|
|
|
|
Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, dövlətimiz öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün bütün imkanlarını səfərbər edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Bundan sonra da həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin və onların rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bir sözlə, qazilərə və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir:
“Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcək. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Onu da qeyd etmək lazımdır ki, bu kateqoriyalardan olan şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, bu çərçivədə yeni hüquqi-normativ aktlar qəbul edilib. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, onlara ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların reabilitasiya, pulsuz istirahət, texniki-bərpa ilə təminat proqramlarına cəlb olunmasını da həyata keçirib. Eyni zamanda, qanunvericilikdə bu təbəqədən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapıb”.
Deputatın fikrincə, Vətənimizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş şəxslərə və şəhid ailələrinə olan bu qayğı bir daha təsdiqləyir dövlətimizin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı, xüsusilə, torpaqlarımızın işğalçılardan azad olunmasında iştirak edən insanlar və onların ailələri dayanır.