525.Az

Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb


 

Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb<b style="color:red"></b>

Moskvada Xocalı faciəsi qurbanlarının xatirə gecəsi keçirilib.

525.az xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan gecəni səfir Polad Bülbüloğlu açıb.

O qeyd etdi ki, Azərbaycan xalqı uzun illərdən bəri ilk dəfə olaraq bu günü qalib xalq kimi xüsusi hisslərlə qeyd edir. “Biz bunu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid ordumuz, cəsur oğullarımız sayəsində qazandığımız, çoxdan gözlənilən qələbə ərəfəsində qeyd edirik. Artıq biz gələcəyə inamla baxırıq. Çünki bütün dünya qüdrətli və müasir ordumuzun əzminə, əsgər və zabitlərimizin yenilməz döyüşkənliyinə, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinə əmin oldu”, - deyə səfir bildirib.

Diplomat vurğulayıb ki, bu müharibə bizə təkcə düşmən tərəfindən işğal olunmuş ərazilərimizi qaytarmayıb, şərəf və ləyaqətimizi qaytarıb. Qələbə, çoxmillətli Azərbaycan xalqını bir-birinə daha sıx birləşdirib. Azərbaycanda yaşayan bütün etnosların nümayəndələri - ləzgilər, yəhudilər, tatlar, avarlar, udinlər, saxurlar, ukraynalılar, ruslar, tatarlar, gürcülər... doğulduqları, böyüdükləri Vətənin, övladlarının gələcəyi, valideynlərinin rahatlığı uğrunda döyüşüblər.

P.Bülbüloğlu son zamanlar Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin guya Sumqayıt hadisələrindən sonra başlaması ilə bağlı söylənən iddialara da münasibət bildirib. “Şəxsən mən belə fikirdəyəm ki, Sumqayıt hadisələrinin ssenarisi Qarabağda hərbi əməliyyatların daha da genişləndirilməsi və orada baş verən qəddarlığa haqq qazandırmaq üçün törədilmiş açıq təxribat idi. Çünki bu, erməni separatçılarının azərbaycanlıların Ermənistan ərazilərindən çıxarılması istiqamətində hazırladıqları böyük planın başlanğıcı idi. İkinci mərhələdə Dağlıq Qarabağın, daha sonra isə azərbaycanlıların yaşadıqları yeddi rayonun etnik təmizlənməsi həyata keçirildi”, - deyə o xatırladıb.

Səfirin sözlərinə görə, Azərbaycan xalqının müxtəlif ölkələrdəki nümayəndələri Xocalı faciəsinə diqqət çəkərək beynəlxalq təşkilatların, dünyanın müxtəlif ölkələrinin hökumətlərinin və parlamentlərinin baş verənlərə qiymət verilməsinə nail olublar. “Mən, baş vermiş soyqırımı aktının tanınmasında çox böyük işlər görmüş “Xocalıya Ədalət!” kampaniyasının təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rolunu xüsusi qeyd edirəm”, - deyə diplomat bildirib.

P.Bülbüloğlu təəssüflə qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilən cinayətlərin sifarişçiləri və icraçıları hələ də öz layiqli cəzalarını almayıblar. Onlar hələ də beynəlxalq məhkəməyə verilməyib. O, bütün dünyanı Qarabağ müharibələri zamanı torpaqlarımızda törədilmiş dəhşətli cinayətləri tanımağa və pisləməyə çağırıb.

Tədbirdə “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov,

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski, siyasətçi, jurnalist, ictimai xadim Maksim Şevçenko çıxış ediblər.

Xatirə gecəsi professor Valeri Voronun rəhbərliyi ilə Moskva Gənclər Kamera Orkestrinin ifasında klassik musiqi konserti ilə davam edib. Konsertə Vladimir Voron, Murtuza Bülbül və İqor Berendeev dirijorluq ediblər.

 





28.02.2021    çap et  çap et