525.Az

Cənubi Qafqazda sülh şəfəqi - Telman Orucovun yazısı


 

Cənubi Qafqazda sülh şəfəqi - <b style="color:red">Telman Orucovun yazısı</b>

Qələbədən regionun qazancı

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində böyük qələbəsi həyatın çox saydakı sahələrinə təsir göstərdiyi kimi, həm də regionda son onilliklər ərzində mövcud olan gərginliyin xeyli azalmasına, düşmənçiliyin zəifləməsinə və gələcəkdə tamamilə yoxa çıxmasına ümid yaratması ilə daha böyük qiymətə malik oldu. Qələbə təkcə iki dövlət arasında qanlı müharibəyə son qoymadı, həm də regionda sülhün bərqərar olmasına, münasibətlərin normal müstəviyə keçməsinə şərait yaratdı.

Hər bir müharibə nəticə etibarilə sülhlə yekunlaşır, qalib tərəf ona vurulmuş yaraları xeyli dərəcədə sağaltmaqla - işğal edilmiş ərazilərini azad etməklə arzuolunan yekuna və nəticə etibarilə sülhə nail olur. Xalqa qalib ruhu hakim kəsilir, əvvəlki məğlubiyyətlərin ağrıları unudulmağa başlayır.

Ermənistandan fərqli olaraq Azərbaycan İkinci Qarabağ müharibəsində qonşu dövlətin bir qarış da olsa torpağını zəbt etməmiş, ordumuz döyüşlərdə düşməni darmadağın etsə də, hansısa şəhəri və ya kəndi viran qoymamışdır. Onun belə iyrənc əməldən ilham alması da mümkün deyildir, axı heç bir yaşayış məntəqəsini dağıtmamış və yandırmamışdır. Mülki əhaliyə qarşı da heç bir zorakılıq tətbiq edilməmişdir. Ermənistan ordusuna xas olan müharibə cinayətləri ölkəmizin silahlı qüvvələrinə tam yaddır.

Bakıda 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında yalnız müzəffər ordumuzun düşməni əzməklə, işğal olunmuş ərazilərimizi azad etməsindən söhbət getmişdir və ordumuzun xilaskar rolu qeyd edilmişdir. Paradda təbrik çıxışı edən respublika Prezidenti İlham Əliyev öz şücaətləri ilə qələbəyə nail olmuş əsgər və zabitlərimizin döyüş xidmətlərini yüksək qiymətləndirmişdir. Prezidentin nitqində məğlub olan tərəfə mərhəmət göstərilməsi hissləri də ifadə olunmuşdur. Ermənistanla dinc qonşu yaşamağın fundamental əlaməti kimi iqtisadi əməkdaşlığın bərpasının mümkünlüyü fikri də ifadə olunmuşdur. Əgər əks tərəfdən məkrli siyasətə son qoyulsa, revanşizm ideyalarından uzaqlaşılsa, ağılsız variantlara bir daha əl atılmasa, iqtisadı əməkdaşlığa, mehriban münasibətləri bərpa etməyə başlamaq olar. Həmin iyrənc ideyaların və əməllərin təkrarına yol verilsə, əlbəttə, heç bir normal əlaqələrdən söhbət gedə bilməz.

Son dövrlərdə əvvəlki ağılsız lovğalanmasına cavab kimi Ermənistan alçalma bataqlığına qərq olmuşdur. Ona görə də, onun düşmənçiliyi davam etdirməsi düşüncəsi klinik hal sayılmalıdır, qisas almaq fikrinə düşməsi isə əslində, daim illüziyalardan vəcdə gələnlərin ximerasından başqa bir şey olmayacaqdır. Girdaba düşən oradan çıxmağa çalışmalıdır, bu quyunu dərinləşdirməkdən qaçmalıdır. Ermənistan rəhbərliyi və erməni qatı millətçiləri öz xalqında ağılsız hissləri qızışdırmağa davam etsə, Azərbaycan buna laqeyd seyrçi kimi tamaşa etməyəcəkdir və lazım gələn bütün tədbirləri görəcəkdir. Bu yolla Ermənistan həm də regionda bərqərar olan kövrək sülhə yeni bir zərbə vuracaqdır. Çünki son onilliklərin təcrübəsi göstərir ki, Ermənistan iqtisadi-sosial inkişafa qayğı göstərmək əvəzinə, ona bəla bəxş edən militarizm yolunu seçmişdir və məğlubiyyətdən sonra da bu təhlükəli yolu tərk etməsə, daha böyük fəlakətlərə sahib olmaq istəyində olacaqdır. Azərbaycan rəhbərliyi isə əks tərəfin bu mövqeyini cavabsız qoymayacaqdır.

Müharibədən sonra heç olmasa Ermənistan rəhbərliyi öz ölkəsinin  acınacaqlı vəziyyətinə nəzər yetirib, sülhün, dinc qonşuluğun reallaşmasına, möhkəmlənməsinə çalışmalıdır. Yenidən militarizm eşqinə düşmək fayda verməyəcəkdir, təkcə itirilmiş hərbi texnikanı bərpa etmək üçün milyard dollarla vəsait lazımdır, axı heç bir dövlət ona artıq pulsuz silah, sursat, hərbi texnika verməyəcəkdir. Çünki müharibədə həmin resurslar ağılsız taktiki gedişlər hesabına bədxərcliklə sərf edilmiş, məhv edilmişdir. Yeni "əliaçıq" hami tapmaq da müşkül məsələdir, hamı indi yalnız pandemiyadan öz iqtisadiyyatına vurulmuş ziyanı ləğv etmək barədə düşünür. Sadə məntiq belə göstərir ki, Ermənistanın öz yaxın qonşuları olan Azərbaycan və Türkiyə ilə düşmənçiliyə birdəfəlik son qoyması, həmin ölkələrdən daha çox onun özünə lazımdır. Çünki hər iki dövlət öz iqtisadiyyatını uğurla inkişaf etdirir. Bu, həm də onların hərbi qüdrətini möhkəmləndirməyə şərait yaradır.

Ermənistan rəhbərliyi son əsrlər ərzində gur çiçəklənmiş qatı millətçiliyin iyrənc mirası olan ədavəti həmişəlik yaddan çıxartmalı, dövlət siyasətini onun əsarətindən xilas etməlidir. Bunun üçün tarixə nəzər salmaq kifayətdir. Avropada ingilislərlə fransızlar və almanlarla fransızlar dəfələrlə bir-birləri ilə vuruşmuş, İkinci Dünya müharibəsinin ağır dərsindən sonra hər üç dövlət düşmənçiliyi kənara ataraq, əməkdaşlığa və siyasi-hərbi ittifaqın üzvlüyünə keçmişdir. Axı Ermənistanın yenidən vuruşmaq iddiası ilə lovğalanması, ona ağır cəzadan başqa heç nə vəd etməyəcəkdir, çünki Ermənistan Türkiyə və Azərbaycanla, idman dili ilə desək, eyni çəkidə deyildir, müharibə rinqinə qədəm qoyan kimi hökmən ağır nokauta məruz qalacaqdır.

Bu amilləri sadəcə olaraq dərk etmək lazımdır, axı bunlar heç də Nyuton binomu deyildir ki, həlli çətin ola, sadəcə olaraq hər şeyə açıq gözlə baxmaq lazımdır, siyasi daltonizm onun sahibinə yalnız ziyan vura bilər.

Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycana hərbi müdaxilə edərək, ədalətsiz müharibə aparmış, mülki əhalinin kütləvi qırğını və əsir götürülməsi ilə müharibə cinayətlərinə yol vermiş, əraziləri işğal etdikdən sonra səkkiz şəhəri və yüzlərlə kəndi xaraba qoymuşdu. Şəhərlər elə dağıdılmışdır ki, onlarda bir yaşayış evi və ya mülki bina salamat qalmamışdır. Ən vəhşi ordular belə yaşayış məntəqələrinə qarşı bu qaydada amansızlıq göstərməmişdi. Məğlub olan ordunun arxasınca qaçan, işğal vaxtı meydana gələn yeni erməni sakinlər yaşadıqları evləri də yandırmışlar ki, azərbaycanlılara yalnız "yandırılmış torpaq" qalsın.

Xocalıda 1992-ci ilin fevralında erməni separatçıları hərbi dəstələrinin törətdikləri qırğın isə onların və onlara rəhbərlik edənlərin dəhşətli cinayətlərindən xəbər verir.

Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Əliyev həm də Ali Baş Komandan kimi son müharibədə öz mürəkkəb vəzifəsini ləyaqətlə yerinə yetirmişdir. Strategiya ustalıqla düşünülmüş, taktiki gedişlərdə səhvlərə yol verilməmişdir. Ermənilər isə güman edirdilər ki, birinci müharibədə olduğu kimi, ölkəmizin silahlı qüvvələrini asanlıqla məğlub edəcəklər. Süni məğrurluqdan irəli gələn şüarların söylənməsi fasilə tanımırdı. Ermənistanın siyasi və hərbi xadimləri yeni müharibə başlasa, Azərbaycanı, onun daha böyük ərazilərini işğal edəcəkləri ilə hədələyirdilər. Azərbaycan rəhbərliyi isə bir dəfə də olsun onların azğın çıxışlarına simmetrik cavab verməyi məqbul hesab etməmişdi.

90-cı illərdə Ermənistan müharibəyə böyük hazırlıq gördüyü halda, ölkəmizdə işğalçılara qarşı yalnız yerli könüllü batalyonlar vuruşurdu. Mərkəzi komandanlıq zəif olduğundan, onlar da xaotik fəaliyyət göstərirdi, döyüşlər düşünülmüş hərbi plan əsasında aparılmırdı. Hakimiyyətə yiyələnmək hərisliyi vətənin müdafiəsini unutmaq həddinə gəlib çıxırdı. Hərbi dəstələrə maliyyə imkanlarına görə hamilik edənlərin şıltaqlığı da döyüşçülərə baha başa gəlirdi, bəzən hətta uğurlu əməliyyatların da davam etdirilməsi kiminsə "küsməsi" ucbatından dayandırılırdı. Bütün bunlar isə Ermənistan ordusunun döyüşdə üstünlük əldə etməsinə şərait yaradır, ölkəmizin ərazisinin işğalı isə genişlənirdi.

Azərbaycanın öz torpaqlarını azad etməsini otuz ilə yaxın müddətdə gözləmək lazım gəldi. Bu, əhalidə ümidsizlik hissləri yaratsa da, ölkənin siyasi rəhbərliyi, bəhrəsiz danışıqların davam etməsinə dözməklə yanaşı, yeni və son kimi düşünülmüş müharibəyə ciddi hazırlıq görür və bunu sirr kimi saxlayırdı. Azərbaycan ordusunun mənəvi və döyüş hazırlığı yüksəldilirdi. Həm də ordunun silahlandırmasını tamamilə yeniləşdirmək, modernləşdirmək üçün hökumətin sərəncamında olan böyük iqtisadi və maliyyə imkanları bu istiqamətə yönəldilirdi. Rəhbərliyə entropiya meyli, nəticədə ciddi ümidə malik olmadan müharibəyə başlamaq fikri, istəyi də yad idi. Müharibə qarşıya qoyulan böyük vəzifələrin hamısını birdəfəlik həll etməli idi və buna da tamamilə nail olundu. 44 gün davam edən döyüşlər Ermənistan ordusunun ağır cəzaya çatdırılması isə nəticələndi, ölkəmizin siyasi və fiziki xəritəsindəki bütün ləkələr silinib təmizləndi.

İndi Azərbaycan viran qoyulmuş şəhərlərinin və kəndlərinin yenidən tikilməsi, abadlaşdırılması işi ilə məşğuldur. Lakin bu vacib iş vaxtı həm də təhlükəsizlik məsələlərinə diqqət zəifləməməli, dövlətimiz öz təhlükəsizlik arxitekturasının bir daha və ən xırda miqyasda belə eroziyaya uğramasına yol verməməlidir. Tövbə edənlərə də bütünlüklə inanmaq düzgün deyildir, axı Dağlıq Qarabağda separatizm hərəkatı başlanana qədər Ermənistan daim dostluqdan, sədaqətli qonşuluqdan dəm vururdu. Əvəzində isə öz mərhəmətli qonşusundan çox sayda iqtisadi fayda götürmüşdü. İndi də taqətdən düşdüyünə, zəiflədiyinə görə məkrini yaxşı pərdə altında gizlədə bilər. Ona görə də, biz sayıqlığımızı itirməməliyik, çünki xəyanət yoluna qədəm qoyanlar asanlıqla da dostdan düşmənə çevrilə bilirlər.

Bizə bir dəfə arxadan xəncər zərbəsi vurulmuşdur, ölkəmizin ürəyini onun bədənindən qoparmaq istəyirdilər və bunu biz heç vaxt unutmamalıyıq. Ermənistanla hətta sıx əlaqələr quranda da, ona inanmaq da bir qədər çətindir, biz yeni münasibətlərə də ekzistensializm qaydasında, idealistcəsinə yanaşmamalıyıq. Keçdiyimiz ağır təcrübə bizə yol göstərən ulduz rolunu oynamalıdır. Çünki onların vurduğu yaralar hələ sağalmamışdır, o yaralardan qan damla-damla axmaqda davam edir. Dağıdılmış, yandırılmış şəhərlərimizin, kəndlərimizin mənzərəsi gələcəkdə dəyişəcəkdir, lakin vurulmuş viranəliklər bizim yaddaşımızı tərk etməməlidir. Bu, heç də düşmənçiliyə çağırış olmayıb, sayıqlıq zərurətini yada salmaq vəzifəsindən irəli gəlir.

Biz qonşularla münasibətlərimizi xalqımıza xas olan dəyərlər sistemi üzərində qurur, istənilən xeyirxah münasibətə daha artıq qaydada cavab verməyə çalışırıq. Bunlar sözdə ifadə olunsa da, kimisə aldatmaq məqsədini güdmür, biz öz nümunəmizin uğuruna bel bağlayır, siyasətimizin məzmunu və bütün çalarları ilə xoş qayəmizi sübut edirik. Azərbaycan ərazicə böyük ölkə olmasa da, beş ölkə ilə quru sərhədə, əlavə iki ölkə ilə su sərhədinə malikdir. ABŞ kimi iri bir ölkə isə şimalda bir, cənubda da bir ölkə ilə - müvafiq olaraq Kanada və Meksika ilə həmsərhəddir. ABŞ öz qonşularına təzyiq göstərmək cəhdlərinə də girişir, prezident Tramp Meksikadan qanunsuz miqrasiyanın qarşısını almaq üçün, onunla sərhəddə hündür sədd də çəkdirirdi. Yeni prezident Bayden divarın tikilməsini dayandırdı.

Azərbaycan üç iri dövlətlə - Rusiya, Türkiyə və İranla həmsərhəddir. Türkiyə ilə ölkəmizi milli və dil yaxınlığı birləşdirir. Ermənistanın xəyanətinə və təcavüzünə qarşı türk qardaşlarımız bizə dəfələrlə yüksək həmrəylik göstərmişdir. 1918-ci ildə ermənilər Qarabağda və Bakıda azərbaycanlı əhalinin  qırğınını törətdikdə, Ənvər paşanın rəhbərliyi altında türk ordusu köməyə gəldi və qanlı vakxanaliyanın qarşısını aldı. Lakin bizə kömək çox hallarda siyasi rəhbərliyin mövqeyindən asılı olaraq həyata keçirilirdi. Keçən əsrin 90-cı illərində mərhum baş nazir Süleyman Dəmirəl guya ehtiyatlılıq ucbatından Azərbaycana Kəlbəcərdəki köçkün əhalini daşımaq üçün helikopter verməkdən imtina etmişdi. Rəcəb Tayib Ərdoğan 2003-cü ildə hakimiyyətə gəldikdən sonra ölkəmizə, xalqımıza münasibət doğmalıq haləsi qəbul etmişdi. İkinci Qarabağ müharibəsində prezident Ərdoğanın siyasi cəsarəti və bütün sahələrdə əməkdaşlığı görünməmiş səviyyəyə qaldırması qələbəmizdə heç də az rol oynamadı. Vəzifəsinə başladığı gündən o, bəyan etdi ki, yalnız Ermənistan ordusu Azərbaycanda işğal etdiyi əraziləri könüllü azad etdikdən sonra, Türkiyə onunla sərhədləri aça bilər. Ermənistan rəhbərliyi şərti qəbul etmədiyindən Türkiyə də müəyyən təzyiqlərə baxmayaraq, sərhədləri açmadı.

Yeni müharibə başlayanda Türkiyə ölkəmizə çox effektli müasir silah sayılan pilotsuz uçuş aparatlarını - dronları satdı. Döyüşlərdə XXI əsr silahından istifadə etməsi Azərbaycan ordusunun havada inhisar üstünlüyü qazanmasına şərait yaratdı.

Dronlar havadan düşmənin mövqelərini aşkara çıxarmaqla, onları zərbə üçün asan hədəfə çevirirdi. Dronların zərbəsindən erməni əsgərləri milçək kimi qırılırdı, düşmənin çox sayda hərbi texnikası sıradan çıxarıldı. Pilotsuz uçuş aparatları (PUA-lar) həm də artilleriyanın, tankların, piyadaların hərəkətlərini əlaqələndirməkdə istifadə edilirdi. Onlar cərrahiyyə zərbələri vurmaları ilə fərqlənirdilər.

Dronun səsi gələn kimi erməni tankçıları idarə etdikləri texnikanı atıb, canlarını xilas etmək üçün qaçırdılar. Onlar bilirdilər ki, dəqiq atəşlə tank məhv ediləcəkdir. Döyüşlərdə Azərbaycana nisbətən yeddi dəfə artıq hərbi texnikanı itirməsi Ermənistana baha başa gəldi, çünki tank, top, raket qurğuları diş fırçası deyil ki, onları istənilən vaxt dəyişə biləsən.

Ordumuzun modern silahla təmin edilməsində İsraillə yanaşı, Türkiyənin iştirakı qələbəmizin əldə edilməsində xeyli rol oynadı. Ona görə də, qələbə sevincini yaşayan Bakı gəncləri küçələrə axışanda, kütlənin başının ütündə milli dövlət bayrağımızla yanaşı, Türkiyənin al-qırmızı bayrağı da dalğalanırdı. Paradda isə prezident Ərdoğan çox təsirli çıxış etdi və Türkiyə silahlı qüvvələri nümayəndələrindən ibarət dəstə tribunanın önündən keçdi. Azərbaycanlıların türk qardaşlarına qarşı minnətdarlıq hissləri, mübaliğəsiz olaraq, hədd tanımır.

Digər qonşularımızla da münasibətlər son dövrlərdə xeyli yaxşılaşmışdır. Rusiya, İran və Gürcüstan ordumuzun zəfərini, doğma torpaqların azad etməsini razılıqla qarşıladılar. Ən vacib cəhət odur ki, qanlı toqquşma dayandırılmış, uzun illər müharibə şəraitində olan regiona sülh müjdəsi qədəm qoymuşdur. Azərbaycan dinc yanaşı yaşamağa, sülhü daim qorumağa və möhkəmləndirməyə hazır olduğunu bildirmişdir. Bizimlə vuruşan qonşu ölkə yaxşı bilir ki, özü xətalara yol verməsə, boş xəyallara düşməsə, Azərbaycan heç vaxt müharibəyə başlamayacaq, sülhsevər mövqeyini tərk etməyəcəkdir.

(Ardı var)

 





02.03.2021    çap et  çap et