525.Az

Türkiyəli Mehmetin yaxın qohumu - Səməd Səfərovun yazısı


 

Türkiyəli Mehmetin yaxın qohumu - <b style="color:red">Səməd Səfərovun yazısı </b>

Moskvada universitetin üçüncü kursunda oxuyurdum. Dekabr ayı idi. Dərs ili başlayandan bir fikir ağlımdan heç çıxmırdı.

Fikirləşirdim ki, artıq təhsil müddətinin sonuna yaxınlaşıram, bundan belə yay tətillərində Azərbaycanda dincəlmək əvəzinə, Moskvada iş təcrübəsi qazanmaq daha faydalı olar. Tətildə burada qalıb böyük beynəlxalq şirkətlərdən birində işləməyi arzulayırdım. Qısa iş təcrübəsi tərcümeyi-halımı müəyyən qədər zənginləşdirməkdən əlavə, həm də yeni biliklər mənimsəmək imkanı demək idi. Bunun üçünsə hər yay tətilində İsmayıllıda istirahətə xitam vermək lazım gələcəkdi.

Ancaq bir çətinliyim vardı. Moskvada hansısa nüfuzlu şirkətdə işə düzəlmək onsuz da müşkül idi, o ki qaldı böyük beynəlxalq firma ola. Rusiyalı tələbələrin özlərinin iş tapmaqda çətinlik çəkdikləri halda xarici vətəndaşlar üçün bu ehtimal daha aşağı idi.

Dekabr ayında axşam vaxtı yataqxanada bu qayğıları yenə götür-qoy eləyirdim ki, telefonuma zəng gəldi. Yaşar idi. Hal-əhval tutduqdan sonra soruşdu:

- Sabah dərsin var?

- Hə, saat 8-10 arası. Nədir ki?

- Mehmetin Türkiyədən yaxın qohumu gəlib, 55-60 yaşlarında kişidir. Mehmet sabah onu şəhərin mərkəzində gəzdirəcəkdi, amma təcili işi çıxıb. Mənə zəng eləyib soruşdu ki, tanış-tunuşdan kimsə qohumunu gəzdirə bilməz ki?

Kefim açıldı, ağlımdan min cür fikir keçdi. Yaşarla bir neçə ay öncə Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbirdə tanış olmuşduq və dostlaşmışdıq. O, Moskvada böyük türk şirkətlərindən birində baş maliyyəçi vəzifəsində işləyirdi. Yay tətilində təcrübə keçmək istəyimi ona bildirəndə söz vermişdi ki, həm çalışdığı şirkətdəki iş yoldaşları, həm də başqa firmalardakı tanışları ilə bu haqda danışacaq. O tanışlardan biri də Türkiyənin iri inşaat şirkətlərindən birinin Moskvadakı filialının müdiri Mehmet idi. Mehmet Yaşara demişdi ki, yaz ayları gəlsin, iş fürsəti olsa, mütləq xəbər verəcək.

Odur ki, Yaşar mənə Mehmetin qohumunu gəzdirmək məsələsini deyəndə atalarımızın müqəddəs kəlamları yadıma düşdü: Bu dünya əvəz-əvəz dünyasıdır, yaxşılığa yaxşılıq hər kişinin işidir və sairə. Mən Mehmetin yaxın qohumunu öz qohumum kimi elə gəzdirərəm ki, səyahətimiz onun yaddaşına ömürlük həkk olunar. Mehmet də qanacaqlı, məriftəli adamdır, o boyda filialın müdiridir, yay gələndə o da qarşılığını verər.

- Niyə gəzdirmirəm?! Hara lazımdır apararam! - qətiyyətlə dedim.

- Çox sağ ol. - Yaşar təşəkkür etdi - Mehmet kişinin xətrini çox istəyir. Birinci dəfədir Moskvaya gəlib, kişini şəhərin ən gəzməli-görməli yerlərinə aparmaq istəyir. Dedi ki, pul sarıdan qətiyyən narahatlıq yoxdur. Hər yerə taksiylə gedin, bahalı restoranlarda yeyib-için. Hətta gördün kişinin ürəyi nəsə bir şey çəkdi, tərəddüd eləmə, çıxar pulu, al, ver. Nə xərc çıxsa, Mehmet artıqlaması ilə verəcək.

- Gözüm üstə!

Yaşarla vidalaşan kimi kompüterdə xəritəni açdım. Dəftər-qələmi qabağıma qoyub, turistlər üçün maraqlı yerləri nəzərdən keçirdim, marşrut cızdım. Mehmetin qohumunu şəhərin mərkəzdə qaldığı mehmanxanadan götürüb, sıra ilə Qızıl meydanı, QUM ticarət mərkəzini, Xilaskar İsa kafedralını, Arbatskaya küçəsini göstərəcək, oradan Kiyevski metrosunun yanındakı Avropa ticarət mərkəzinə gedəcəkdik. Daha sonra Tverskaya küçəsinə gəlib, Puşkin meydanında dolaşacaq və kişini saat 6-da otelə ötürəcəkdim. Mükəmməl bir plan idi!

Səhərisi gün dərsdən sonra vəd edilən vaxtda otelə çatdım və gördüm ki, vestibüldə əsmər bənizli, hündürboy və görkəmli bir adam dayanıb. Qalın bığı və dalğalı saçı vardı. Uzaqdan Səməd Vurğuna oxşayırdı.

Yaxınlaşıb:

- Salam, Erdal bəy sizmisiniz? - deyə soruşdum.

Kişi məni başdan aşağı diqqətlə süzdü, sanki nəyisə təhlil edərcəsinə qiymətləndirdi. Sonra qalın bığları anidən hərəkətə gəldi. Qısa və quru cavab verdi:

- Bəli.

Amma deyəsən, imtahanı hələ tam keçə bilməmişdim, kişinin üzündə şübhə vardı:

- Məni Mehmet bəy göndərdib. Sizi şəhərdə gəzdirməyimi xahiş etmişdi, - deyə əlavə etdim.

- Tamam - yenə qısa cavab verdi.

Haraları gəzmək, nələri görmək istədiyini soruşdum:

- Bilmirəm, mərkəzi yerlər ola bilər - deyə həvəssiz cavab verdi.

Qızıl meydana doğru addımlamağı təklif etdim. Başı ilə razılıq bildirdi. 

Qaradinməz və ciddi xasiyyətli adama oxşayırdı. Yolboyu onu danışdırmağa cəhd elədim: "Erdal bəy, təyyarə ilə necə gəldiniz?", "Erdal bəy, Moskva xoşunuza gəlirmi?", "Erdal bəy, hava soyuqdurmu?", "Erdal bəy, otel xoşunuza gəlirmi?"...

Aramızdakı buzları əritməyə nə qədər çalışsam da, Erdal bəy təmkinini pozmadı və lakonik cavablar verməyə davam etdi. Xəyalımda gün sonunda Mehmetin Erdal bəyə "Gününüz necə keçdi?" - sualını verməsi canlandı. Əgər Erdal bəy bu suala da belə könülsüzcə cavab versəydi, Mehmetin, yəqin, daha məni görən gözü olmayacaq və beləcə, arzularım, necə deyərlər, suya düşəcəkdi.

Qərara gəldim ki, daha sual verməyim. Bəlkə kişiyə Moskva haqqında maraq doğuran məlumatlar versəm, dili açılar. Odur ki, şəhərin tarixindən, mədəniyyətindən, buradakı yaşayışın müsbət və mənfi tərəflərindən bəhs etməyə başladım və bu gün üçün planlaşdırdığım marşrutdan ağızdolusu danışdım. Bu vaxt ərzində Qızıl meydana çatıb, bir qədər dolaşmış, təxminən 15-20 dəqiqə gəzmişdik. Erdal bəy hələ də susqun halda məni dinləyir, yalnız ara-sıra yığcam cavablar verir və nadir hallarda nəsə soruşurdu:

- Erdal bəy, qarşıdakı QUM ticarət mərkəzidir. Füsunkar arxitekturaya malikdir. İçərisinə girən kimi elə bil, iki əsr əvvəlki zəmanəyə düşürsən. Adamı valeh edir. Ora gedəkmi?

Erdan bəy başını döndərib, meydanın kənarındakı kiçik tikilinin önündəki insanları işarə etdi və soruşdu:

- Orada niyə növbə var?

- Ora Leninin mavzoleyidir. İçində onun nəşi saxlanılır.

- Xarici vətəndaşlar da ziyarət edə bilərmi?

Erdal bəyin açılışdığını görüb xoşhal oldum:

- Bəli, bəli.

Leninin mavzoleyinə tərəf getdik. Növbədə bir az gözləyəndən sonra içəri keçdik. Erdal bəy diqqətlə binanın interyerini və içəridəki səliqə-səhmanı gözdən keçirdi. Şüşə içərəsində saxlanılan Leninin yanından ötəndə ayaq saxladı, onun gur işıqlandırılan üzünə yaxınlaşdı və Leninə uzun-uzadı baxdı. Bu vaxt bilmədim, Erdal bəy Leninə pıçıltı ilə nəsə deməkmi istəyirdi, yoxsa orada uzananın kukla olub-olmadığınımı dəqiqləşdirməyə çalışırdı. Hər halda kişi Leninə çox diqqətlə baxdı və bu, bir neçə rus ziyarətçinin təəccübünə səbəb oldu.

Bir az sonra mavzoleyi tərk edərkən Kreml divarları boyunca xatirə qəbiristanlığının olduğunu və burada azərbaycanlı Nəriman Nərimanovun, Stalinin, Qaqarinin də dəfn olunduğunu Erdal bəyə bildirdim.

- Biz də gedə bilərikmi? - deyə Erdal bəy soruşdu.

Tərəddüd etdim və kişinin gözlərinin içinə baxdım:

- Erdal bəy, ağsaqqal kişisiniz, gecə yuxuma haram qatıb, sizin üçün xüsusi səyahət marşrutu hazırlamışam. Birinci dəfədir Moskvaya gəlmisiniz. Lenini görmək istədiniz, başa düşdüm. Amma gəlin gedək QUM-da gəzək, orada əntiqə bir kafe var, isti vanilli kofe içərik, sonra düşərik küçələrin, prospektlərin canına. O meydan sənin, bu meydan mənim! Nə var o divarın dibindəki qəbirlərin yanında? - demək istədim, amma ürək eləmədim. Sadəcə "Əlbəttə, niyə olmur ki! Gedək!" deyə cavab verdim.

Yola təzə düzəlmişdik ki, cibim titrədi və telefonumdan cingilti səsi gəldi. Yaşar idi, mesaj yollamışdı, nə etdiyimizi soruşurdu. Qısa cavab yazdım: "Lenin mavzoleyindən çıxdıq, Kreml divarındakı nekropola gedirik". Sonra fikirləşdim ki, içimdəki bu həqiqət sevgisinə lənət olsun! De ki, müzeyə, kafeyə gedirik də, "nekropol" nədir?! Elə təmtəraqla yazırsan ki!..

Erdal bəylə bir-bir məzarlara baxdıq, məndən orada yatanların kim olduqlarını soruşdu. Kişini çox məmnun edə bilmədim, tanıdığım tək-tük şəxs vardı.

Nekropol gəzintisini bitirib, Qızıl meydana sarı addımlamağa başladıq. Bu vaxt istədim, Nazim Hikmətlə bir azərbaycanlı şairin 50-55 il əvvəl bu meydanda gəzərkən başlarına gəlmiş bir əhvalatı xatırladım. Amma Erdal bəylə davam edən təmkinli söhbətlərimiz timsalında bu əhvalat ədəbsiz görünəcəkdi. Onun yerinə ümumi olaraq Azərbaycan dili ilə Türkiyə türkcəsi arasındakı fərqlər haqqında danışmağa başladım. "Düşmək" və "subay" kimi sözlərin hər iki dildəki fərqindən dolayı yaranmış gülünc hadisələrdən bəhs etdim. Bu mövzu Erdal bəyin xoşuna gəldi və ilk dəfə gülümsəməyə başladı.

Kişinin əhvalındakı müsbət dəyişikliyi görüb ürəkləndim və Nazim Hikmətin əhvalatını danışmağa başladım:

- Erdal bəy, Nazim Hikmət bir azərbaycanlı şairlə Qızıl meydanda gəzirmiş. Bu vaxt azərbaycanlı şair deyib ki, Nazim, qıçım yaman ağrıyır. Nazim Hikmət ona cavab verməyib. Bir az yeriyəndən sonra azərbaycanlı şair yenə təkrar eləyib ki, Nazim, oturaq, qıçım ağrıyır. Bu vaxt da Nazim Hikmət reaksiya verməyib. Üçüncü dəfə azərbaycanlı şair şikayətlənəndə ki, ay Nazim, qıçım öldürdü məni, oturaq, Nazim Hikmət bərk hiddətlənib ki, ay filankəs, ay ustad, ay filosof, böyük şairsən, ayıbdır, "qıç" nədir, adam da elə söz deyər?! Azərbaycanlı soruşub ki, burada nə var ki, ayağım ağrıyır da. Nazim Hikmət onda başa düşüb ki, Azərbaycan dilində "qıç" ayaq demək imiş, türkcə isə adamın dalına belə deyirlər.

Bunu deyib qurtarmışdım ki, Erdal bəy başladı qaqqıltı ilə gülməyə. Ha özünü toparlayıb, dodağını sıxıb, ciddi görkəm almaq istəsə də, bacarmırdı, yenə dodağı qaçırdı, uğunurdu. Sonra yenə gücənirdi, yenə cəhd eləyirdi, amma çifayda, məcburən əhvalına təslim olurdu. And olsun, kişi elə içdən, elə uzun-uzun gülürdü ki, elə bilirdim, Qızıl meydanın ortasında ürəyi gedib, yerə səriləcək.

Artıq otelin qabağında rastlaşdığım o qaraqabaq Erdal bəydən əsər-əlamət yox idi. Elə bil, kişinin ürəyi əvvəl buz idi, indi əridib su eləmişdilər. Ya nə bilim, əvvəl elə bil, daş idi, oyub qaş eləmişdilər. Kişi başladı daha tez-tez gülümsəməyə, daha çox sual verməyə, hətta gördükləri barədə öz fikirlərini də bölüşürdü. Artıq onunla ünsiyyətdən mən də zövq almağa başlamışdım.

Bir qədər söhbətləşdikdən sonra marşruta uyğun olaraq yenə QUM-a getməyi təklif etdim və nəhayət, Erdal bəy yumşalıb razılaşdı. On-on beş metr getmişdik ki, kişi qəfildən soruşdu:

- Nazim Hikmətin də məzarı Moskvadadır?

- Bəli.

- Haradadır?

- Xüsusi qəbiristanlıq var, orada. Başqa məşhur insanlarla birlikdə dəfn edilib.

- Uzaqdadırmı?

- Yox... - ehtiyatla dedim.

- Gedə bilərikmi?

Yenə tərəddüd etdim, amma bu dəfə özümü saxlamaq çətin idi, ipin ucu qaçmışdı:

- Erdal bəy, əslində, burada şəhərin mərkəzində çox daha maraqlı yerlər var. Sizi əzəmətli bir kafedrala aparmaq istəyirəm. Müdhiş gözəlliyi var! Elə bil, Aya Sofyadır. Sonra İstiqlal caddəsi kimi məşhur, sağında-solunda müxtəlif mağazalar, kafelər, restoranlar olan Arbatskaya küçəsinə gedə bilərik, - dedim.

- Marağımı cəlb elədi, gedək, Nazim Hikməti ziyarət edək, - deyə Erdal bəy qətiyyətlə bildirdi.

- Tamam - deyib razılaşdım və düşündüm ki, eybi yox, taksi ilə tez gedib gələrik. QUM ilə kafedralı isə marşrutdan çıxararıq.

Avtomobil yolunun kənarına gəldik. Taksi saxlamağa çalışırdım ki, Erdal bəy soruşdu:

- İctimai nəqliyyatla getmək mümkündürmü?

Təəccüblə kişiyə baxdım

- Erdal bəy, metro ilə gedə bilərik, amma tez olsun deyə taksiylə gedək istəyirsəniz, - deyə kişini yola gətirməyə çalışdım.

- Metro daha yaxşıdır.

- Mehmet bəy məndən xahiş etdi ki, sizinlə hər yerə taksidə gedək, rahat olsun.

- Metroyla gedək, - bu dəfə daha inadkar idi.

Stansiyaya doğru addımlamağa başladıq və bu vaxt telefonum yenə cingildədi. Yaşardan cavab mesajı gəlmişdi: "Nömrəni Mehmet istədi, verdim. Sənə zəng edə bilər". Halım qarışmağa başladı. İndi mənə zəng eləsə, soruşsa ki, haradasınız, nə edirsiniz, nə cavab verəcəyəm? Kişini Qızıl meydandan savayı, düz-əməlli yerə apara bilməmişdim.

Stansiyaya endik. Metro kartını almaq istəyərkən Erdal bəy israr etdi, özü ödədi. Dedim narahat olmasın, məhəl qoymadı. Platformaya keçdik, orada da diqqətlə divardakı, sütunlardakı bədii təsvirlərə baxdı. Qatarda gedərkən isə mənə Moskva metrosu haqqında təfərrüatlı suallar verdi. "İki stansiya arasında ortalama vaxt nə qədərdir?", "İnsanlar metroda gedərkən adətən nə edirlər?" və bunun kimi başqa suallar.

"Sportivnaya" stansiyasına çatanda çölə çıxıb üzü Novodeviçye qəbiristanlığına tərəf getdik. Buradakı mənzərəli heykəllər və abidələr Erdal bəyi heyrətləndirdi. Bir qədər gəzdikdən sonra Nazim Hikmətin məzarını tapdıq. Qəbrin başdaşı yerində üzərində qaranlıq insan silueti təsvir edilmiş iri qaya vardı. Erdal bəy ilk öncə əllərini qaldırıb fatihə sürəsini oxudu. Sonra bu insan siluetinə uzun-uzadı baxdı və hiss elədim ki, bu dəfə o, Leninə baxdığı kimi baxmır. Nəsə başqa cür baxır. Gözləri yaşarmışdı.

Yavaş-yavaş üzümüzə düşən qar dənəciklərinin sayı artırdı. Məzarlığın çıxışına sarı irəliləməyə başladıq. Fikirləşdim ki, artıq mərkəzi küçələrə dönə bilərik, amma əvvəlcə yaxınlıqdakı nəfis restoranlardan birində qarnımızı doydurmalıyıq. Özüm çoxdandır o restoranlara baş çəkmək istəyirdim:

- Erdal bəy, aclığınız varsa, yaxında məşhur bir gürcü restoranı var. Ora gedə bilərik.

- Olar - dedi.

Yol üstündə Yeni il bayramı münasibətilə müvəqqəti qurulmuş küçə yarmarkasının yanından keçdik. Erdal bəy buranın nə olduğunu soruşdu və təklif etdi ki, ora baş çəkək. 

Dükanlarda canlı küknar ağacları, bayram bəzəkləri, əllə hazırlanmış suvenirlər, aksessuarlar, müxtəlif toxuma geyimlər və rəsm əsərləri satırdılar. Erdal bəy maraqla bu əşyalara baxır, bəzilərini əllə yoxlayırdı. Arada məndən bəzi şeyləri satıcılardan soruşmağımı istəyirdi: "Özünüzmü tikmisiniz?", "Harada öyrənmisiniz?" və sairə.

- Erdal bəy, istədiyiniz bir şey varmı alım? - deyə bir neçə dəfə soruşdum və əlimi cibimə salıb, hazır şəkildə gözlədim ki, Mehmetin arzusunu həyata keçirim.

- Ehtiyac yoxdur, - deyə cavab verdi, lakin mənim tərcüməçilik xidmətimdən yararlanmağa davam etdi.

Yarmarkanın sonunda peraşki, samsa və undan hazırlanmış başqa yeməklər satılan dükanlar vardı. Erdal bəy bu məhsullara da diqqətlə baxıb, içində nə olduqlarını soruşdu. Sonra əlini cibinə atdı. Dərhal müdaxilə elədim:

- Erdal bəy, gürcü restoranı çox yaxındadır. Əla yeməklər var orada.

Kar eləmədi. Adama bir peraşki, bir samsa, bir dənə də kisel aldıq. Ödənişi yenə Erdal bəy etdi. Yaxınlıqdakı skamyada oturub, yeməyə başladıq. Ondan Türkiyədə harada yaşadığını soruşdum. "Antalya" dedi. Oranın havası, təbiəti və yaşayışı haqqında danışdıq. Öz övladları haqqında da qısa məlumat verdi. Bir oğlu, bir qızı varmış. İkisi də İstanbulda yaşayırmış.

Söhbət əsnasında hərdən gözümün ucu ilə telefona baxırdım və fikirləşirdim ki, Mehmet qəflətən zəng etsə, ona nə deyəcəyəm? Dayanmadan müxtəlif versiyalar haqqında fikirləşirdim. Elə bir şey deməliydim ki, nə yalan olsun, nə doğru. Məsələn, soruşsa idi ki, haradasınız, deyə bilərdim ki, yemək üçün yaxşı bir yerə gəlmişik, özbək mətbəxidir, samsa yeyirik. Məgər yalandır? Xeyr, Yeni il yarmarkası maraqlı, yəni "yaxşı" yerdir. Yediyimiz də samsadır, özbək mətbəxindəndir.

Artıq qar sürətlənirdi, dənəciklər plastik bardaqdakı kiselin içinə düşüb boğulurdular. Fikirləşdim ki, saat üçdür, bir azdan qaş qaralacaq, qalxıb yola düşmək lazımdır. Taksiyə oturub, Arbatskaya küçəsinə gedib, orada bir az dolaşıb, sonra da Tverskaya küçəsinə yollana bilərdik. Avropa ticarət mərkəzinə gediş də plandan çıxmışdı.

- Erdal bəy, vaxt ötür, Arbatskaya küçəsinə gedəkmi?

Erdal bəy irəlidəki hündür tozağaclarına baxaraq soruşdu:

- Yaxında yaxşı park varmı?

- ...Vorobyovı Qorı parkı var. Çayın sahilində.

- Uzaqdadır?

- Taksiylə 10 dəqiqəyə çatarıq.

- Avtobus gedirmi?

Qısası, avtobusa oturduq və parka gəldik. Bizdən başqa kimsə yox idi. Moskva çayının sahilinə doğru pilləkənlə endik və sahilə çatarkən oranın çəpərə alındığını gördük. Erdal bəy bunun səbəbini soruşdu. Çəpərin üstündə qış ayları ərzində bərpa-təmir işlərinin aparıldığı yazılmışdı. Tərcümə etdim. Kişi bir az üzüldü.

Mən isə sevinmişdim: artıq buranı tərk edib, pozulmuş marşrutumuza qayıda bilərdik. Ən qısa şəkildə geriyə necə dönə bilərik, hara ilə gedə bilərik deyə düşünməyə başladım. Nəhayət, qərar verdikdən sonra ətrafa boylandım ki, Erdal bəy yoxdur. Arxama döndüm, gördüm, kişi yox. Sağa-sola baxdım, kişi yox. Bu alatoranlıqda, qarın da şiddətləndiyi vaxtda Erdal bəyi parkdamı itirəcəkdim?

- Erdal bəy! Erdal bəy! - deyə təşvişlə çağırmağa başladım. İrəli gedib, çaya sarı boylandım. Orada qaraltılar vardı, amma soyuqdan üşüyən ördəklər idi.

Bir az keçmiş metal ciyiltisinin səsi eşidildi:

- Buradayam - Erdal bəy iki çəpəri əli ilə aralayıb, inşaat olan sahədən çıxdı.

Mat-məəttəl baxdım:

- Bir şeymi gördünüz? - deyə soyuqqanlıqla elə soruşdum ki, elə bil, çəpəri adlayıb inşaat sahəsinə keçmək bu vəziyyətdəki ən adi hadisələrdən biri idi.

- İnşaata baxırdım, - qısa olaraq cavab verdi.

Nə deyəcəyimi bilmədim. Fikirləşdim ki, kişi yəqin pərişan olub. Parkda gəzmək istəyirdi, arzusu gözündə qalıb. Bir qədər tərəddüdlə öz-özümə düşündüm və nəhayət, qərar verib dilləndim:

- Erdal bəy, bir neçə metro stansiyası uzaqlıqda meşə-park var. Meşənin bir hissəsində gəzi zolaqları, skamyalar qurublar. İnsanlar yayda orada piknik edir. Mən də oranı çox sevirəm. İstəsəniz, gedə bilərik. Amma taksi ilə getməliyik, avtobus və ya metro bizi çox gecikdirər, həm də artıq qaranlıq düşüb.

Erdal bəy bir qədər fikrə gedib, gülümsədi və "tamam" dedi.

Daha vecimə deyildi - Mehmet zəng edərmi, etməzmi. Erdal bəy birinci dəfə idi Moskvaya gəlmişdi, özü istədiyi kimi gəzmək istəyirdi. Marşrutu-zadı boş vermişdim, kişinin könlü necə istəyir, elə də gəzdirəcəkdim. Mehmet də ki məmnun qalmazsa, qalmaz, özü bilər, başqa şirkət taparam...

Meşə-parka çatıb, gəzməyə başladıq. Bura Erdal bəyin çox xoşuna gəldi. Səliqə ilə qurulmuş səkilər, uşaq və idman meydançaları, çardaqlar, taxtadan oyulmuş heyvan fiqurları onun zövqünü oxşayırdı. Hiss olunurdu ki, burada olmaqdan həzz alır. Bu, məni də sevindirmişdi.

Xeyli gəzdikdən sonra telefonuma zəng gəldi. Azca həyəcanlanan kimi oldum, amma ekranda Yaşarın adını görüb sakinləşdim.

- Mehmet işini erkən qurtarıb, bir saat sonra onun şirkətinin ofisinə gələ bilərsinizmi? - deyə soruşdu.

- Olar - dedim. Erdal bəyə də xəbər verdim, o da razılaşdı.

Taksi ilə ofis yerləşən ikimərtəbəli binaya gəldik. Maşından enib, qapını döydüm. Qapı açılan kimi Mehmet göründü. Əllərinin ikisini də göyə qaldırıb, cəld şəkildə Erdal bəyə uzatdı:

- Başqan, xoş gəlmisiniz, xoş gəlminiz! Həmişə siz gələsiniz! Buyurun! Buyurun!

Erdal bəy təşəkkür edib, içəri girdi. Orada Yaşar və tanımadığım, amma çox şıq və bahalı olduğu görünən kostyumlar geymiş 5-6 nəfər vardı. Hamısı sıra ilə Erdal bəyə yaxınlaşıb, eyni coşğu ilə "Başqan, xoş gəlmisiniz!", "Sizinlə tanış olmaq çox qürurverici" deyə iltifat göstərdilər. Mən təəccüblə baş verənləri izləyirdim. Erdal bəy eyni ilə səhər onu gördüyüm kimi təmkinli, ciddi görünürdü, amma hamını hörmətlə salamlayır, "Çox sağ olun", "Allah razı olsun" deyirdi.

Yaşara yaxınlaşdım:

- Kimdir bunlar?

O, adamların kimliyini bir-bir qulağıma pıçıldadı. Biri Moskvadakı türk bankının müdiri idi, digəri ərzaq malları istehsal edən şirkətin filial müdiri idi, digəri başqa bir şirkətin sədri idi. Qısası, otaqda olanların hamısı Moskvadakı ən böyük türk şirkətlərinin rəhbərləri idi.

- Bəs Erdal bəy kimdir?

- Antalyanın bələdiyyə başqanı.

- Bələdiyyə başqanı? Həm də Mehmetin qohumudur?

- Yox, qohumu deyilmiş. Özü mənə demək istəməyib.

- Erdal bəy Türkiyədə məşhur adamdır?

- Baş nazirin yaxın adamlarındandır.

Mat qalmışdım. Yaşarla bu adamların söhbətinə qulaq verib tamaşa edirdik. Arada bir nəfər Erdal bəydən soruşdu:

- Başqan, necə gəzdiniz?

Bu vaxt Erdal bəy ilk dəfə üzünü mənə tərəf döndərdi və dedi:

- Çox gözəl gəzdim, çox məmnun oldum. Səməd bəy məni gözəl yerlərə apardı. Buradakı işləri də qiymətləndirdim.

Otaqdakı şirkət rəhbərləri dönüb mənə baxdılar və qürurlandım. Fikirləşdim ki, gərək, Erdal bəyə təcrübə məsələsini deyərdim, indi söhbəti ortaya atsaydı, bu rəhbərlərin hamısı mənə iş vermək üçün bəhsə girəcəkdilər.

Bir qədər sonra Yaşar"icazənizlə, biz artıq gedək" dedi və hamı ilə sağollaşdıq. Erdal bəy mənə təhsilimdə uğurlar arzuladı. Çölə çıxanda dayanmadan şikayətləndim:

- Yaşar, kişinin kim olduğunu Mehmet əvvəldən desin də! Bəlkə mən yayda gedib Antalyada təcrübə keçmək istəyərəm! Həm dincələcəkdim, həm də işləyəcəkdim! Nə qədər İsmayıllıya getmək olar!

- Mən nə bilim, bilsəydim, işdən icazə alıb, bu gün elə özüm onu gəzdirərdim!

Axşam internetdə axtarış verib, Erdal bəy haqqında məlumatları oxudum. Antalya sakinləri ilə müxtəlif tədbirlərdə çəkilmiş xeyli şəkli vardı. Fikirləşdim ki, gərək, kişi ilə mən də şəkil çəkdirərdim.

O gündən sonra Yaşardan Mehmetin gəzintimizdən məmnun qalıb-qalmadığını öyrənməsini istədim. Yaşar sonradan mesaj yazmışdı: "Mehmet ilə danışdım. Hər şey müsbətdir". Çox ümidlənmişdim.

... Aprel ayı gələndə xəbər gəldi ki, Mehmet artıq Moskvada yoxdur. Çıxıb gedib Rumıniyaya. Şirkətin sədri deyib ki, Buxarestdəki fəaliyyətləri genişləndirmək lazımdır və Mehmetin Moskvadakı təcrübəsi bu məsələdə çox faydalı olacaq. Beləcə, "Mehmet söhbəti" bitdi və mənim arzum gözümdə qaldı.

Amma o gündən yaddaşımda maraqlı xatirə qalıb. Moskvadakı tələbəlik illərini xatırlayanda bəzən bu əhvalatı da dostlara danışıram. Görən, Erdal bəy də Moskvaya səyahətini xatırlayanda gəzintimiz yadına düşürmü, o da dost-tanışına danışırmı?..

Qeyd: Məlum səbəblərdən, yazıdakı insan adları dəyişdirilib. "Antalya" Antalya deyil, başqasıdır. Amma o da iri, zəngin şəhərdir... Erdal bəy, doğrudan da, Səməd Vurğuna oxşayırdı. Qalanını daha özünüz tapın...

 





03.03.2021    çap et  çap et