525.Az

Abbas Zamanov haqqında unudulmaz xatirə - Anım


 

Abbas Zamanov haqqında unudulmaz xatirə - <b style="color:red">Anım </b>

Xalq yazıçısı Elçinin "525-ci qəzet"in 13 fevral tarixli nömrəsində dərc olunmuş "Ədəbiyyat və cəsarət tərcümanı (Abbas Zamanovun amalı, əməli və əsərləri)" adlı geniş məqaləsini çox böyük maraq və həvəslə, necə deyərlər, birnəfəsə oxudum.

O qədər səmimi, təfsilatlı, dərin ehtiram hissi ilə yazılmışdır ki, Abbas müəllimi görməyən, bəlkə də tanımayan oxucu da bu Böyük İnsanı fikrən təsəvvür edə bilər. Açığını deyim ki, çoxdandı, mətbuatda belə zövq aldığım yazı oxumamışdım və paytaxtdan xeyli uzaqdan, bu günlərdə təbiətin həqiqtən ağ örpəyə bürüdüyü Qaxdan Elçin müəllimə qəlbən təşəkkür etdim. Bu yazı məni xəyalən ötən əsrin ortalarına apardı...

1957-ci ildə orta məktəbi bitirib, Musa dayımla Bakıya gəlmişdim. O vaxt raykomda xadimə işləyən, himayəsində yaşadığım Narınc bibimə demişdilər ki, Vaqifi kimə ümid olub Bakıya göndərirsən? Demişdi ki, Allahıma və özünə! İndiki uşaqlardan fərqli olaraq, Bakını ilk dəfə görürdüm. Yadımdadır, iyulun 12-də sənədlərimi Azərbaycan Dövlət Unversitetinə - indiki BDU-ya verdik. Mən 112-ci idim. Ata-anasız, bacı-qardaşsız, əmi-xalasız, atalar demişkən, yeddi yetim olan mən o dövrdə bəzilərinin "raykomluq fakültəsi" dediyi tarix fakültəsinə daxil olmaq istəyirdim. Ertəsi gün dayım Qaxa qayıtdı. Qəbulda dörd fəndən (tarix, ədəbiyyat yazılı, şifahi, xarici dil) imtahan verməli idik. Ancaq abituriyentlərin çoxunun attestatında xarici dildən qiymət olmadığına görə, həmin fəndən imtahanı rus dilindən diktantla əvəz etdilər. Mənim üçün isə fərqi yox idi, çünki bunların hər birindən bizə çox savadlı müəllimlər dərs demişdilər. Alman dilindən isə beş-onuncu siniflərdə hər il imtahan vermişdik. Tarix, ədəbiyyat və rus dilindən qiymətlərim "əla" idi.

Hər gün qaxlı uşaqlardan kimisə görmək istəyi ilə universitetə gəlirdim (bir dəfə hətta yolu da azmışdım).Tanışlar rast gələndə söhbətləşir, olmayanda Sabir bağında bir az oturub, sonra 4 nömrəli tramvayla Zığ tərəfə, vaxtilə Hacı Zeynalabdin Tağıyevin böyük çətinliklə, xərclə ərsəyə gətirdiyi toxuculuq fabrikinin (sonralar daha da genişləndirilən və minlərlə işçisi olan bu müəssisə indi bir növ gözdağına çevrilib) fəhlələri ücün saldığı qəsəbəyə gedirdim.

Tarix fakültəsinin əyani şöbəsinə 25 yerə 400-dən artıq sənəd verilmişdi. İlk imtahan ədəbiyyatdan yazılı idi. Mən sərbəst mövzunu yazmış və "yaxşı" qiymət almışdım. Rus dilindən diktant yazanda cavan, ucaboy, sarışın bir adam yanımda ayaq saxladı, sonra kürəyimə əl vuraraq, barmağı ilə göstərdiyi yerə "vergül" qoy dedi (sonralar bilmişdim ki, o, universitetin komsomol komitəsinin katibi Vəli Məmmədov idi. Təsadüfə bax ki, "Qlavlit"in rəisi işləyəndə, 1964-cü ildə məni işə götürmüşdü. Allah rəhmət eləsin). Diktantdan və sonrakı tarix imtahanından da "yaxşı" aldım.

Sonuncu imtahan ədəbiyyatdan şifahi idi. Növbə mənə çatanda bilet çəkib oturdum. İki sual vardı - cümlə təhlili və Cəlil Məmmədquluzadənin hekayələri. İmtahan götürən müəllimlərin biri ucaboy, digəri bəstəboy idi. Suallardan narahatlığım yox idi və məndən əvvəl cavab verən qıza qulaq asırdım. Cümlə təhlili ilə bağlı nə isə soruşanda cavab verə bilmədi . Onlara baxdığımı görən ucaboy müəllim əli ilə işarə edərək soruşdu ki, sən deyə bilərsənmi? Cavab verdim. Növbə mənə çatanda cümləni təhlil etdim, razı qaldılar. Sonra bəstəboy müəllim dedi ki, Cəlil Məmmədquluzadənin hekayələrindən bir neçəsinin adını çək. Sadaladım: "Danabaş kəndinin əhvalatları", "Qurbanəlibəy", "Poçt qutusu", "Usta Zeynal", "Quzu"... Dedi, sənə bir sual verəcəyəm:

- Xudayar bəy Məhəmmədhəsən əminin eşşəyini niyə satmaq istəyirdi?

- Pul lazım idi.

- Nə üçün lazım idi?

- Qazıya verməyə.

- Qazıya nə üçün vermək istəyirdi?

- Zeynəbi siğə etmək üçün.

Müəllim bir az bərkdən gülərək dedi ki, Səlim müəllim, mən bu oğlana "əla" qiymət verirəm. O da dedi ki, mən də.

Deməli, dörd imtahandan 17 bal toplamışdım. Sevincək ayağa qalxanda bəstəboy müəllim dedi ki, sizin fakültədə çox böyük müsabiqə olacaq. 17 balla müsabiqədən keçməyə də bilərsən. Mənim adım Abbas Zamanovdur, əgər müsabiqədən keçməsən, məni axtarıb tap, sənin humanitar fakültələrdən başqa birinə qəbul olunmağına kömək edərəm.

On yeddi yaşı hələ tamam olmayan yetim bir oğlanın sevincini təsəvvür edə bilərsiniz - sanki səmada pərvazlanırdım. Baxmayaraq ki, hələ heç nə bəlli deyildi.

Müsabiqənin nəticələri elan ediləndə məlum oldu ki, orta məktəbi yenicə bitirənlər üçün keçid balı 17-dir. İş stajı olanlar və hərbi xidmətdən qayıdanlar üçün isə keçid balı 12 idi.

Beləliklə, mən tarix fakültəsinə qəbul olundum və Abbas müəllimi narahat eləməyə ehtiyac qalmadı. 1960-cı ildə onun Akademiyadakı çıxışının əks-sədası tələbələrə də çatmışdı.

Sonralar, 1966-cı ildən mən Xalq şairi Rəsul Rzanın rəhbərlik etdiyi Azərbaycan Sovet Ensiklopediyasının (ASE) Baş redaksiyasında işləyirdim. Abbas müəllim ASE-nin Elmi Redaksiya Şurasının üzvü kimi vaxtaşırı yığıncaqlara gəlirdi. Rəsul müəllimin ona xüsusi hörməti vardı. Ensiklopediyanın 1975-ci ildə çapdan çıxmış ilk cildi kənardan və daxildən olan bədxahların ən yüksək instansiyalara qədər yazdıqları uydurma millətçilik ittihamlarına görə ləğv edildi. ASE-nin rəhbərliyi dəyişəndən sonra Abbas müəllim də Elmi Redaksiya Şurasının üzvlüyündən çıxarıldı. Halbuki o, Baş Redaksiya Heyətinin üzvü olmağa layiq alim idi. Xeyli sonra, 1983-cü ildə 72 yaşında Elmlər Akademiyasının müxbir üzvü seçilməsi də ona qarşı daha bir ədalətsizlik olmuşdu. Çünki o, elm xadimi, təəssübkeş vətəndaş kimi akademiyanın həqiqi üzvü olmağa daha çox layiq idi.

Yuxarıda xatırlatdığım imtahandan təxminən 64 il keçsə də, həmişə yadımdadır və söhbət düşəndə o gündə baş verənləri bəlkə yüz dəfə danışmışam. Özü də dərin minnətdarlıq, çox böyük qürur hissi ilə və bəzən də kövrələrək. Abbas müəllimin ruhu şad olsun! Onun kimi insanların son məkanı Cənnətdir.

Vaqif MUSAYEV
Əməkdar jurnalist

 





01.03.2021    çap et  çap et