525.Az

Apteklər qiyməti qəpik-quruş olan dərmanlar satmırlar


 

<b style="color:red">Apteklər qiyməti qəpik-quruş olan dərmanlar satmırlar</b>

Sosial şəbəkədə yazılanlar

Asif Nərimanlı, jurnalist:

- Ermənistan prezidenti Armen Sarkisyan Onik Qasparyanın istefa fərmanını imzalamadı. Nikolun istefasını tələb edən Baş qərargah rəisi vəzifəsində qalır.

Armen Sarkisyanın fərmanı geri qaytarmaq qərarından təxminən bir saat öncə Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqraşak Arutyunyanla telefonda danışdı və bu, rusların Qasparyanı son anda xilas etdiyini deməyə əsas verir. Lakin Nikol geri çəkilmir...

Ermənistan konstitusiyasına görə, baş nazir Nikol Paşinyan fərman layihəsini yenidən prezidentə təqdim edə bilər, prezident iki gün ərzində cavab verməlidir: ya fərmanı imzalamalıdır, ya da layihə Konstitusiya Məhkəməsinə getməlidir.

Artıq Paşinyan fərmanı yenidən göndərdiyini rəsmi şəkildə elan etdi və bu, mübarizənin yeni mərhələsinin başlanğıcı deməkdir:

- Nikol bu müddətdə prezidenti müxtəlif yollarla razı salmağa çalışacaq: fərmanın Konstitusiya məhkəməsinə getməsi qərarın Qasparyanın xeyrinə çıxması ehtimalının güclü olması deməkdir, çünki Nikol KM-nin keçmiş hakimiyyət dövründən qalan hakimləri ilə ədavəti var;

- Bu müddətdə Qasparyana qarşı təzyiqi artıracaq: ona qoşulan qiyamçı generalları da baş qərargah rəisinin ətrafından müxtəlif yollarla uzaqlaşdırmağa çalışacaq;

Böyük ehtimalla, prezident Sarkisyan ikinci fərman layihəsini də imzalamayacaq və qərarı Konstitusiya Məhkəməsinin öhdəsinə buraxacaq. Bu olacaqsa, Nikolun tərəfdarlarının Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alacağını görə bilərik.

Döyüş hələ başa çatmayıb... 

Səadət Məmmədova, jurnalist:

- Aptek qalmayıb soruşmayam, amma dədə-babadan ən faydalı dərman sayılan və kütləvi işlədilən "Valerian" və "Papazol" artıq satılmır. Deyirlər ki, daha gətirmirik. Soruşuram niyə, cavab belədir: qəpik-quruşdur, ucuz dərmandır!..

Deməli, bunları dərmanın faydası, keyfiyyəti deyil, yalnız qiyməti maraqlandırır ki, mümkün qədər çox pul qazansınlar?!

Bəzən elə şeylər baş verir ki, ona heç cür məntiqi izah tapa bilmirsən. 

Xaqani Cəfərli, politoloq:

- İranda qiyamlar başlayıb.

İranın Sistan və Belucistan əyalətində yerli əhali qiyama başlayıb. Qiyamın səbəbi kimi İslam İnqilabı Keşikçiləri Korpusunun "qaçaqmalçılığa" qarşı sərt tədbirləri olub. Yoxsulluğun və səfalətin hökm sürdüyü Sistan və Belucistanda yerli belucların bir hissəsi dolanışıqlarını həmsərhəd Pakistanla qaçaq ticarət hesabına təmin edirlər.

İslam İnqilabı Keşikçiləri Korpusunun "qaçaqmalçılar"a qarşı başlatdığı sərt tədbirlər zamanı 50 nəfərin öldürülməsi İranın ən böyük əyaləti hesab olunan Sistan və Belucistanda xalqın səbr kəsasın daşırıb. Sistan və Belucistanın böyük şəhəri olan Saravanda xalq İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına hücum edib, Bampurda güclü küçə döyüşləri olub.

Tehran rejimi Sistan və Belucistana İslam İnqilabı Keşikçiləri Korpusunun cəza dəstələrini göndərib. Əyalətdə internet tam qapadılıb, rabitə çox zəif işləyir. Sistan və Belucistanın bütün iri şəhərlərinin küçələrində İslam İnqilabı Keşikçiləri Korpusunun texnikası hərəkət edir.

Sistan və Belucistanda baş verənlər Pakistanda narahatlığa və etiraza səbəb olub.

Sistan və Belucistanda baş verənlər hələlik İranın ərazi bütövlüyü üçün təhlükə yaratmasa da, kiçik qiyamlar böyük üsyanların çox da uzaqda olmadığından xəbər verir. Sosial-iqtisadi vəziyyətin günü-gündən pisləşməsi, Tehran rejiminin ayrı-seçkilik siyasəti böyük üsyanları hər ötən gün daha da yaxınlaşdırır.

Elçin Alıoğlu, jurnalist:

- Beynəlxalq ekspertlərin dediklərinə görə, Qarabağda işğaldan azad edilmiş ərazilərimizin minalardan tam təmizlənməsi üçün 14 il gərəkdir.

Mina sahələrinin xəritələri yoxdur.

Azərbaycan işğaldan azad edilmiş əraziləri isə 5 ilə təmizləyəcək.

2025-ci ildə həmin məkanlar tamamilə təhlükəsiz olacaq.

Arif Hacılı, müsavatçı:

- "Euronews" kanalı Quba rayonunda yaşayan yəhudilər barədə maraqlı reportaj hazırlayıb.

Belə reportajın Avropanın ən populyar televiziya kanallarından birində təkrar-təkrar nümayişi çox əhəmiyyətlidir.

Qarabağ nizamlanması barədə düşünən, az-çox ədalət duyğusu olan hər kəs, hər bir avropalı, hətta hər bir erməni bu reportaja baxıb özünə sual verməlidir.

Əgər yəhudilər Qırmızı Qəsəbədə (Krasnaya Sloboda), ruslar İvanovkada və başqa ərazilərdə kompakt yaşayaraq öz dini, milli dəyərlərini qoruyub saxlaya, inkişaf etdirə bilirsə, nədən ermənilər Qarabağda Azərbaycan vətəndaşı olaraq eyni əsaslarla yaşaya bilmir?

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- Şuşadan baxanda Şuşakənd əlinin içi kimi görünür. Şuşakənddən baxanda da Şuşada kilsə və məscid minarələri, aşağıdan yuxarı olsa da, çox yaxşı görünür. Hələ ki, Azərbaycan maşınları bu kəndin içindən keçib Şuşaya gedir deyə hər gün məktəbə gedən erməni uşaqlar azərbaycanlı sürücüləri görürlər. Müəyyən ünsiyyət yaranır. Erməni şagird deyir ki, türklər ona yaxın olsa da, onlardan qorxmur. Əslində, erməni şagirdlərinin azərbaycanlıları inadla türk adlandırması ona verilən təhsilin və məktəbdə müəllimlərin ona dediklərinin təsirindəndir.

Aydın Talışınskiy, həkim:

- Kanada və Niderland Krallığı Çinin qardaşlarımız olan Uyğur türklərinə qarşı soyqırıma bənzər şəkildə davrandığını təsdiq etdi.

Azad Əliyev, jurnalist:

- Başqa ölkələri bilmirəm, amma məsələn, İran maraqlıdır ki, Azərbaycanda xürafat dərinləşsin. Dünyəvi, inkişaf etmiş Azərbaycan İranın kabusudur. İran Azərbaycana ən böyük zərbəni dini fanatizmi transfer etməklə vurur. Düşünərək, məqsədyönlü şəkildə. Azərbaycanda xürafat geniş yayılsa, elm küncə sıxışdırılacaq. Elm küncə sıxışdırılanda Azərbaycanda yaxşı mütəxəssislər yetişməyəcək. Normal həkimimiz, səhiyyəmiz olmayacaq. On minlərlə insanımız müalicə olunmaq üçün İrana üz tutacaq. Taksiyə pul verəcəklər. Kafe, restoranda oturub yemək yeyəcəklər. Ayaqqabı, paltar alacaqlar, müayinəyə, müalicəyə pul verəcəklər. Azərbaycana qayıdanda da dost-tanışlarına hədiyyə etmək üçün təsbeh alacaqlar. Kim istəyər bu boyda pul axını kəsilsin? Dini fanatizmlə beyni zəhərlənmiş azərbaycanlı heç vaxt İranın Cənubi Azərbaycanı işğal etməsi faktını qəbul etməyəcək. Fars mənbəsindən oxuyanda Şimali Azərbaycanın Sasani xanədanının ərazisi olduğu beyninə yeriyəcək. Hərtərəfli sərfəlidir.

 





02.03.2021    çap et  çap et