525.Az

Cənubi Qafqazda sabitliyin pozulmasında kimlər maraqlıdır? - Şərh


 

Cənubi Qafqazda sabitliyin pozulmasında kimlər maraqlıdır? - <b style="color:red">Şərh</b>

Cənubi Qafqazın üç respublikasından ikisində - Ermənistan və Gürcüstanda sabitliyin tamamilə pozulması ehtimalı artıb. Ermənistanla müqayisdə Gürcüstanda vəziyyət nisbətən stabil görünsə də, ümumilikdə bu iki respublikada baş verənlər bölgədə hansısa siyasi oyunların getdiyini göstərir. Bu prosesin ən çox diqqət çəkən tərəfi baş verən hadisələrdə xarici dövlətlərin maraqlarının açıq görünməsidir.

Ermənistanda ötən ilin noyabrından başlayan etiraz aksiyalarının hakimiyyət dəyişikliyi ilə nəticələnməməsinin bu respublikanı özünün forpostu hesab edən Rusiyada əsəbilik doğurduğu ötən ilin sonlarından aydın müşahidə olunurdu. Baş nazir Nikol Paşinyanın əleyhdarlarına Rusiyanın siyasi və informasiya dəstəyi verdiyi çox açıq görünürdü. Baş nazirin əleyhdarları Rusiyanın Ermənistandakı səfirliyində tez-tez müzakirələr aparır, bu görüşlər haqqında yayılan məlumatlarda Moskvanın Nikol Paşinyan əleyhidarlarına hüsn-rəğıbəti qabardılmağa çalışılırdı. Bir çox politoloqlar prosesin başlanğıcında Rusiyanın mövqeyinin həlledici olacağını proqnozlaşdırırdı. Lakin Rusiyanın açıq siyasi və informasiya dəstəyinə baxmayaraq, müxalifət erməni xalqını hökumətə qarşı mübarizəyə səfərbər edə bilmirdi. Son bir ayda isə Ermənistanda iqtidar-müxalifət münasibətlərində pat vəziyyətinin yarandığı müşahidə edilirdi. Müxalifətin əlavə qüvvə olmadan hökuməti istefaya məcbur edə bilməyəcəyi aydın görünürdü. Belə bir vəziyyətdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 25-də bir-birinin ardınca iki bəyanatla çıxış etdi.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının siyasi proseslərə qoşularaq baş nazirə qarşı cəbhədə yer almasını tətikləyən səbəb isə Nikol Paşinyanın Rusiya hərb sənayesinin effektliyini şübhə altına alan açıqlaması oldu. Rusiyanın rəsmi dairələrində ən çox qıcıq doğuran məsələlərdən biri rus silahının effektliyini şübhə altına almaqdır. Bu da təsadüfi deyil. Silah-sursat və hərbi texnika Rusiyanın ixracatında enerji daşıyıcılığından sonra ikinci yer tutur.  Bunun nəticəsində Rusiya büdcəsi böyük gəlirlər əldə etməklə yanaşı, Moskva siyasi təzyiq üçün əlavə imkanlar da qazanır. "İsgəndər" raketləri isə Rusiya hərbi sənayesinin uğurlarından biri kimi təqdim və təbliğ olunurdu. Bir neçə il öncə Rusiya "İsgəndər" raketlərini Kalininqradda yerləşdirəndə bu Avropada böyük qorxu doğurmuşdu. İndi isə Ermənistanın baş naziri bu raketlərin tamamilə effektsizliyini, bu silahların deyildiyi kimi qorxulu olmadığını təkzibedilməz şəkildə bütün dünyaya bəyan etdi. Nikol Paşinyanın açıqlamasına Rusiyadan verilən əsəbi reaksiyanın Ermənistanda hansısa təsirlər doğuracağı gözlənilən idi. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Nikol Paşinyanın istefasını tələb edən açıqlaması məhz həmin təsirin nəticəsidir. Bunu sübut etmək çox da çətin deyil. Birincisi, Ermənistan ordusunun Rusiyaya bağlılığını sübut edən çoxsaylı dəlillər mövcuddur. İkinci, postsovet məkanında hökumətlərə qarşı dinc etirazları dövlət çevrilişi kimi qiymətləndirən, bu proseslərin arxasında Qərbin dayandığını iddia edən Rusiya rəsmiləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Nikol Paşinyanın istefası tələbini çox sakitliklə qarşıladılar. Baş verənləri Ermənistanın daxili işi adlandıran Rusiya rəsmilərinin "tolerantlığı" təəccüb doğurur və olayların arxasında məhz Rusiyanın dayandığını çox aydın göstərir.

 

Rusiyadan fərqli olaraq beynəlxalq təşkilatların və Avropa dövlətlərinin ordunu siyasi proseslərə müdaxilədən çəkinməyə çağırması Ermənistanda baş verən olaylarda kimin marağının olduğunu göstərən başqa bir dəlildir.  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyanat yayaraq Ermənistandakı çevriliş cəhdini qətiyyətlə pisləyib. Bu məqam da Ermənistanda baş verən proseslərin arxasında Rusiyanın dayandığını sübut edən dəlillərdən biridir.

Ermənistanla yanaşı, Gürcüstanda da siyasi vəziyyətin gərginləşməsinin arxasında Rusiyanın dayandığını söyləmək olar. Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasının qızğın tərəfdarı və antirusiya mövqeyi ilə seçilən əsas müxalifət partiyası "Vahid Milli Hərəkat"ın lideri Nikanor Meliyanın həbsi bütün Qərb ölkələrində narahatlıq və narazılıq doğurub. ABŞ Dövlət Departamenti başda olmaqla bütün Qərb ölkələrinin xarici siyasət idarələri müxalifət liderinin həbsini pisləyiblər. Eyni zamanda, bu addım Gürcüstanın NATO-ya inteqrasiyadan geri çəkilməsi kimi də dəyərləndirilir.

Meliyanın həbsi Gürcüstanın müxalifət təşkilatları tərəfindən də yekdilliklə pislənib. "Mülki fikir" təşkilatının başçısı, sabiq müdafiə naziri Tinatin Xidaşeli baş nazir İrakli Qaribaşvilini Rusiyanın və Çinin maraqlarını həyata keçirməkdə ittiham edib. Müxalif "Avropa Gürcüstanı" partiyasının liderlərindən biri Georgi Uqulava hakim "Gürcü arzusu" partiyasının qurucusu və qeyri-rəsmi lideri Bidzina İvanişvilini Gürcüstanı Rusiyaya çevirməkdə ittiham edib. "Vahid Milli Hərəkat"ın lideri Nikanor Meliyanın həbsinin Qərbdə narazılıq doğurduğu halda, Rusiyada rəğbətlə qarşılanması da olayın arxasında Moskvanın maraqlarının dayandığını göstərir.

Belə görünür ki, Rusiya ABŞ-la həlledici mübarizə ərəfəsində Cənubi Qafqazı tam nəzarətinə götürməyə çalışır. Moskvada belə qənaət var ki, Qərb Rusiyanı təkləmək üçün postosvet ölkələrini, o cümlədən, Cənubi Qafqaz respublikalarını özünün təsir dairəsinə daxil etməyə çalışır. Belə görünür ki, Rusiya bu prosesin qarşısını almaqda israrlıdır.

Cənubi Qafqazın bu iki respublikasında, xüsusilə də Ermənistanda baş verən proseslərin diqqətlə izlənməsi çox vacibdir. Çünki İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə qisas alınması şüarı ilə İrəvanda hakimiyyətə gələn qüvvə yenidən hərbi təxribatlara əl ata bilər.

Ümumillikdə isə Vaşinqtonla Moskva arasında mübarizə sərtləşdikcə, postsovet məkanında siyasi  proseslər də qızışacaq. Çünki Moskva bu bölgədəki ölkələri öz təsir dairəsində saxlamağa, Vaşinqton isə həmin ölkələri Rusiyanın təsir dairəsindən çıxarmağa çalışacaq. Böyük ehtimalla, bu proses bir neçə həftədən sonra daha aşkar və sərt xarakter alacaq.

 





01.03.2021    çap et  çap et