525.Az

“İrəli” Xocalı Soyqırımına hüquqi qiymətin verilməsi üçün tədbirlər keçirir


 

“İrəli” Xocalı Soyqırımına hüquqi qiymətin verilməsi üçün tədbirlər keçirir<b style="color:red"></b>

26 fevral tarixində “İrəli” İctimai Birliyi öz üzvləri ilə birgə Xocalı Soyqırımında həlak olanların xatirəsini anmaq məqsədilə Xocalı abidəsini ziyarət edib. Respublikamızda fəaliyyət göstərən gənclər təşkilatlarının iştirakı ilə baş tutan yürüşdə abidənin önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

525.az xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəhidlərin ruhunu yad etmək və bir daha soyqırım dəhşətinə diqqət çəkmək olub.

 

Bunlardan əlavə, 29 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün birlik tərəfindən Azərbaycan, İngilis və Rus dillərində Xocalı hadisələrini və statistikalarını özündə əks etdirən xüsusi videoçarx hazırlanıb. Təşkilatın əməkdaşlıq etdiyi xarici QHT-lərə, üzv olduğu beynəlxalq təşkilatlara “Xocalı Soyqırımı”nın tanıdılması istiqamətində “Bəyanat” göndərilib.  

“İrəli” İctimai Birliyinin üzvləri də Twitterdə Azərbaycan gəncləri tərəfindən başladılan #JusticeforKhojaly #KhojalyGenocide #humanrights #StopArmenianAggression həştəqləri ilə “Xocalıya Ədalət” aksiyasında fəal iştirak edib və 6 müxtəlif dildə hazırlanmış tweetlərlə haqq səsimizi dünya ictimaiyyətinə çatdırıb. Aksiyanın məqsədi, Xocalı faciəsinin tanınması, Azərbaycan həqiqətlərinin daha böyük auditoriyaya çatdırılması olub.

 

Həmçinin, ölkəmizin 20-ə yaxın şəhər və rayonunda Gənclər və İdman İdarələrinin təşkilatçılığı ilə “İrəli” İctimai Birliyi tərəfindən çəkilmiş “Böyüməyən uşaqlar” adlı filmin nümayişi baş tutub. Bu film 29 il öncə Xocalıda hər iki valideynini itirən 25 uşağın hekayəsindən bəhs edir. Filmdə Xocalıda törədilmiş soyqırım haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəsüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır.

 

Qeyd edək ki, “İrəli” İB bundan öncə də Xocalı Soyqırımına həsr edilmiş, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində yürüşlər, aksiyalar və tədbirlər həyata keçirib.

 





27.02.2021    çap et  çap et