Bu ilin martında Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsalın 70 yaşı tamam olur.
Yubiley münasibətilə dəyərli şairimizə təbriklər və xoş arzular ünvanlayır, Barat Vüsalın şəxsiyyəti və yaradıcılığı haqqında görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin fikirlərindən bir qismini oxucularımıza təqdim edirik.
Anar, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
- Mən həmişə əyalət yazarı anlayışının əleyhinə olmuşam. Vaxtı ilə Naxçıvanda Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Qazaxda Vaqif, Səməd Vurğun, Şamaxıda Mirzə Ələkbər Sabir və başqaları yazıb-yaradıblar. Əsas olan harada yaşayıb-yaratmaq yox, necə yazmaq, nəyi yazmaqdı.
Bu mənada Barat həmişə ədəbiyyata və əbədiyyətə işləyən sözü yazıb.
Mən onun bir cəhətini ayrıca qeyd etmək istəyirəm. Yəni bizim Yazıçılar Birliyinin çox razı qaldığı bir cəhətini qeyd etmək istəyirəm. Bu da onun Yazıçılar Birliyinin Qazax filialına rəhbərlik etməsidir. Qazax dövlətimizin sərhədində yerləşir. Bir yanda Borçalıdakı soydaşlarımız yaşayırlar, digər tərəfdə vaxtilə Ermənistandakı soydaşlarımız yaşayırdılar. Əminəm ki, vaxt gələndə yenə yaşayacaqlar. Belə bir üçbucaqda Qazax böyük mədəniyyət mərkəzidir. Belə bir yerdə filiala rəhbərlik etmək Barat Vüsal üçün həm məsuliyyətdir, həm də şərəfdir.
Nəriman Həsənzadə, AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi
- Barat Vüsalın şeirləri tarıma çəkilmiş yayı xatırladır, hədəfə dəyincə o, yenidən tarıma çəkilir. Əli tətikdə olan şairin özü də hədəfdədir. Şair hardan keçirsə, ora sərhəddi.
O sərhəddə şairlər daha tez görünür, daha tez yaralanırlar, amma ölmürlər.
Şairlər yaralı olurlar, yarasız olanda ölürlər. Bəlkə də şair vətən sözünün sinonimi kimi yaşayır. Elə buna görə də şairin tərcümeyi-halı vətənin tərcümeyi-halıdır.
Başqa şəkildə, başqa yozumda, başqa məzmunda şair yoxdu, varsa o, vətən deyil. Elə ona görə də şairi nişan vermək - Vətəni nişan vermək deməkdir.
Artıq öz adı ilə, öz istedadı ilə tanınan görkəmli şairimiz Barat Vüsal mənim fikirlərimi təsdiq edir.
Biz uzaq düşmüşük toydan-mağardan,
Kür boyu gördüyüm axar-baxardan.
Orda üzümüzü sənsən ağardan,
Barat, sənin evin ocaq olubdu!
İsa Muğanna, Xalq yazıçısı
- Sən bina uçurub, bina tikirsən,
İnsanı uçurub tikməkdəyəm mən!
Söhbət əsnasında bu beyti mən Baratın dilindən eşitdim və dərin məzmunlu, bütöv bir şeirə bərabər hesab etdim. Onun "Sənin kimi olacağam Azərbaycan!" şeirini kövrəlmədən oxumaq, şairə "Əhsən" demədən keçmək olmaz. Qəhər boğaza tıxanır. Bu qəhərlə birlikdə Vətən üçün belə misralar yazan şair Barata görə qürur da var! Bu, həqiqi şair nəsibidir.
Onun şeirlərində Vətən məfhumu ilə xalq məhfumu vəhdətdədir. Vətən necə qlobal, uca, dərin fikirlərlə, boyalarla təsvir, tərənnüm olunursa, xalq da o cür tərənnüm olunur. "Türk ruhu" şeirinə diqqət edin:
Səndə yaşar ruhlar, səndə,
Ruh verdikcə ruhlan sən də!
Ruh içində ruh var səndə,
İçimdəki Türk ruhu, coş,
Yer üzünün tək ruhu, coş!
Bu şeir əbədi mahnılardandır. Himndir!
Onun əsərlərindən mən bədii sözün qüdrətini və Azərbaycan poeziyasının əsrlərdən gələn ətrini duydum. "Ömrünü Qazaxda yaşayan şair" Yazıçıların Qazax filialının sədrliyinə təsadüfən seçilməyib. Mən onun hələ uzun illər öz vəzifəsində qalmasını arzulayıram.
Mən Baratı çox istəyirəm, həm insan, həm də şair kimi!
Təəssüf ki, onu gec tanımışam. Oxuduğum az sayda şeirlərində böyük şair ruhu gördüm və sevdim.
Hüseyn Arif, Xalq şairi
- Barat Vüsal klassik şeirə, aşıq poeziyasına yaxından bələddir. Bu xüsusiyyət onun yaradıcılığında tam şəkildə özünü göstərir. Həyat hadisələrinə fəal münasibət, müasirliyə meyl, doğma vətənin, xalqın dünəninə, bu gününə maraq, sevgi onun yazılarını daha məzmunlu, təravətli edir. O, hər şeirində yeni deyim formaları, ifadə tərzləri arayıb axtarır, buna nail olur.
Dili saz dilidir, oynaqdır, axıcıdır, təsirlidir. Yəqin ki, bu, bir də yaxşı saz çalması ilə əlaqədardır.
Atı otarmağa qoruqmu yoxdu,
Atı otarmağa çöl-çəmən çoxdu.
Yağı qoruğunda otlardın Qırat,
Yoxsa yaşamazdın, çatlardın Qırat!
Qocalma Qıratım, Qocal, Qıratım!
("Qıratın qocalığı")
Əvvəla, Koroğlunun dayağı Qırat burada insanlaşdırılır. Onun taleyi şairi düşündürür, dilləndirir. Sonuncu misradakı "Qocalma Qıratım"la "Qocal Qıratım" fikirləri bir-birinə qarşı qoyulsa da, nəticə etibarilə eyni istəyin, arzunun ifadəsidir.
"Qocalma Qıratım" da Qırata uzun ömür, cavanlıq diləyir, "Qocal Qıratın"da! Yəni çox yaşa, cavan köçmə!
Məhz əsl şairlik də burada, sözü söz kimi oynadıb, qaynadıb deməkdədir.
Xəlil Rza Ulutürk, Xalq şairi
- Əziz Barat Vüsal!
Günaydın! Göndərdiyin qəzet, məktub və xüsusilə, şeirlərin ürəyimi dağa döndərdi. Alqış sənə! Gözəl şair kimi yetişirsən...
"Tələbə qiyməti" şeirin gəncliyi ulu və qiymətli görmək istəyən ayıq gözlü bir şairin qələmindən çıxıb. "Puşkini bilməmək ya Dantes olmaq, eyni cinayətdir gözümdə mənim!"
Əla demisən! "İmtahan verəndə coğrafiyadan, Xəritə çubuğu Arazı edin!" Bax, şeirdə orijinal söz buna deyərlər...
Yürütdüyün fikri bu dərəcədə səmimi və gözəl demək üçün fitri şair olmalısan. Görünür mütaliən gündən-günə qüvvətlənir. Azərbaycan tarixinə, Azərbaycan dərdlərinə qaynayıb qarışırsan. Vətən taleyini öz şəxsi taleyin kimi hiss edirsən. Şair üçün bundan böyük səadət yoxdur.
Vaqif Səmədoğlu, Xalq şairi
- Mənə görə, Barat hərbçi şairdir. O, hər misrasında, şeirində əsgər kimidir. Barat öz-özünün həm komandiri, həm də əsgəridir.
Əsl şair ədəbiyyata bir dəfəlik gəlir. Barat Vüsal da belə şairlərdəndir.
O, etibar ediləsi adamdı, kiçik qardaşım, dostumdur.
Sevdiyim şairlər sırasında Baratın da adı var.
Nizami Cəfərov, akademik, millət vəkili
- Barat Vüsal bizim böyük ədəbiyyatımızın hadisəsidir. Barat Vüsalın şeirlərində üç cəhət xüsusilə diqqəti cəlb edir: Xalq poetik təfəkkürünün ən dərin qatlarından gəlmək, müasir fəlsəfi-ictimai düşüncə səviyyəsinə qalxmaq və fəal (əslində üsyankar) bir şair-intellekt mövqeyi. Buraya onun sənətkar səmimiliyini , mütəfəkkir narahatlığını, maarifçi təmkinini də əlavə etmək olar.
Barat tarixi yaxşı bilir, yaxşı ədəbiyyatşünasdı, folklorumuzun, aşıq sənətimizin yorulmaz təbliğçisi, daxilən zəngin adamdı. Bu zənginlik daha çox intellekt zənginliyidi. Barat çevik bir təfəkkür sahibidir. O, yaxşı məktəb keçmiş şairdir.
Barat Vüsal ömrünün bütün illərini mərkəzdən kənarda yaşasa da, heç vaxt mərkəz ədəbi mühitindən uzaq olmayıb.
Qazax Molla Pənah Vaqifin, Səməd Vurğunun, Osman Sarıvəllinin, İsmayıl Şıxlının, İsa Hüseynovun, Nəriman Həsənzadənin və bir çox başqa sənətkarların yurdudur.
Adətən ata ocağı başında kiçik övlad qalır. Barat da o ocağın kiçik övladı kimidir. O, tarixi qoruyur və şeirlərində də tarixi yaşadır.
Baratsız Qazaxın poetik landşaftında bir zirvə çatışmazdı. Vidadisiz, Vaqifsiz, Səməd Vurğunsuz, Hüseyn Arifsiz, Nəriman Həsənzadəsiz və Barat Vüsalsız Qazax Qazax olmazdı.
Söhrab Tahir, Xalq şairi
- Əziz qardaşım Barat!
Məktubun və şeirlərin mənə çatdı. Şeirlərini sevdim. Sevindim ki, məni bu qədər dərindən başa düşən oğul var! Qazax camaatı nədənsə öz cənublu qardaşlarını, cənub həsrətini tez başa düşür. Qazaxa gəlirik, qazaxlaşmağa, vurğunlaşmağa, baratlaşmağa...
Mirvarid Dilbazi, Xalq şairi
- Hörmətli Vətən oğlu, şair Barat Vüsal!
Şeirlər kitabını açıb "Müəllifdən" adlı parçanı oxumaq kifayətdir ki, sənin Allah tərəfindən istedadla mükafatlandığına inanasan.
Sən şair yaranıbsan!
Vaqif Yusifli, tənqidçi-ədəbiyyatşünas
- Bu gün "döyüşən" şeirimizdən şikayətlənməyə elə bir əsas yoxdur. Oxuyun Barat Vüsalın şeirlərini!
Barat Vüsalın səsi Xalq, Vətən, Millət deyib kürsüdə, tribunada boğaz cıranların səsi deyil... O Səs Xalq, Vətən, Millət sevgilərini ürəyinin dililə poeziyada əks etdirən bir şairin özünü ifadəsidir.
Barat Vüsal kimi şairlərin Xalq, Vətən, Millət adından danışmağa ixtiyarı çatır.
Səlim Babullaoğlu, şair, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri
- Barat Vüsalın yazdıqlarının arasında elə şeirlər, bəndlər, misralar var ki, onlar təkcə bədii dəyərlərinə görə deyil, həqiqi ədəbi yaradıcılıq istiqamətini nişan verir. Böyük polyak şairi Miloş yazırdı ki, həqiqi poeziya dini tərkiblidi. Barat Vüsal bunu elə şeirin özüylə deyir:
Bir müqəddəs yazı itib,
Tapan gərək, izi itib.
Allahın bir sözü itib,
Şair o sözü axtarır.
Məhərrəm Qasımlı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi
- Qələm qardaşım Barat Vüsal təbiətin özü kimi təbii şairdir, gah bahar kimi çağlayır, gah payız niskilini xatırladır, gah qışın qarına-buzuna dönüb susur. Bu haldan-hala düşmə onun bir ruh adamı kimi qabarma-çəkilmələr içində olduğundan xəbər verir. Çiçəklənə bilmək, buludlana bilmək, xəzana dönmək və təbiətin sirli-sehirli dönüşü kimi təzədən puçurlamaq, dolub-doluxsunmaq... Təbii şairliyin, anadan gəlmə saz-söz adamı olmağın-vergili olmağın ayrı göstəricisi yoxdu...
çap et