525.Az

"Sağlam təhsil - sağlam millət": təhsildə müasir çağırışlara daha bir uğurlu cavab


 

"Sağlam təhsil - sağlam millət": <b style="color:red">təhsildə müasir çağırışlara daha bir uğurlu cavab</b>

Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə 2014-2015 tədris ilindən etibarən "Sağlam təhsil - sağlam millət" layihəsinin tətbiqinə başlanılıb.

Layihənin əsas vəzifələri proqressiv Azərbaycan vətəndaşı yetişdirmək, uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaqdır. Həmçinin, bu texnologiyaları tətbiq etmək, uşaq və yeniyetmələrdə milli-mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfələr verməkdən, eyni zamanda, tədris prosesinin şagirdlərin sağlamlığını zədələməməsinə yönəlik fəaliyyətlərin təşkilindən ibarətdir.

"Sağlam təhsil - sağlam millət" layihəsinin sosial blokunun koordinatoru Nigar Şahhüseynbəyovanın sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən bu layihənin pilot olaraq tətbiqinə 2014-cü ildə Milli Təhsil Texnologiyaları Mərkəzi (MTTM) ilə əməkdaşlıq çərçivəsində başlanılıb. Layihənin əsas vəzifələri proqressiv Azərbaycan vətəndaşı yetişdirmək, uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq və sairdir: "MTTM fəaliyyətini Təhsil Nazirliyi keçirdiyi qrant müsabiqəsi nəticəsində qalib olandan sonra həyata keçirir. Büdcə vəsaiti Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Müsabiqənin nəticəsi elan edildikdən sonra nazirlik ilə Mərkəz arasında qrant müqaviləsi bağlanır və ümumi büdcədən ayrılan vəsaitin müəyyən hissəsi açılır. Mərkəzin layihə ilə bağlı vəzifələri müqavilədə öz əksini tapır. MTTM tərəfindən Fəaliyyət Planı hazırlanır və Təhsil Nazirliyinə təqdim edilir. Aparılan işlər nəticəsində MTTM tərəfindən təsviri və maliyyə hesabatları hazırlanır və hesabatlara təsdiqedici materiallar əlavə edilir. Hesabatlar nazirliyin aidiyyəti olan şöbələrinə göndərilir və hesabat qəbul edildikdən sonra vəsaitin qalan hissəsi ayrılır və MTTM fəaliyyətini davam etdirir. Qrant müqaviləsinin vaxtı bitəndən sonra MTTM tərəfindən həyata keçirdiyi fəaliyyətlə bağlı ümumi təsviri və maliyyə hesabatı hazırlanır".

Koordinator deyir ki, layihə Sumqayıtda 1, Bakıda 38 olmaqla, ümumilikdə 39 məktəbin 169 ibtidai sinfində, 2018-2019 tədris ilindən etibarən layihə məktəbə hazırlıq qruplarında da tətbiq edilir. İndi 29 məktəbdə hazırlıq sinfində tətbiq edilir. Əlavə olaraq 2019-2020 tədris ilində inklüziv sinifləri olan 4 məktəbdə 32 sinifdə, 7 xüsusi təhsil məktəbində 42 sinifdə layihə tətbiq edilməyə başlanılıb.

O bildirib ki, layihənin pedaqoji heyəti tərəfindən bu günə qədər müəllimlərə 22000, tibbi blok tərəfindən 20 000, psixoloji blok tərəfindən 600 saatdan çox xidmət/dəstək verilib: "Uşaqların yeni şəraitə uyğunlaşmasının təmin edilməsi, onlara psixolojı dəstəyin verilməsi məqsədi ilə "sağlam təhsil" sinifləri olan 39 məktəbdə ilboyu davranışda problemləri olan uşaqlarla psixoloji korreksiya işləri aparılıb. Müəllim-şagird, müəllim valideyn münasibətlərinin qurulması və idarə edilməsi baxımından "sağlam təhsil" sinifləri olan 39 məktəblərin psixoloqları ilə birlikdə müəllimləinə əhəmiyyətli bilik və bacarıqlarla təlimatlandırmaq məqsədilə ilboyu zəruri psixoloji dəstək verilib. "Sağlam təhsil" siniflərində şagirdlərin idrak və emosional sahəsinin inkişaf xüsusiyyətlərini müəyyənləşdirmək məqsədi ilə psixodiaqnostik testlər keçirilib. Kiçik məktəblinin diqqətinin keçirilməsi və paylanmasının ölçülməsinə aid "Şifrələmə" və "Pyeron Ruzer", məkan təfəkkürünün tədqiqinə dair "Qrafik imla" metodikalarından istifadə edilib. Emosional əhval-ruhiyyənin öyrənilməsi məqsədi ilə "Mənim ailəm" proyektiv metodikası keçirilib. Bununla yanaşı, metaforik assosiativ kartlardan istifadə edərək, 1-ci siniflərdə oyun formasında psixodiaqnostik və korreksiya işi aparılıb. Ümumilikdə 700 dən çox şagird bu testlərə cəlb olunub".

N.Şahhüseynbəyovanın dediyinə görə, 2019-2020 tədris ilində pandemiya ilə əlaqədar məktəblər bağlandıqdan sonra valideynlərə, müəllimlərə online təlimlər verilib və iki video təlim və üç video tövsiyyə hazırlanıb. 2019-cu ildən etibarən 650 ənənəvi sinif müəlliminə "Sinif gigiyenası" və "İnteqrativ dərsin təşkili" mövzusunda ümumilikdə 170 saat təlim verilib. 2020-ci ilin fevral ayında ADPU-nun SABAH qruplarının tələbələri "Sağlam Təhsil" siniflərində pedaqoji təcrübə keçiblər. İndiyə qədər SABAH qruplarının 98 tələbəsi sözügedən siniflərdə praktikada olublar: "Layihə çərçivəsində 2014-2015 tədris ilindən etibarən seçilmiş siniflərdə fiziki indikatorlar üzrə monitorinqlər Təhsil İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən aparılır. Layihənin tətbiqi zamanı elmi bazanın genişləndirilməsi, kadr hazırlığı, elmi potensialın formalaşdırılması Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əsasında aparılr. Belə ki, Azərbaycan Tibb Universitetinin əməkdaşlarının iştirakı ilə tədqiqatlar, təlimlər, tövsiyə sənədləri hazırlanır. ADPU-nun nəzdində yaradılan "Sağlam təhsil pedaqogika" mərkəzində müxtəlif istiqamətlərdə təlim və seminarlar keçirilir. Bundan əlavə, ADPU ilə "Sinif gigiyenası" fənninin tədris edilməsi və tələbələrlə işin təşkili, "SABAH" qrupları ilə əməkdaşlıq çərçivəsində ADPU-nun İbtidai sinif müəllimliyi üzrə "SABAH" qrup tələbələrinə təlimlərin verilməsi və ST siniflərində praktikası təşkil olunur".

 

Koordinator vurğulayıb ki, "Sağlam təhsil" siniflərində tədrisin gigiyenik normalara müvafiq təşkil edilməsi, "Sağlam tədris" şəraiti sinifdə şagird sayının optimallaşdırılması, hərəki fəallığı təmin etmək üçün işlər aparılır. Bununla yanaşı, "Sağlam təhsil-sağlam millət" layihəsi tətbiq olunmuş məktəblərin müəllimlərinə, tibb heyətinə və valideynlərinə zəruri dəstəyin təmin olunması və maariflənməsi məqsədi ilə Azərbaycan Tibb Universitetinin "Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı" kafedrasının heyəti tərəfindən maarifləndirmə tədbirləri, seminar və təlimlər həyata keçirilir. Hər il onların iştirakı ilə layihə çərçivəsində müqayisəli monitorinqlər təşkil olunur.

Milli Təhsil Texnologiyaları Mərkəzinin metodistləri tərəfindən həm dövlət standartlarının reallaşdırılması, həm də sağlam təhsil texnologiyalarının təlimata uyğun tətbiqi istiqamətində müəllimlərə zəruri metodiki dəstək verilir. Həmçinin, müəyyən edilmiş cədvəl üzrə müəllimlərin metodiki diaqnostikası həyata keçirilir. Prosesə davamlı nəzarət və dəstəyin verilməsi üçün təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə iş aparılır, dərsdən sonrakı vaxtda ev tapşırıqlarının yerinə yetirilməsi və müəllim-valideyn əməkdaşlığının qurulmasına dəstək məqsədi ilə seminarlar və görüşlər keçirilir. Bundan əlavə, məktəbəqədər qrupların təşkili ilə bağlı müəyyən işlər aparılır: "Psixoloji blok tərəfindən təhsilalanların yeni şəraitə uyğunlaşmasının təmin edilməsi, onlara psixoloji dəstəyin verilməsi məqsədi ilə "sağlam təhsil" sinifləri olan məktəblərdə də ilboyu davranışda problemləri olan uşaqlarla psixoloji korreksiya işləri aparılır. Müəllim-şagird, müəllim-valideyn münasibətlərinin qurulması və idarə edilməsi baxımından "sağlam təhsil" sinifləri olan məktəblərin psixoloqları ilə birlikdə müəllimlərinə əhəmiyyətli bilik və bacarıqlarla təlimatlandırmaq məqsədilə ilboyu zəruri psixoloji dəstək verilir, müəllim və şagirdlərə davamlı və keyfiyyətli psixoloji xidmətin göstərilməsini təmin etmək məqsədi ilə müəyyən edilmiş cədvəl üzrə "sağlam təhsil" sinifləri olan məktəblərdə məktəb psixoloqlarının seminar, müşahidə, söhbət vasitəsilə hazırlanması həyata keçirilir. "Sağlam təhsil" siniflərində şagirdlərin idrak və emosional sahəsinin inkişaf xüsusiyyətlərini müəyyənləşdirmək məqsədi ilə psixodiaqnostik testlər aparılır. Sosioloji blok tərəfindən tədris ili ərzində təhsilalanlar üçün qənaətbəxş sosial mühitin yaradılması, onların uğurlu sosiallaşması üçün, sosial bacarıqların inkişafı və şəxsiyyətin düzgün formalaşması məqsədilə müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Bununla yanaşı, blok tərəfindən valideyn-məktəb əməkdaşlığının qurulması üçün müvafiq işlər görülür".

Koordinatorun sözlərinə əsasən, "Sağlam təhsil" layihəsi çərçivəsində bugünədək iyirmi bir adda metodik tövsiyə hazırlanıb. Şagirdlərin sosial bacarıqlarının formalaşdırılması məqsədi ilə yazıçılarla görüş, sağlam qidalanma, idman və sair adlarda tədbirlər təşkil edilib.

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





01.03.2021    çap et  çap et