525.Az

"Unutmadıq, şəhidim" kitabları şəhid ailələrinə təqdim olundu


 

"Unutmadıq, şəhidim" kitabları şəhid ailələrinə təqdim olundu<b style="color:red"></b>

Fevralın 28-də şəhid ailələrinin ziyarətində olub, şəhidlərimiz haqqında yazdığım "Unutmadıq, şəhidim" kitablarını onlara təqdim etdim.

525.az xəbər verir ki, ilk getdiyim ünvan Binəqədi qəsəbəsi, şəhid Emin Bağırovun ailəsinin yaşadığı ev oldu.

 

Şəhid Emin Bağırov 1990-cı ildə Binəqədi rayonunda dünyaya gəlib. Üç qardaş olublar. Emin ailənin sonbeşiyidir. 118 saylı orta məktəbdə oxuyub. Uşaqlıqdan hərbi xidmətə marağı olan Emin 9-cu sinifdən Naxçıvanski adına hərbi liseydə oxumaq istəsə də, atası razı olmayıb. 2014-cü ildə Emin orta məktəbi bitirib hərbi xidmətə yollanır. Hərbiçi olmaq arzusundan əl çəkməyən igidimiz hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Dəstəyə yazılır. 6 aylıq çətin sınaq müddətini birinciliklə bitirir. Hərbi xidmətinin bitməsinə baxmayaraq, evə qayıtmayan igidimiz döyüşlərə tələsir. Dəstənin 19 yaşlı ən gənc əsgəri Aprel döyüşlərin şəhid olur və aprelin 6-sı Bakı şəhərində son mənzilə yola salınır. Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə " lll dərəcəli medalla təltif olunur.

Şəhidimizin nur üzlü anası bizi qapıda qarşılayır. Atası Eminlə bağlı xatirələrindən danışır. Qardaşının səmimi rəftarı ilk dəfə gördüyümüz bu ailəni xəyallarımıza həkk etməyə bəs etir. Söhbətimiz zamanı Emin Bağırova həsr olunan müxtəlif kitablarla da tanış oluruq. Şəhidimizin qardaşı kitablardan birini mənə hədiyyə verir.
Ailə ilə sağollaşıb, üz tuturuq şəhid baş leytenant Elgün Əzizovun ailəsinə.

 

Əzizov Elgün Elman oğlu 1990-cı ildə Şamaxı rayonu Qurdtəpə kəndində anadan olub. Ailədə 5 uşaqdan üçüncüdür Elgün.1996-cı ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 sayılı tam orta məktəbdə 1-ci sinifə başlayıb, 2007-ci ildə orta məktəbi bitirib. 2007-ci ildə Müəllimlər Universitetinin Tarix fakültəsinə Şamaxı filialına qəbul olunur. 2011-ci ildə ali təhsilini başa vurduqdan sonra Hərbi xidmətə yollanır. 2012-ci ildə hərbi xidmətini bitirir. 2013-cü ildə ailə həyatı qurur və 3 övladı dünyaya gəlir.

Elgün Əzizov ailəsinə və ətrafındakı insanlara qarşı çox diqqətcil insan olub. 2016-cı ilin noyabr ayına qədər müxtəlif işlərdə işləyib, 2016-cı ilin noyabr ayında Müdafiə Nazirliyinin təlim tədris mərkəzinə daxil olaraq oranı uğurla başa vurub. 2017-ci il fevralın 14-də  leytenant rütbəsində xidmətə başlayıb. 2020-ci il fevralın 23-də baş leytenant rütbəsinə layiq görülüb. Bu illər ərzində vəzifəsini şərəflə davam etdirən, əsgərinə və Vətəninə bağlı Elgün Əzizov Vətən müharibəsində iştirak edib, oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlərdə öz əsgərini xilas etmək istəyərkən iki güllə yarası almasına baxmayaraq döyüş meydanını tərk etməyib, sona qədər vuruşaraq qəhrəmancasına şəhid olub. Oktyabrın 7-də Müşfiqabad qəsəbəsində dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə şəhid Elgün Əzizov " Vətən uğrunda" mədalı ilə təltif olunub.

Kitabı şəhidimizin anasına təhvil verib, yolumuzu salırıq şəhid Şəhriyar Qasımovun ailəsinə.

Qasımov Şəhriyar Vəzir oğlu 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olub. 2013-cü ildə Bakı şəhərində məzun olub.  Elə həmin il hrbi xidmətə Tovuza yola düşüb. Xidmət dövründə fərqləndiyi üçün kiçik çavuş rütbəsi alıb. Daha sonra Tovuz döyüşlərində iştirak üçün könüllü ön cəbhəyə gedib. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Binəqədi rayonu filialında çalışıb. 2020 ci-il təhsilini artırmaqdan ötrü Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə daxil olub. Elə həmin il, 2020-ci ildə könüllü olaraq, qismən səfərbərlik elan edilməmişdən öncə Nərimanov rayonu Hərbi Komissarlığında qeydiyyatdan keçib və noyabr ayının 29-da cəbhəyə yollanıb.  Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonu döyüşlərində fəal iştirak edərək, noyabrın 26-da qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhid Şəhriyar Qasımov "Vətən uğrunda" medalı ilə təltif olunub.
Gözəl ana, gözləri hələ də oğul yolu gözləyən qəmli ana qapının kəndarında dayanıb yolumuzu gözləyir. Elə özü qarşılayıb evə dəvət edir bizi. Otaq şəhidimin şəkilləri ilə üçrəngli bayrağımın ahənginə düşüb elə bil. Şəhidimin adını çəkdikcə anasının yanaqlarını göz yaşları yuyub, ovuclarını isladır. Şəhidimin anası doğma balası kimi bağrına basır bizi. "Bircə oğlum var idi, onsuz yaşaya bilmirəm" dedikcə, qəlbim göynəyir. Söhbət zamanı ana göz yaşlarını saxlaya bilmir.

 

Sonrakı ünvanımız şəhid Alı Həsənlinin ailəsi idi.

Həsənli Alı Nofəl oğlu 1995-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı şəhəri, Nizami rayonundakı 220 saylı məktəb-liseyi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geofizika mühəndisliyi fakültəsinə qəbul olunub. 2016-cı ildə həmin ixtisası bitirib. Alı Həsənli 2016-cı ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçib. 2017-ci il iyul ayında hərbi xidmətini başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2018-ci ilin dekabr ayından SOCAR-ın Təhlükəsizlik idarəsində çalışıb. 2020-ci ilin sntyabrındayenidən Silahlı qüvvələrin sıralarına çağırılıb. Vətən müharibəsinin iştirakçısı olan Alı Həsənli Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda mübarizədə xüsusi rəşadət göstərib. Oktyabrın 21-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinın sərəncamı ilə şəhid Alı Həsənli "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

Ailə ilə sağollaşmaq vaxtı çatır. Şəhidimizin anası məni bağrına basıb, kitabı şəhidimizin güşəsinə yerləşdirir. Qapıya qədər bizi ötürüb, nəmli gözləri ilə arxamızca baxır.

Esmira GÜNƏŞ
"Unutmadıq, şəhidim" layihəsinin rəhbəri

 





01.03.2021    çap et  çap et