525.Az

Sovet dövründə Dağlıq Qarabağ - VI hissə


 

Sovet dövründə Dağlıq Qarabağ - <b style="color:red">VI hissə</b>

Mənim Qarabağım və ya Qarabağ düyünü

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

***

"Erməni məsələsi"nin uzantısı - terror

"Erməni məsələsi"nin faciəvi uzantılarından biri tarixçilər və siyasətçilər tərəfindən erməni terrorizmi adlandırılan hadisədir.

Erməni terrorizminin birinci mərhələsi ermənilərin özünə qarşı yönəlmişdi. "Xalq işi"nə, silahlı dəstələr yaradılmasına yardım və yəqin ki, təşkilatçılar və terrorçuların "cib xərcliyini" təmin etmək üçün az-çox imkanlı ermənilərdən pul ödənməsi tələb edilirdi. Tələbi ödəməyənin cəza almaq, öldürülmək riski böyük idi. Bir sıra hallarda varlı ermənilərin gəlirlərinin nəzarətə götürülməsinə cəhd edilirdi. Armenakan, Daşnak və Hnçak partiyaları millətçilik və terror ideyalarının simbiozu  üzərində qurulmuşdu. Qətl olunanlar arasında düşmənlərə (Osmanlı rəsmiləri və s.) yaxşı münasibət bəsləyənlər və ya düşməndən rəsmi vəzifə alanlar da vardı (məsələn, Van şəhəri bələdiyyə başqanı seçilən Bedros Kapamacıyan, 1912). 1902-ci ilin yayında Şuşada milyoner İsaq Camharyanı hədələməklə ondan 30 min rubl (rublğ) tələb olundu. O isə polisə xəbər verdi və daşnakların nümayəndəsi həbs edildi. Camharyan bir neçə ay sonra Moskvada erməni kilsəsinin önündə günün günorta çağı xəncərlə öldürüldü; Daşnak böyüklərindən M.Varandian Daşnaksütyunun tarixinə həsr olunmuş kitabında bu əhvalatı danışır və "bu xain günahına görə payını aldı" deyir. K.S.Papazian trməni terrorizminin erməni qurbanlarının tam olmayan siyahısını təqdim edir; geniş coğrafiyadan olan qurbanlar arasında varlı insanlar, jurnalistlər, partiyanın xəttinə qarşı çıxanlar, keşişlər və katalikoslara rast gəlinir. Təkcə üç il (1904-1906) ərzində Daşnak və Hınçak partiyaları böyük əksəriyyəti ermənilər olan 105 adamı qətlə yetirmişdilər.

Erməni terrorunun birinci mərhələsi, "erməni xainlər"in qətli bitməyib, davam edir; terrorizmə qarşı çıxanlara, erməni-türk münasibətlərini sağlamlaşdırmağa çalışanlara qarşı hədə-qorxular qətlə qədər gedə bilir. Bununla yanaşı, erməni terroru baş hədəfinə, düşmənə, türkə və digər xalqlara doğru yönəlməyə başladı. Erməni terrorunun təkamülünü, ikinci mərhələsini Varandian xüsusi qeyd edir: "Daşnaksütyun terroru əvvəlcə əsasən qorxaq ermənilərə qarşı yönəlsə də, tədricən düşmənə qarşı çevrildi və onun yüzlərlə qurbanını, türk, kürd, rus, böyük və ya kiçik zülmkarları... və başqalarını görürük". Daşnakları kəskin tənqid edənlərin, antitürk erməni terrorizmini qınayan erməni və qeyri-ermənilərin, erməni soyqırımını tanımayanların erməni terrorizminin hədəfinə düşmək təhlükəsi vardı.

Daşnaksütyun Yerevan şəhərində keçirilən 9-cu Baş Konqresində (Oktyabr, 1919) "erməni qırğını"na məsul sayılan Osmanlı və Azərbaycan rəsmi şəxslərini qətlə yetirmək, "ədalət cəzası"nı həyata keçirmək qərara alındı. Qərara ciddi surətdə etiraz edənlər olsa da, qisasçılıq ruhu qalib gəldi. 200 ətrafında şəxsin adı "Qara siyahı"ya daxil edildi. Qətllərin təşkili "Nemesis" əməliyyatı adı aldı (Nemesis yunan mifologiyasında qisas ilahəsidir). 1920-1922-ci illərdə Tiflis, Berlin, İstanbul və Roma şəhərlərində 78 qətl həyata keçirildi, Azərbaycan Demokratik Respublikasının (ADR) baş naziri olmuş Fətəli Xan Xoyski, ADR parlament sədrinin müavini Həsən bəy Ağayev, ADR Daxili İşlər naziri olmuş Behbud xan Cavanşir, Osmanlı Daxili İşlər naziri olmuş Tələt Paşa və dörd digər Osmanlı hərbi-siyasi xadimləri daşnaklar tərəfindən öldürüldü. Tələt Paşanın qatilinə Berlin məhkəməsi bəraət verdi.

***     

Erməni terrorunun üçüncü mərhələsi 1970-ci illərdə yeni erməni terror təşkilatlarının yaranması və onların fəaliyyəti ilə bağlıdır. Erməni Soyqırımı Ədalət Döyüşçüləri, ingiliscə  JCAG (Justice Commandos of the Armenian Genocide) adı ilə tanınmış sağçı terror təşkilatı və Ermənistanın Azadlığı naminə Erməni Gizli Ordusu, ingiliscə ASALA (Armenian Secret Army for the Liberation of Armenia) adı ilə tanınmış solçu qrup ən güclü və amansız erməni terror təşkilatları olduqlarını əməldə sübut etdilər. JCAG 1972-ci ildə Vyana şəhərində Daşnak partiyasının 20-ci qurultayında partiyanın hərbi qanadı kimi yaradıldı və 1985-ci ildə Ermənistan İnqilabi Ordusu (ARA, Armenian Revolutionary Army) adı aldı. ASALA 1975-ci ildə terror yuvası sayılan Beyrutda yaradıldı. "Türk rejimi və bizimlə əməkdaşlıq etməyən ermənilər" düşmən elan edildilər. ASALA "Qərbi Ermənistan"ı azad etmək və onu Sovet Ermənistanı ilə birləşdirmək uğrunda mübarizə apardığını deyirdi. ASALA daxilində də yeni, o cümlədən, rəqib qruplar meydana çıxırdı. "Müstəqil Ermənistan naminə Yeni Ermənistan Müqaviməti" (NAR - New Armenian Resistance for the Independence of Armenia), "Yunan-Erməni-Bolqar Cəbhəsi" (Greek-Armenian-Bulgarian Front) və digər terror təşkilatları da vardı...

Erməni terrorçular dünyanın müxtəlif yerlərində Türkiyə diplomatları və onların ailələrini izləyib öldürmək işinə girişdilər və çox qan axıtdılar (1973-1986). ASALA hətta NATO-nu da düşmənlər siyahısına daxil etdi və kürd terror təşkilatı PKK (Partiya Karkeren Kurdistan, yəni Kürdüstan İşçi Partiyası) ilə əməkdaşlıq etdi. Fələstin döyüşçüləri ilə ASALA-nın əməkdaşlığı isə daha sıx idi, ASALA üçün yaşayış yeri, təlim, qida, ofis sahəsi, çap materialları, silahlar və partlayıcı maddələr təmin edilirdi; ASALA da borclu qalmamağa çalışırdı, Fransada bəzi erməni terrorçularının evi fələstinlilər üçün silah anbarı rolu oynayırdı. Erməni terrorçuları türkləri öldürməklə kifayətlənmirdilər; səfirlik, konsulluq, Türk Hava Yolları və bank ofisləri, türk turizm və ticarət mərkəzləri, həmçinin, türklərlə əməkdaşlıq edən müxtəlif ölkə şirkətlərinin ofisləri silahlı basqınlara və partlayışlara məruz qalırdı. Yüzlərlə ölən və yaralananlar oldu. Erməni terrorizmi təşkilati baxımdan güclü idi, zamanında əməliyyat keçirə bilirdi.  F.P.Hylandın gətirdiyi misal bunu nümayiş etdirir: “Monte Melkonyan Parisdə həbs edilən kimi (11 noyabr 1981) sabahı günü Beyrutda "AirFrance" ofisi və Fransız mədəniyyət mərkəzi bombalandı, Monteni buraxıb yenidən həbs edəndə (14 noyabr 1981) bir həftə ərzində Parisdə, həmçinin, Beyrut və Tehranda Fransa ilə bağlı 6 təşkilat bombalandı. Öldürülən insanların, törədilən cinayətlərin siyahısı məlumdur”. F.P.Hyland erməni terror qurbanlarının 1921-ci ildən başlayan geniş siyahısı, həmçinin, qətlin baş verdiyi ölkə, yer, icraçı qatil və onun istifadə etdiyi silah növü haqqında məlumat verir.

***        

"ASALA ermənilərdən, qeyri-ermənilərdən, bəlli qruplar və dövlətlərdən dəstək aldı. Dəstək bəzən sərbəst, bəzən xəsisliklə, bəzən çox pis, yaramaz şəkildə verilirdi. Dəstək həm maddi, həm də "natura" - silah, partlayıcı maddələr, təlim vasitəsilə göstərilirdi. "Liviya, Suriya və İran da ASALA-ya birbaşa və ya dolayı yollarla pul və ya təchizat yardımı edirdilər". Erməni terrorçular Fransa və Yunanıstan kimi antitürk ruhlu ölkələrdə özlərinə tərəfdar tapırdılar, hərçənd ki, terror əməllərinə görə hökumət onları izləyir, məhkəməyə verir, həbs edirdilər.  Terror liderləri və təbliğatçıları biz terrorçu deyilik, qisasçıyıq, azadlıq uğrunda mübarizə aparırıq deyir və bununla çox zaman rəğbət və dəstək əldə edirdilər. Daşnak hesabatlarına görə müxtəlif ölkələrin erməni cəmiyyətlərində terrora dəstək üçün pul yığımı uğurla gedirdi, təbii ki, bəzən zora da əl atılırdı. Lakin əsas maliyyə qaynağının uyuşdurucu (heroin, həşiş) alveri olduğu deyilir - 90 faiz ətrafında, F.P.Hylanda görə, uyuşdurucu alverinin rolu o qədər böyük deyildi.

Su qabı suda çatlayar. Terrorçular həbs edilir, döyüşdə öldürülür və ya öz həmkarları tərəfindən satqınlıqda günahlandırılır, qətl edilirdilər. SCAG və onun davamı olan ARA rəhbərləri daşnaklar tərəfindən öldürüldülər. ASALA-nın qurucularından biri və lideri, İraq ermənisi, Hakob Hakobyan (1951-1988) ləqəbli terror başçısı və M.Melkonyan rəqib və düşmən halına gəldilər, bir-birinin adamlarını qətlə yetirdilər. H.Hakobyan Afinada öldürüldü. Amerika ermənilərindən olan Monte Melkonyan (1957-1993) ASALA-ya 1980-ci ildə qoşulmuş, tezliklə onun populyar liderlərindən birinə çevrilmişdi. Melkonyan terror fəaliyyətinə görə 1985-1989-cu illərdə Fransada həbsdə yatdı; onun anası "artıq rahat yata bilərəm, - demişdi, - qəribə səslənsə də, azı onun harada olduğunu bilirəm". Melkonyan həbsdə yatarkən həyat tezisini belə ifadə etmişdi: "Hal-hazırda silahlara qələmdən daha çox ehtiyacımız var". O, 1990-cı ilin payızında Ermənistana gəldi və 1991-ci ildən Dağlıq Qarabağda vuruşmağa başladı, 1-ci Qarabağ savaşında Ağdam rayonu ərazisindəki döyüşdə öldürüldü (1993, 12 iyun).

Sovet dövründə Dağlıq Qarabağ

Beynəlxalq aləmdə və ya ölkədə siyasi və sosial vəziyyət ciddi surətdə dəyişəndə üstüörtülü münaqişə və ziddiyyətlər üzə çıxır, əvvəl mümkün olmayanın indi mümkün ola biləcəyinə ümid yaranır. 2-ci Dünya savaşından qalib çıxan SSRİ öz təsir və nüfuz dairəsini genişlətməklə məşğul idi. Uzaq Şərqdə Yaponiyadan az da olsa torpaq qopardı. Şərqi Avropa SSRİ-nin təkidi ilə Sosializmə qovuşmağa başladı. Çində Kommunist ideologiyasının qalib gələcəyi gözlənilirdi. Türkiyə 2-ci Dünya savaşında neytral qaldı, amma Böyük Britaniya ilə yaxın münasibət qurdu. 1945-ci ilin fevral ayında qalib gəlməkdə olan tərəfə keçib Almaniya və Yaponiyaya savaş elan etdi - bu, rəmzi səciyyə daşısa da, SSRİ Türkiyədən torpaq istəmək fikrinə düşdü - Ermənistan və bir az da Gürcüstana birləşdirmək üçün. Bu birləşdirmənin alınmadığını görəndə isə Sovet hərbi bazası yerləşdirmək (Kars, Ardahan, Boğazlarda) istəyini bildirdi. ABŞ Türkiyəni müdafiə etdi, SSRİ-ni məhdudlaşdırmağa yönələn Truman doktrinası qüvvəyə mindi. Türkiyə 1952-ci ildə NATO blokuna üzv oldu.

1945-ci ilin noyabr ayında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KPMK) birinci katibi Q.A.Arutinov Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi xahişi ilə Stalinə məktub ünvanladı (məktubu Stalinə şəxsən verdiyi deyilir). Məktubda, məsələ müsbət həllini tapdığı halda, Şuşanın Dağlıq Qarabağın mərkəzi hesab edilməsi xahiş olunurdu. Məsələ barədə Azərbaycanın fikrini bilmək məqsədilə Azərbaycan KPMK birinci katibi M.C.Bağırova məktub göndərildi; M.C.Bağırovun cavab məktubu  Malenkova ünvanlanmışdı, görünür ki, bu işlə məşğul olmaq ona həvalə edilmişdi.

Bağırov Dağlıq Qarabağın kənd təsərrüfatı, mədəniyyət və kadr siyasəti baxımından Arutinov yazdığı kimi Ermənistanla deyil, Azərbaycanla təbii bağlılığını vurğulayır. Bu məktublaşmadan əvvəl M.C.Bağırov bir toplantıda ermənilərin Azərbaycanda vəziyyətlərinin çox yaxşı olduğunu yada salmışdı: "Mən cəsarətlə bəyan edirəm ki, ermənilərin başqa haradasa buradan daha yaxşı yaşayacaqlarını düşünmürəm... Bizdə elə bir xalq komissarlığı, elə bir iri respublika müəssisəsi yoxdur ki, orda müavin erməni olmasın..."

Bağırov, yəqin ki, "bəlkə ən yuxarıda belə həll etməyə meyillidirlər" fikrini ağlında tutaraq incə diplomatik fənd işlədir, "buna baxmayaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-i tərkibinə daxil edilməsinə etirazımız yoxdur" deyir və eyni zamanda, məsələnin necə təhlükəli olduğunu göstərir.

O, Şuşa rayonunun Ermənistana verilməsi ilə razı olmadığını deyir, orada yaşayanların əksəriyyəti azərbaycanlılardır, üstəlik, Şuşa Azərbaycanın zəngin musiqi mədəniyyətinin beşiyidir, böyük siyasi və mədəni xadimlərinin vətənidir. Və Bağırov hücuma keçir. Dağlıq Qarabağ Ermənistana daxil ediləcəyi halda Ermənistan SSR-in Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana verilməlidir, onlar Azərbaycana bitişikdir və əhalisi əsasən azərbaycanlılardan ibarətdir. "Xahiş edirik ki, gürcü yoldaşların Balakən, Zaqatala və Qax rayonlarını istəməsinə də diqqət yetirəsiniz; oranın əhalisinin 79 mini azərbaycanlı, cəmi 9 mini isə gürcü-inqiloylardır. Bununla yanaşı, Gürcüstan SSR-in Azərbaycana bitişik Borçalı rayonunun əhalisi əsasən azərbaycanlılardan ibarətdir, o, Azərbaycan SSR tərkibinə verilsin. Və nəhayət, Dağıstan SSR-in Azərbaycana bitişik və əhalisi əsasən azərbaycanlılar olan Dərbənd və Qasımkənd rayonları Azərbaycana verilsin; onlar Azərbaycanın bir hissəsi olub, Bakı quberniyasına daxil idi". Bağırovun haqlı və usta cavabı qarşısında müzakirə ediləsi heç nə qalmadı.

Moskvada ermənilərin güclü olması və SSRİ rəhbərliyində bir qədər antitürk ruhunun varlığı müəyyən məsələləri ermənilərin xeyrinə həll etdi. "1945-1948-ci illərdə "Dağlıq Qarabağda Azərbaycan toponimləri kütləvi surətdə erməni toponimləri ilə əvəz edildi". 1946-47-ci illərdə diaspordan Ermənistana köçün başlanması ilə "yerimiz azdır, Azərbaycan türklərini Azərbaycana köçürək, orada boş yer çoxdur" siyasətinə yaşıl işıq yandırıldı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti Ermənistanın azərbaycanlı vətəndaşlarından 100 mininin Azərbaycana, Kür-Araz ovalığına köçürülməsi haqqında qərar verdi. Köçürmə səbəbi olaraq Azərbaycanın pambıq becərən bölgələrində işçi qüvvəsinin çatışmazlığı və xarici ölkələrdən gələn ermənilərin Ermənistana yerləşdirilməsi göstərilmişdi; səbəbin birinci hissəsi təbii və ağlabatan deyil. Arada Türkiyə ilə savaş halında Ermənistanda yaşayan azərbaycanlılara bel bağlamaq olmaz kimi fikir də dolaşırdı. 1948-ci ildə 10 min, 1849-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulmuşdu (guya könüllü olaraq). Köçürmə başlandı, lakin diaspor köçünün dayanması  və vəziyyətin mürəkkəbliyi Ermənistandan Azərbaycana köçürmələri ləngitdi. Xaricdən gələn ermənilərin bir hissəsi peşman oldu, digər tərəfdən Sovet hökuməti xarici ermənilərin gəlməsində şübhəli məqamlar gördü. 1948-1953-cü illər ərzində Ermənistandan Azərbaycana 53 min adamın köçürüldüyü məlumdur; onlardan bir qismi Stalinin ölümündən sonra geri qayıtmışdı. 1946-cı ildən 1975-ci ilə qədər təqribən 150 min erməni SSRİ-yə, əsasən Ermənistana köç etdi. Onlardan 90 mini 1946-48-ci illərdə gəldi.

Dağlıq Qarabağı Ermənistana birləşdirmək çağırışları 1963, 1965, 1967, 1968, 1977 və nəhayət, faciəvi 1987-1988-ci illərdə təkrar olundu.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və 1-ci Qarabağ savaşı

Münaqişələr, xüsusilə milli qarşıdurmalar, adətən, tarixçi və dilçi, yazıçı və şair, jurnalist və  siyasətçi və ya ziyalı, işıqlı, aydın adlandırılan zümrənin araqarışdırıcı yazıları və çıxışları ilə qızışdırılır, aydınlığa kölgə düşür, get-gedə qaranlıq çökür, kor inanclar bərkiyir. Yeni dövrdə Ermənistan-Azərbaycan münaqişəsini qızışdıran ermənilər arasında Zori Balayan xüsusilə seçilir. O, 1981-ci ildə Yerevanda və 1984-cü ildə Moskvada nəşr olunan Ocaq ("Oçak") kitabında Türkiyə və  Azərbaycan türkləri Rusiya və Ermənistanın düşmənidirlər fikrini, Dağlıq Qarabağ və Naxçıvanın tarixən erməni torpağı olduğunu əsaslandırmağa çalışır. Araz çayı sahilində "biz erməni çayı ilə ermənicə söhbət etdik" deyir. Z.Balayanı "şovinist intellektual döyüşçü" adlandıran Thomas de Waalın fikrincə, ziyanlı "Ocaq” kitabının yayılmasına əsla icazə verilməməli idi. 

Sovet dövründə, hər yerdə olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) də insanlar, erməni və Azərbaycan türkləri mehriban qoşuluq şəraitində yaşayırdılar. Qarabağlı azərbaycanlılardan belə eşitmişəm: "Ermənilərlə, sadə insanlarla dostcasına yaşamışıq. Azərbaycanlılar daha internasional görünmək istəyirdilər. Şuşada ikinci katib ermənilərdən təyin olunurdu. Digər yerlərdə isə adətən birinci katib də, ikinci də erməni olurdu. Azərbaycanlı şöbə müdiri və ya daha kiçik vəzifəyə təyin olunurdu; üstəlik, arvadı və ya anası erməni olanlara açıq üstünlük verilirdi".

1985-ci ildə hakimiyyətə gələn Mixail Qorbaçov sosializmin təkmilləşdirilməsi, demokratiyanın gücləndirilməsi, cəmiyyətin yenilənməsi istiqamətində islahat proqramı irəli sürməyə başladı. Get-gedə perestroyka (yenidənqurma) və qlasnost (aşkarlıq, açıqlıq) siyasəti meydana çıxdı. Qərb dünyası ilə münasibətləri yaxşılaşdırmaq ideyası möhkəmləndi. Lakin iqtisadiyyatda ciddi islahat aparılmadı. Çində isə mərkəzi nəzarəti (kommunist partiyasını) saxlamaqla sərbəst iqtisadiyyat proqramı uğurla həyata keçirilməyə başlanıldı. Qorbaçev və onun ətrafındakılar iqtisadiyyatla açıqlığı, demokratiyanı bir-birinə qovuşduran yol tapa bilmədilər. Açıqlıq və iqtisadi zəifləmə qarışıqlığa, xaosa gətirib çıxartdı. 1990-cı ildə Berlin divarları uçuruldu, iki Almaniya birləşdi, Klassik Sosializm tənəzzül etdi. Çin möhkəmləndi, SSRİ dağılmağa gedən yola qədəm qoydu...

***

1985-ci ildə Daşnaksütyun partiyasının 23-cü Dünya Konqresində qəbul olunan "Siyasi Platform" ("Political Platform of the Armenian Revolutionary Federation Ratified by the 23rd World Congress") Ermənistan ərazisinin "Ermənistan Respublikası, Naxçıvan, Dağlıq Qarabağ və Axalkalakdan ibarət olduğunu, əsas düşmənin isə Türkiyə olduğunu" bəyan etdi. Böyük Ermənistan xəyalı milli məfkurəyə döndü, ərazi iddiaları erməni siyasətinin baş hədəfinə çevrildi. Bu Siyasi Platform, faktiki olaraq, "Böyük Ermənistan" uğrunda yeni savaş elanı idi. Dağlıq Qarabağ tezliklə bu savaşın birinci və əsas hədəfinə çevrildi. 

1987-ci ilin payızında DQMV statusu haqqında Moskvaya müraciətlər başlandı - məktublar, imzalar və görüşlər şəklində. Sosial-iqtisadi səbəblər göstərildi. Bəzən Naxçıvanı da istədilər, amma fokusu Dağlıq Qarabağ üzərində cəmləşdirdilər. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan “Paris L`Humanite” qəzetinə müsahibəsində (1987, Noyabr) Dağlıq Qarabağın iqtisadi baxımdan Ermənistana verilməsinin məqbul olduğunu dedi. 1987-ci il oktyabr ayı Yerevanda "Miatsum /unification/vossoedinenie, Dağlıq Qarabağ Ermənistana verilsin, Qarabağ (Artsax) "ana vətən"ə qovuşsun" şüarları altında nümayişlər başlandı. Əlbəttə, əsas səbəb ərazi davası idi; separatist liderlərdən biri, sonralar Ermənistan Respublikası Prezidenti olmuş Robert Koçaryan da münaqişənin təməlində iqtisadi deyil, ərazi məsələsinin durduğunu demişdi.

Dözülməz mühitə dözməyən Ermənistan azərbaycanlıları vətəni tərk edib Azərbaycana gəlməyə başladılar. 1987-1989-cu illərdə çətin, təhlükəli şəraitdə Ermənistandan qaçan azərbaycanlılardan 215 ya 216 adamı ermənilər qətl etmişdilər (Ermənistan bu sayın 25 olduğunu demişdi). Azərbaycanı çox böyük etiraz dalğası, nümayişlər bürüdü. Qarabağ ermənilərini vətəndaşı olduqları Azərbaycana xəyanətdə, satqınlıqda, Ermənistanı isə təcavüzkarlıqda günahlandırdılar. Azərbaycan hökuməti başını itirmişdi, xalqlar dostluğundan danışır, ermənilərin ağıllanmasını, azərbaycanlıların sakitləşməsini istəyirdi. 1988-ci il fevralın 22-də iki azərbaycanlı, ağdamlı gənc Əskəran yaxınlığında qətlə yetirildi. Qan töküldü. Hisslər coşdu. Ermənistandan ilk gələn hirsli qaçqınların yerləşdiyi Sumqayıt şəhərində kriminal ünsürlərin (içində bir erməni olmaqla) də əl qoyduğu 27-28 fevral günlərində qırğın baş verdi, 26 erməni və 6 azərbaycanlı öldürüldü. Hadisələrin təbii məcrasından çıxması, insanlarda qisas hissinin güclənməsi iki ölkə arasında əhali mübadiləsinin aparılmasına səbəb oldu. Məsələlərə millətçi baxışı gücləndi. Erməni millətçiliyi Azərbaycan millətçiliyindən qat-qat güclü və fəal idi. Böyük Ermənistan mifi və erməni soyqırımı erməni millətçiliyini qidalandırmış, dünyaya yaymışdı. Əslində,  Azərbaycan milli hərəkatı daha çox ermənilərə cavab olaraq meydana çıxdı.

20 fevral 1988-ci il DQMV xalq deputatları sovetinin erməni deputatları Azərbaycan, Ermənistan və SSRİ Ali Sovetinə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahişi ilə müraciət etdi. Azərbaycan etirazını bildirdi. SSRİ Ali Soveti də bu xahişi rədd etdi (23 mart, 1988). Xahiş və tələblər çoxaldıqca vəziyyət daha kəskin şəkil alır, ağırlaşırdı. Ermənistan və DQMV erməni hissəsi daha da radikallaşdı, "Azərbaycanın tərkibindən çıxdım", "özümə birləşdirdim" kimi birtərəfli qərarlar meydana çıxdı. SSRİ Ali Soveti sərhədlərin dəyişdirilməsini mümkün hesab etmədi (18 iyul, 1988).

Qeyd. 1977-ci il SSRİ Konstitusiyasının 78-ci maddəsinə görə "İttifaq respublikasının ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz".

M.Qorbaçev məsələyə təxminə belə münasibət bildirdi: Dağlıq Qarabağın istədiyini etsək, bəs Gürcüstandakı azərbaycanlıları, Gürcüstandakı erməniləri, Azərbaycandakı erməniləri, Özbəkistandakı tacikləri, Tacikistandakı özbəkləri necə edək? Əhalinin bir qismi üçün konstitusiyanı dəyişdirmək, onlar üçün xüsusi dövlət statusu inşa edib bənzər vəziyyətdə olan xalqları düşünməmək mümkündürmü?! Əsrin əvvəllərində Yerevanda nə qədər azərbaycanlı yaşayırdı? 43 faiz! İndi nə edək?.."

Dağlıq Qarabağda ermənilərin artım sürəti Azərbaycan türklərinə nisbətdə zəifləyirdi. Separatçılar bunu böyük təhlükə sayırdılar. 1979-cu il siyahıya alma nəticələrinə görə Dağlıq Qarabağda 123 min erməni, 37 min türk yaşayırdı; 40-50 il əvvəlki dövrlə müqayisədə dəyişmə azərbaycanlıların xeyrinə olmuşdu. Lakin azərbaycanlıların təbii artımı ermənilərdən (və gürcülərdən) daha sürətli olmaqla yanaşı, ermənilərin azərbaycanlılardan qat-qat daha tez və rahat yer dəyişdirməsi, iqtisadi baxımdan daha əlverişli olan yerlərə getməsi də qeyd olunmalıdır.

Qorbaçevi azərbaycanlılar da, ermənilər də sevmədi, əksinə, qınadılar, qətiyyətli olmadığı, separatçıları susdura bilmədiyi üçün, Azərbaycan üzərinə ordu göndərib qırğın törətdiyi üçün və uyğun olaraq, Dağlıq Qarabağı Ermənistana vermədiyi üçün. Moskva gücsüzlüyünü göstərdi; baxaq görək nə olur, çox qarışmayın, təbliğat aparın kimi məsləhətlər verdi... Dağlıq Qarabağ problemində qətiyyətsiz davranmanın SSRİ-nin dağılmasında katalizator rolu oynadığı deyilir...

1990-cı il 13-14 yanvar günləri Bakıda erməni talanı və qırğını  baş verdi. Hökumət başını itirmişdi. 20 yanvar Sovet Ordusu Bakıya daxil oldu; səbəb olaraq əhalinin təhlükəsizliyi göstərilsə də, əsas səbəb Azərbaycan Xalq Cəbhəsinin güclənməsi, sovet quruluşu üçün təhlükəyə çevrilməsi idi. 131 günahsız insanın öldüyü, çox insanın yaralandığı bu Qara yanvar günü milli faciə günü və eyni zamanda, milli oyanış amili oldu. Kommunist partiya biletlərinin kütləvi surətdə yandırılması və partiyanı kütləvi tərk etmə hadisəsi baş verdi (bir qədər sonra peşman olmuşam, biletimi qaytarın deyənlər də oldu).

1991-ci ildə müttəfiq respublikalar müstəqillik barədə deklarasiya və konstitusiya aktları qəbul etdilər, dekabr SSRİ-nin son ayı oldu. 1991-ci il sentyabr - 1992-ci il yanvar ayları dövründə Dağlıq Qarabağ vilayəti və Azərbaycanın Şaumyan (Goranboy) rayonu erməni icması Dağlıq Qarabağ (Artsax) Respublikası adı ilə müstəqil dövlət elan etdilər. Erməni separatçılar Dağlıq Qarabağı Ermənistana birləşdirmək deyil, müstəqil dövlət elan etmək siyasətinə keçib xalqların öz müqəddəratını təyin etmək haqqını vurğulamağa başladılar.

Azərbaycan (və separatizmlə üzləşən hər hansı dövlət - misallar kifayət qədərdir) bununla heç cür razılaşa bilməzdi. Dövlət sərhədi, ərazi bütövlüyü siyasət və hüququn təməl anlayışlarıdır. Dünya, birinci növbədə, bu prinsip üzərində qurulub.

***

Münaqişə silahlı toqquşmalara və böyüyərək savaşa döndü. Ermənilər Qərbdə təbliğat işini gücləndirmiş, hərbi baxımdam daha hazırlıqlı ordu qurmuş, Monte Melkonyan kimi döyüş və terror təcrübəsi olan insanları cəlb etmişdilər. Onlar, sanki daha çox sovet silahı əldə edə bilmişdilər. Azərbaycan tərəfdə də döyüş bacarığı olan insanlar və dəstələr vardı, amma sözün əsl mənasında nizamlı ordu yox idi, ordu deyilən şey ayrı-ayrı, bir-birilə əlaqəsi zəif olan və ya heç olmayan döyüşçü dəstələrdən ibarət idi. Yuxarı səviyyədə səriştəsizlik, hakimiyyət böhranı  və hakimiyyət uğrunda mübarizə də Qarabağ cəbhəsini zəiflədirdi. Uğurlu döyüş aparan komandirlə hökumət məmuru arasındakı ziddiyyətə görə komandir öz dəstəsini döyüş meydanından çıxarıb Bakıya, hakimiyyəti devirməyə yönələ bilirdi.

1992-ci il fevralın 26-da Xocalı şəhərini əhatə edən erməni qüvvələri dinc əhalini atəşə tutdu. Qarabağ savaşının ən dəhşətli qırğını baş verdi: 613 nəfər öldürüldü, o cümlədən, 63 uşaq, 106 qadın, 70 nəfər yaşlı adam. Çoxsaylı yaralanan və itkin düşənlər oldu. Ermənistanın prezidenti olmuş Serj Sarkisyan utanıb-çəkinmədən Xocalı qırğınının bilə-bilə, düşünülmüş şəkildə törədildiyini etiraf etmişdi: "Xocalıya qədər Azəbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyillər. Biz bu stereotipə son qoyduq. Baş verən hadisə də bu idi".

 





01.03.2021    çap et  çap et