkilidir. Təkcə seçildiyi dairənin yox, hər bir azərbaycanlının vəkilidir. Bu millət vəkilinin özünün "Ədalət" kimi bir söz platforması var. Bununla belə, Azərbaycan media sisteminin bütün platformalarının düz söz deyən qonağıdır. Dəvət olunduğu və məmnuniyyətlə qoşulduğu teleproqramlarda o, özünün xüsusi danışıq üslubu ilə, xalq dilinə doğmalığı ilə mütləq seçilir və belə anlarda da qoyulan problemlərin həll olunmasına yönəlik təklifləri ilə yadda qalır.

Bir də təkrar etməli oluram: Aqil Abbas başdan ayağa səmimiyyət mücəssəməsidir. Onu çevrəsinə, oxucu və dinləyicilərinə daha çox sevdirən səmimiyyətidir. Qarabağın çoxdan əldən getmiş günləri idi və bir teleproqramda söhbətə cəlb edilən Aqil Abbasa aparıcı qız sual verir:

- Aqil müəllim, siz şairsiniz, yazıçısınız, jurnalistsiniz, üstəlik, millət vəkilisiniz - özünüzü xoşbəxt hesab edirsinizmi?

Aqil Abbas əsəbi halda cavab verir:

- Ay qız, nə xoşbəxtlik, mən Ağdamın Qarağacı qəbiristanlığında dəfn olunmayacağamsa, hansı xoşbəxtlikdən danışa bilərəm?

Aqilin bu cavabı, tək bu cümləsi proqramın baş mövzusuna çevrilir və söhbətin bütün istiqaməti yağı düşmən, qürbətdə qalan Vətən torpağı, intiqam, torpaq qeyrəti kimi tematikaya yönəlir...

Aqil Abbasın səmimi dünyası həm bütöv Vətən sevgisinə, həm də birbaşa Qarabağ sevgisinə bürünüb. Səhv eliyə bilərəm, amma mənim müşahidələrimə görə, Qarabağı Aqil Abbas qədər nöqtəbənöqtə tanıyan az adam olar. Aqil Abbas Qarabağı kənardan seyr edib "can, can" deyənlərdən deyil. Aqil Qarabağın Laçın-Ağcabədi yollarının içində Vətən sevgisi daşıyan yolçusudur. Bu yerdə onu ancaq  Rəşad Məcidlə müqayisə etmək olar. Onların uşaqlıqdan gələn sarsılmaz dostluğu da keçdikləri eyni yolun yolçuluğundan yoğrulub.

Yüzlərlə insanın mayakı - 78 yaşlı professor çoxları üçün şəxsiyyət,  müəllimlik etalonudur 

Aydındır, Qarabağ otuz il Azərbaycan dərdi, hər kəsin dərdi oldu. Amma xalqımızın bir sözü də var: "Dərdi çəkən bilər". Aqil Abbas bu dərdi əzəl gündən çəkən oldu. O, Qarabağ döyüşçüsüdür. Birinci Qarabağ müharibəsində mən onu lap ön cəbhədə görmüşəm. Təkcə yazılarında yox, həm də sözün müstəqim mənasında. Belə olmasaydı, "Dolu" kimi bir roman meydana gələ bilməzdi. Belə olmasaydı, çadırlarda Üzeyir bəyin doğula bilməyəcəyini həmin əsərdəki qədər hayqırtı ilə deyən olmayacaqdı. Belə olmasaydı, "Dolu" romanı möhtəşəm bir bədii film formatına düşməyəcəkdi. Belə olmasaydı, o müharibənin bədii, publisistik həqiqətləri meydana çıxmayacaqdı. Bu mənada Aqil otuz ilin döyüşçüsüdür.

Aqil Abbasdakı Şuşa, Laçın, Kəlbəcər... sevgisi uca Tnarıdan gələn əbədi bir sevgidir. Lap bu günlərdə (fevralın 21-də) ATV-nin efirindəki "Birlikdə güclüyük" adlı bir proqrama Aqil Abbas və mənim şəxsiyyətinə, vətənseverliyinə, ustadlığına çox hörmət etdiyim müğənni Babək Niftəliyev qonaq dəvət olunmuşdular. Proqramın ən baxımlı cəhəti onda idi ki, həm Aqil, həm də Babək - hər ikisi əsl xalq adamlarıdır və hər ikisini Vətən, xalq sevgisi birləşdirir. Söhbət Azərbaycan mədəniyyətindən, Prezidentimizin Şuşanı Mədəniyyət mərkəzi elan etməsindən, Qarabağın milli-mənəvi dəyərlər sistemindəki yerindən gedirdi. Mən bu yerdə xüsusi qeyd edirəm ki, telekanal həmin iki sənət adamını ustalıqla seçmişdi və proqram qarşıya qoyduğu məqsədə-tematikanı təsirli maarifçi istiqamətə yönəltməyi bacardı. Aqil və Babək Qarabağa bələdlik, mədəni irsimizə xüsusi bilgiləri ilə şəxsən məni bir daha heyran qoydular. Aqil Abbas yenə öz amplasındadır - təklif edir: Qarabağda kəndləri bərpa edərkən hər kəndin öz koloritini nəzərə almaq lazımdır. Buradakı hər kəndin öz xarakteri var. Məsələn, Ağdamın Mərzili kəndi ilə Abdal Gülablı qonşuluqda yerləşir. Amma Abdal Gülablıdan neçə-neçə klassik musiqi sənətkarı çıxıb... Mərzilidən isə bir nəfər də musiqiçi çıxmayıb. Amma Mərzilidən Xudu Məmmədov çıxıb. Aqil Abbas oturduğu-durduğu bütün anlarda Qarabağ dərdini axıradək yaşadı. Biz onun bu dərdini hər an görənlərdənik.

Aqil Abbas Bakı Dövlət Universitetini bitirib, filoloqdur. Biz onun bu Universitetə sevgisini hər zaman hiss etmişik. Dəfələrlə bizim Jurnalistika fakültəsinin tələbələrini Qarabağa səfərə aparıb. O səfərlərdə Aqilin məslək dostları - Umud Rəhimoğlu, Rəşad Məcid, Akif Aşırlı, Nəsir Əhmədli... kimi vətənsevərlər bir yerdə olublar. Bu səfərlərdən dərs alan tələbələrimizin bir çoxu bu gün müxtəlif media qurumlarında vətəndaş-jurnalist kimi çalışmaqdadır. Fakültəmizdə nəşr olunan "Jurnalist" tələbə qəzetinin hər buraxılışında imzası olan tələbələrə Aqil Abbas öz maaşından qonorar paylamaqdadır. Onun tələbələrimizə sonsuz qayğısı Qarabağ səfərlərində də ortaya çıxır. Yadımdadır, iki il bundan əvvəl Aqil Abbas tələbələrimizi Ağcabədidə Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın Kəhrizli kəndindəki ev muzeyinə səfərə apardı. Muzeyi, Ağdamdakı Şəhidlər Xiyabanını, Seyid Lazım Ağanın türbəsini ziyarət etdik. Aqil Abbas bizi doğma Bayat kəndinə də aparır. Bu kənddə onun öz vəsaiti ilə inşa etdirdiyi kitabxanaya daxil oluruq. Kitab müqəddəs anlayışdır və bu  kəndin sakinləri hər dəfə kitabxanaya gələndə Aqili deputat seçməklərinə görə bir daha şad olurlar. Aqil bizi - tələbələrimizi Ağdamın işğal altında olan kəndlərinə tərəf apardı. Cəbhə xəttindəki sərhəd postuna yaxınlaşdıq. Burdan Ağdamın o zaman işğalda olan Sarıcalı kəndi aydın görünür. Tələbələrimizin o andakı duyğuları indiyə kimi yadımdadır: hər kəsin üzündə, gözündə torpaq həsrəti vardı... Aqil Abbas - dostlarının "dəli-dolu" adlandırdığı Aqil bizim postu keçib ermənilərin postuna tərəf irəlilədi. Əsgərlərimiz yaxşı tanıdıqları bu millət vəkilini az qala, yalvarışla dayandıra bildilər...

O səfərlərdə Aqil Abbas tələbələrimizi həmişə yaşıl meşə içərisində qərar tutan bir "kababxanada" qonaq edərdi. Belə məqamlarda qonaqların xərcini ödəməyə heç Ağcabədinin o vaxtkı İcra başçısı Şahin Məmmədovun da Aqilə gücü çatmırdı.

Mən Aqili Cocuq Mərcanlıya səfərdə də belə görmüşəm. Horadizin Araz çayı üzərindəki İranla sərhəd körpüsündə Aqil birbaşa qırmızı xətti keçib heç bir qadağaya, güllə təhlükəsinə baxmadan iranlı əsgərlərə salam verib geri qayıdır. Və o iranlı əsgərlər də bu "dəli-dolu" oğlanı gülümsəyərək qarşılayırlar. Belə günlərimiz olub: Aqil Abbas, Umud Rəhimoğlu, Akif Aşırlı, Rəşad Məcid... tələbələrimiz...

Və 44 günlük Vətən müharibəsi. Bu müharibə dövründə Aqil Abbasın Qarabağ səfərləri, əsgərlərimizlə görüşləri... Aqil bu müharibədə qələbə çalacağımıza lap ilk gündən inanırdı. Bu inam ona Ali Baş Komandanın qətiyyəti, Ordumuzun döyüş hazırlığı, tez-tez səfər etdiyi, yaxından bələd olduğu Türkiyənin bizə verdiyi mənəvi dəstəkdən gəlirdi.

O gün gəldi: Əlinin içi kimi inandığı qələbə günü! Aqil Abbas Ağdam Mədəniyyət evinin dağıdılmış binası qarşısında, əsgərlərimizin əhatəsində yallı gedir. Bayramın mübarək Aqilim, döyünən ürəyim! Tanrı sənə bir də torpaq həsrəti göstərməsin. Jurnalistika fakültəsinin tələbələri Ağdama səninlə lap yaxınlarda təşkil edəcəyin səfərin həsrətindədirlər. Anonsu gözləyirik.

 





27.02.2021    çap et  çap et