525.Az

Tarixi abidələrimizə qarşı erməni vandalizmi


 

Tarixi abidələrimizə qarşı erməni vandalizmi<b style="color:red"></b>

Ermənistan təkcə 30 ilə yaxın işğalda saxladığı Azərbaycanın Qarabağ ərazisində deyil, Qərbi Azərbaycan ərazisi olan indiki Ermənistanda, İrəvan və Zəngəzurdakı tarixi-dini abidələri də ya məhv edib, ya da saxtalaşdırıb. Məqsəd isə birdir: qədim Azərbaycan torpaqlarından xalqımızın irsini, tarixini silmək, saxta bir tarix yaratmaq. Xüsusilə də Ermənistan tərəfinin dini abidələrə qarşı barbar hərəkətləri, məscidləri yerlə-yeksan etməsi işğaldan azad edilmiş ərazilərə səfər edən xarici missiyalarda, jurnalistlərdə dərin şok yaradıb.

Hesablamalara görə, Ermənistan ərazisində 100-lərlə ziyarətgah olub. Bunların hər biri dağıdılıb. Yalnız İrəvan şəhərindəki qədim Azərbaycan məscidi olan Göy məscid saxlanılıb ki, onu da saxtakarlıq edərək İran-fars məscidi kimi qələmə veriblər.

Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyir ki, Qərbi Azərbaycan ərazisinin qədim Azərbaycan-türk torpaqları olmasına dair yüzlərlə təkzibolunmaz tarixi mənbələr var. Bu ərazilərə ermənilərin ilk gəlişi 1431-ci ildə Üçkilsə (indiki Eçmiədzin - red.) ərazisinin üçdə birinin və bir neçə ətraf kəndlərin ərazisinin Qriqor adlı bir İran ermənisi tərəfindən 540 min Təbriz gümüş dinarına satın alınmasından başlayıb: "Bu alqı-satqının əlimizdə sənədi var. Qərbi Azərbaycan ərazisinə ermənilərin kütləvi axını tarixdən bildiyimiz kimi, XIX əsrin əvvəllərinə, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonraya təsadüf edir. Ermənilər bu ərazilərə köçürüləndən sonra yerli türk-müsəlman əhalinin qovulub çıxarılması ilə yanaşı, buradakı türk toponimlərini və tarixi abidələrimizi də erməniləşdirməyə başlayıblar. Bu ərazilər tarixən Qıpçaq və Oğuz türklərinin ana vətəni olduğundan buradakı abidələr də türk tayfalarına aid olub".

Ə.Ələkbərli qeyd edib ki, ermənilər həmin abidələrin böyük bir hissəsini bərpa etmək adı ilə qriqoryanlaşdırıb, erməniləşdirib, erməniləşdirə bilmədiklərini isə yer üzündən siliblər: "Bu, təkcə həmin ərazilərdəki qədim xristian türk-alban və xristian türk-qıpçaq abidələrinə yox, həm də müsəlman abidələrinə aiddir. Məsələn, belə bir faktı xatırladım ki, XIX əsrin əvvəllərində İ.Şopen İrəvan şəhəri ərazisində 12 məscid qeydə alsa da, bu gün həmin məscidlərdən yalnız biri qalır ki, o da İran mütəxəssisləri tərəfindən "təmir" edilərək fars məscidi halına salınıb. Tarixi abidələrimizə qarşı həmin vandallıq Qərbi Azərbaycanın bütün bölgələrində, Göyçə, Dərələyəz, Zəngəzur və digər tarixi mahallarımızda həyata keçirilib".

Deputatın sözlərinə görə, təkcə sonuncu - 1988-ci il deportasiyası zamanı soydaşlarımız Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən qovulublar ki, bu kəndlərdə də 400-dən artıq məscid mövcud olub və hamısı tamamilə məhv edilib: "Həm Qarabağ, həm də Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən tarixi abidələrimizə qarşı törədilmiş bu vəhşiliklər tarixi və bəşəri cinayətdir, dünya buna laqeyd qalmamalıdır. Bu abidələrin böyük əksəriyyətinin bizdə görüntüləri var. Artıq ermənilər zaman-zaman törətdikləri bütün bu cinayətlərə görə cavab verməlidirlər. Üstəlik, bütün bu faktlar bir daha sübut edir ki, ermənilərin Cənubi Qafqaza heç bir aidiyyatı yoxdur, onların bu ərazilərə köçürülməsi tarixi səhv olub və onlar öz əməlləri ilə bu ərazilərdə yaşamağa layiq deyillər".

"Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılov deyib ki, ermənilər Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra müsəlman dini abidələri, inanc yerləri, qəbirlər, ziyarətgahlar, məscidlər birmənalı şəkildə məhv edilməyə başlanılıb.

"Son 200 il ərzində ermənilər bütövlükdə buna nail oldular. Lakin həmin abidələrin qalıqları indiyə qədər qalmaqdadır. Onlar təbliğat aparırlar ki, guya bu ərazilərdə türklər, azərbaycanlılar yaşamayıb və bura ermənilərin qədim yaşayış yerləri olub. Tarixi saxtalaşdırıblar.

Karvansaralarımızı və digər abidələrimizi ermənilərin yaratdıqları kimi qələmə verirlər. Lakin Zəngəzurdakı Səlim keçidində Səlim karvansarasının adını dəyişə, erməniləşdirə bilmirlər. Çünki bu ad bütün tarixi mənbələrdə Səlim qeyd olunub. Bunu doğrudan da ermənilər tiksəydi, Aşot və ya digər erməni adı verərdilər. Səlim karvansarasını onlar erməni mədəniyyət abidəsi kimi təqdim etməyə çalışırlar. Lakin onun daxili interyerində və çölündə ərəb dilində yazılar qalıb və karvansaranın yaranması haqqında burada məlumatlar var".

PƏRVANƏ

 





02.03.2021    çap et  çap et