525.Az

Postmodernizm fenomeninin mükəmməl Şərq nümunəsi - Yazı


 

Postmodernizm fenomeninin mükəmməl Şərq nümunəsi - <b style="color:red">Yazı</b>

Yaponiyanın dünyanın iqtisadi və siyasi sistemində bugünkü yerini alması İkinci Dünya müharibəsindən sonraya təsadüf edir.

Bu ölkənin gec (late) kapitalizmlə assosiasiyası postmodernizm dövrünün vizit kartı olmaqla, Yaponiyanı postmodern xüsusiyyətlərin müəyyənləşdirilməsi üçün ideal məkana çevirib. Q.Quliyev haqlı olaraq qeyd edir ki, "Postmodernizmin həm nəzəriyyə, həm də praktika kimi meydana gəlməsi keçən əsrin 60-cı illəri ilə əlaqələndirilsə də, onun köklərini bilavasitə bir-iki onillik əvvəldə, İkinci Dünya müharibəsindən sonrakı dövrdə axtarmaq lazımdır. Postmodernizm müharibədən sonrakı dağıntıların bərpa olunması, insanların nəhayət rahat şəkildə nəfəslərini dərib adlarına layiq şəkildə yaşamaq istəyi ilə yaşadıqları zaman kəsiyində meydana gəlmişdir". Postmodernist mədəniyyət qloballaşma nəticəsində sərhədləri yox olmuş dünyanın həyat tərzidir. II Dünya müharibəsindən sonra Yaponiyada imperiya sistemi ənənəvi gücünü itirərək dövlətin simvolu halına gəlmiş, ölkə siyasəti xalqa suverenlik verən və beynəlxalq problemləri həll etmək üçün güc tətbiq etməkdən imtina edən qanunlarla demokratikləşdirilmişdi. Yeni Konstitusiyanın tərtib edilməsi və müharibədən sonrakı demokratiyanın qurulması Yaponiya üçün böyük bir tarixi dönüş yaratdı. Yaponiya imperatoru yalnız rəsmi dövlət başçısı deyil, eyni zamanda, yapon mifologiyasına ortodoks baxışı olan böyük bir ailənin başçısı idi. Bəhs edilən dövrdə söz sahibi olan politoloq M.Maruyamanın fikirləri olduqca diqqətəlayiqdir: "Yaponiyada ailəvi xarakter daşıyan cəmiyyətdə demokratiya ideyasını həyata keçirmək çox çətindir. Yaponiyanın modernləşdirilməsi prosesində mübahisəsiz hakimiyyət və ictimaiyyət arasındakı münasibətlər baxımından müəyyən bir konfiqurasiya mövcuddur. Yaponiyanın idarəetmə sistemi, bir uşağın ailədə atasına itaət etdiyi xüsusi bir ailə sisteminə əsaslanırdı". Bu nöqteyi-nəzərdən yanaşdıqda, hər bir vətəndaşın müstəqilliyinə əsaslanan demokratiyanın yapon cəmiyyətində bərqərar olması mümkün deyildi. Demokratiya üçün zəmin yaratmağa çalışan M.Maruyamanın siyasi düşüncəsinin əsasında "şyutaysey" (müstəqillik) anlayışı dayanırdı. Maruyamaya görə, müstəqil düşüncəli insanlar Yaponiyaya əsl demokratiya gətirə bilərdi. Tədqiqatlarında Maruyama, demokratik bir sistemdə müstəqil bir şəxs üçün yeni bir subyektivlik modeli axtarırdı.

1960-cı illərin sonlarına doğru Yaponiyada bütün ölkə boyu yerləşən universitetlərdə tələbə hərəkatları başladı. Ali məktəblərin dörd bir yanına barrikadalar quran tələbələr idarəçilik sisteminin dəyişməyini istəyirdilər. "Bu gənc insanlar həm yalnız mənfəət güdən daxili siyasəti, həm də Amerikanı dəstəkləyən xarici siyasəti şiddətlə qınayırdılar. Bu vəziyyət ictimai sistemin təməlində bir yara kimi duran  qeyri-stabilliyi coşdurmuşdu". Yaponiyada mövcud şəxsiyyətin kollektiv kimi qəbul edildiyi ənənəvi tendensiya ölkənin müasirləşməsindən asılı olaraq Qərb təsəvvürlərinə nüfuz etmişdir. Bu isə yaponlar üçün şəxsiyyət anlayışının izahında problemlər yaratmışdı. Kavakaminin qeyd etdiyi kimi, sözügedən məsələni postmodern nəsil də bölüşməkdə idi. Cəmiyyətin ənənəvi quruluşuna qarşı mübarizə aparan tələbələr imperatorun hegemon ideoloji strukturunun və ya imperialist sisteminin üsyan edilə biləcək metanarrativləri olmadığından, H.Murakaminin əsərlərindəki qəhrəmanlar kimi, təsəvvürlər dalğasına, hətta öz təsvirlərinə qarşı mübarizə aparırdılar: "1960-cı illərdə daş atmaq mümkün idi, çünki müəyyən edilmiş hədəf polis, imperator və ya dövlətin götürülməsindən asılı olmayaraq, özlüyündə qeydə alınmış digər ideoloji vahidi təcəssüm etdirirdi. Bu vəziyyət, öz növbəsində, konkret insanın istəyindən asılı olmayaraq, sosial əlaqələr qurmağa imkan verirdi. Murakami təsdiq edir ki, cəmiyyətlə şəxsiyyət arasında bu növ "sadə" münasibətlər uzunmüddətli olmur. Bunun əvəzinə onun əsərləri güc strukturlarının dağılması və ideoloji parçalanmadan irəli gələn və dağınıqlıq nəticəsində yaranan yeni zülm növü yaradır". Lakin hərbi qüvvələrin köməyi ilə cəmiyyətin ənənəvi quruluşuna qarşı mübarizə aparan tələbə qiyamları məğlubiyyətə uğradılmışdır. Bu hadisələr zamanı ən yadda qalan üsyanlardan biri yazıçı Yukio Mişima (1925-1970) tərəfindən çevrilişə cəhd etmək olmuşdur. Dostları ilə birlikdə Özünümüdafiə Qüvvələri qərargahına daxil olan Mişima əsgərləri üsyana qaldırmaq və höküməti devirmək istəyirdi. Lakin istəyinə nail ola bilmir, hadisələrin canlı şəkildə televiziyada yayımlandığı vaxtda intihar edəcəyini söyləyir və komandirin otağına dönərək harakiri formasında intihar edir.

Y.Mişima real həyatında olduğu şəkildə, bədii yaradıcılığında da qatı milliyyətçi kimi yapon milli dəyərlərinin itirilməsinə qarşı üsyan edirdi. 1968-ci ildə Nobel mükafatına namizəd olaraq göstərilən yazıçı əsərlərində müasir ədəbi üsullarla yapon ənənəvi elementlərini birləşdirmiş, intim və ölüm mövzusuna geniş yer vermişdir. 1960-cı ildə qələmə aldığı "Patriotizm" adlı hekayəsində yazıçının milli düşüncələrinin ciddi şəkildə formalaşdığı meydana çıxırdı. Mişima yapon milli dəyərlərinin itirilməsinə, istehlakçılığa, amerikanizmə və Yaponiyanın getdikcə müasirləşən mədəniyyətinə, qlobalizmin qüvvələrinə qarşı üsyan edirdi. Mişima Yaponiyadakı iqtisadi rifahın yüksəlməsini yapon gəncləri üçün, getdikcə artan qloballaşmanı isə bütövlükdə yapon xalqı üçün təhlükəli hesab edirdi. BBC-yə verdiyi müsahibəsində qloballaşma əleyhinə samuray mədəniyyətini müdafiə edərək deyirdi: "Bizim qədim samuray mədəniyyətimiz var. Onlar ancaq şərəfləri üçün yaşayıblar və pul kimi dəyərlərə hər zaman yuxarıdan aşağı baxıblar. Mən samuray ruhuyla yaşamaq istəyirəm. Harakirinin özünü yaşatmaq istəmirəm ancaq harakirinin yüksək üfüqləri ilə gənc nəsilə stimul vermək istəyirəm. Bu stimulla mən şərəf duyğusunu, böyük məsuliyyət duyğusunu və şərəflə ölmək kimi ənənələri yaşatmaq istəyirəm. Mənim hədəfim budur".

 

Derridanın izah etdiyi dekonstruksiya üsulunda  olduğu kimi, mərkəz daim yerini dəyişməkdədir və bu səbəbdən postmodernizmin necə təşəkkül tapması, nəyi ehtiva etməsinin anlaşılması mümkünsüz şəkildə görünməkdədir. Bu prizmadan yanaşdıqda postmodernizmin Qərbin məhsulu olması haqqında ənənəvi təsəvvürlər şübhə altına düşür, çünki Şərq dünyası - Yaponiya da postmodernizmin eyni şərtlərini həyata keçirmişdir. Yaponiyada XX əsrə qədər baş vermiş dəyişikliklər Qərbin inkişafıyla səsləşməklə yanaşı, bu inkişafa töhfələr də vermişdir. Yüksək səviyyədə reallaşan investisiya qoyuluşu və nəticədə əldə edilən iqtisadi artım tempi, yeni texnologiyaları əldə etmə cəhdləri, xarici ticarətdə qazanılan müvəffəqiyyətlərlə yanaşı, qlobal və regional inteqrasiyada atdıqları real addımlar bu ölkənin inkişaf etməkdə olan ölkələrə model olabiləcəyi fikrini gündəmə gətirmişdir.

Postmodernizmdən əvvəlki modernist ideyalar həm Yaponiyada, həm də Qərb mədəniyyətində mövcud ola bilərdi, lakin yapon kontekstində kütləvi mədəniyyət formasında həmin düşüncə sistemi Qərbdə baş verən paralel proseslərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Şərq və Qərb dünyasının malik olduğu ümumi postmodernist elementlər modernləşmə nəticəsində açıla bilərdi. Yaponiya müasirlik elementləri, xüsusilə xarici mədəniyyətlərin axını, II Dünya müharibəsi nəticəsində yaranmış problemlər, köklü ənənələrinin şübhə altına alınması kimi məsələlərlə qarşılaşmaq məcburiyyətində qalmışdır.

Postmodern mədəniyyət yerli dəyərlərin və həyat tərzinin digər xalqların həyat tərzlərinə uyğun olduğu və bir-birlərini istisna etmədən yan-yana dayandıqları bir mühitdir. Sürət, dəyişiklik və moda postmodern mədəniyyəti müəyyən edən əsas anlayışlardandır. Yapon mədəniyyətinin tərkibində kapitalizmi əhatə edən cəmiyyətin ənənəvilik və tarixilik prinsipləri ilə qarşılaşdırıldıqda bir sıra ziddiyyətli məqamlar ortaya çıxır ki, bütün bunlar onu postmodernist edir. Bu hibridlik Disneylənd kimi Qərb konstruksiyalarını mənimsəməklə bərabər ənənəvi üsullarını çiçəkləndirmələrində görünür. Bir çox müasir texnologiyaların beşiyi olan Yaponiya fərqli mədəniyyətləri əhatə edən böyük müxtəlifliyin təcəssümüdür. Bodriyarın qeyd etdiyi kimi, Disneylənd özlüyündə postmodern dövrün təcəssümüdür: Baudrillarda görə, Disneylənddəki ABŞ-la əlaqəli modellər ABŞ-ın getdikcə Disneyləndə daha çox bənzəməsi üçün sosial dünyadakı hazırlıqlarından daha gerçəkdir. Hipergerçəklik modellərin gerçəkləri əvəz etdiyi bir vəziyyətdir.

Göründüyü kimi, müharibədən sonrakı Yaponiyada postmodern vəziyyət "texnologiya və mədəniyyət", "tarixilik və ümumbəşərilik", "digəri və özü" arasındakı dərin qarşıdurmanın açılmasını ehtiva etməkdədir. Mədəniyyətin, tarixin və özün bilindiyi ehtimalları gərgin və polemik müzakirələrə səbəb olmuşdur. Bu müzakirələr arenasında Y.Mişimanın mədəniyyət müdafiəsində olduğu şəkildə mədəniyyət radikal fərdi öhdəlik kimi qorunurdu.

Gülnar YUNUSOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsi

 





01.03.2021    çap et  çap et