525.Az

"Təəssüf ki, bir çoxları kriptovalyutalara lotereya kimi baxırlar" - Müsahibə


 

KRİPTOVALYUTALAR ÜZRƏ EKSPERT QURBANƏLİ ÖMƏR YUSİBOV: "BİZİM ƏSAS MƏQSƏDİMİZ İNSANLARA KRİPTOVALYUTALARIN RAHAT ALINMA YOLLARINI ÖYRƏTMƏKDİR"

"Təəssüf ki, bir çoxları kriptovalyutalara lotereya kimi baxırlar" - <b style="color:red">Müsahibə</b>

2009-cu ildən yaranmasına baxmayaraq, son zamanların, xüsusilə də bu ilin trend mövzusu kriptovalyutalar və blokçeyn texnologiyasıdır.

Mövzu gündəm yaratdığı qədər, həm də mübahisələrə səbəb olur. Kimisi bu sahəyə iş kimi yanaşıb investisiyalar qoyur, kimisi də sadəcə bunun bir oyun olduğunu düşünür. Qısaca desək, bir çox insan blokçeyn texnologiyasının nə olduğunu dəqiq bilmir. Blokçeyn layihələri, kriptopullar üzrə ekspert Qurbanəli Ömər Yusibovla söhbətimiz də elə bu mövzu ətrafındadır.

Qeyd edək ki, Qurbanəli Ömər Yusibov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini Mingəçevirdə alıb, bakalavr və magistr pilləsini Sumqayıt Dövlət Universitetində bitirib. Hazırda ONMA (Online Network Marketing Academy) markası altında fəaliyyət göstərir, "ONMA Line Consulting" MMC-nin və "Azchange.az"ın təsisçisidir.

***

- Bu sahəyə marağınız hardan və necə yarandı?

- Gözümü açıb İnternet görmüşəm. Məktəb vaxtlarından İnternet aşiqi olmuşam. O vaxtlar məktəbimizdə İnternet klub açılmışdı, elə o vaxtdan İnternetə aşiq oldum. Hərbi xidmətdən gəldikdən sonra da İnternetdə öz işimi qurmuşdum. Ondan sonra sahəmlə bağlı olmayan bir çox işdə çalışmışam. Ancaq bilirdim ki, bir gün İnternetdə nəsə tapacağam. Kollecdə müəllim işlədiyim vaxtlarda bir tələbəm onu pulsuz, fərdi hazırlaşdırmağımı istədi. Onu hazırlaşdırmağımın qarşılığında mənə İnternetdə bildiyi bəzi yenilikləri öyrədəcəyini dedi. O vaxt hərbi xidmətdən yeni gəldiyim üçün bir il İnternetdən uzaq olmuşdum və nə yeniliklər olduğunu bilmirdim. Gəlib o yenilikləri görəndə İnternetə bir  daha aşiq oldum. Beləliklə, yavaş-yavaş özümü İnternetdə tapdım və bir gün İnternetdən başqa hər şeydən imtina etdim. Təxminən, 5-6 illik təcrübədən sonra bu sektorda ilk biznesimi qurdum. Uzun illər araşdırma etməyimə baxmayaraq, biznes təcrübəm olmadığı üçün təbii olaraq ilk biznesim iflasa uğradı. O gün qərar verdim ki, təcrübə üçün hansısa böyük proyektlərin bir parçası olmalı, qlobal şirkətlərlə əməkdaşlıq etməliyəm. Yavaş-yavaş axtarışa çıxdım və 2015-ci ilin fevral ayından etibarən xarici şirkətlərlə əməkdaşlıq edirəm. Həmin gündən bəri başqa heç bir işlə məşğul olmuram. Hətta bitkoinin düşdüyü vaxtlarda özünə mütəxəssis deyən bir çox şəxs bu sahədən getdi, amma mən qaldım. Çünki mən bu sahəyə bir neçə ildən ötrü gəlməmişəm. Məqsədlərim var.

- Blokçeyn, kriptovalyuta sahəsinə başlamaq istəyənlər hansı risklərlə qarşılaşa bilərlər, ya da nələri gözə almalıdırlar?

 

- Əvvəla, bu sahəyə bir aydınlıq gətirək. Çünki İnternet sahəsi həddən artıq böyükdür. Söhbət işin investisiya tərəfindən gedirsə, mən daha çox kriptovalyuta üzərindən investisiyalara fokuslanmışam. Bu sahəni istiqamət olaraq üç hissəyə bölürəm: kriptovalyuta birjalarında ticarət, blokçeyn startapları və referral marketinq. Hər üçü inanılmaz fürsətlər yaradır. Əvvəla, bitkoinin necə yarandığını bilmək lazımdır. Bitkoin 2008-ci il dünya iqtisadi böhranından sonra yaranmış ilk kriptovalyutadır. Fikir verin, 1988-ci ildə bir jurnalda anonsu verilir, ancaq 2008-ci ildə yaradılır. Çünki bitkoinin yaradılması üçün tarixi mühit məhz həmin vaxt idi. Şirkətlər böyük zərər içərisində idi. Və bu zaman bitkoin, adından da göründüyü kimi, az, məhdud bir valyuta yarandı. Bu valyutanın fəlsəfəsi onun dollar qədər az, limitsiz olmamasıdır. Bitkoinin az olması gələcəkdə böyük dəyərə sahib olacağını göstərir. Bunu qızıl kimi düşünün. Qızılın qiyməti günü-gündən artır, çünki məhduddur. Bitkoin də bir növ İnternetin qızılıdır. Ancaq başqa kriptovalyutaları bitkoinlə müqayisə etmək olmaz. Çünki digər kriptovalyutalar başqa məqsədlər üçün istifadə olunur. Bayaq da dediyim kimi, bitkoinin yaranma səbəbi İnternetin qızılı və dolları kimi olmasıdır. Bu gün birjalarda olan bütün mübadilələr əsasən bitkoin üzərində aparılır. Digər kriptovalyutaların yaranma səbəbləri isə blokçeyn startaplarıdır. Risklərə gəldikdə isə işin fəlsəfəsini başa düşəndə riskləri də asanlıqla bilmək olar. Təbii ki, kor-koranə şəkildə bu sahəyə qumar kimi yanaşanlar bir gün uğursuzluğa düçar olacaqlar. Yəni problem yanaşmadadır. Əlavə olaraq, texniki təhlükəsizliyə cavab verməyən saytların xidmətlərindən istifadə edirsə, pulu oğurlana, ya da sayt bağlana bilər. Bu, hansısa bankın bağlanmağına bənzəyir. Fərq ondadır ki, bank bağlananda gedib hara etiraz edəcəyinizi bilirsiniz, burda isə şikayət edəcəyiniz bir yer yoxdur. Belə halları yaranmaması üçün mütləq həmin saytlar haqqında araşdırma edilməlidir. Ya da bu sahəyə riskə ata biləcəkləri məbləğlə başlamalıdırlar. Onu da deyim ki, az pul riskdir. Çox pul isə bir yerdə olanda riskdir. Əgər bir insanın çox pulu varsa, mütləq onu bir neçə yerə parçalamalı, fərqli yerlərə investisiya etməlidirlər.

- Bu işlə qanunsuz məşğul olanlara qarşı hansı cəzalar tədbiq olunmalıdır?

- Öncəliklə, qanunsuz məsələsinə aydınlıq gətirək. Bu sahə yeni sahədir. Yeni sahə olduğu üçün şərt deyil ki, haqqında qanun olsun. Əgər qanun bir şeyi qadağan etmirsə, insanlara ziyanı yoxdursa, deməli, onunla məşğul olmaq olar. Blokçeyn şəffaf şüşə kimidir, içində nə baş verdiyini hər kəs görə bilir, ancaq müdaxilə edə bilmir. Kimlərsə müdaxilə edə bilmədiyinə görə pis əməllər üçün istifadə edirlər. Burada texnologiyanın heç bir günahı yoxdur. Hətta, deyərdim ki, texnologiya həmin insanlara nəzarət etmək üçün çox gözəl şərait yaradır.

- Azərbaycanda kriptovalyutalara tələbat nə qədərdir?

- Azərbaycanda 2017-ci ildə qiymətlər artanda tələbat çoxaldı. Halbuki qiymət aşağı olanda alsaydılar, özlərini sığortalamış olardılar. Əvvəllər maraq az idi, indi isə, demək olar, hər kəs kriptovalyutalar haqqında danışır, maraqlanır. Ancaq təəssüf ki, yanaşma çox yanlışdır. Azərbaycanda çox insan bu sahəyə lotereya kimi baxır. Mən tövsiyə edirəm ki, bu sahədə professional olan hər kəsi dinləyib dərindən araşdırma etdikdən sonra hansı kriptovalyutanı seçəcəklərinə özləri qərar versinlər.

- Bəs Azərbaycanda blokçeyn sahəsinin inkişafı üçün hansı hədəflər əsas götürülür?

- Bizim əsas məqsədimiz insanlarla təcrübələrimizi bölüşmək, onlara bu sahənin fəlsəfəsini izah etmək və kriptovalyutaların rahat alınma yollarını öyrətməkdir. Nəticədə, onlar hansı riskləri almalı olduqlarını bilir, doğru zamanda doğru yerdə olmağı öyrənirlər. Bir sözlə, blokçeyn sahəsinə girmək istəyən insanlara tam olaraq nə ilə məşğul olacaqlarını öyrətmək üçün çalışırıq. Digər məqsədimiz isə Azərbaycan startapı olaraq bütün dünyada adımızı tanıtmaqdır.

- Kriptovalyutalar  üçün vergilər tutulur?

- Əslində, valyuta pul olduğu üçün vergi tutulmamalıdır. Ancaq bir çox ölkələrdə kriptovalyutalar pul olaraq yox, məhsul olaraq tanınır. Ona görə də, məhsula görə vergi tutulur. Azərbaycanda isə buna bir növ İnternet oyunları kimi yanaşılır. Yəni kartlardan pul qoyulanda nəyə istifadə olunmasından asılı olmayaraq, pul tutulur.

Aytac ASLAN

 





01.03.2021    çap et  çap et