525.Az

"Ötən bir ildə tam fərqli prosesin getdiyini gördük" - Müsahibə


 

SABİR HACIYEV: "PARTİYALAR SİYASİ DİALOQ PROSESİNİN DAVAM ETMƏSİNDƏ MARAQLIDIR"

"Ötən bir ildə tam fərqli prosesin getdiyini gördük" - <b style="color:red">Müsahibə</b>

"Siyasi dialoq" rubrikasının budəfəki qonağı Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyevdir.

- Sabir müəllim, bir ildən çoxdur ki, ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Bu prosesdə demək olar ki, bütün partiyalar iştirak edir. Azərbaycan Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin  müdiri Ədalət Vəliyev mütəmadi olaraq  siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz dialoq prosesini necə qiymətləndirirsiniz?

- Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin yaradılmasından qısa müddət sonra siyasi partiyalarla sıx təmaslara, dialoq prosesinə start verildi. Şöbənin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya rəhbərləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Bu, əlbəttə ki, çox müsbət bir haldır. Ölkəmizdə bildiyiniz kimi, 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. Hər bir partiyanın öz baxışı, cəmiyyətdə gedən proseslərə öz yanaşması var. Azərbaycan demokratik dövlətdir və müxtəlif baxışlara malik partiyaların fəaliyyət göstərməsi də normal haldır. Bu partiyaların hər biri fərq qoyulmadan dialoqda iştiraka dəvət olunub. Ümumiyyətlə, hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başladılması və prosesin bu gün də davam etməsi müsbət qiymətləndirilməldir. Ölkəmizdə yeni siyasi konfiqurasiyasının formalaşmasında dialoq prinsipi əlbəttə ki, önəmli yer tutur. Bir var ki, partiyalar öz aralarında hansısa dəyirmi masalarda, yaxud sosial şəbəkələrdə fikir söyləyirlər, bir də var  ki, Prezident Administrasiyasının məsul vəzifəli şəxsi ilə görüşdə öz fikirlərini, təkliflərini çatdırır, partiyaların qarşılaşdıqları problemlərlə bağlı məsələ qaldıra bilirlər. Ona görə də bu prosesin davam etməsi ölkəmiz, siyasi partiyalar, cəmiyyətimiz üçün olduqca vacibdir.

- Ötən müddət ərzində dialoq çərçivəsində atılan addımları necə qiymətləndirirsiniz? Sizcə, nəticələri qənaətbəxş hesab etmək olar?

- Təcrübə göstərdi ki, bir il müddətində xeyli irəliləyişə nail olunub. Əgər nəticələrdən danışsaq, bir sıra partiyaların fəaliyyəti üçün müsbət qərarlar qəbul edilib. Bir neçə partiya dövlət qeydiyyatına alınıb, bəzilərinin qərərgah problemləri həllini tapıb. Əlbəttə ki, digər nümunələr də göstərmək mümkündür. Bu prosesdə iştirak edən partiyaların rəhbərləri də indiyədək aparılan fəaliyyətdən razı qalmaları barədə fikirlər səsləndiriblər. Proses davam etdikcə daha çox nəticəyə nail olacağımız şübhəsizdir.

- Ötən il 44 günlük Vətən müharibəsində iqtidar-müxalifət birliyinə şahidlik etdik. Sizin fikrinizcə, əldə edilmiş qələbədən sonra bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Vətən müharibəsində iqtidar və müxalifət partiyaları bir araya gələrək, vahid mövqe sərgilədilər. Bu, cəmiyyətimizdəki birliyi daha da gücləndirdi. Müharibənin gedişində həmrəylik göstərərək bir neçə dəfə birgə bəyanatla çıxış etdilər. Ötən ilin iyul ayında Ermənistanın Tovuzda ölkəmizə qarşı həyata keçirdiyi təxribata qarşı 43 siyasi partiya birgə bəyanat imzaladı və vahid mövqe nümayiş etdirdi. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına qarşı 50 siyasi partiya milli həmrəylik nümayiş etdirərək bəyanat verdi. Vətən müharibəsində cəmiyyətimizin, siyasi qüvvələrin bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşməsinin böyük zəfərimizdə payı oldu. Bu, həm də onu nümayiş etdirdi ki, ümummilli məsələlərdə bütün qüvvələr birləşməyi bacarır. Ona görə bu proses təbii ki, çox müsbət qiymətləndirilir və dəstəklənir. Milli məsələlərdə vahid mövqe göstərmək əlbəttə ki, gücümüzü daha da artırdı. Hər bir partiyanın öz məramnaməsi, proseslərlə bağlı fərqli baxışı ola bilər, lakin ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirmək çox təqdirəlayiq bir haldır. Hesab edirəm ki,  həmişə belə olmalıdır. Bundan sonra da cəmiyyətimizdə həmrəyliyin davam etməsi qələbəmizin möhkəmlənməsində, Qarabağın yenidən dirçəldilməsində, bərpasında mühüm rol oynayacaq.

- Sizin rəhbərlik etdiyiniz partiya bu dialoq çərçivəsində hansı təklifləri irəli sürüb və onlara münasibət necə olub?

- Dialoq prosesində təbii ki, Vətəndaş Birliyi Partiyası da iştirak edir. İndiyədək bir neçə dəfə görüşlərdə iştirak etmişik. Müəyyən təkliflər, fikirlər səsləndirmişik. Onu da qeyd edim ki, bütün təklif və fikirlərə çox diqqətlə yanaşılır. Yuxarıda dediyim kimi, partiyamız birgə bəyanatlara da qoşuldu.

- Partiyaların əksəriyyəti dialoq prosesinin iştirakçısıdır. İki partiya - AXCP və Müsavat istisna təşkil edir. Onların mövqelərini necə dəyərləndirirsiniz?

- Qeyd etiyiniz iki partiyanın bu prosesə qoşulmaması, müraciətləri imzalamaması əlbəttə ki, cəmiyyət tərəfindən mənfi qəbul edildi. Məntiqsiz, düzgün olmayan bir addım idi. Çünki hər bir partiyanın siyasi baxışları fərqli ola bilər. İqtidara müxalifətdə olmaq, cəmiyyətdə gedən proseslərlə bağlı fərqli mövqe nümayiş etdirmək təbiidir, amma milli məsələlərdə, o cümlədən, Qarabağ məsələsində hər bir vətəndaş, istər siyasi partiyanın üzvü olsun, istər bitərəf, istər müxalifətçi olsun, vahid mövqedən çıxış etməlidir.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına  necə təsir göstərib?

- Siyasi dialoq, həyata keçirilən islahatlar partiyaların da fəaliyyətinə öz təsirini göstərdi. Bilirsiniz ki, ötən il keçirilən  parlament seçkilərindən sonra müxalifət partiyalarından olan deputatlar Milli Məclisin vitse-spikeri, komitə rəhbərləri, müavinləri vəzifələrinə seçildilər. Bu, çox təqdirəlayiq haldır və ilk dəfə baş verirdi. Eyni zamanda, bu, müxalifət partiyaların ölkəmizin siyasi həyatında, qanunvericilik təşəbbüslərində iştirakçılıq imkanlarının artmasına səbəb oldu.

- Sabir müəllim, dialoq çərçivəsində partiyaların büdcədən maliyyələşməsi məsələsi də bəzi həmkarlarınız tərəfindən təklif olaraq irəli sürülüb. Sizin partiya bildiyim qədər, dövlətdən maliyyə almır. Bəs partiyanın saxlanılması xərcləri necə ödənir?

- Partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi qanunvericilikdə həllini tapıb. 10 ilə yaxındır belə bir qanun qəbul edilib. Yəni "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər olunub. Orda qeyd edilib ki, parlamentdə təmsil olunan partiyalara öz fəaliyyətlərini həyata keçirmək üçün büdcədən maliyyə dəstəyi göstərilsin. Azərbaycanda 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. Onların cəmi 11-i parlamentdə təmsil olunur. Bu o demək deyil ki, digərləri siyasi fəaliyyətlə məşğul olmurlar. Əlbəttə ki, olurlar. Yəni parlamentdə təmsil olunmasalar da, siyasi səhnədə fəaliyyət göstərirlər. Partiyaların saxlanılması yalnız büdcədən maliyyələşmə ilə həllini tapmır. Dövlət tərəfindən parlament partiyalarının maliyyələşməsi dünya təcrübəsindən götürülüb. Dünyada belə praktika var ki, büdcədən siyasi partiyalara maddi yardım ayrılır.

Vətəndaş Birliyi Partiyası Milli Məclisdə təmsil olunandan bəri dövlət büdcəsindən ayrılan vəsaitdən imtina edib. Bu addımı tam qanun çərçivəsində atmışıq.

- Yeri gəlmişkən, bu dialoq dövlət başçısının tapşırığı ilə PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi tərəfindən aparılır. Şöbə artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. Bir ildə görülən işləri necə qiymətləndirmək olar? Xatırlatmaq yerinə düşər ki, daha əvvəl də dialoq adına görüşlər aparılıb və PA-da müvafiq şöbə olub. Bu gün prosesi fərqli edən nədir?

- Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması çox müsbət bir haldır. Bir il müddətində həyata keçirilən müsbət fəaliyyət göz önündədir. Qeyd etdiyim kimi, siyasi partiyalarla mütəmadi görüşlər keçirilir, onların təklifləri dinlənilir, həmin təkliflər həyata keçirilir, mövcud problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Bir il müddətində bir sıra partiyalar dövlət qeydiyyatına alındı, dediyim kimi, ofis problemi həllini tapdı. Pandemiya şəraitində şöbə müdiri Ədalət Vəliyev bütün partiya rəhbərləri ilə birbaşa görüşlər keçirə bilməsə də, videokonfrans formatında belə görüşlər keçirilir. Orda da bütün partiyalar öz fikirlərini, təkliflərini çatdırırlar. Bu barədə Prezidentə məruzə olunur. Dialoq prosesinin davam etməsi müsbət haldır və bu o deməkdir ki, siyasi səhnə aktiv formada fəaliyyət göstərir.

Əvvəl bu  proseslə məşğul olan xüsusi şöbə yox idi. İctimai-siyasi məsələlər şöbəsi bununla  məşğul olurdu, amma o vaxt siyasi partiyalarla aktiv işin aparılması hiss olunmurdu. Lakin bir il müddətində tam fərqli proses gedir, tam fərqli münasibət ortadadır. Siyasi partiyalar da bunu görür və ona görə də prosesin davam etməsində hər kəs maraqlıdır.

PƏRVANƏ

 





01.03.2021    çap et  çap et