525.Az

Uca adam: Rəcəb Tayyib Ərdoğan


 

Uca adam: <b style="color:red">Rəcəb Tayyib Ərdoğan</b>

26 fevral qardaş ölkənin  cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğanın  doğum günüdür. Söylədiyi bir şeirə görə həbs olunan gündən sayın Ərdoğanı izləyirəm. Həbs olunanda da bir ziyalı kimi  qəzetimizdə etirazımı  bildirmişdim.

Tanrı bu insandan heç nə əsirgəməyib – qeyri-adi natiqlik qabiliyyəti var, müdrik siyasətçidi, ədəbiyyatı, tarixi gözəl bilir, özü də təkcə Türkiyənin tarixini və ədəbiyyatını deyil, bütün  türk xalqlarının  tarixini  və ədəbiyyatını  bilir. Və qarşısına bir məqsəd qoyubsa, sonadək mübarizə  aparmağı  bacarır və Tanrı da  həmişə ona yardımçı olur. Təkcə Türkiyə türkləri arasında deyil və bütün  türk xalqlarının arasında böyük nüfuz qazanıb. Cəsarətlidir. «Dünya beşdən böyükdür» - deyən   bu qətiyyətli şəxs Türkiyəni sındırmaq istəyən, Türkiyəyə tələ qurmaq istəyən dünyanın özündən deyən  böyük dövlətlərini və həmin  dövlətlərin  başçılarını hakimiyyətə  gəldiyi  gündən yerində oturtmağı bacarıb.

Möhtərəm prezidentimiz İlham Əliyevin dəmir yumruğu kimi, Onun da  dəmir yumruğu var.

Türkiyə qüdrətli dövlətdir, amma açığını desək, sayın Ərdoğan hakimiyyətə  gələnədək dünyada o qədər də söz sahibi deyildi. Və bu gün dünya  Türkiyə ilə hesablaşmaq zorundadı. Orta Şərqdə, hətta  Avropada Türkiyəsiz hansısa bir məsələni  həll etmək  mümkün deyil.

Bunu biz Suriyada da görürük, İraqda da, Liviyada da, Fələstində də, Kosovada da, əlacsız Afrika ölkələrinə dayaqda da.

Böyük ürək sahibidir və çox humanistdir. Hər  dövlətin qüdrəti deyil ki, 4 milyondan çox Suriya qaçqınını bağrına  bassın. Və görün  neçə ildir ki, bu qaçqınlara Türkiyə təmənnasız yardım edir, heç də onları öz vətəndaşlarından  ayırmır.

Atatürkün  məşhur bir fikri: «Azərbaycanın  sevinci sevincimiz, kədəri kədərimizdir»,  sayın Ərdoğan  hakimiyyətə gələndən bu vəsiyyəti özünün ən ümdə  vəzifəsi  hesab edib. Türkiyə həmişə  Azərbaycanın yanında olub. İkinci Qarabağ müharibəsində bunu bir daha sübut etdi  və deyək ki,  Azərbaycanın yanında olmaqla  dünyaya   meydan oxudu.

Tale elə gətirib ki, sayın Ərdoğanla görüşmək, belə demək mümkünsə, dərdləşmək mənə də qismət olub.  Hələ mənə bir gözəl qalstuk da bağışlayıb. Heyfim gəlir,  taxmıram, başqa  hədiyyələr kimi  qoruyub saxlayıram.

Əskişəhərdə Türk dünyası yazarlarının qurultayı keçirilirdi. Həm keçmiş  SSRİ-dəki türk respublikalarından, bügünki Rusiya Federasiyasındakı Tatarıstanın, Başqurdustanın, hətta Sibirdə yaşayan türk xalqlarının, İranın, Kiprin, İraqın və s. yazarları  bu qurultayda iştirak edirdilər.  Onu da deyim ki, qurultay iştirakçıları  böyük bir  sevgi ilə Anar müəllimi yenidən Türk Yazarlar Birliyinin  sədri seçdilər. Qurultaya Avrasiya Yazarlar Birliyinin genel başkanı Yaqub Öməroğlu sədrlik edirdi.

Qurultayın sonunda Yaqub bəy bildirdi ki, Baş bakan  Rəcəb Tayyib Ərdoğan (cümhur başkanlığı  seçkiləri  ərəfəsi idi) hər ölkədən  gələn bir  nəfər yazarı görüşə dəvət edib. Onu da qeyd edim ki, hər ölkədən 10-15 nəfər, bəzisindən hətta  20 nəfər   qurultayda iştirak edirdi.

Biz də gərək ki  6 nəfərlə  təmsil olunurduq. Təbii ki, görüşə Anar müəllim  gedəcəkdi.

Amma axşamüstü Yaqub bəy bildirdi ki, Baş bakanlıq Anar müəllimdən  başqa sizi də, xanımınızı da görüşə dəvət edir.  Hər ölkədən  bir nəfər getsə də, Azərbaycandan biz  üç nəfər  İstanbula görüşə getdik. Görüş boyu Yaqub bəy Tatarıstandan, Başqurdustandan, Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan, Sibirdən gələn yazarları sayın  Ərdoğan  üçün tərcümə edirdi.

Anar müəllimə söz verildi. Onu da deyim ki, görüş boyu diqqəti Azərbaycandan  gələn  nümayəndələrdə idi.  Anar müəllim Türkiyə və Azərbaycan, eləcə də türkdilli  ölkələrin mədəni  və hətta siyasi əlaqələrinin daha necə genişləndirilməsi, gücləndirilməsi ilə bağlı fikirlərini söylədi. Sonra söz mənə verildi. Mən də təbii ki, Türkiyə və Azərbaycanın mədəni əlaqələrinə toxundum və xahişim də o oldu ki, «Dünya ədəbiyyatı» seriyası olduğu kimi, türk xalqlarının da yazarlarının belə bir seriyası çap edilsə, özü də bütün xalqların öz türkcəsində, Türk dünyasına  böyük  bir hədiyyə olar.

Xanımı həmişə söhbətlərində  sayın Ərdoğanı «Uca Adam» adlandırır.

Dedim:

- Sayın Ərdoğan, xanımınızın dediyi kimi, siz  doğrudan da  Uca Adamsınız.

Gülümsədi və dedi:

-  Qardaşım İlham Əliyev də Uca Adamdı.

Daha sonra belə  söylədim:

- Cümhur başkanlığı seçimidir. Mən təəssüf  edirəm ki,  seçkilərdə oy vermək  imkanım yoxdur. Özüm Türkeşçi olsam da, oy vermək səlahiyyətim olsa məmnuniyyətlə oyumu  sizə verərdim.

- Nədən?

- Çünki bu gün sizi Türkiyədə əvəz edə biləcək bir siyasətçi, bir lider görmürəm.

Və daha sonra türkcə çap olunmuş «Dolu» romanımı və «Dolu» filminin diskini  sayın Ərdoğana  təqdim elədim.  O da mənə təşəkkür elədi, bir qalstuk bağışladı, xanımıma da bir  kəlağayı.

Və təbii ki, biz tərcüməçisiz danışırdıq və bir-birimizi də çox gözəl anlayırdıq.

26 fevral sayın Rəcəb Tayyib Ərdoğanın  doğum günüdür. Onu bu gözəl gün  münasibətilə ürəkdən təbrik edirəm. Təkcə onu yox, həm də Türkiyə türklərini də –  Tanrının onlara belə bir lider göndərdiyinə görə  ürəkdən  təbrik edirəm.  Elə bizim xalqımızı da təbrik edirəm ki,  belə bir QARDAŞIMIZ var.

Tanrı Möhtərəm Prezidentimiz İlham Əliyevlə Sayın Rəcəb Tayyib Ərdoğanın qardaşlığını yaman gözdən, nəzərdən qorusun.

Tanrı Türkü qorusun!

Adalet.az

 





27.02.2021    çap et  çap et