525.Az

Təbii Ehtiyatlar İnstitutunda elmi-praktiki seminar


 

Təbii Ehtiyatlar İnstitutunda elmi-praktiki seminar<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Fizika ixtisası III kurs tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən seminarda institutun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev laboratoriyada görülən işlər haqqında ətraflı məlumat verib.

Tədqiqatçı bildirib ki, laboratoriyada  Naxçıvan Muxtar Respublikası ərazisində bərpa olunan enerji mənbələrinin öyrənilməsi, yüksək effektli fotovoltaik materialların və çeviricilərin alınması, alınmış strukturların fotoelektrik və optik xassələrinin öyrənilməsi istiqamətində işlər aparılır.

“Laboratoriyanın əsas tədqiqat obyekti kimyəvi çökdürmə üsulu ilə qurğuşun və kadmium xalkogenidləri, onların bərk məhlullarının nazik təbəqələri və bu birləşmələr əsasında heterostrukturların alınmasıdır”,- deyə bildirən alim burada müxtəlif səthlər üzərində yüksək adgeziyaya malik, bircins yarımkeçirici nazik təbəqələrin alınmasına, onların optik udma spektrlərinin ətraflı tədqiq olunmasına diqqət çəkib.

Seminarda tələbələrə kimyəvi çökdürmə yolu ilə alınmış yarımkeçirici  nazik təbəqələrin dielektrik xassələrinin tədqiqi zamanı alınmış əyrilərin nəzəri funksiyalara uyğunluğunun aparılmasının vacibliyi və bu zaman çox mürəkkəb alqoritmlərdən  istifadə olunması haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, ellipsometrik ölçmələrin analizi ilk dəfə olaraq dosent M.Hüseynəliyev tərəfindən “Graphical analysis” proqramı ilə həyata keçirilmiş, onun istifadə metodikası işlənib hazırlanmışdır. O qeyd edib ki, bu üsuldan istifadə olunmasını Fiziki tədqiqatlar laboratoriyasının əsas uğuru hesab etmək olar.

Sonra laboratoriyanın kiçik elmi işçisi Leyla İbrahimovanın tanınmış alim “Albert Eynşteynin həyatı və elmi fəlaiyyəti” haqqında çıxışı dinlənilib.

 





03.03.2021    çap et  çap et