525.Az

Yaxşı niyyətlər, pis nəticələr... - Aytac Sahədin yazısı


 

Yaxşı niyyətlər, pis nəticələr... - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Biz ailə dəyərlərinə böyük önəm verən toplumuq. Hamımız olmasaq da, çoxumuz beləyik. Səbəblər müxtəlifdir - mentallıq, genetik yaddaş, tərbiyə şəklimiz və s.

Səbəb nə olur-olsun, həqiqət budur ki, bizim cəmiyyətdə ailə məfhumu mühüm əhəmiyyət kəsb edir. Bəlkə də, bu, çox yaxşı xüsusiyyətdir. Çünki təməlində sevgi var - ata sevgisi, ana sevgisi, övlad sevgisi. Ancaq bu sevginin fonunda itib-batan xoşbəxtliklər də var. Anası istədiyi qızla evlənən, atası istədiyi peşəni seçən, övladları üçün öz xoşbəxtliyini qurban edən və bununla da öyünən insanlar nə qədər desən. Bunların hamısına da bir ad düşünüblər: sevgi. Əlbəttə, yalan demirlər, əlbəttə, onlar yaxınları üçün nə edirlərsə, sevgidən edirlər. Ancaq düzmü edirlər? Bax, əsas məsələ budur. Həyatın konkret düsturu olmadığı üçün insan öz həyatında yaşadığı səhvlər, çıxardığı nəticələrlə başqasının həyatına müdaxilə etmək istəyir. Düşünür ki, bir sahədə özü uğurlu ola bilməyibsə, övladı da həmin sahədə uğursuz ola bilər. Düşünür ki, ən mülayim halı ilə qaynanası onun qədrini bilməyibsə, qızı da eyni taleyi yaşaya bilər. Ancaq düşünmür ki, hər alının öz yazısı, hər taleyin öz hökmü var. Sənin həyatında doğru deyə qəbul etdiyin başqasının həyatının ən böyük yanlışı ola bilər. Zaman keçir, həyat da, insanlar da dəyişir. Bu dəyişikliklərlə bərabər, bəşər övladının həyata münasibəti də bir yerdə durmur. Həzrəti Əlinin "Övladlarını öz dövrünüzə görə deyil, onların dövrünə görə yetişdirin" fikri bu məsələnin mahiyyətini çox gözəl izah edir. Hər dövrün öz qanunları olduğu üçün övladlarınıza öz dövrünüzün qanunlarını sırımağa çalışmayın. Ailə dövlətdir, ancaq sərhədləri qapalı olan dövlət deyil. Övladınızı nə qədər özünüzün arxaik, köhnə düşüncə tərzinizlə idarə etsəniz də, gec-tez kənar təsirlərə məruz qalacaqsınız. Çünki əsr texnologiya əsridir. Qapılarını dünyaya bağlayıb oturduğunuz evin içində televizor, telefon var. Yəni qadağalar və qoyulan məhdudiyyətlər çıxış yolu deyil.

Bəs onda nə etməli? Düzü, hansısa valideynə övladını necə tərbiyə etməsi barədə məsləhət verəcək qədər özümü ağıllı hesab etmirəm. Ancaq bir gənc kimi onu deyə bilərəm ki, övladlarınıza qadağalar qoyub onları dünyadan tədric etməyin xeyri yoxdur. Qısamüddətli yaxşı nəticələr əldə edə bilərsiniz, ancaq bir həyat boyu bu qadağalar çətin ki sizin köməyinizə gəlsin.

Mən övladının həyatına müdaxilə edən, hər addımda onları mühakimə edən valideynləri də qınamıram. Çünki onlar belə görüblər, gördüklərinə də inanıblar. Bu gün isə səbəblər də, nəticələr də fərqlidir. Bilirsiniz niyə ana övladı üçün qızı özü seçmək istəyir? Çünki çox vaxt oğlu gözündən iraq qoya bilmir, deməli, elə gəlin seçməlidir ki, ona da nəzərat edə bilsin. O, ana üçün təkcə oğlu ilə bir ömür yaşayacaq yox, həm də özü ilə bir evdə yaşayacaq gəlin lazımdır.

Digər bir məsələ yaxınlarımızın səhv etməyindən qorxmağımızdır. Niyə? Çünki biz də o səhvlərin cəzasını onlarla birlikdə çəkirik. Çox vaxt doğmalarımızın acılarına kürəyimizi çevirə bilmirik. Mövzu əzizlərimiz olanda bizdə qoyunlar öz ayağından asılmır. Bir ananın beş övladından dördü bəxtəvər, biri bədbəxtdirsə, o ana xoşbəxt ola bilmir. Mən bilmirəm, bu dünyanın başqa yerlərində necədir, amma mənim yazdıqlarım öz cəmiyyətimizdə görüb müşahidə etdiklərimdir. Əlbəttə, istisnalar da kifayət qədərdir, heç bir məsələdə ümumi toplumun adından danışmaq olmaz. Ancaq istisnalar da qaydaları pozmur misalını xatırlamaqda fayda var. Bəzən çoxluq cəmiyyətin taleyini müəyyən edir.

Sevgi gözəl duyğudur, ailə sevgisi isə bir başqa cür gözəldir. Ailəmə çox bağlı bir adam olduğum üçün bunu əminliklə deyə bilərəm. Lakin onu da gözəl başa düşürəm ki, pis nəticələrin hamısı heç də həmişə pis niyyətlərdən törəmir. Bəzən sevgi də öldürə bilir.

 





27.02.2021    çap et  çap et