525.Az

"Gəncənin yolları qazıq-qazıqdır..." - Reportaj


 

ŞƏHƏRDƏ SU-KANALİZASİYA SİSTEMİNİN YENİLƏNMƏSİ ÜÇÜN APARILAN QAZMA İŞLƏRİNDƏN SONRA KÜÇƏLƏRİN BƏRBAD HALA DÜŞMƏSİ ƏHALİDƏ NARAHATLIQ DOĞURUR

"Gəncənin yolları qazıq-qazıqdır..." - <b style="color:red">Reportaj</b>

Gəncədə bir neçə ildir, bu şəhərin tarixində ən möhtəşəm layihələrdən biri - su və kanalizasiya sisteminin yenilənməsi davam etdirilir. Daimi içməli su təchizatı, eləcə də qüsursuz işləyən çirkab xətləri çəkilişi üzrə yeniliklər gəncəlilərin ürəyincə olsa da, şəhərin onlarla küçəsində bu işlə, daha dəqiqi, onun yarımçıqlığı ilə  birbaşa bağlı olan mənzərələr narahatlıq doğurmaya bilməz.

Qazıq-qazıq olmuş asfalt örtüyü, çuxurlarda yaranan gölməçələr, dağılan kələ-kötür yollar, eləcə də  palçıqdan, daş-kəsəkdən keçilməz olan səkilər... Təəssüf ki,  bunlar bu gün respublikamızın ikinci şəhərində heç də nadir hal sayılmır. Özü də küçələrin bu haləti uzun müddətdir, yəni isti-soyuq fəsilləri görməklə,  davam edir və quraqlıqda toz, yağış yağanda isə palçıqla böyük şəhərə yaramayan "peyzaj"lar yaradır.

Bu günlərdə  parlamentin iclasında Gəncədən olan millət vəkillərinin də bu problemin dözülməzliyini səsləndirməsi vəziyyətin ciddiliyindən xəbər verir. 10 ilə yaxındır Gəncədə su-kanalizasiya layihəsinin həyata keçirildiyini, lakin hələ də bu layihənin  tamamlanmadığını vurğulayan millət vəkili Naqif Həmzəyev parlamentdəki çıxışında bildirmişdi ki, layihənin tamamlanması Gəncənin yol infrastrukturuna çox böyük ziyan vurur: "Yollar hey qazılır, bəzən qazılan yollar belə təkrar qazılır. Hətta mərkəzi ərazilər, o cümlədən, Nizami Gəncəvi prospekti də çoxlu sayda çuxurları ilə keçilməz bir yola çevrilib. Mən hələ digər yolları və küçələri qeyd etmirəm".

Həqiqətən də bu qazma işləri gəncəliləri yorub. Belə görünür ki,  təkrar qazmalara da işlərin aparılması zamanı yol verilən qüsurlar, konkret desək, borularda sızmalar rəvac verir. Amma bu, bir yana, xətlərin çəkilməsi artıq tam başa çatmış ərazilərdə aylardır ki, asfalt örtüyü hansı səbəbdən bərpa edilmir?  Axı bura iri şəhərdir! Onun küçələri isə öz keçilməzliyi, yolları nahamarlığı ilə bir neçə on il bundan qabaqkı asfaltsız kəndləri xatırladır!

"Qeyri-arxeoloji" qazıntısının davamlılığı  ilə "tanınan"  ərazilərdən biri də Şəddadilər küçəsidir. Buradakı çala-çuxurlar, hətta iri xəndəklər avtomobilçi və piyadaları sanki "alternativ yollar axtarmağa" çağırır.

"Bəlkə bir il olar ki, bura  belə vəziyyətdədir. Küçə boyu belədir. Özü də bura hələ magistral yol hissəsidir, işləkdir... Vəziyyəti  hamı görür, amma onu aradan qaldırmırlar", - deyə küçənin sakini İlqar Hüseynov şikayətlənir.

 

"Bir dəfə qazırlar, 15 gündən sonra gəlib yenə qazırlar. Sonra yenə gəlirlər. Bax, beləcə, buranı 4-5 dəfə qazıblar. Maşınlarımızı ustaya aparmaqdan təngə gəlmişik", - deyə sürücü  Saləddin Abbasov narahatlığını bölüşür.

Qazma mərhələsi başa çatmış ərazilərdə isə sakinlər yolların bərbad olmasından beziblər. "Ozan küçəsinin ikinci döngədə, Səbzikar qəbrisitanlığının yaxınlığında yaşayıram. Bizim kanalizasiya sistemini dəyişdilər, yaxşı borular çəkdilər, sağ olsunlar. Amma sonra yalnız qonşu küçənin asfaltını bərpa  etdilər, bizim küçə uzun müddətdir ki, beləcə qalıb. Bura gediş-gəlişli yerdir, yaxınlıqda məktəb var. Böyük-kiçik, hamı burdan keçib gedir. Maşınlar da, piyadalar da palçığa batırlar", - deyə bu ərazidə yaşayan Mətləb Rzaquliyev bildirir.

Ozan məhəlləsi ilə kəsişən  İsmət Qayıbov küçəsində  də su-kanalizasiya sistemi tamamilə yenilənib. Amma vəziyyət yenilənmir. "Bizdə isə  piyada səkiləri daha  pis günədir. Bu səbəbdən, məcbur olub, maşın yolu ilə gedirik. Arxadan gələn avtomobillər insanlara, xüsusən uşaqlara  xəsarət yetirə bilər. Yaxşı ki, sürücülərin çoxu bu yolun belə "xüsusiyyət"inə bələddirlər", - deyə pensiyaçı  Faiq Zamanov bildirir.

"Mən 30 ilin sürücüsüyəm. Taksi sürürəm. Qardaş, son bir neçə ildə yollarda çəkdiyim əsəbi ömrüm boyu çəkməmişəm. Sərnişinlərimlə bu bərbad yollara girən kimi, ruhdan düşməmək üçün məşhur mahnının sözlərini dəyişib, "Gəncənin yolları qazıq-qazıqdı, burdan keçən sürücülər nə yazıqdı ..." kimi oxuyub, heç olmasa, bir balaca, satira və yumorlu əhval-ruhiyyə yaratmağa çalışıram", - deyə köhnə maşını ilə taksi xidməti göstərən Süleyman Fətəlizadə qeyd edir.

 

Daha acınacaqlı mənzərələrdən biri də odur ki, şəhərin bəzi küçələrində yol boyu axan sular əməlli-başlı keçilməz vəziyyət yaradır. Su-kanalizasiya xətləri yenilənən Muxtar Hacıyev, Ələkbər bəy Rəfibəyli, Ozan küçələrində su sızmalarının yaratdığı belə acınacaqlı vəziyyət müşahidə edilməkdədir. Bu, əlbəttə, böyük texniki qəzalara yol aça bilər.

"Yüksək gərginlikli elektrik kabeli su içindədir.  Bu, qəzalı vəziyyətdir axı. Neçə dəfə demişik, yenə həmin şeydir. Kimisə elə burada tok vursa, heç kim cavab vermiyəcək?" - deyə sakin İlqar Əliyev  sual edir.

Gəncənin su və kanalizasiya sisteminin yenilənməsi üzrə yuxarıda qeyd etdiyimiz layihənin icrası  2013-cü ilin avqustundan başlayıb. Hazırda layihənin 4-cü, ünvanlara xətlər çəkilməsi işləri gedir. Layihə çərçivədə 500-ə yaxın prospekt, küçə, dalan və döngədə boru xətləri yenilənib. Bu, əlbəttə, çox əhəmiyyətli işlərdir. Amma bu böyük hadisənin "yan fəsadları" niyə olsun ki?

Qeyd edək ki, Gəncədə su-kanalizasiya xətlərinin çəkilməsi işinə cavabdeh podratçı şirkət "Azəraqrartikinti"dir.

"Biz podratçı təşkilat kimi, müəyyən müqavilə çərçivəsində çalışırıq. Müqavilədə nəzərdə tutulub ki, küçələrin yolları  qazıntı işlərindən əvvəl asfalt olubsa, asfalt, çınqıl olubsa, çınqıl olacaq. Əlbəttə, asfaltı pozulan yerlər yenidən asfaltlanacaq. Amma bəzi ərazilərdə çınqıl yollu küçənin (müsahib burada əsasən yeni yaranan qəsəbələri nəzərdə tutur - Z.M.)   asfaltlanması məsələsinə gəlincə, bu,  Gəncə şəhər İcra Hakimiyyəti və hökumət səviyyəsində olan bir işdir. Biz tərəfdən tamamlama işləri, yəni  27 min kvadratmetr asfalt örtüyüyün bərpası bu ilin mart-aprel aylarına nəzərdə tutulub", - deyə "Azəraqrartikinti" ATSC-nin Gəncə layihəsi üzrə baş topoqrafı Orxan Abdullayev sakinlərin şikayətləri ilə bağlı Gəncədəki yerli "Kəpəz" telekanalına müsahibəsində bildirib.

Beləliklə, yaz aylarında narahatlığa səbəb olan vəziyyətin aradan qaldırılma ehtimalı var. Amma bir şey də var ki, mütəxəssislər  asfalt örüyünün tamlığının pozulması, xüsusən də bu örtüyün bərpasının uzun sürən fasilədən sonra həyata keçirilməsinin yolun keyfiyyətinə mütləq şəkildə təsir göstərəcəyini qeyd edir və bu məsələdə bir sıra amillərə diqqət yetirməyin zəruriliyini vurğulayırlar.

"Asfalt salınarkən, əlbəttə, bütün zəruri hesablamalar aparılır. Qruntun xüsusiyyəti, nəmliyi, geoloji tərkib göstərciləri nəzərə alınır. Asfalt örtüyü sadəcə qrunt üzərinə deyil, müəyyən tərkibli alt qat üzərinə salınır ki, həmin qatın da inşaat komponentlərinin nisbətinin şəraitə cavab verən öz xüsusiyyətləri olur. Yəni etibarlı asfalt salmaq özü məsuliyyətli yanaşma tələb etdiyi kimi, qopardılmış hissələrin bütün qatlarının bərpası ikiqat məsuliyyət tələb edir. Çünki uzun müddət asfaltsız qalmış torpaq sahəsinə günəş şüaları, yağıntılar, şaxtalar öz təsirini göstərərək, qeyd etdiyim göstəriciləri dəyişir. Həmçinin, "yalın" sahələrə  cürbəcür yad cisimlər, zir-zibil də dola bilir. Bu da möhkəmlik xüsusiyyətlərini ciddi şəkildə pozur. Şəhərlərimizdə hamımıza tanış olan mənzərələr, yəni  "asfalt yamaqları" salınan yerlərdə çökmələr, deformasiyalar məhz bu cür halları nəzərə almayan səhlənkarlıqlarla bağlı olur", - deyə yol inşaatı üzrə ekspert, texniki elmlər üzrə fəlsəfə doktoru Aydın Məmmədov vurğulayır.

Müsahibimiz, həmçinin, asfalt salınması işinin yağarlıq sevməməsi, yəni onun mütləq isti hava şəraitində aparılmasının vacibliyinə toxunaraq, Gəncədə də bu sahədə bərpa tədbirləri üçün əlverişli vaxtın düzgün seçiləcəyinə ümid etdiyini bildirdi.

Gəncə

 





01.03.2021    çap et  çap et