525.Az

Bir mətbuat konfransının əks-sədası


 

PREZİDENT İLHAM ƏLİYEV DÜNYANIN DİQQƏTİNİ AZƏRBAYCANA NECƏ YÖNƏLTDİ?

<b style="color:red">Bir mətbuat konfransının əks-sədası </b>

Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı dünya mediasında geniş işıqlandırılmaqdadır.

Xarici jurnalistlər, analitiklər Azərbaycan liderinin 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını 4 dildə fasiləsiz, ətraflı şəkildə cavablandırmasını geniş şərh edirlər.

Mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Məhz Xocalı faciəsi qurbanlarının anım günündə soyqırım həqiqətlərinin ölkə başçısı tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni barbarlığının, erməni faşizminin təkzibolunmaz faktlarla ifşası, bu məlumatların  nüfuzlu KİV-in manşet xəbərlərində yer alması ölkəmizin informasiya cəbhəsində növbəti böyük qələbəsi oldu.

Prezident İlham Əliyev Ermənistanın düşdüyü vəziyyətin səbəbləri barədə ətraflı danışdı, bütün bunların Koçaryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasəti və əsassız iddialardan əl çəkməməsinin, buna qarşılıq olaraq Azərbaycanın Ermənistanı uzun illər ərzində bütün beynəlxalq, regional layihələrdən təcrid etdiyini, onu iqtisadi cəhətdən sarsıtdığını, çökdürdüyünü bəyan edib.

Əfsanəvi Şuşa döyüşləri, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsi, işğaldan azad olunmuş ərazilərdə mərhələli əsasda quruculuq və bərpa işlərinin, nəqliyyat-logistika planlarının reallaşdırılması, 10 noyabr bəyanatının mahiyyəti üzrə icrası, azad edilmiş ərazilərdəki dağıntıların miqyası və digər mühüm məsələlər mətbuat konfransında diqqətdə oldu.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli deyib ki, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi və 4 saat davam edən mətbuat konfransı zamanı postmüharibə dövründə bölgədə yaranmış geosiyasi vəziyyəti dolğun şəkildə təhlil edən dövlət başçısı indiki vəziyyətdə əməkdaşlıq mühitinin formalaşmasını yeganə variant kimi dəyərləndirdi.

O qeyd edib ki, Bakı bununla bağlı Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstanın daxil olduğu altılıq əməkdaşlıq formatını Ermənistana da təklif edib:

"Bu istiqamətdə müsbət dəyişikliklər baş verib və müəyyən addımlar atılmaqdadır. Cənab İlham Əliyev bildirdi ki, bu gün Ermənistanda baş qaldırmış revanşist qüvvələr hakimiyyətə gələrək 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın reallaşmasına mane olmağa çalışırlar. Hətta bu məsələdə artıq onları dəstəkləyən dövlətlər Ermənistanı silah-sursatla təmin etməklə yeni müharibəyə təhrik edirlər. Lakin Azərbaycanla revanşist mövqedən çıxış edən tərəflər bilməlidirlər ki, ölkəmizin "dəmir yumruğ"u hər zaman hazır vəziyyətdədir, onların başını bundan sonra da əzəcək. Cənab Prezident bir daha xatırlatdı ki, Ermənistanda dövlət başında kimin durmasından asılı olmayaraq, razılaşmaları pozmaq cəhdləri, Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, onlar üçün intihara bərabər olacaq.

Mətbuat konfransının gedişində Prezident İlham Əliyevin dəfələrlə qeyd etdi ki, artıq Qarabağda status məsələsi yoxdur və olmayacaq. Biz qələbə qazanaraq Qarabağın qondarma statusunu məhv etmişik və Azərbaycanın digər bölgələrinin statusu nədirsə, onun da statusu o olacaq. Bu, sadəcə olaraq, bütün beynəlxalq təşkilatlara, xüsusilə Vətən müharibəsindən sonra  yaranmış geosiyasi vəziyyətdə çaş-baş qalmış ATƏT-in Minsk qrupuna da bir ismarıcdır ki, məsələnin yenidən gündəmə gətirilməsi sonda mütləq fiasko ilə nəticələnəcək və bu, vasitəçi kimi öz işinin öhdəsindən gələ bilməyən təşkilatın onsuz da azalmış nüfuzuna ağır bir zərbə olacaq.

İşğal altındakı torpaqlarımızın azad edilməsindən sonra Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılmışdır. Qarabağın dirçəldilməsi ilə bölgədə yeni siyasi konfiqurasiyanın yarandığı bir reallıqdır. Bu gün, demək olar ki, dünyanın bütün istiqamətlərindən ölkəmizə qarşı maraqlar tuşlanıb. Yeni logistika layihələri, təbii resurslardan istifadə, turizm üçün geniş imkanların yaranması bu bölgəni hər kəs üçün cəlbedici bir məkana çevirməkdədir. Çünki 30 il bundan öncəki məğlub Azərbaycana münasibətlə bugünkü qalib Azərbaycana münasibət arasında yerlə göy qədər fərq var. Ona görə də, cənab İlham Əliyevin söylədiyi kimi, əgər Ermənistan təklənərək bu layihələrdən kənarda qalarsa, artıq heç kim, hətta ən yaxın tərəfdaşları onu himayə etməyəcək, itirən yalnız özü olacaq və nəticə onlara indikindən daha ağır başa gələcək".

Politoloq Qabil Hüseynli isə bildirib ki, Prezident mətbuat konfransında bir sıra mühüm məsələlərlə yanaşı, faşizm ideologiyasına xidmət edən, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabalığa çevirən, xalqımıza qarşı soyqırımlar törədən Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətlərini də diqqətə çatdırıb.

Prezidentin qonşu dövlətdə yaranmış faciəvi durumun səbəbləri ilə bağlı səsləndirdiyi fikirlər reallığı tam əks etdirir:

"Erməni xalqı üçün ən təhlükəlisi Koçaryan-Sarkisyan xuntasının zamanında korrupsiya və rüşvətxorluğun baş alması idi. Korrupsiya və xalqın büdcəsini məhv edən iqtisadi neqativ amillər elə bir həddə çatmışdı ki, ölkədə insanlar ancaq xaricə qaçmaqla özlərinə nicat tapırdılar. Qarabağ klanı faktiki olaraq iqtisadiyyatın bütün sahələrini ələ keçirmişdi, bu ölkədə sadə erməninin rüşvətsiz, korrupsiyasız iş başına keçməsi mümkün deyildi. İrəvanda özbaşınalıq, kriminal hadisələrin ört-basdır edilməsi klanın yürütdüyü mafioz siyasət nəticəsində neqativ hadisələr tüğyan edirdi. Bütün bunların nəticəsi idi ki, 2008-ci ilin martında, Koçaryanın hakimiyyət müddəti bitib, Sarkisyan iqtidara gələn zaman küçələrdə toplanmış minlərlə əhalinin üzərinə atəş açıldı. Həmin vaxt ölənlər və yaralılar olmuşdu. Başqasının torpağında aparılmış müharibə, 30 illik münaqişə vəziyyəti, qonşularla normal münasibətin olmaması faşist və anormal siyasi ideologiyanın saxlanması ölkəni qaranlıq bir yola daşımalı idi".

Qabil Hüseynli daha sonra ölkə başçısının ermənilərin Türkiyəyə də torpaq iddiası ilə çıxış etmələri barədə fikirlərini yada salıb:

"Ölkə başçısı çox gözəl vurğuladı ki, siz kimsiz axı, kiçik bir dövlət ola-ola Türkiyə kimi nəhəng ölkəyə, NATO-da əsas güclərdən sayılan dövlətə ərazi iddiası irəli sürürsünüz. Ermənistanın indiki rəzil və ağır duruma düşməsinin əsas səbəblərindən biri də məhz Azərbaycanın yürütdüyü təcrid siyasəti idi. Müharibə, müharibənin yaratdığı xərclər, atəşkəs dövründə ölkə iqtisadiyyata lazımi diqqətin ayrılmaması ilə yanaşı, ölkənin sağdan-soldan sıxılması, sərhədlərin bağlı qalması, regional layihələrdən təcrid edilməsi də öz sözünü dedi".

PƏRVANƏ

 





02.03.2021    çap et  çap et