525.Az

Milli Kitabxananın direktoru Türkiyə Milli Kitabxanasında olub


 

Milli Kitabxananın direktoru Türkiyə Milli Kitabxanasında olub<b style="color:red"></b>

Mart ayının 1-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Türkiyə Milli Kitabxanasında olub.

525.az xəbər verir ki, o, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar şöbәsinin rəhbəri və Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaşla görüşüb.

Direktor Kərim Tahirov  görüş zamanı iki qardaş ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün kitabxanalar arasındakı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Milli Kitabxanası  arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum yenilənməlidir. Türkiyə Milli Kitabxanasının direktoru Əli bəy təklifə müsbət münasibətini bildirib və memorandumun yaxın zamanlarda yenilənməsini məqsədəuyğun hesab edib.

Danışıqlar əsnasında yaxın zamanlarda Türkiyə Milli Kitabxanasında Azərbaycan  mədəniyyətinə, tarixinə,ədəbiyyatına və incəsənətinə dair Azərbaycan guşəsinin yaradılacağı planlaşdırılıb.

Bu məqsədlə, Azərbaycan Milli Kitabxanasından Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı kitablar Türkiyə Milli Kitabxanasına göndəriləcək.
Daha sonra Kərim Tahirov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə Türkiyə Milli Kitabxanasında saxlanılan Nizami əlyazmalarının elektron versiyalarının Azərbaycan Milli Kitabxanasına verilməsini xahiş edib. Eyni zamanda, Misirdə və Sankt Peterburqda  mühafizə olunan Nizami əlyazmalarının da rəqəmsal surətlərinin alınacağını və çap olunacağını bildirib.

Görüş zamanı professor Kərim Tahirov işğaldan azad olmuş ərazilərimizdə 975 kitabxananın məhv olunduğunu və orada olan 4 600 000 kitabın yandırıldığını vurğulayıb. Direktor işğaldan azad olunmuş ərazilərdəki kitabxanaların kitab fondlarının bərpası üçün kitab toplama kampaniyası başladıldığını bildirib. Türkiyə Milli Kitabxanasının direktoru Əli bəy həmin kitabxanaların fondlarına dəstək üçün Türkiyə Milli Kitabxanasının da kitab göndərəcəyini qeyd edib.     

 

Professor Kərim Tahirov Əli bəyi mart ayının 2-də TÜRKSOY-un iqamətgahında böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə keçiriləcək tədbirə dəvət edib. 

 

Daha sonra Kərim Tahirov “Qarabağ. Əsrlərin salnaməsi” (Azərbaycan və ingilis dilində) kitabını Türkiyə Milli Kitabxanasının direktoru Əli bəyə hədiyyə edib.

 

Görüşün sonunda Kərim Tahirov Türkiyə Milli Kitabxanasının direktoruna öz təşəkkürünü bildirib.

 





01.03.2021    çap et  çap et