525.Az

Ruhiyyə ilə Südabə xanımın söhbətinin davamı - Telman Orucovun yazısı


 

Ruhiyyə ilə Südabə xanımın söhbətinin davamı - <b style="color:red">Telman Orucovun yazısı</b>

Acı taleli qız

(Əvvəli ötən şənbə sayımızda)

Evdə anası nə qədər sorğu-sual etsə də, ona Yusif müəllimlə görüşü barədə heç nə demədi. Bir qədər əvvəl bağda görüşdüklərini bilən vaxt, ağılsızcasına belə bir fikrə düşmüşdü ki, guya bu yaşlı kişi qıza elçi düşmək üçün Ruhiyyə ilə yaxın tanışlığa razılıq vermişdir. Qızı onu qınamırdı da, axı ac adam yuxusunda bol süfrədəki xörəklərə qonaq olduğunu görür. Yadına Yusif müəllimin ona ilk günlərin çətinliklərinə dözmək üçün 100 manat pul verməsi anı düşdü. Ruhiyyə götürmək istəməyəndə, hirslə demişdi ki, deməli, sən yeni həyata başlamaq istəmirsən, yaxud da buna hələ hazır deyilsən.

Bircə onu bilirdi ki, Yusif müəllim onu hərtərəfli öyrənmiş və başa düşmüşdü, halına ürəkdən acıdığını da gizlətməmişdi. O, Ruhiyyənin həyatda keçirdiyi ağır sınaqları kenquru balasının doğuşdan sonra çəkdiyi çətinliklərlə müqayisə etmişdi. Görkəmli ingilis təbiətşünası Cerald Darrelin "Kenquru balası" kitabından misal gətirmişdi. Kibrit qutusu boyda dünyaya gələn bu bala sıx cod tüklərin arası ilə anasının kisəsinə qalxmalıdır ki, orada məməni əmib, yaşaya bilsin. Az müddətdə süd əmməsə, o, ölə bilər. Bu kiçik, zəif körpə, Everestə dırmaşan alpinistlər adi daş cığırla getdiyi halda, yumşaq bədəninə batan tüklərin timsalındakı sıx uca ağacların arası ilə eyni hündürlükdəki zirvəyə qalxmalı olur. O, həyatla ölüm arasında mübarizə aparır ki, sağ qala bilsin. Müəllifin başqa bir kitabında Pataqoniya pinqvinləri barədə müşahidələri də maraqlıdır. Yaşlı pinqvin öz balalarını yedizdirtmək və özü də qidalanmaq üçün yuvalarından dənizə və geriyə, dərədən-təpədən aşmaqla, kolluq ərazini qət etməklə ağır və uzun yol keçməli olur. Onun öz mədəsində yarıhəzm olunmuş balıqla balalarını qidalandırması da ağır imtahan xarakteri daşıyır, qusmağını dimdiyinə gətirir və dimdiyini iki balasının ağzına, döşünün lap dərinliyinə qədər soxur. Bu əməliyyat fasilə ilə iki dəfə təkrar olunur.

Yusif müəllim də Ruhiyyəyə dedi ki, sənin əzabların da kenquru balasının və pinqvinlərin çəkdikləri əziyyətlərə bənzəyir. Ona görə mən bütünlüklə səni qınamaqdan uzağam, ancaq səni yeni yola yönəltmək istəyirəm. Heyif ki, bu, təkcə mənim istəyimdən asılı deyildir, sənin öz qərarından asılıdır. Özünü məhv etmək istəmirsənsə, düz yola qayıtmalısan. Bəlkə də, mənim sözlərim kilsə zənginə bənzəyir, səni cana doydurur. İncisən də, inciməsən də, mən bunu səndən xahiş etmirəm, səndən tələb edirəm.

Ruhiyyə gördü ki, bu adamda şəxsi ləyaqət hissi başqalarına hörmətdən, canı yanmadan ayrılmır. Bu insanlığı özünün əsl hökm mənbəyinə çevirmişdir. Axı insan nə olduğu ilə nə olmalı olduğu arasındakı bir körpüdür. Ruhiyyə indi bunu öz timsalında nümayiş etdirməli idi.

Ruhiyyə ilə Südabə xanımın söhbətinin davamı

Yusif müəllim qızı öz arzularıyla, həm də çiyninə qoyduğu ağır yüklə yola saldı. Çox fikirləşəndən sonra Ruhiyyə belə qərara gəldi ki, ikinci bir çıxış yolu yoxdur. Biabırçı peşəsindən elə bu gündən etibarən uzaqlaşmalıdır. Ona görə də iş axtarmağa başladı, ən ağır işə də özünü hazır bilirdi, ancaq onu da nəzərdən qaçırmırdı ki, zəif bədəni yalnız qısa müddətə elə fiziki əzablara dözə bilər, sonra sağlamlığı da tamam sıradan çıxa bilərdi. Yeganə təsəllisi o idi ki, özünü ləyaqətsiz yaşadığı illərdə zöhrəvi xəstəliklərdən qorumuşdu, daim mühafizəedici vasitələrdən istifadə etmişdi. Təəssüf ki, bu peşənin bəzi sahibləri buna fikir vermədiklərindən ağır fəsadlarla üzləşməli olur, onların daşıyıcılarına çevrilirlər.

Ruhiyyə düşünürdü ki, məsləhət vermək asandır, onu icra etmək isə olduqca çətin məsələdir. Axı bu yazıq qızın peşədən uzaqlaşması heç də otaq qapısını örtmək kimi asan bir şey deyildir. Həm də o, son vaxtlar sutenyorun təzyiqi altında idi. Onun iradəsinin əleyhinə getmək ağır nəticələr verə bilərdi, sutenyor onu döydürüb, eybəcər hala saldıra, hətta öldürtdürə bilərdi. Özü lap müştəri ovuna çıxmağını dayandırsa da, sutenyorun tapşırığına nə cavab verəcəkdi. Qara fikirlər onu ağuşuna almışdı, bataqlığa batanın xilası da asan məsələ deyildir, hərəkət etdikcə bataqlıq adamı daha dərinə çəkir.

Bir gün sonra sutenyor ona zəng vurdu. Cavab verməsə, o, adam göndərib onu evdən zorla çıxartdıra bilərdi. Ona görə də mobil telefonda onun amiranə səsini eşitdikdə qorxuya düşdü. Sutenyor dedi:

- Niyə fəallıq göstərmirsən? Yoxsa vəzifəli məşuqun meydana çıxıb? Unutma ki, taleyin mənim əlimdədir. Güman edirəm ki, xəbərdarlığımı anladın. Bir böyük vəzifə sahibi, çox imkanlı adam səninlə maraqlanıb, mənə müraciət edib. Çox yağlı qazdır, ondan yaxşı pul qoparmaq olar, əhli-kefdir, pulunun hesabını da bilmir, nə rəqər desək, onu da verəcək. Axşam saat 7-də maşın səni həmişəki yerdən götürəcək, onun Mərdəkandakı bağ evinə aparacaq. Özünü yaxşı apar, məbləği özüm onunla razılaşacağam.

Ruhiyyə dili tutula-tutula dedi:

- Sizin göstərişiniz mənim üçün qanundur. Lakin fiziki vəziyyətim hansısa görüşə getməyə imkan vermir. Qadınların ayda bir dəfə keçirdiyi xəstəlikdən əziyyət çəkirəm. Bir neçə gün lazımdır ki, mən sağalım, belə vəziyyətdə özümü də, sizi də biabır edə bilərəm.

Sutenyor Ruhiyyəyə inanmırmış kimi dedi:

- Səninlə işlədiyim uzun müddət ərzində bir dəfə də olsun bu xəstəliyindən danışmamısan. Bəlkə özünü baha satmaq fikrinə düşmüsən? Belə ağılsız fikrə düşməyin sənə baha başa gələ bilər, yəqin ki, bəzi qızların mənim tərəfimdən necə ağır cəzalandırıldığını bilirsən, sən də istisna ola bilməzsən. Ağlını başına yığ, məni əsəbiləşdirmə!

Ruhiyyə ağlamsınaraq dedi:

- Mən buna cürət etmərəm, ancaq xəstəliyimi sizdən gizlətsəm də, müştərini çox narazı sala bilərəm. İstəmirəm ki, sizə qarşı hansısa narazılıq yaransın. Mən daim sizə münasibətdə səmimi olmuşam.

- Başa düşdüm, zəhləmi çox tökmə, iki-üç gündən sonra mənə zəng et ki, artıq qaydasındasan.

Bu sözlərdən sonra o, telefonu söndürdü. Ruhiyyə yenidən qorxuya düşdü, o əclafı yaxşı tanıyırdı, ən alçaq ölçüyə də əl atar, heç nədən çəkinməzdi. Ona görə də başqa çıxış yolu tapa bilməyib, mobil telefonunun nömrəsini dəyişdi. Kirayədə qaldığı mənzilin sahibi olan arvada və anasına da tapşırdı ki, onu soruşan olsa, desinlər ki, böyrəyindəki problemlərə görə atasının doğma kəndinə getmişdir. Ona görə də canfəşanlıqla iş axtarmağa başladı və nəhayət, başqa bir qəsəbədəki restoranda qab yuyan vəzifəsinə qəbul edildi.

Sutenyorla telefon danışığından sonra onda özünə məlum olmayan bir cəsarət, möhkəm iradə meydana gəlmişdi. O, qərara aldı ki, hətta onu öldürsələr də, aclıqdan ölsə də, köhnə peşəsinə bir daha qayıtmayacaqdır. İnanmağa başladı ki, Yusif müəllim həqiqətən də, onun ruhunu satın almışdır.

Lakin sutenyordan qorxu onu tərk etmirdi. Onun həyasızlığına bələd idi, iş yerini tapsa, ora gəlib hay-küy qoparar, biabırçılıq edərdi. Ona görə də, bir həftə sonra ona zəng etdi və bildirdi ki, qardaşım Rusiyadan qayıtmışdır, nə ilə məşğul olduğumu bilsə, məni də, sizi də öldürər. Qətl cinayətinə görə Rusiyada uzun müddət həbsxanada yatmış, azad olandan sonra Bakıya dönmüşdür. Qardaşım olsa da, çox təhlükəli adamdır.

Sutenyor onun dediklərinə qulaq asıb dedi:

- İndi qardaşın səni saxlayacaqmı?  Onun özünü də yedizdirən lazımdır. Məni qardaşınla qorxutma, elələrini mən çox görmüşəm. Onsuz da səndən acığım gəlirdi, rədd olun, qardaşın da, sən də.

Ruhiyyə sutenyorun qorxduğunu hiss etdi və inanmağa başladı ki, bir daha onu narahat etməyəcəkdir.

Südabə xanım onu dinlədikdən sonra filosoflara məxsus olan qaydada dedi:

- Zaman çayı axmaqda davam edir. Sən artıq onun axınından qorxmamalısan. Sən keçmişinlə ölülərin örtülü həyatını yaşayırdın. Səni keçmiş günlərindən zamanın və varlığın kəskin bölünməsi ayırmışdır. Keçmiş ilə səni keçdiyin sınaqların və səni əzən düşüncələrinin okeanı ayırır. Sonra Yusif müəllim haqqında öz rəyini bildirdi:

- Görünür, o, əvvəlcə insanşünaslıqla məşğul olmuşdur, sonra isə insanı şərəfləndirmək kimi çətin bir praktiki sahəyə keçmişdir. Sənə münasibətdə mən məhz ondakı bu dəyişikliyi hiss edirəm. Elə adamları mən insanpərvərlik apostolları adlandıra bilərəm. Onlar başqalarının ağlını və ruhunu pasdan təmizləməyə çalışırlar. Həqiqi alicənab adamın daim kiməsə yazığı gəlir, onun dərdini bölüşdürməyə hazır olur. Dahi insan bir hüceyrəli orqanizmdə onun bütün təbii dəyişikliklərini də görür. O bilir ki, təbiət dəyişkən buluddur. Hər bir insan da təbiətin bir hissəsi olduğundan ona bənzəyir, onun kimi metamorfozalara məruz qalır. Yusif müəllim sərrast ağıl gözü ilə sənin kim olduğunu müəyyən etmişdir, həyatının ağır fazalarından agah olmağı bacarmışdır və ona görə də sənə belə sanballı məsləhət vermişdir. Bəlkə də, heç valideynlərin sənə bu məsləhəti verməzdi, sən özün deyirsən ki, anan ağır həyatın dilemması qarşısında seçdiyin pis yola etiraz etməmişdi. Bu alicənab insan isə səni ağır yuxudan ayıltmışdır. O adam sənin əsl xilaskarındır, vaxt gələcək ki, məni də özünün ikinci xilaskarın adlandıracaqsan, baxmayaraq ki, mən buna iddia etmirəm. Bilirəm ki, xoş günlərində bizim hər ikimizə dua edəcəksən.

Əslində, həyat tərzi də bir formadır, forma kimi isə tez dəyişilən heç nə yoxdur. Onu dəyişməklə özünü xilas edəcəksən. İkinci dəfə səhvə yol versən, bu, öz başına güllə vurmaq təsiri bağışlayacaqdır. Sən yeni həyata başlamağa və onu ağıllı qaydada davam etdirməyə hazır olmalısan. Sənə xoşbəxtlik müjdəsi verildikdə, bəxş edildikdə ondan imtina etməməlisən. Qədimdə istifadə olunan taxta çarx suyu aşağıdan yuxarı arxa qaldıran kimi, yeni yol barədəki xoş təklif həyata keçiriləndə, sən hansı yüksək səthə qalxdığına da təəccüb edəcəksən. Yalnız cəsarətli olmaq lazımdır, keçmişin kabusundan qorxmamalısan, özünü yeni yola tam qaydada hazırlamalısan.

Sonra o, qızı qucaqlayıb öpdü və dedi ki, çox istərdim ki, bir də səni ağlayan görməyim. Mənim övladım yoxdur, nədənsə səni öz qızım hesab etməyə başlamışam, mənim zənnimi korlamamalısan. Çox yaxşı haldır ki, sən yeni yola qədəm qoymusan, keçmişinlə birdəfəlik üzülüşmüsən.

Ruhiyyə Südabə xanıma bir kiçik restoranda qabyuyan işi tapdığını və maaşla çətinliklə də olsa dolandığını danışdı. Əlavə etdi ki, kirayə mənzili onlara baha başa gəlirdi. Həm də elə bil ki, otağın divarları da onun biabırçı həyatının şahidləri olmaqla, onu ittiham etməyə hazırlaşan kimi görünürdü. Mənzil sahibi də üç nəfərin xeyli artıq elektrik enerjisi, qaz, su işlətdiyinə görə kirayə haqqının artırılmasını tələb edir, bu, baş tutmasa yazıq ailəni küçəyə atmaqla hədələyirmiş. Bu vaxt xoşbəxtlikdən, Ruhiyyəyə surroqat ana olmaq barədə gözləmədiyi bir təklif ortaya çıxdı, həmin ər-arvadın ona vəd etdikləri məbləğ üç otaqlı, birmərtəbəli binadakı  mənzilin ilkin ödəniş haqqını verməyə kifayət edirdi, beş il ərzində isə nisbətən xırda məbləğdə mənzilin haqqının qalan hissəsini onlar ödəməli idilər. Qız ikiqat riskə getməli olsa da, mənzili almağı qərara aldı və hamiləliyinin başlanğıcında onlar yeni mənzilə köçdülər. Hamiləlik isə pulu verən ailə başçısının bioloji materialını onun uşaqlığına köçürmək vasitəsi ilə meydana gəlmişdi. Uzun müddətdən sonra ilk dəfə idi ki, onların öz evləri olurdu, kirayə verən qadının sərt asılılığından da azad olmuşdular. Ruhiyyə bildirdi ki, indi hamiləliyimin beşinci ayındayam, sonrakı ayların və doğuşun necə keçəcəyi onu qorxudur, çünki bətninin icarə pulunu da artıq mənzil almağa xərcləmişdir. Əgər sağlam uşaq doğub, onlara təhvil verməsə, bu qız onu bütünlüklə məhv edəcək ağır zərbə alacaqdı. Ancaq o, yaxşı perspektiv barədə də fikirləşirdi, deyirlər ki, o, adama kömək edir. Onsuz da Ruhiyyə doğulandan uşağa, yeniyetməyə uyğun olmayan problemlərlə, böhranlarla üzləşmişdi. Ona görə də gələcəyə, qarşıdakı sınaqlara cəsarətlə baxırdı.

Südabə xanım dedi ki, sən ehtiyatlı hərəkət etməlisən, çünki zəif bədənə maliksən. Kleopatranın dediyi kimi, oğlan uşağı doğmaq üçün iri budlar tələb olunur, onlardan isə sən məhrumsan. Ona görə də doğuş da çətin keçə bilər.

(Ardı var)

 





01.03.2021    çap et  çap et