525.Az

…Qalanı xatirədir


 

…Qalanı xatirədir<b style="color:red"></b>

Biz hərbiçi ailələrinin yaşadığı şəhərciyə çatanda havaya qaranlıq çökmüşdü. Günortadan yağmağa başlayan yağış maşınımızın ön və arxa şüşələrinə çırpılaraq  göz yaşı kimi süzülürdü. Sürücümüz maşını qaranlıq bir həyətdə saxlayıb, «çatdıq» - dedi. Sonra da əlavə etdi:

-Şəhərciyin işıqları yanmır. Nə edək?

-Gəlişimiz barədə məlumatlıdırlar. Bizi gözləyirlər. Gedək, dedim.

Havanın qaranlıq və yağışlı olmasına baxmayaraq hərbi şəhərciyin həyətində bir hərəkətlilik vardı. Telefonlarının işığını yandırıb çala-çuxur, asfalt örtüyü uçulub dağılmış səkilərlə evlərinə tələsən kiçik yaşlı sakinlərdən biri qaranliq  havada nabələd olduğumuzu hiss edərək ayaq saxlayıb amiranə bir səslə:

-Kimin evini axtarırsınız? Şəhid, mayor Rəhim Hüseynovgilə gəlmisinizsə odur, pəncərəsindən bayraq asıllmış mənzil. Birinci podyezd, üçüncü mərtəbə - deyib  yoluna davam etdi…

Nəzərlərimiz oğlanın göstərdiyi pəncərəyə yönəldi. Pəncərədə  göz kimi kiçik şamın şölələri, bir də üç rəngli müqəddəs bayrağımızın ay ulduzu parıldayırdı.

Qapını üzümüzə şəhidin həyat yoldaşı Günel xanım açır. Girəcəkdə bizi  qarşılayan oğlanları əllərini başları təni qaldırıb, hərbi qaydada salam verib, özlərini təqdim edirlər. Hikmət, Rüfət… Balaca qardaşımın da adı Fikrətdir. O, hələ danışa bilmir. Hikmət əlavə edir.

Fikrət öz aləmində idi. Gülümsər baxışlarla bizi süzür, gah da  onun üçün təzə alınmış maşını diqqətimizi çəksin deyə qazlayıb, siqnal verirdi. Söhbətə körpü salmaq məqsədi ilə:

-İşıqlarınız çoxdan sönüb? Belə hallar tez tez baş verir, soruşuram.

Hikmət «Bizim işığımız 20 oktyabr 2020-ci ildən, atam cənnətə gedən gündən sönüb, cavabını verir».
Günel xanım söhbətə qoşulur. Rəhim çox hazırcavab və zarafatcıl idi. Hikmət də atasına çəkib… Burada işıqların sönməsi də adı bir haldı, tez- tez sönür. Biz öyrəncəliyik. Yəqin indi yanar, deyir.

 

Mayor Rəhim Qədir oğlu Hüseynov 1 iyul 1984-cü ildə Zərdab rayonun Gəlmə kəndində anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi litseydə, 2001-2005-ci illərdə Heydər Əliyev adına Ali hərbi məktəbdə təhsil alıb. 2005-2006-cı illərdə Sillahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi kurs keçərək İngilis, rus, erməni dillərini mükəmməl öyrənib. Rəhim Hüseynov  Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri olaraq dünyanın bir sıra ölkəsində ölkəmizi ləyaqıtlə təmsil edib. 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasının  Həmid Kərzayi adına Beynəlxalq Hava Limanının qorunmasında iştirak edən  Qətiyyətli Dəstək, Qeyri –Döyüş missiyasını yerinə yetirən Azərbaycan Sülməramlı taborunun komandanı Rəhim Hüseynov  NATO Mertorious Service ilə təltif olunan ilk və yeganə azərbaycanlı zabitdir.

Rəhim Hüseynov 27 sentyabr 2020-ci ildə Vətən Müharibəs başlayan gündən qanlı döyüşlərə qatılaraq Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərərək 20 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra «Qarabağ» ordeni və «İgidliyə görə» medalı ilə təltif olunub.
İşığın yanmasını çox gözləməli olmadıq… Otaqda Rəhimin xatirə güşəsi yaradılıb. Divardan səliqə ilə asılmış uniforma, müxtəlif illərdə aldığı fəxri fərmanlar, orden-medallar, səliqə ilə çərçivəyə salınmış şəkillər və şəkillərdən bizə baxan boylu-buxunlu qəhrəmanımızın gülümsər baxışları ilə üz-üzəyik… 


     

Yağış təkcə bayırda yağmırdı. Ürəyindən qara qanlar axan Günel xanımın da göz yaş sel kimi sellənib gedirdi… Rüfət ayağının ucu ilə qalxıb anasının göz yaşlarını silməyə çalışır…

…Biz Şüvalanlıyıq. Rəhim hərbi litseydə oxuyanda tez-tez dayısıgilə qonaq  gələrdi. Rəhimin dayısının həyətində su olmadığı üçün suyu bizim həyətdən  götürərdilər. Dayısına su daşımaqda kömək edən Rəhimi həyətimizdə tez-tez görərdim. Sarışın bir oğlan idi. Hər dəfə qablara su dolduranda altdan-altdan mənə baxdığını hiss etsəm də uşaq olduğumuz üçün fərqinə varmazdım. Amma, məsum, gözəl gözləri var idi. Bir gün bu mənalı gözlərin sehirinə düşəcəyimi heç ağlıma belə  gətirməzdim. Aradan bir müddət keçmişdi. Mən Qərb Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Bir gün dərsə gedəndə avtobus dayanacağında, hərbi formada uca boylu, yaraşıqlı bir lentenantın mənə baxdığını gördüm. Rəhim idi… Allah, necə də dəyişmişdi. Uniforma elə bil bunun boyuna, buxununa biçilmişdi. Yaxınlaşıb salam verdi. Günel, necəsən? - dedi.  Səsə diksinən kimi oldum... 
Rəhimlə bir avtobusla gedəsi olduq. İçimdən qəribə bir hiss keçdi.  Yolun bitməsini heç istəmirdim. İstəyirdim ki, bütün ömrüm boyu bu hərbi formalı oğlanla birgə yol gedəm. Vallah, təklif etsəydi ki, ömrümüzü birlikdə elə bu avtobusda keçirək, razılaşardım. Onun yolu yaxın olduğu üçün, yol pulumu ödəyərək məndən tez düşdü. Bu arada telefon nömrəmi almağı da unutmadı. Guya mənzil başına sağ-salamat çatıb çatmamağım onun üçün maraqlıymış. Əsgərliyə, uzaq səfərə getmirdim ki… Dərhal da nömrəmi vermişdim… Düzünü desəm, həmin gün onun zəngini səbirsizliklə gözləmişdim. Beləcə, bizim yarımçıq qalmış həyat hekayəmiz başladı…

Zəfərim sənsən…      

 

Mən atasız böyümüşəm. Qardaşım da olmayıb. Rəhim mənə gözəl ər-ömür gün yoldaşı olmaqla qardaşsızlığı, atasızlığı unutdura bildi. Uşaqlıağımda çəkdiyim çətinlikləri yadımdan çıxartdı. Bu dünyanın bütün gözəlliklərini Rəhimdə tapmışdım. O, doğulduğu, kəndi də,valideyinlərini də, bu vətəni də ilahi bir eşqlə sevməyi bacarırdı. Rəhimə kimi valideyinlərinin 4 uşağı olub, amma yaşamayıblar. Olan kimi ölüblər… Həmişə deyərdi ki, məni Allah 4 uşaqdan sonra valideyinlərimə mükafat olaraq verib. Gərək elə yaşayam ki, onlar həmişə mənimlə qürur duysunlar…  Rəhimin 35 yaşı tamam olanda yenə evdə yoxu idi. Telefonla təbrik göndərdim… Mesajda «zəfərim sənsən»  yazdım. Təbrikim çox xoşuna gəlmişdi… Evdə olanda niyə elə yazdığımı soruşdu. Dedim bu dünyada uğurum da, ümidim də sənsən. Səninlə övladlarımızın da, özümün də bir ömür qürur duyacağımıza çox inanıram.

Gələcəyə baxıb yaşayardı…

Rəhimin çox gözəl xasiyyəti var idi. Heç vaxt keçmişi yada salmaz, keçmişdə olan xoşa gəlməz bir hadisəni xatırlamazdı. Sən onu etdin, bunu etdin-deməzdi. Oldu, bitdi… Gələcəyə baxmağı, gələcəkdə nə edəcəyini düşünərdi. İşində də, evdə olduğu kimi idi. Qarabağın azad olunacağına, vətənin bütövləşəcəyinə, gələcəyə çox ümüdlə baxardı.

Söhbətə Hikmət qoşulur:

-Atam deyərdi ki, bu dünyanın iki müqəddəsi var. Bir ana, biri vətən. Biri ilk, biri son ünvanımız. Ananı sevərək vətəni qoruyacaqsan. Özü Vətəni qorumağa gedəndə həmişə deyərdi ki, evin kişisi sənsən. Ailəmiz sənə əmanət. Bu dəfə atam getdi, özü vətənin bir parçası oldu. Bizi vətənə, anamızi isə bizə əmanət etdi…
Səsi titrədi. Səs boğazında düyüldü. Sözünün ardını gətirə bilmədi. Rüfət anasının boynuna sarılıb yenə sellənən göz yaşlarını silməyə çalışdı…       

                             

Qurban demişdim…

Döyüşə gedəndə bizə bildirməzdi. 2016-cı ilin aprel döyüşlərində də iştirak etmişdi. Bir də döyüşlər bitəndən sonra bildik ki, Rəhim ön xəttdə düşmənlə üz-üzə döyüşlərdə olub, vəzifəsini yerinə yetirib. Rəhim həmişə deyərdi ki, Qarabağ problemi tezliklə həll olunmalıdır. Bu problemi övladlarımıza saxlamağa bizim haqqımız yoxdur. Bu dəfə də döyüşə getdiyindən xəbərimiz yox idi. Ermənilərin növbəti təxribatı, torpaqlarımıza təcavüzü haqqında cənab Ali Baş Komandanın Xalqa müraciəti zamanı xəbər tutdum. Müharibə xəbərini  eşidən kimi evimizdə ehtiyat pulumuz var idi. Ondan tez 170 manat ayırdım. Düşündüm ki, 170 manata bir qurbanlıq qoç almaq olar. Rəhim müharibədən sağ-salamat dönəndə ayağının altında kəsərəm. Telefonuna zəng vurdum. Zəng çatmadı. Düzünü desəm narahat deyildim. Rəhim həmişə deyərdi ki, mənə heç nə olmaz. Özünü güllə keçməz, odda yanmaz, suda batmaz hesab edirdi. Bizi də özünə inandırmışdı. Ona nə isə olacağını ağlıma belə gətirməzdim. Bir neə gün sonra zəng etdi… Kefi kök idi. Elə bil dünyanı ona bağışlamışdılar. Füzulinin bir sıra kəndlərini düşməndən təmizləyib, Cəbrayıla girmişdilər… Elə  hey deyirdi ki, narahat olma, qələbə bizimlədir. Nə yeyib, nə içdiklərini soruşdum. Zarafatından qalmadı. Ermənilər mal, davarların bizə qoyub gedirlər. Kabab yemişəm. Narahat olma, dedi.      

Son dəfə  Qubadlıdan zəng etmişdi. Mühüm strateji əhəmiyyətli yüksəkliklər uğrunda döyüşdüklərini, tezliklə Şuşadan şad xəbər verəcəklərini dedi… Sevinirdim. Qürurlanırdım. Uşaqlarımızı başıma yığıb «Atanız bir qəhramandır» deyirdim… Arada elə forslanırdıq ki, elə bil işğaldan azad olunan torpaqları biz özümüz geri qaytarırdıq…

Ermənilər Rəhimin ölüm xəbərini eşidib bayram edirdilər…

Bir gün Facebookun erməni seqmentinə girib ermənilərin döyüşlərin gedişi   haqqında fikirlərini öyrənmək istəyirdim. Qəfil bir xəbər ürəyimə bıçaq kimi sancılıb sanki ürəyimi  iki bölüb keçdi. Azərbaycan Sulhməramlılarının 1-ci  tabor komandiri mayor Rəhim Hüseynovun ölüm xəbəri  erməni saytlarında manşetə çıxarılmışdı… Gözlərimə inanmadım.Tez Rəhimin nömrəsini yığdım, zəng çatmadı… Elə bu vaxt anam zəng edib Rəhimin ağır yaralandığını, ardımca gəldiklərini dedi. Maşınımız Zərdaba istiqamət götürəndə anamgilin məni sakitləşdirmək üçün dediyi yalanlara inanmadım, artıq Rəhimin öldüyünə əmin oldum. 

Mənim yoldaşım bu tabuta sığmaz, dedim.

Biz Gəlmə kəndinə çatanda ora xeyli adam toplaşmışdı. Tabutu görəndə gözlərimə inanmadım. Tabut gözümə balca göründü. Yox, dedim, bu, Rəhim deyil. Mənim yoldaşım bir dünyaya sığmıazdı, bu tabuta necə sığdı ki? Tabutu açdırdım. Rəhim həmişə yatanda sağ əlini ürəyinin üstə qoyardı. Yenə də əli ürəyinin üstə idi… Elə bil səsiz, səmirsiz yatmışdı… Rahat idi. Canından keçdiyi torpağın azad olacağına inanırmış kimi yatmışdı… Dəfn üçün hazırlıq görülmüşdü. Son anda Müdafiə Nazirliyindən xəbər gəldi ki, ikinci fəxri xiyabanda dəfn olunacaq. Belə də oldu.

 

Qələbə günü kəsilən qurban...

Rəhomə dediyim qurbanı kəsə bilməsəm də, Qələbə xəbərini eşidən kimi,  qurbanlıq qoç alıb, kəsib payladım. Düşünürəm  ki, övladlarımız daha müharibə görməyəcək. Analar övladlarının şəhid xəbərini almayacaqlar. Qadınlar daha dul qalmayacaq. Mənim Fikrətim az da olsa, anlamasa da ata nəfəsi duyub. Ata qucağı görüb. Qonşumuzda tezliklə bir şəhidin övladı olacaq. O uşaq ömrü boyu ata nəfəsi, nəvazişi görməyəcək. Qoy müharibə bir daha təkrar olmasın. Ömürlər yarımçıq kəsilməsin.      

...Ömür gün yoldaşının qəhramanlıq səlnaməsini vərəqlədikcə Günel Əsgərovanın fərəhdən üzündə nur şölələnir, gözündən isə bulaq suyu kimi sel daşlanırdı. Rəhim ön cəbhədə düşmənin içinə irəliləyib canına vəlvələ salan taborun komnadiri olub. Döyüşü izləyən yox, öndə gedən komutan olub. Qubadlıda strateji əhəmiyyətli yüksəkliyi düşməndən azad edən zaman Rəhimin taboru düşmənin cididi müqavimətinə rast gəlir. Düşmən son ana qədər müqavimət göstərir. Qanlı döyüşlər getdiyi zaman Rəhimin yanına minaatan  mərmisi düşür. Zərbənin dalğası nəticəsində Rəhimin bir qulağından qan gəlir. Eşitmə qabiliyyətini itirsə də döyüş yoldaşlarının müalicə almaq üçün geriyə, hospitala göndərilməsi haqqında təkliflərinə inadla yox deyir. «Olmaz, mən səxsi heyətə deyim ki, canımı götürüb geri çəkilirəm? Döyüşəcəm! Əsgərlərimin yanında olacam», deyir. Artıq düşmən mərmisi öz işini görmüşdü. Rəhim atılan atəş səslərinin haradan gəldiyini hiss etmirdi, irəliyə zirvəyə doğru can atırdı. Hiyləgər düşmən bunu yaxın məsafədən görüb hiss etmişdi. Döyüş yoldaşlarının onu düşmənin hədəf alması barədə çağrışlarını eşitməyən qəhrəman komandir qəfil düşmən snayperinin gülləsinə tuş gəlir…

Rəhimin uğrunda canını fəda etdiyi yüksəkiyi döyüş yoldaşları onun şərəfinə «Rəhim zirvəsi» adlandıriblar. İndi Qubadlıda bir zirvə var. Şəhidliyin Rəhim zirvəsi... Ömürlərini xalqına, vətəninə xidmətdə görənlər, canlarını bu vətən yolunda fəda etməyi bacaranlar zirvədə durmağı da bacarırlar.

Müqəddəs dərgahdakı zirvən mübarək, ay Vətən Oğlu!                                   

 





01.03.2021    çap et  çap et