525.Az

Üç rəng - Günel Mehri yazır


 

Üç rəng - <b style="color:red">Günel Mehri yazır </b>

Əslində, bu yazını çoxdan yazmalıydım. Qarabağ səfərindən dönər-dönməz. Hətta məndən sonra o ərazilərə gedənlər yazıb paylaşdılar belə. Amma mən... susdum bir xeyli. Özümə qapandım. Bölüşmək istəmədim.

Hisslərim diri ikən bir az özümdə götür-qoy etməliydim nəyin nə olduğunu. Çünki yuxu kimi bir səfər yaşamışdım Qarabağın 3 inzibati rayonunda. Beynimdəki duman çəkiləndən sonra xatirələr üç rəngə bölünüb  ayrı-ayrı rəflərə oturdu: Kəlbəcər - göy, Cəbrayıl - qırmızı, Ağdam - yaşıl. Yox, rayonları rənglərlə əlaqələndirməyim əbəs deyil. Səbirli olun. Onun da açması olacaq.

Və üçüncü yazı...  

Cəbrayıl - qırmızı

İllər öncədir. Hələ tələbəyəm. Televiziya kanallarından birində rənglərin simvolikasından danışan sənədli filmlərin ssenarisini yazıram. Bir gün ən sevdiyim rənglərdən birinin - qırmızının açmasını araşdırdım. Demə,  qırmızı - təzadlı bir rəngdir. Həm sevgi, gözəllik, həyat, həm həyəcan, ekstrim, qəzəb, intiqam anlamı verir. Birinci tərəfini bilirdim qırmızının. Amma qan-qadayla, ölümlə, müharibəylə əlaqələndirilməsi diqqətimi çəkdi. O vaxt dərk etmirdim qırmızı və müharibənin ortaq tərəfini. Sevgi rəmzinin top-tüfəng, ölüm-itim meydanında nə işi var axı? Nə qəribədir. İllərlə beynimdə gəzdirdiyim həmin sualın cavabını orada tapdım. Maşının qapıları açılanda, ayağımı o torpağa ilk dəfə basanda, torpaqdan gələn və burun pərlərimin öyrəşmədiyi o dəyişik ətri duyanda. Bu qoxunu alar-almaz tüklərimin necə biz-biz durduğunu, üz-gözümü bürüşdürüb əlimlə burnumu tutduğumu heç vaxt unutmayacam. Sonra özümü saxlaya bilməyib, "Bu nə qoxudur?" deyə üzümü bizi qarşılayan hərbçilərə tutdum. Hamısı bir-birinə baxdı.  Gülümsədilər. İçlərində ən yaşlı olanı dedi ki, müharibə zonasına xoş gəlmisiz...

Hə, unutdum axı deməyi. Torpağı qan qoxuyan bu məkan Cəbrayıldır. Daha dəqiq desəm, Cəbrayılın Horovlu kəndi.  Yağış yağırdı həmin gün. Göydən yerə nur tökülürdü. Göylər elə bil qarşılarına məqsəd qoymuşdular bizim gəlişimiz üçün bu yerləri yuyub-təmizləməyi.  Bir ay öncə tankların, pulemyotların nəhəng vücudu altında əzilən, mərmilərin, qumbaraların əlindən bağrı dəlik-deşik olmuş torpaq narın yağış damcılarının sığalı ilə mışıldayır və son dəfə istəmədən bulaşdığı o pis qoxunu ətrafa yayırdı. İslanmamaq üçün yağmurluğumu geyindim. Bir də baxdım ki, daha hiss etmirəm o qoxunu. Öyrəşmişdim. Artıq rahat nəfəs ala bilirdim. Bax burda deyirlər ki, insan çiy süd əmib. Hər situasiyaya öyrəşir lazım gəldikdə. Artıq rahatlıqla ətrafı seyr edirdim. Müharibənin qoynundan yenicə ayrılmış bir məkana isti-isti ayaq basmışdım. Özü də uşaq vaxtı olduğum bir məkana. Ata yurdum Füzulinin qonşusu idi Cəbrayıl. Və o uzaq uşaqlıq illərində yay vaxtı Cəbrayıl meşələrinə gəlməyimizi, orada kabab çəkib, buz bulaqlardan su içməyimizi dumanın içində xatırladım. Bapbalaca, dumanlı bir xatirə içimi necə də isidirdi. Amma indi hər şey yad və fərqli görünürdü. Ara-sıra kol-kos basmış düppədüz düzənliklər. Dağılmış evlərin qəbiristanlığı. Uçmuş bir hasar. Yanmış, qapısız, pəncərəsiz otaqlar. Yararsız vəziyyətdə olan bir tank və bir az aralıya qırılıb düşmüş lüləyi. Yol kənarında atılıb qalmış əsgər şineli və bir tay çəkmə... Bütün bunları izlədikcə düşündüm ki, burda rastlaşdığım hər detalda yaralı bir tarix yatır. Barmaqlarımla uçulmuş hasardan boylanan daşlara toxundum. Bunlar adi daş idimi? Yox, əlbət ki. İndi bu daşların arxasında hansısa bir ailənin yarım qalmış arzuları var. Güllələnmiş insan taleləri var... Diqqətlə nəzərdən keçirirdim qarşımdakı otaqların çılpaq və hisli divarlarını. Bax burda yəqin nə vaxtsa yemək masası olub. Elə bil, uşaqların gülüşlərini, böyüklərin şirin Qarabağ ləhcəsi ilə söhbətləşməyini də eşitdim birdən. Sonra gözümdə bir axşam süfrəsi canlandı. Süfrə başına yığışıb kənd çolpasından bozartma yeyən böyük bir ailə. Uşaqlar təndir çörəyini iştahla xörəyin suyuna batırırlar və... Budur, həyətdə təndir yeri də var. İlahi, bu nədir?  Altı deşilmiş qədim bir səhəng. Nənəmgilin həyətində də bunun eynisindən vardı.  Gör bir neçə ildir əsirlikdə qalıb bu səhəng... Allah bilir, yaddaşında nələr saxlayır? Dili olsaydı, danışardı əhvalatını... Görəsən, hansı ailənin su saxlancı olub? Birdən bir cüt kişi əli böyürdən çıxıb səhəngi qaldırdı:

- Bu, bizim səhəngimiz olub, Günel xanım. Bax burda da su quyumuz var. Yadıma gəlir, suyu quyudan çıxarandan sonra anam bu  səhəngə doldururdu.

Polkovnik-leytenant Camal Qəmbərovdur mənə yaxınlaşan. Burada gördüklərim də bir vaxtlar onların evi, həyəti, su quyusu, səhəngi olub. 7-8 yaşında  ikən ailəsi ilə birgə didərgin düşüb elindən-obasından. Sonra da hərbçi olub. O ümidlə ki, bir gün bu torpaqları geri qaytaracaq, uşaqlığının əziz xatirələrini qoruyan doğma evinə qayıdacaq...

- Bax, burada pilləkən vardı. O pilləkənin əl tutan yerindən o qədər sürüşüb yıxılmışıq ki... Bura da girəcək idi. Bu divardakı haşiyədən şəkil asılmışdı. Aşıq Zülfiyyənin şəkli... Onu ailəmiz çox sevirdi.

Uşaq kimi həvəslə danışır polkovnik-leytenant və danışdıqca o illərə lövbər salır. Sonra birlikdə xarabaya çevrilmiş evlərin arasıyla irəli addımlayırıq. Kəndin adının yazıldığı yerdəyik. Yaxınlıqda itburnu kolları, bir də yabanı bitən nar ağacları var. Narlar hamısı partlaq-partlaq olsa da, birini dərirəm. Necə də olsa, Qarabağ torpağının barıdır. Mənim aləmimdə nar sirli meyvədir. Yoxsa bu 27 il ərzində susuz-baxımsız necə bitərdi, bar verərdi. Hə, bir də sadiqdir nar. Elinə, yurduna sadiqdir. İllərdir, qurumadan-tükənmədən öz sahiblərinin yolunu gözləyib, gözləyib və axır ki, istəyinə qovuşub... Bir də baxıram ki, barmaqlarım arasından partlaq narın zədələnmiş giləsindən qırmızı şirə süzülür. Qırmızı şirə barmaqlarımdan yol alıb torpağa damır. Və mən bayaq elə bu torpaqdan duyduğum qan qoxusunu xatırlayıram. Və düşünürəm ki, mənim rakursumdan Cəbrayıl qırmızıdır. Müsahibimin səsi məni fikirdən ayırır:

- Bu torpaqların uğrunda çox qan tökülüb. Yadımdadır, kəndi işğaldan azad edən kimi həmin bu nar ağacıyla foto çəkdirib ailəmə göndərmişdim. Şükür ki, arzum yerinə yetdi. Bir hərbçi kimi torpağımın azad edilməsində şəxsən iştirak etdim. Tam başqa bir hissidir. Sözlərə tökmək olmur...

Sonra birlikdə Cəbrayılın mərkəzinə yol alırıq. Mərkəz deyəndə ki, bircə "Dostluq bulağı" nişanəsi qalıb o mərkəzdən. Sovet ölkələrinin birlik-bərabərliyini əks etdirən bir simvol kimi vaxtilə rayonun girişində ucaldılmış bu abidə Cəbrayıla ayaq basan bütün qonaqların ən çox foto çəkdirdiyi məkan idi. Əllərimizi yuyub biz də bu sudan dadırıq. Barmaqlarımda qırmızı iz buraxmış nar şirəsini yuduqca elə hey bir cümləni düşünürəm: "Cəbrayıl qırmızıdır!"

 





01.03.2021    çap et  çap et