525.Az

Köpək dişi - Şahnaz Şahinin essesi


 

Köpək dişi - <b style="color:red">Şahnaz Şahinin essesi </b>

Günboyu səhər yediyi südlü sıyığın üstündə qalıb, onsuz da çox yeyimcil də deyil, bircə suyu, çayı əskik olmasa, yemək yadına düşməz. Amma indi yaman acıb, evdə də işdən gəldiyi vaxtı tutub süfrə salıblar, üstünə də Allah verəndən. Heç kim nahar etməyib, onun gəlməsini gözləyib.  Əllərini yuyub gəlib süfrənin qırağında əyləşdi, "Bismillah" deyib, əlini çörəyə uzatdı...

... Dişlərinin "təmir"ini elə bir neçə ay idi ki, bitirmişdi, indi rahat yeyib içə bilirdi. Dişlərinə nə qədər yaxşı baxsa da, ondan asılı olmayan səbəblərdən dərin kariyes yaranır, dişləri sıradan çıxırdı. Yaş da, sağlam omayan qidalar da öz təsirini ilk dişlərə göstərir axı. Eh, indi nə var ki, tibb elminin son illərdəki inkişafı çox nağılları gerçəyə çevirir. İmplantologiya isə lap aləmdi, süd dişi kimi ağappaq dişləri kim istəməz! Amma o, buna ürək etməmişdi, digər üsullarla bərpa-təmir işlərini bitirmiş, indi canı rahat olmuşdu. Hər dişin üstündə yarpaq kimi əsir, bu sözlər də dilindən düşmür:

- Dişdən vacib yenə də dişdir, o, həm estetikadir, həm də sağlamlıq!

Ağzında sağlam ana dişləri olan insanlara həmişə həsədlə baxır, adam kifir olsa belə, gözündə qənirsiz gözələ dönürdü...

İştahla yeməyə "giriş"di, insafən xüsusi diqqətlə hazırlanmış yeməyin elə ətri də adamı bihuş edirdi. Ağzına qoyduğu tikələri yaxşıca çeynəyir, bundan xüsusi zövq alırdı, onun keçirdiyi məmnunluq hisslərini yalnız dişi olmayan adam anlaya bilərdi. Qəfildən dişinin altında bərk bir şeyin qaldığını hiss etdi, tez ayağa qalxıb süfrədən uzaqlaşdı və əlini ağzına tutub yeməyi çıxartdı, yox, bu, sümük zad deyildi, dişi idi, özü də dişlərin bel sütunu, ən möhkəmi və vaciblisi sayılan köpək dişi!

Yadıma yunan rejissoru Yorqos Lantimosun qeyri-adi süjet xəttinə malik "Köpək dişi" filmi düşür, Oskara layiq görülən bu filmdə şəhərdən kənarda yaşayan və patriarxal üsulla idarə olunan bir ailənin dramı təsvir olunub. Üç övladı (bir oğlu, iki qızı) olan bu ailədə uşaqlara da ad qoyulmayıb, onlar 30 yaşa gəlib çatsalar da, hündür hasarlı evlərindən kənara çıxmayıblar. Normaldan uzaq bir  həyat yaşayan, amma bunu fərq etməyən uşaqlar hər işdə valideynlərin istəklərinə tabe olur, qaydalardan kənara çıxmırlar. Xarici təsirlər olmadan böyüdülən, infantilləşmiş bu gənclər göydə uçan təyyarəni oyuncaq hesab edir, anasının xəlvət yerdə gizlətdiyi və əri ilə əlaqə saxladığı ev telefonunun nə olduğunu bilmədiklərindən qadının öz-özünə danışdığını düşünüb həyəcanlanırlar. Evdə qadağaları pozan hər kəs ciddi cəzalandırılır, fiziki işgəncəyə məruz qalır, burda evi tərk etmənin yeganə yolu "köpək dişi"ndən keçir, yalnız bu dişlərdən hər hansı biri  düşdükdən sonra azad ola, evi tərk edə bilərlər, bu, ailənin əsas qanunudur...

Və bir gün qızlardan biri hər şeyi göz altına alaraq azadlığına qovuşur, necə? Çətin də olsa xəlvətcə köpək dişini vurub sındırmaqla!..

Həyatımızda köpək dişi funksiyasını daşıyan, düşüncələrimizi, xəyallarımızı gerçəkləşdirməkdə maneə olan bir sürü nədənlər var! Bəzən dini, bəzən milli mental dəyərlər adıyla beynimizə yeridilir, şüuraltımıza yazılır. Əslində, heç nəyə xeyri olmayan bu ənənəçilik ayaqlarımıza buxov, çiynimizə yük olur. Ruhən azad doğulan İnsan kölə kimi öz içində qula çevrilir, bu da bir köpək dişi deyilmi, cəmiyyətin "köpək dişi..!"

Azad düşünməyən insan isə yaxşı danışa bilməz. İllərlə öyrədilənləri tutuquşu kimi ard-arda təkrarlamaq danışmaq anlamına gəlməz, öz sözü, öz düşüncəsi, baxışı, şərhi, qərarı və digər xüsusiyyətlər insanı cilalayır, sevdirir... "Yalnız hər hansı ideya işığında nizamlananda bu həyatdan baş çıxarmaq və azad yaşamaq mümkün olur, əks təqdirdə insanı qaranlıqda vurnuxmaq aqibəti gözləyir", - söyləyirdi Əbu Türxan...

Bir dostum bu yaxınlarda bir eksperiment etmişdi, başqa Feysbuk profili açmış və orda içində quş kimi dustaq saxladığı azadlığa azadlıq vermək istəmişdi! Adam fərqli ampluada Feysbuka girir,  könlü istəyən şən, gülməli paylaşımlar edir, zarafatından qalmırdı. Özü kifayət qədər ciddi olan və ciddi işlə məşğul olan bu adam elə həmin ciddilikdən bezərək bir qədər özü də özünun görünməyən tərəfini görmək istəmişdi. Özü də xoşbəxt idi, izləyicilər də.... Amma qəbul edə bilmədilər, çoxunun iç dünyasını əks etdirən bu addım həm də anlaşılmadı. Azadlığa onun özü kimi təşnə insanlar ac qurd kimi bu "azadlığa" daraşdılar, az bir vaxt içində həzm edib bitirdilər də! Adam profili bağladı və... son...

Elə türkün böyük şairi Nazim Hikmətin təbirincə desək, "Azadlıq sevgilimiz kimidir, bir dəfə aldatdıqmı, bir də çətin dönər..."

 





27.02.2021    çap et  çap et