525.Az

Ustad yazıçı və müdrik şəxsiyyət - Yazı


 

XALQ YAZIÇISI ƏLİ VƏLİYEVİN ANADAN OLMASININ 120 İLLİYİNƏ

Ustad yazıçı və müdrik şəxsiyyət - <b style="color:red">Yazı</b>

Söz sənətimizin görkəmli nümayəndəsi Əli Vəliyev 27 fevral 1901-ci ildə Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, bu kənddəki 3 sinifli rus məktəbini, Şuşa firqə məktəbini, ardınca Bakı mərkəzi firqə məktəbini bitirib.

Zəngəzur bölgəsində işləyib, həm də təhsilini davam etdirərək Azərbaycan Dövlət Darülfünunu (APİ) bitirib. "Şərq qapısı" qəzetinin redaktoru, bir sıra rayonların partiya və icraiyyə komitələrində, Yazıçıları İttifaqında, İncəsənət İşçiləri İttifaqında çalışıb. Azərbaycan KP MK-nın orqanı olan "Kommunist" qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru olub. Əli Vəliyev 2 fevral 1983-cü ildə vəfat edib, I Fəxri Xiyabanda dəfn olunub.

Əli Vəliyev ədəbi yaradıcılığa gənc yaşlarından başlayıb, 1920-ci illərdən qəzet, jurnallarda hekayələri çıxıb, 1930-cu ildə "Allahın səyahəti" və "Nənəmin cəhrəsi", sonra "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları nəşr edilib. Böyük Vətən müharibəsi cəbhələrinə könüllü yollanıb, tanınmış yazıçı-jurnalist həm də ön cəbhədə iştirak etdiyi, şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazıb, "Cəbhə hekayələri", "Ərköyün", "Sovqat" kitablarını çap etdirib.

1945-1950-ci illərdə "Gülşən" povesti və "Hekayələr" kitabları buraxılıb, 1958-ci ildə "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülüb. 1950-70-ci illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", "Seçilmiş əsərləri"nin I-VI cildləri (Azərnəşr - 1968, 12000 nüsxə), əziz dostu, görkəmli söz ustası Süleyman Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" (Azərbaycan və rus dillərində) romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz", "Samovar tüstülənir", "Gəncliyimi tapdım", "Durna qatarı" povest, hekayə, oçerk kitabları nəşr edilib. 1970-ci illərdə 2 kitabdan ibarət məşhur "Budağın xatirələri" romanı, "Yeni həyat" hekayələr kitabı, "Zamanın ulduzları", "İstedad" (rus dilində), 1980-ci illərdə "Qarabağda qalan izlər", "Narahat adam", "Turaclıya gedən yol" (3-cü nəşri) romanları, "Qənirsiz gözəl", "Zamanın ulduzları" (rus dilində) povest və hekayə kitabları kütləvi tirajlarla nəşr edilib, saf, halal zəhmətlə dolanan, ad-san qazanan əmək adamları haqqında məqalələri dövri mətbuatda yayımlanıb. Onlarca əsəri xarici dillərdə çıxıb.

1950-ci ildə yazdığı "Gülşən" povestinin motivləri əsasında S.Hacıbəyovun bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulub. 1952-ci ildə əsər SSRİ Dövlət mükafatına layiq görülüb. Əli Vəliyev Xalq yazıçısı, Lenin, "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı", "Şərəf Nişanı" ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. Haqqında sənədli film çəkilib, monoqrafiyalar, məqalələr yazılıb.

Ümummilli lider Heydər Əliyevin Əli Vəliyevə xüsusi hörməti var idi. Naxçıvan MSSR-in 50 illik yubileyində Moskva, İrəvan, o cümlədən, Sisiandan və digər respublikalardan nümayəndələr iştirak edir, təbrik nitqləri söyləyirlər. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev son sözündə Sisian rayon partiya komitəsinin I katibinə üzünü tutub deyir: "Bayaq sən Zəngəzurda, Sisianda doğulan xeyli tanınmış insanların sırasında Əli Vəliyevin də adını çəkdin. Sən onun "Budağın xatirələri" kitabını tap oxu, saydığın o adamların Sisianda həyatın çoxlu ağrı-acıları, sərt imtahanları ilə üzləşdiyini Əli Vəliyev aydın göstərib, yaşamaq, oxumaq arzusu ilə Azərbaycana üz tutub orada dediyiniz kimi, şan-şöhrətə yüksəldiyi barədə ətraflı yazıb".

Ulu öndər Heydər Əliyevin bu sözlərində böyük həqiqət var. Əli Vəliyev həyatında görüb yaşadıqlarını avtobioqrafik səciyyəli "Budağın xatirələri"ndə o qədər bədii ustalıqla, həssas duyğularla qələmə alıb ki, təkcə bu əsərlə də Azərbaycan ədəbiyyatında əbədilik qala bilərdi; bu kitab zəngəzurluların timsalında bədnam qonşularımızın xalqımızın başına gətirdiyi faciələrin bədii, tarixi salnaməsidir, Zəngəzurun bənzərsiz təbiətinin, coğrafiyasının, yer-yurd adlarının-toponomikasının mükəmməl ensiklopediyasıdır, bugünkü, gələcək nəsillər üçün yaddaş kitabıdır, müdrik ağsaqqal öyüdüdür, həm də ağır müsibətlər görüb yaşamış müəllifin daxili mənəvi zənginliyini, bənzərsiz ədəbi istedadını dəyərləndirmək baxımından unikal mənbə, ədəbi söz abidəsidir.

Təsadüfi deyildir ki, "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il 56 №-li Sərəncamında Əli Vəliyevin "Seçilmiş əsərləri"nin də nəşri nəzərdə tutulmuşdu.

Azərbaycan ədəbiyyatının çox sayda məşhur simaları - Süleyman Rəhimov, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rüstəm, Məmməd Rahim, Qasım Qasımzadə və başqaları Əli Vəliyev haqqında ədəbiyyatımızın, publisistika və jurnalistikamızın ən nüfuzlu, mötəbər, nüfuzlu təmsilçilərindən, Azərbaycan Sovet nəsrinin görkəmli yaradıcılarından biri kimi bəhs ediblər.

 

Xalq şairi Nəriman Həsənzadə yazır: "Əli Vəliyev haqqında danışanda o nəslin Mirzə İbrahimov, Süleyman Rəhimov, Mir Cəlal, Rəsul Rza, İlyas Əfəndiyev kimi görkəmli şəxsiyyətləri göz önünə gəlir. Hərəsi bir epoxaydı. Əli Vəliyev xüsusi hörmət bəslədiyim bir şəxsiyyət idi. Mən onu mərd, bütöv adam kimi sevirdim".

Əli Vəliyev əsərlərinin dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, həm də şəxsiyyətindən doğan səmimiyyəti onu dövrünün ən çox nəşr edilən, oxunan, sevilən yazıçılarından biri edib. Janrından asılı olmayaraq, onun yazılarından torpaq, çörək ətri, halallıq qoxusu gəlir. İstedad və zəhmətin bəhrəsi olan yaradıcılığı ilə Əli Vəliyev Azərbaycan ədəbiyyatının inkişafına, nəsr dilinin zənginləşməsinə özünəməxsus mühüm töhfələr verib. Sözün namusunu ləyaqətlə qoruyub, başqalarını da buna təşviq edib.

Təbiətdən gələn təbiilik Əli Vəliyevin şəxsiyyət kimi də yaşam tərzi idi. Çalışdığı yüksək vəzifələr, fəxri adlar onu ömrünün sonunadək dəyişmədi, "şəhərləşdirmədi", başqa adama çevirə bilmədi.

Əli Vəliyevə həm ədəbi aləmdə, həm də sadə xalq arasında böyük hörmət qazandıran başqa səbəb də var ki, bu, onun təbiətindən, doğulub böyüdüyü, göz açıb ilk gördüyü vüqarlı dağların əzəmətindən, suyunun, havasının təmizliyindən örnək alan mərdliyi, dostluqda, duz-çörəkdə sədaqəti, çətin günlərdə özünü irəli verməyi, təmənnasız xeyirxahlığı, yaxşılıq etməkdən yorulmadan zövq almağı idi. Qasım Qasımzadə, Bayram Bayramov, Zəlimxan Yaqub, Famil Mehdi, Cəlal Bərgüşad, Eldar Baxış, Qulu Xəlilov, Elbrus Şahmar və başqalarının xatirələrində onun yazıçılığı ilə bərabər, dara düşənlərə, elçilikdən əliboş dönənlərə xeyirxah köməyindən, özünü irəli verib müşgül işlərə əncam çəkməyindən, müdrik ağsaqqallığından yaddaqalan, ibrətamiz detallar var.

Qubadlıya hər gəlişində Ə.Vəliyev doğulub uşaqlıq illərini keçirdiyi Agudi kəndinə mütləq gedər, dünyadan köçənlərin evlərinə gedib başsağlığı verər, hələ ki qınına çəkilib kin-küdurətini, namərd xislətini gizlədib fürsət gözləyən yağıların diş qıcadığı bu ellərdəki çoxsaylı doğmalarına qonaq olar, dərdlərini, problemlərini öyrənib qələmə alır, ölkə və ittifaq rəhbərliyinin nəzər-diqqətinə çatdırar, həssasiyyətlə Bakıda əncam çəkməyə çalışardı. O, mərhum akademik Həsən Əliyevlə birlikdə, Zəngəzur camaatının sözü ötgün mötəbər ağsaqqallarından sayılırdı.

Xalq şairi Zəlimxan Yaqubun sözləri müdrik ağsaqqalın ömür, yaşam kredosunu dəqiq əks etdirir: "Əli Qara oğlu Azərbaycanı, onun təbiətini dünyanın heç bir cənnət guşəsinə, barı-barxanasına dəyişməzdi. Hər cür imkanları olmasına baxmayaraq, o, məzuniyyət günlərini o zamanın məşhur istirahət guşələrində yox, Laçında, Kəlbəcərdə, İstisuda keçirməyə üstünlük verərdi. Həyatda o şəxsiyyətlər zaman-zaman yaşayır ki, Yaradanının ona verdiyi ömür payını xalqına, onun inkişafına, mədəniyyət və ədəbiyyatına sərf etsin".

1981-82-ci ildə Qubadlı rayon komsomol komitəsində işləyirdim, oturaq yerimiz də raykomun 1-ci mərtəbəsi idi. Rayon Mədəniyyət Evində, məktəb, kənd klublarında öz iştirakı ilə 80 illik yubileyini, görüşlərini keçirmişdik. Bu binaya hər gəlişində rayon rəhbərləri ilə görüşürdü, buradan yaxın uzaq kəndlərə camaatın görüşünə, əkin-biçinlə məşğul olan sadə insanlarla canlı ünsiyyətə gedirdi və hər dəfə də xeyli adam Əli müəllimin - "Alı dayı, Alı əmi"nin rayona gələcəyi vaxtı öyrənib səbirsizliklə yolunu gözləyirdi, ya da qaldığı Mahmudlu kəndinə (vəfalı ömür-gün yoldaşı, əsil-nəcabətli, duz-çörəkli mehriban Qumru nənəni bu kənddə görüb-bəyənib özünə ömürlük yoldaş etmişdi) gedirdi; paytaxtda işsiz, evsiz qalan, təyinat ala bilməyən, ya həbsə düşən doğmalarına yardımçı olmaq xahişi ilə ərizələr, məktublar verirdilər, hamıda da ümid, inam var idi ki, Əli müəllim heç bir xahişi boşuna buraxmayacaq, nədəsə kömək edəcək. Elə də olurdu. 

Əli Vəliyev təkcə yazıb yaratdıqları ilə deyil, həm də fiziki-mənəvi varisləri ilə də özündən sonra xalqımıza dəyərli töhfələr bəxş edib; 44 yaşında həyatdan köçmüş Məsud Əlioğlu filologiya elmləri doktoru, professor, Azərbaycanın ən intellektli, novator ruhlu tənqidçi, ədəbiyyatşünaslarından biri idi. Nəvəsi, Xalq yazıçısı Afaq Məsud Əli Vəliyev ocağının layiqli, ləyaqətli davamçısı olaraq, həm şəxsi yaradıcılığı ilə, həm də dövlət əhəmiyyətli bir qurumun rəhbəri kimi milli ədəbi-bədii fikrimizin zənginləşməsində, dünyaya tanıdılmasında xalqımıza, vətənimizə sanballı xidmətlər göstərməkdədir.

Xalq yazıçısı Əli Vəliyevin "Tərcümeyi-hal"ında yazdığı bu sözlər onun ömür yolu ilə tam üst-üstə düşür: "Öz namuslu əməyi ilə həyat sürmək, öz sənəti ilə yaşayıb ömrü başa vurmaq, öz əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir".

Əli Vəliyev belə zəngin sərvətə sahib yazıçımızdır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





02.03.2021    çap et  çap et