525.Az

Mikayıl Abdullayev yaradıcılığında "Xəmsə" motivləri - Yazı


 

Mikayıl Abdullayev yaradıcılığında "Xəmsə" motivləri - <b style="color:red">Yazı</b>

Azərbaycan rəssamlıq tarixinə nəzər saldığımızda monumental rəngkarlıq sənətimizin ildən-ilə, yeni-yeni inkişaf mərhələlərinə qədəm qoyduğunu, bir sıra novator keyfiyyətlərlə zənginləşdiyini görmək çətin deyildir.

Təsviri sənətin bu sahəsi, adətən memarlıq ilə sintez təşkil edir, yəni hər iki sənətin emosional təsir qüvvəsi ahəngdar şəkildə qovuşaraq qırılmaz zəncir əmələ gətirir. Memarlıq və rəssamlığın bu cür vəhdəti binaya xüsusi gözəllik bəxş edir və insanların düşüncəsinə estetik təsiri daha da gücləndirir. Bu mənada monumental-dekorativ rəssamlıq sənəti olduqca zəngin imkanlara malikdir.              

Azərbaycan təsviri sənətinin monumental rəngkarlıq sahəsinin qiymətli nümunələrindən biri  Xalq rəssamı Mikayıl Abdullayevin Nizami "Xəmsə"si əsasında hazırladığı mozaik pannolardır. Dekorativ memarlıq elementlərinin üstünlük təşkil etdiyi pannolar 1976-cı ildən bəri Nizami metrostansiyasını bəzəməkdədir. "Nizami" metrostansiyasının bədii tərtibatı kimi məsul və şərəfli bir işi öz üzərinə götürən M.Abdullayevin fırçası bu işində də aciz qalmamışdı. Bütün yaradıcılıq imkanlarını səfərbərliyə alan rəssam incilər incisi "Xəmsə"ni yenidən mütaliə etməyə başlamış və bunun əsasında da stansiyanın interyerində 19 ədəd mozaik panno ərsəyə gətirmişdi. Həmin pannolar mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Bunun nəticəsidir ki, stansiyasının həmin salonunu yeraltı muzey də adlandırmaq olar.

 

Salondakı təsvirlər Nizami Gəncəvinin beş poemasının illüstrativ nəqli kimi nəzərdə tutulmuşdur. Mozaikalarda qəhrəmanlar, başlarına gəlmiş mühüm hadisələr zamanı təsvir edilmişlər. Həmin lövhələr kompozisiya cəhətdən bir-birinə uyğundur, eyni ölçülü tağlarda yerləşdirilən bütün fiqurlar isə həcm etibarilə bir-birini izləyir. Milli sənətin zəngin ənənələrinə yaxından bələd olan rəssam M.Abdullayev hər bir süjetin məzmununa uyğun olaraq, surətlərin mənəvi aləminin təhlilinə xüsusi fikir verməklə əsl psixoloq kimi çıxış etmişdir. Rənglər palitrasına yeni çalarlar əlavə edən rəssam salondakı iki sıra üz-üzə olan təsvirlər arasındakı az məsafəni nəzərə alaraq yumşaq rəng münasibətləri də  tapa bilmişdir. Qeyd etməliyik ki, məzmun və bədii ifadə vasitələrinin orijinallığı, üslub müxtəlifliyi, cəsarətli novatorluq axtarışları rəssamımızın yaradıcılığını səciyyələndirən ən başlıca xüsusiyyətlərdəndir. Bununla birlikdə ifadə gözəlliyi bu mozaikaların əsas keyfiyyəti olmuş, ustad sənətkar səlis, oynaq və ritmik cizgilərin, canlı və həyati kompozisiya vəhdətini əldə etməklə sonsuz məharət göstərmişdir.

Salonun baş divarında Nizami Gəncəvinin yumşaq pastel rəngləri ilə işlənmiş böyük portreti verilmişdir. Lakin daha öncə həmin divarın müxtəlif şəkildə layihələndirilməsi təklifləri də olmuşdur. Baş memar Mikayıl Hüseynov tərəfindən təklif edilmiş ilkin layihədə divar qarşısında postament üzərində Nizami Gəncəvinin büstünün qoyulması nəzərdə tutulsa da, sonradan büst-heykəl mozaik portretlə əvəz edilmişdir. Görünür, mozaik portreti yaradarkən, Mikayıl Abdullayev, özündən əvvəl yaradılmış Nizami obrazlarından uzaqlaşmamağı qarşıya məqsəd qoymuş, şairin surətini yalnız yaradıcılıq süzgəcindən keçirərək, onun  hamıya tanış olan ifadəli portretini yaratmışdır. Rəssam şairin lirik səpkidə həll edilmiş portretini salonun mənzərəsi ilə əlaqələndirməyə çalışmış, onun interyerin ansamblında hakim mövqe tutmasına nail olmuşdur. Uca bir sütunu andıran təsvirdə romantik pafos üstünlük təşkil edir və dahi şairin surətində zəka dərinliyi, müdriklik, mənəvi qüvvə duyulur. Boyu üç metrə qədər uzanan ayaqüstü portretdə şair bir əli ilə kitabını sinəsinə sıxmış, təbiətcə sakit və əzəmətlidir. Eyni zamanda, rəssam naturaya uyaraq Nizaminin ehtiraslı şair qəlbinin incəliklərinə də nüfuz etməyi  bacarmışdır.

 

Əsərə müxtəlif nöqtələrdən də tamaşa etdikdə görürük ki, Nizami portretləri üçün səciyyəvi olan üslub xüsusiyyətləri bu əsərdə yenə duyulsa da, rəssam şairin mənəvi gözəlliyini daha da şöhrətləndirib.

Yeraltı salonun sağ və sol divarlarında "Sirlər xəzinəsi" ndən "Bayquşların söhbəti", "Kərpickəsənin nağılı", "Sultan Səncər və qarı", "Xosrov və Şirin" dən "Fərhad Bisütunda", "Xosrov və Şirin", "Fərhad və Şirin", "Leyli və Məcnun" dan "Məcnun və atası", "Leyli və Məcnun", "Leylinin qəbri üstündə", "Yeddi gözəl"dən "Simnarın faciəsi", "Bəhram və əjdaha", "Bəhramın hünəri", "Fitnə", "İsgəndərnamə" dən "İsgəndər və çoban", "Yeddi alim", "Nüşabə və İsgəndər", "Daranın ölümü" və "Nəqqaş Mani" səhnələri əks olunmuşdur. Zəngin rəssam fantaziyasından xəbər verən bu pannoları izlədikdə sanki sənətkarın duyğuları dil açıb danışır və gözümüzün önündə hələ də davam etməkdə olan rəngarəng tamaşa canlanır. Rəssam seçdiyi hər bir rakursda tamaşaçının qarşısında tamamilə fərdi, təkrarsız obraz çıxarmağı qarşısına məqsəd qoymuş, bunun öhdəsindən gəlməklə böyük hünər göstərmişdir. İfadəli xətlər, rənglərin dekorativ ahəngdarlığı isə mərmər haşiyələr fonunda yerləşdirilən mozaik silsiləni daha da baxımlı edir.

 

Salondakı təsvirlər arasında "Simnarın faciəsi" adlı  mozaik panno diqqətimizi çəkir. M.Abdullayev yaradıcılığına xas olan realist ümumiləşdirmə qüvvəsi, onun müşahidəçiliyi və dekorativ kompozisiya yaratmaq istedadı digər təsvirlərdə olduğu kimi, bu lövhədə də əyani şəkildə izlənir. "Yeddi gözəl" poemasından alınmış hekayəyə əsasən Yəmən şahı Nemanın istəyi əsasında memar Simnar sifariş edilən sarayın inşasını tamamladıqdan sonra başqa bir bənzərini tikməsin deyə sarayın qülləsindən aşağı atılır. Bu hadisəni təsvir edərkən rəssam fiqurları dairəvi kompozisiya üzrə düzgün yerləşdirmiş, hadisənin mahiyyətini ətraflı nəql etməyə çalışmışdır. Salondakı başqa bir epizod "Xosrov və Şirin" poemasından götürülmüşdür. Səfalı təbiət qoynunda çimən gözəli vəsf edərkən rəssam öz zəngin xəyalına qanad vermiş, şairanə bir lövhə yaratmışdır. Pannonu yuxarıdan aşağıya nəzərdən keçirdikdə stilizə edilmiş çəhrayı dalğalar, Şirini izləyən Xosrovun və qara at Şəbdizin fiquru aydın nəzərə çarpır. Fiqurların sakit və ahəstə hərəkət ritmi olduqca təbiidir. Soyuq və isti rənglərin bir-birinə münasibəti isə rəng perspektivinin tələblərinə uyğun gəlir. Digər poemalarla müqayisədə "İsgəndərnamə" poemasına daha çox diqqət verilmiş, təsvirlərdən beşi bu poemanın mövzuları əsasında yaradılmışdır. M.Abdullayev "İsgəndərnamə" poemasına həsr etdiyi beş lövhə arasında  poemanın ümumi süjetində əhəmiyyətli rol oynamayan Nəqqaş Mani obrazına ayrıca pannonun həsr edilməsini belə izah edir: "Poemada daha mühüm, daha səciyyəvi başqa mövzular olduğu halda, Nəqqaş Mani mövzusuna müraciət etməyim heç də təsadüfi deyildir. Dahi Nizami tərəfindən qələmə alınmış Şərqin böyük nəqqaşı Manidən qabaq, Azərbaycan ədəbiyyatı və mədəniyyətində heç bir rəssam obrazına rast gəlməmişik".

Yeri gəlmişkən qeyd etməliyik ki, Nizaminin "Xəmsə"sində tez-tez rəssamlıq sənətindən, rəssam, nəqqaş surətlərindən bəhs olunur. "Yeddi gözəl" poemasında Xəvərnəq sarayının divar rəsmlərinin tərifi, "Xosrov və Şirin"də rəssam Şapurun surəti, "İsgəndərnamə"də Rum və Çin nəqqaşlarının yarışı, "Nəqqaş Maninin hekayəti" və sair epizodlar heç də təsadüfi olaraq verilməmişdir. Dahi şairin təxəyyülü nə qədər zəngin olsa da, o, rəssamlıq haqqındakı epizodları həyati faktlara istinad edərək qələmə almışdır. Nizaminin rəssamlıq sənətinə dair fikirləri tarixi həqiqətləri ifadə edən qiymətli mənbə əhəmiyyətinə malikdir.

 

Mikayıl Abdullayevin çoxcəhətli yaradıcılığında Nizami “Xəmsə”sinə həsr etdiyi lövhələr Azərbaycan monumental rəssamlığına qiymətli töhfədir. Rəssam təsvir etdiyi 19 ədəd pannoda qarşısına qoyduğu məqsədi tamaşaçıya çatdırmağı bacarmışdır. Həmin mozaik pannolar kompozisiyanın dinamikliyi, fiqurların uyğun rakurslarda verilməsi, nəhayət, kontrast rənglərin vəhdəti əsasında əldə edilən zəngin koloriti ilə Azərbaycan monumental rəngkarlıq sənətinin şöhrətindən xəbər verir. Rəssam təsvirlərində bədii təxəyyülündən doğan sərbəst və cəsarətli formalara əl atmış, kompozisiyaları orijinal qurmağa çalışmışdır.  Buna görə də lövhələrdə dekorativ təsvir vasitələri üstünlük təşkil etsə də, realist təmayüllər də az deyil. Planlaşma dəqiqliyi, maraqlı həcm quruluşu ilə seçilən bu lövhələr bu gün də mozaik-panno sənətinin ən  parlaq nümunələrindəndir.               

Şəmsiyyə ZALOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 





01.03.2021    çap et  çap et