525.Az

Şuşa məscidləri: dini-mədəni irsimizin nadir inciləri


 

Şuşa məscidləri: <b style="color:red">dini-mədəni irsimizin nadir inciləri</b>

İbadət məqsədilə tikilən məscid Allahın evi sayıldığına görə İslam dinində xüsusi əhəmiyyətə malikdir. Həmin ibadət məkanlarına islam hümməti həmişə böyük hörmətlə yanaşıb. Məscid binaları həm də mədəniyyət nümunəsi və tarixi abidə kimi dəyərləndirilir.

Uzun illərdən bəri Qarabağ tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşa məscidləri haqqında AZƏRTAC-ın müxbirinə dolğun məlumat verib: "1769-cu ildə Şuşada "Meydan" adlanan yerdə Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir tərəfindən ilk Böyük Cümə məscidi tikilib. Lakin XIX əsrin 60-cı illərində dövrün tələblərinə cavab vermədiyinə görə Gövhər ağa Cavanşirin vəqf üçün ayırdığı mülklərdən əldə edilən gəlir hesabına memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi və nəqqaş Mir Möhsün Nəvvabın iştirakı ilə məscid əsaslı şəkildə bərpa olunub. Üç dərrakə və üç düşüncənin birləşməsi yeni müasir memarlıq abidəsinin yaranmasına səbəb olub. İki əzəmətli minarə ucaldılıb. Məscidin giriş qapısının üzərindəki daşa həkk olunmuş kitabədən məlum olur ki, bərpa işləri 1867-cı ildə başa çatıb. Məscidin sağ və sol divarlarına Gövhər ağanın vəsiyyətnaməsi yazılıb. Həmin vaxtdan da Cümə məscidi el arasında "Yuxarı Gövhər ağa məscidi" adlanıb.

XVIII əsrin axırları və XIX əsrin əvvəllərində Şuşada sünni əhali arasında 12 müxtəlif təriqət var idi. Həmin vaxt şəhərdə yalnız bir böyük məscid - Cümə məscidi fəaliyyət göstərirdi. İbadət etmək üçün yer azlığından həmin təriqətlərin nümayəndələri, xüsusən də şeyxilər və üsulilər arasında tez-tez narazılıq və münaqişələr olurdu. Ona görə də burada ikinci bir məscidə böyük ehtiyac var idi. Narazılıqları aradan qaldırmaq və dindarların ehtiyacını ödəmək üçün Gövhər ağa İbrahimxəlil xan qızı Cavanşir Cümə məscidinin yaxınlığında yeni bir məscidin bünövrəsini qoyub və onun tikintisi 1834-cü ildə başa çatıb.

Dövrün məşhur şairi Kərbəlayi Abdulla Canı oğlu məscidə maddeyi-tarix yazıb və bu, aydın nəstəliq xətlə giriş qapısının hər iki tərəfində mərmər daşın üzərinə həkk olunub: "Şuşa məmləkətinin banisinin taxt-tacının qübbəsi öz həşəmətilə aya tənə edərək onun qarşısına çıxdı. Qapısı bütün dünya xalqları üçün pənahgah olan qüdrətli İbrahimxəlil xanın elə parlaq bir gövhəri var ki, onun ay tək parlaq camalı günəşin qarşısını tuturdu. O pak gövhər məscid və mehrabın banisi oldu. Firdövsi behişt əhli buna şahid oldu. Əhli qələm bu tarixi belə qeyd elədi: Allahın Kərəm sədəfində Gövhər daimi olsun!"

V.Quliyev şəhərdəki digər məscidlər haqqında bunları söyləyib: "1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi ilə inşa edilən Saatlı məscidi yerləşdiyi məhəllənin adı ilə adlandırılıb. Öz xarici görünüşü ilə tikilinin baş fasadının bağlı şəkildə inşa olunması, əsas girişi qeyri-simmetrik, qadınlar üçün girişin ayrıca götürülməsi, arxa fasadın pəncərəsizliyi və ümumi məscidin təkminarəli olması ilə şəhərdəki digər məscidlərdən tamamilə fərqlənirdi. Bəzi konstruksiya elementləri özündən əvvəl tikilən məscidlərə bənzəyirdi. Buna əsasən interyerdə rast gəlinirdi. Kvadrat şəkilli ibadət zalının mərkəzində qoyulmuş dörd ədəd səkkizbucaqlı daş sütun, ikinci mərtəbədə həmin zalın mehrabı ilə üzbəüz olan qadınlar üçün quraşdırılmış şüşəbənd eyvan və sair bu qəbildəndir.

XIX əsrdə tikilmiş Hacı Yusifli məscidi daxili və xarici konstruksiya baxımından şəhərin o biri məhəllə məscidləri ilə eynidir. Həmin əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş iki mərtəbəli məhəllə məscidi də məhəllənin adı ilə tanınıb. Bunlardan başqa Şuşada Culfalar, Çölqala, Köçərli (1905-ci ildə erməni-müsəlman davasında tamamilə dağıdılıb), Xoca Mərcanlı, Quyuluq, Malıbəyli (kənd), Merdinli, Seyidli və Təzə məhəllə məscidləri də var idi".

 





02.03.2021    çap et  çap et