525.Az

Heydər Əliyev adına Hərbi Lisey: Ulu Öndərin adının əbədiləşdiyi ilk ünvan


 

Heydər Əliyev adına Hərbi Lisey: <b style="color:red">Ulu Öndərin adının əbədiləşdiyi ilk ünvan</b>

Azərbaycan tarixinin 50 ilə yaxın bir müddəti əhatə edən son dövrü bilavasitə Ümummilli liderimizin adı ilə bağlıdır. Bu mərhələdəki bütün uğurlarımız, siyasi, iqtisadi, sosial-mədəni tərəqqimizin rəhbəri, ilhamvericisi, təminatçısı Ulu Öndərimiz olmuşdur.

Heydər Əliyevin vətənçilik aspekti iki hissədən ibarət idi: birincisi, şovinizmə varmadan hər bir azərbaycanlının alovlu vətənpərvərə çevrilməsinə nail olmaq, ikincisi, xalqın Vətəni şüurlu sevməsinə, tanıyaraq sevməsinə və Azərbaycanın dünyada tanınmasına nail olmaq.

1990-cı ilin iyulunda doğma yurdu Naxçıvana dönən və bir xalq deputatı, həmçinin müdrik, təcrübəli rəhbər kimi həmin ilin sonlarında Muxtar Respublika Dövlət Müdafiə Komitəsinin yaradılması təşəbbüsünü irəli sürərək ilk Milli Ordu quruculuğuna başlayan Ulu Öndər Heydər Əliyev, bir il sonra – 1991-ci il sentyabrın 3-də MR Ali Məclisinin Sədri seçildikdən sonra da burada yaratdığı yerli hərbi strukturlarla, incə taktika və iti strategiya ilə muxtar respublikanı işğaldan qorudu.

         1993-cü ilin 15 iyununda xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdan Ümummilli Lider həmin il noyabrın 2-də artıq respublikanın Prezidenti və Ali Baş Komandan kimi televiziya ilə xalqa müraciətində Milli Ordunun ayrı-ayrılıqda vuruşan dəstələrini vahid komandanlıq altında birləşməyə səsləyərək, postsovet məkanında qulluq edən milli zabitlərimizi – vaxtilə özünün yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələrini Vətənin bu ağır günlərində öz xalqı ilə bir yerdə olmağa dəvət etdi.

         Məhz həmin vaxtdan – müstəqil respublikamızda azğın düşmənlə qanlı döyüşlərin getdiyi, ərazimizin 20 faizinin işğal olunduğu bir vaxtdan sözün əsl mənasında, geniş miqyaslı Milli Ordu quruculuğuna başlanıldı. Vətənə qayıdan peşəkar zabitlərimiz döyüş bölgələrində Azərbaycan əsgərini müdafiədən hücuma keçmək məqamının yetişdiyinə inandıraraq neçə-neçə əhəmiyyətli əməliyyatlar həyata keçirdilər.

         Müdrik rəhbərliyin nəticəsində ölkədə xalqın orduya, ordunun isə dövlətə inamı artdı. Azərbaycan əsgərinə diqqət və qayğı, hörmət və ehtiram bərqərar edildi. Hərbi təhsilə önəm verilərək qəbulun sayı artırıldı, hərbi məktəblərin maddi-texniki bazası möhkəmləndirildi.

         Bütün bunlarla yanaşı Ulu Öndər üç bir tərəfi Ermənistanla həmsərhəd olan doğma Naxçıvanı da unutmur, buradakı durum, xalqın vəziyyəti, xüsusən də hərbi hissələrdə döyüş hazırlığının səviyyəsi barədə muxtar respublika rəhbərliyindən müntəzəm məlumat əldə edirdi. Belə danışıqlardan birində MR Ali Məclisinin Sədri Vasif Talıbov artıq Naxçıvanda da hərbi təhsil müəssisəsinin yaradılması vaxtının çatdığını bildirərək, burada C. Naxçıvanski adına Hərbi Liseyin Filialını açmaq barədə təşəbbüs irəli sürür. Belə bir filialın çoxdan açılmalı olduğunu vurğulayan Heydər Əliyev bu təşəbbüsü bəyənərək “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialının açılması haqqında” 13 mart 1998-ci il tarixli 762 №-li Sərəncam imzalayır. 

       Respublika Prezidentinin bu Sərəncamından irəli gələn vəzifələrin qısa müddətdə yerinə yetirilməsini təmin etmək məqsədilə Naxçıvanda təcili tədbirlər həyata keçirildi. Birinci növbədə bina məsələsinin həll olunması vacib idi. Artıq 8 №-li Orta Məktəb adlanan keçmiş Şəhər İnternat Məktəbinə məxsus üçmərtəbəli yataqxana binası Hərbi Liseyin Filialı üçün münasib sayıldı. Qısa müddətdə binada yenidənqurma və əsaslı təmir işləri aparıldı, lazımi mebel və avadanlıqlarla, dərsliklər və kursantlar üçün formalarla təchizat yüksək səviyyədə təmin edildi.

No description available. 

         1999-cu ilin oktyabr ayında muxtar respublikanın 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn ölkə başçısı Heydər Əliyev C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialının yeni tədris korpusunun təntənəli açılışında da iştirak etdi və geniş nitq söylədi. Ulu öndər çıxışında məxsusi olaraq demişdi:  “... Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meylli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi. ... Mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm, onlara öz hörmət və ehtiramımı bildirirəm... Buradakı müəllim, zabit heyətinə müvəffəqiyyət arzu edirəm... ”

2001-ci ildə Hərbi Liseyin Naxçıvan Filialının ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə iştirak edən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov ilk məzunları, onların valideynlərini, müəllimləri və zabit heyətini təbrik etmişdir. Elə həmin il filialın ilk 50 nəfər məzunundan 49-u ali hərbi məktəblərə daxil olmuşdur. Fərəhli haldır ki, Ali Məclis Sədrinin hər il, buraxılış günündə məzun kursantlarla, o cümlədən müəllim və zabit heyətilə görüşü artıq bir ənənəyə çevrilib.

2002-ci ilin iyun ayında – Milli Qurtuluş Günü muxtar respublikaya növbəti  səfəri zamanı Prezident Heydər Əliyev ayın 17-də Hərbi Liseyin Naxçıvan Filialını da ziyarət edərək qeyd etmişdir ki, zabit-müəllim heyəti qarşısında böyük və məsuliyyətli vəzifələr durur. Onlar təkcə öz peşələrilə bağlı deyil, başqa lazımlı sahələrdə də biliklərini artırmalı və bu bilikləri layiqli kadrların hazırlanmasına yönəltməlidirlər. O zaman ümummilli liderimiz kursantlara müraciətlə belə demişdi:
         “Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə etibar edirik. Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bu ümidlərimizi, arzularımızı doğrultmalısınız. İnanıram ki, doğruldacaqsınız.”

2003-cü ilin soyuq dekabr günlərindən birində, ayın 12-də sanki bütün Azərbaycanı sərt bir şaxta dondurdu. Xəzər dondu. Araz, Kür, Göy göl dondu, gur şəlalələr, şaqraq bulaqlar dondu, göydə quşlar, yerdə daşlar dondu, insanların gözlərində yaşlar dondu. Qasırğalı qara xəbər təkcə bizlərin deyil, bütün dünya azərbaycanlılarının qanını qaraltdı. Bu xəbərdən təkcə Azərbaycan deyil, bütün türk dünyası sarsıldı, dost ölkələr mütəəssir oldu.

                                      Getsə də qoymadı bizləri başsız,

                                      Qalib gəlmək idi fikri – savaşsız.

                                      Qaldı “Azərbaycan” üzüyü qaşsız

                                      Tərk etdi bizləri babamız Heydər!

Ulu öndər bizləri cismən tərk etsə də, ruhən daim bizimlədir. Onun memarı olduğu müstəqil Azərbaycan yaşadıqca, ideyaları və müəyyənləşdirdiyi kurs yolumuzu hər zaman aydınladacaq, bizləri bütöv, aydın səmalı, firavan Azərbaycana qovuşduracaqdır.

Azərbycan Respublikasının Prezidenti İlham Əliyevin “Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında” 27 fevral 2004-cü il tarixli 108 №-li Sərəncamı ilə C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialı ləğv edilmiş, onun bazası əsasında müstəqil hərbi lisey yaradılmışdır. Beləliklə də ümummilli liderimizin müqəddəs adı Azərbaycanda ilk dəfə onun doğma yurdunda, yaratdığı hərbi məktəbdə əbədiləşmiş oldu. Bununla yalnız, hərbi liseyin zabit-müəllim və texniki heyəti, kursantları və məzunları deyil, Naxçıvan şəhərinin, muxtar respublikanın əhalisi qurur duyur.

2004-cü il fevralın 28-də Muxtar Respublika  Ali Məclisinin Sədri Vasif Talıbov, muxtar respublikanın bütün rəhbər işçiləri Heydər Əliyev adına Hərbi Liseyə gəldilər. Möhtərəm Vasif Talıbov bu tarixi hadisə münasibətilə lisey kollektivini təbrik etdi. Kursantlara, müəllim-zabit heyətinə ümummilli liderin adına layiq oxumağı, işləməyi, Vətənə və xalqa xidmət etməyi tövsiyə etdi, bizlərə yeni uğurlar arzulayaraq üzərində Heydər Əliyevin general formasında təsviri olan xalçanı liseyimizə hədiyyə etdi. Daha sonra Ali Məclisin Sədri liseyin 15 nəfər ən nümunəvi kursantının yaxasına “Heydər Əliyev” nişanını şəxsən taxdı. Bu mənzərəni seyr edərkən mən həm bir müəllim, həm də bir ana kimi xüsusi qürur hissi keçirirdim ki, mənim böyük oğlum da həmin kursantların sırasındadır (hazırda isə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi Vətənə xidmətini döyüş bölgəsində davam etdirir).

2004-cü ilin iyununda Heydər Əliyev adına Hərbi Liseyin 138 nəfər məzunla ilk buraxılışı oldu. İki nəfər kursant-məzun yeni liseyin ilk fərqlənmə attestatını aldı. Bu attestatları Ali Məclisin Sədri V.Talıbov şəxsən təqdim etdi. Həmin ilin yayından başlayaraq liseyin ərazisində yenidənqurma işlərinə başlanıldı. Tədris korpusu genişləndirildi, ikimərtəbəli qərargah binası, yeni yeməkxana, tibb məntəqəsi, daha bir neçə yardımçı binalar inşa olundu, idman meydançası salındı.

2005-ci il iyun ayının 15-də -- Milli Qurtuluş Günündə Heydər Əliyevin adını daşıyan Hərbi Liseyin ərazisindəki yeni tikililərin, demək olar ki, yeni bir hərbi tədris şəhərciyinin təntənəli açılış mərasimi oldu. Həmin gün məzunların – 194 nəfər kursantın buraxılışı da bu təntənəyə qarışdı. Bakıdan xeyli sayda fəxri qonaqların, generallar və digər yüksək rütbəli zabitlərin gəlişi bu mərasimi daha da rövnəqləndirdi.

         Bu gözəl gündə Heydər Əliyevin “...illər keçəcək, biz yenidən burada görüşəcəyik” sözləri də gerçəkləşdi. Kursantların, müəllim və zabit heyətinin, həmçinin fəxri qonaqların Ümummilli liderlə budəfəki görüşü onun hərbi liseyin həyətində - həmin anlarda açılışı olan tunc büstü ilə oldu. Qonaqlar həmçinin qərargah binasında   yaradılmış “Heydər Əliyev muzeyini” də ziyarət etdilər.

Qərargah binasının birinci mərtəbəsində yaradılmış “Heydər Əliyev muzeyi”ndə Ümummilli liderimizin həyat və fəaliyyətinə dair sənədlər, onun hərbi liseyimizi ziyarət etdiyi zamanlarda çəkilmiş fotoşəkilləri nümayiş etdirilir.  Burada fəxri qonaqlar üçün nəzərdə tutulmuş rəy kitabı da maraqlı eksponatlar sırasındadır. 2005-ci ilin dekabrında möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham  Əliyev liseydə olarkən və muzeyi ziyarət etdikdən sonra həmin rəy kitabında öz ürək sözlərini belə ifadə etmişdir. “Əziz kursantlar! Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq.

         Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin!”

Həmin il iyul ayının 1-də Heydər Əliyev adına Hərbi Liseyin həyatında daha bir əlamətdar hadisə baş vermişdir. Hərbi liseyin ilk kursantları, həm də ilk məzunları olan və həmin ilin iyun ayında ali hərbi təhsillərini başa vuraraq leytenant rütbəsi almış 30 nəfər gənc zabit Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən qəbul edilmişdir. Görüşdə Ali Məclisin Sədri demişdir: “Azərbaycan torpağına hər birimiz harada xidmət etməyimizdən, işləməyimizdən, yaşamağımızdan asılı olmayaraq müqəddəs baxmalıyıq və onun inkişafı üçün, qorunmağı üçün əlimizdən gələni əsirgəməməliyik.

... Bu gün mən ilk növbədə sizin hər birinizin üzündə mətinlik, torpağa, Vətənə sevgi görürəm, hər an Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hazır olduğunuzu görürəm. Bu gün biz Azərbaycanımızı inkişaf etdirmək, onu qorumaq üçün ordumuzu möhkəmləndirməliyik. Ordunu möhkəmləndirənlər isə sizlərsiniz.”

Heydər Əliyev adına Hərbi Liseydə 2020-2021-ci dərs ilində 300-dən artıq kursant təhsil alır. İndi liseydə ən müasir avadanlıq və şəraitlə təmin olunmuş yataqxana, sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, iki linqafon kabinəsi, tarix, coğrafiya və hərbi kabinələr, 12 interaktiv, iki kompüter kabinəsi, zəngin kitabxana vardır. Kitabxana fondu latın qrafikalı yeni nəşrlərlə, o cümlədən elmi, bədii, siyasi və tarixi əsərlərlə, xarici dillərdə danışıq kitabçaları və lüğətlərlə təmin olunmuşdur.

         Hərbi liseyimizin kursantları, müəllim kollektivi, o cümlədən zabit heyəti muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir. Ümumiyyətlə, liseyimizdə tədris prosesində kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilərək, onlara milli ruhun təlqin olunması, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması daim diqqət mərkəzindədir. Həmçinin onların sağlamlığı və fiziki inkişafları da ciddi nəzarətdədir. Kursantlar idman zalında və yay meydançasındakı ən müasir avadanlıq və qurğulardan səmərəli istifadə edirlər. Bunun nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordusu miqyasında, həmçinin muxtar respublika, ölkə və beynəlxalq səviyyəli idman yarışlarında kursantlarımız da yüksək göstəricilər əldə edərək uğurlar qazanırlar. Bundan başqa kursantların bədii yaradıcılığını inkişaf etdirmək məqsədilə liseydə təşkil olunmuş ədəbiyyat və bədii özfəaliyyət dərnəkləri də səmərəli fəaliyyət göstərir. Kursantlarımız Azərbaycan və muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında fəal iştirak etmiş, qızıl, gümüş, bürünc medallar  qazanmışlar.

         Liseyin 70 nəfərlik pedaqoji kollektivində elmi-metodiki yaradıcılıqla məşğul olanların sayı da ilbəil artmaqdadır. Vaxtaşırı “Xalq qəzeti”, “Azərbaycan”, ““Respublika”, Azərbaycan Ordusu”, “Hərbi and”, “Şərq qapısı”, “Nur yurdu” və digər mətbuat səhifələrində müəllimlərimizin elmi-publisistik məqalələri dərc olunur. Liseydə kursantlarımızın asudə vaxtlarının səmərəli təşkili məqsədilə tez-tez bilik yarışları, viktorinalar, tematik gecələr, kitab müzakirələri, şeir, inşa müsabiqələri keçirilir, muxtar respublikanın tarixi və görməli yerlərinə, muzeylərə ekskursiyalar, teatr tamaşalarına, kino-filmlərə baxışlar təşkil olunur, mütəmadi olaraq oxunması zəruri olan kitabların müzakirələri keçirilir.

         Bütün bunların nəticəsində ölkə başçısının xüsusi Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2008-2009-cu dərs ilində “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, dəfələrlə MR Ali Məclisi Sədrinin təşəkkürünü almışdır. Qısa tarix ərzində liseyimizi 5 kursant qızıl, 5 kursant gümüş, 12 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir. Onlarla məzun xarici dövlətlərdə, o cümlədən Rusiya Federasiyasında, Türkiyə və İtaliya respublikalarında təhsillərini davam etdirirlər. Liseyin 7 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmışdır.

Heydər Əliyev adına Hərbi Lisey artıq 17 ildir ki, müstəqil fəaliyyət göstərərək ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi Milli Ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamla irəliləyir.

2016-cı ilin “Aprel döyüşləri”. Vətənin bu sınaqlı günlərində mənfur düşmən təxribatına layiqincə cavab verən qoşun hissələrinin tərkibindəki zabitlər sırasında hərbi liseyimizin də ləyaqətli məzunları qəhrəmancasına döyüşmüş, onlardan 1 nəfəri şəhid olmuşdur.

Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci ilin  iyun ayının 17-də, Heydər Əliyev adına Hərbi Liseyin 20-ci məzun buraxılışına həsr olunmuş mərasimdəki nitqində demişdir: “Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbçi kadrların hazırlanması işinə mühüm töhfə verir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 314 kursant təhsil alır və bu gün 20-ci buraxılış mərasimi keçirilir. Ötən dövrdə Hərbi Liseyi 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının timsalında sağlam, vətənpərvər və əqidəli gəncliyimizi, etibarlı gələcəyimizi görür və bununla fəxr edirik!”

2020-ci ildəki 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuzun şücaət göstərmiş, igidliklə vuruşub şanlı qələbəmizə öz töhfələrini vermiş, həmçinin işğal altindakı torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda edərək qəhrəmancasına şəhid olmuş zabitlər arasında yenə də Heydər Əliyev adına Hərbi Liseyin onlarla məzunu çoxluq təşkil etmişdir. Hərbi liseyimizin müəllim və zabit heyəti haqlı olaraq öz yetirmələrilə fəxr edirlər.

Adlarını İkinci Qarabağ Müharibəsinin şanlı zəfər tarixinə əbədi həkk etmiş şəhid məzunlarımız bugünkü kursantlarımız üçün bir igidlik, əsl vətənpərvərlik nümunəsidirlər. Böyük zəfərin qazanılmasında xidmətlərinə görə orden və medallarla təltif olunanların da siyahısında keçmiş kursantlarımızin adlarını gördükdə böyük qürur və iftixar hissləri keçirmişik.

Ötən il dekabr ayının 10-da, paytaxtımızın Azadlıq meydanında Vətən Müharibəsində qazanılmış şanlı qələbə münasibətilə “Zəfər paradı” keçirildi. Bu paradda da Heydər Əliyev adına Hərbi Liseyi onun rəisi, general-mayor Məhəmməd Həsənov başda olmaqla bir qrup kursant rəsmi keçidlə layiqincə təmsil etmişdir.

Hər bir tədris ilinin ilk günlərindən məzun olanadək kursantlarımızın məhz bu ruhda yetişmələri, Azərbaycan Silahlı Qüvvələrində savadlı və qabiliyyətli komandir olmaları, Vətənimizə, xalqımıza və müstəqil dövlətimizə sədaqətlə və ləyaqətlə xidmət edən zabit və nümunəvi vətəndaş kimi tanınmaları üçün səfərbər olan pedaqoji kollektivimiz bütün varlığı ilə, səy, bilik və bacarığı ilə, yüksək tələbkarlıq və məsuliyyət hissilə çalışmaqdadır.

Heydər Əliyev adına Hərbi Lisey bu dahi şəxsiyyətin, böyük azərbaycanlının adını bundan sonra da fəxarətlə daşımağa davam edərək, özünün yeni-yeni parlaq nəticələrilə ona tam layiq olduğunu  daim doğruldacaqdır

MEHRİ QASIMOVA
Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi

 





01.03.2021    çap et  çap et