525.Az

Qeyri-adi "Məhkəmə" - Esse


 

Qeyri-adi "Məhkəmə" - <b style="color:red">Esse</b>

Təsəvvür edin: səhərdir, işə getməlisiniz, şüurunuzun oyanması ilə ağlınızda minlərlə fikir dolaşmağa başlayır, gözlərinizi ehmalca açırsınız.

Gördüyünüz ilk şey iki insan silueti olur, onlar sizə maraqla baxır, siz isə yuxu ilə keçməyən əbədi yorğun halınızla onların kim olduğunu anlamağa çalışırsınız. Onlar sizin hər gün eyni vaxtda yediyiniz səhər yeməyini nuş etməyə, yataq otağınızı tərk etməyə, kimləsə danışmağa icazə vermirlər. - Siz kimsiniz? Sualınız sükut və sınayıcı baxışlarla cavablanır. Nəhayət, bir az özünüzə gəlirsiz, sanki cavabı tapacaqsız, yataq otağını tərk edir (artıq belə icazəniz var) və orada pəncərə qarşısında daha başqa bir insanla qarşılaşırsınız. Aranızda belə dialoq baş verir:

- Gərək otağınızda qalaydınız... Bəs Frans bunu sizə demədi?

- Axı siz məndən nə istəyirsiniz? Mən frau Qrubaxla (qaldığınız evin sahibi)...

- Olmaz! - pəncərənin qabağında oturmuş kişi dillənir və əlindəki kitabı stolun üstünə ataraq ayağa qalxır. - Heç yana gedə bilməzsiniz, çünki həbs olunubsunuz!

- Deyəsən, elədir.... Axı nə üçün?

- Bunu sizə deməyə səlahiyyətimiz çatmır.

Səlahiyyətimiz çatmır?.. Axı məhkəmə (yaxud istənilən hüquq mühafizə orqanı) insanı hər hansı bir cinayətə görə həbs edirsə, mühakimə edirsə, ittiham səbəbi mütləq həmin şəxsə açıq şəkildə deyilməlidir. Əks-təqdirdə, istər-istəməz belə sual yaranır (indiki halda romanın mütaliəsi zamanı), görəsən, yazıçı bizdə maraq oyandırmaq üçünmü belə bir üsula əl atıb? Xeyr, çünki bir il çəkən bu məhkəmə prosesi boyunca məhkəmənin özü belə nə üçün, niyə ittiham olunduğunuzu, açılan cinayət işinin səbəbini, təfərrüatını bilmir elə biz də oxucu kimi bilmirik. Əsər isə bu müəmma ilə uzanır, cansıxıcı bir şeydir, razıyam.

Bu danışdığım hadisələr Frans Kafkanın "Məhkəmə" romanında baş verir. Baş qəhrəman Yozef K. bankda işləyən bir prokuristdir. Az bir müddətdə işə başlamasına baxmayaraq, prokurist pilləsinə qədər yüksəlmiş, ədalətli və sevilən bir tip olduğu üçün hər kəs tərəfindən təqdir olunur. Onun bank direktoru ilə arası olduqca gözəl, direktor müavini ilə arası bir o qədər də ürəkaçan deyil; həm də onlar bir-biri ilə rəqabətdədirlər. Həmçinin, qaldığı evin və digər evlərin sahibi olan xanın frau Qrubax, onu ayda-ildə bir dəfə ziyarət edən əmisi Karl, bəzən görüşdüyü sevgilisi Elza, zərif hisslər bəslədiyi qapı qonuşusu flörayn Bürstner, vəkil və vəkili ziyarətə gələn müştəriləri vəkildən asılı saxlamaq üçün onları ovsunlamağa çalışan xidmətçisi Leni, daim kömək etməkdən bəhs edən, əslində, heç nə edə bilməyən fabrik sahibi, rəssam Titorelli və Keşiş bu əsərdəki digər qəhrəmanlardır. Əsərdə absurd bir "ədalət" və "məhkəmə" sistemindən söhbət gedir, elə bir sistem ki, nə ilə ittiham olunduğunuzu bilmirsiniz. Hər yer cinayət üçün məkan, hamı cani və ittiham olunan ola bilər (əsərin təhkiyəsi zamanı qəribə təsir bağışlayan bu məqam əslində, yalan deyil, yəni hamı hər şeyi və hər yerdə yaşaya bilər); müstəntiqin əlində sizinlə bağlı heç bir ciddi dəlil-sübut yoxdur, hansısa qeyri-münasib mövzulu jurnal var və ona da müstəntiq sanki bir sənədə baxırmış kimi göz atır, vərəqləyir. Ortabab vəkillər sizə kömək etmək iqtidarında deyil, yüksək ranqlı vəkillər isə mifik varlıqlar kimidir, nə onları görən olub, nə də onlarla danışan; bu vaxta qədər isə onların köməyi ilə tam bəraət alan da olmayıb, alanlar da vəkillər kimi əfsanəyə çevriliblər.

 Yozef K. rütbəsinin və tanıdığı insanların ona verdiyi inamla əvvəl-əvvəl özünə əmin davranıb məhkəmə prosesini ürəyinə salmasa da, bir müddət sonra məhz məhkəmə (proses) onun tək probleminə çevrilir. Hakim qüvvələrin təzyiqi altında Yozef K.-da sonradan az da olsa "gaslight" effektinin nəticələri görünməyə başlayır: o, özünə şübhə ilə yanaşır, həyatını sorğu-sual edir, bəlkə hardasa səhv buraxdığını güman etməyə başlayır. Bitməyən istintaq, vəkillə keçirilən görüşlər, yaxşı, yoxsa pis istiqamətdə getdiyi bilinməyən məhkəmə prosesi Yozef K.-nı öz zülmət girdabına yavaş-yavaş çəkir, öz azadlığı üçün, ədalət üçün dava edən bu personaj sanki suya atılmış çörək parçası kimi əriməyə məcbur olur ki, sonda da onu bıçaqla edam edir, qətlə yetirirlər. Bir insanın ölümündən saniyələr əvvəl eşidəcəyi ən ağır sözlər yəqin bu olardı:

- Lap it kimi öldü!

Cənablardan biri ikiəlli onun xirtdəyindən yapışır, o biri isə bıçağı ürəyinə yeridir, iki dəfə burur, gözləri çevrilən K. son anda cənabların ona tərəf əyilərək yanaqları bir-birinə dəyə-dəyə onun necə keçindiyinə tamaşa etdiklərini görür və yuxarıda sitat etdiyim sözləri eşidir. Özü də sözü deyən bunu elə söyləyir ki, sanki utancaqlığı özündən çox yaşamalı idi...

Əlbəttə, bu əsərin sadəcə görünən tərəfidir, metafora dərindir, əsər bütünlüklə metaforadır, hər bir şey simvolik dərindəki başqa şeyə işarə edir. Bu əsəri oxuyarkən, insan sanki normal bir məhkəmədən söhbət getdiyini düşünsə də, oxuduqca işlərin tamamilə başqa səciyyə daşıdığını və özünün necə də "sadəlövh" olduğunu anlayır. "İnsanları dişləyən və cırmaqlayan kitablar oxumalıyıq. Bizi bir zərbə ilə oyandırmırsa, oxuduğumuz kitabın nə faydası var?" demişdi Kafka. Əminəm, sanki özünə tənbeh eləyən biri kimi demişdi bu sözləri. Çünki öz yazdıqlarının da belə kitablar sırasında olmağını arzu edirdi.

Nə yalan deyim, hər halda "Məhkəmə" əsəri məndə belə təəssürat yaratdı.

1914-1915-ci illərdə yazılmış bu əsər, I Dünya müharibəsi ərəfəsində və savaşın ilk ilində Kafkanın, eləcə də onun əhatə olunduğu cəmiyyətin depressiv əhvalını əks etdirir.

Romanın ən maraqlı və müəmmalı hissəsi Keşiş və Yozefin arasında IX fəsildə baş verən dialoqdur. Buna simvolik olaraq "Tanrı" ilə gedən söhbət"ə bənzətmək olar, son çarə Ona tapınıb, Ona doğru irəliləməkdir. Bu fəsildə əslində, Yozef Keşişin moizə başladacağını düşünüb aradan sivişmək istəyir, lakin Keşiş onu adı ilə çağırır. Sən demə, onun haqqında hər şeyi bilirmiş. Şərh etməli olsaq, belə çıxar ki, "Tanrı"nın hüzuruna getsək də, Onu yalnız işimiz düşəndə yada salmağımız bizi utandırır; üz üzə gəlmək istəmirik, amma "Tanrı" bizi bağışlayır hər zaman olduğu kimi, Onun həmişə və hər şeydən xəbər var, kömək etməyə də hazırdır.

Söhbət üçün ona vaxt ayırıb-ayıra bilməyəcəyini soruşanda Keşişin cavabı belə olur: - Sizin düşündüyünüzdən də artıq vaxtım var... Sonra isə dünyadakı ədalət sistemini təmsil edən kiçik bir hekayə ilə həm K-ya kömək edir, həm də sanki bizə, içimizə bir ayna tutur:

Qanunun qapısında keşikçi durur. Bu keşikçinin yanına kənddən bir kişi gəlir və xahiş edir ki, onu içəri buraxsın. Ancaq keşikçi deyir ki, indi ona içəri keçməyə icazə verə bilməz. Kişi bir az fikirləşir və soruşur ki, sonra keçə bilərmi. "Ola bilər",  - deyir keşikçi. - "Ancaq indi olmaz!" Həmişə olduğu kimi, onda da Qanunun qapısı açıq olur və keşikçi də yana çəkildiyi üçün kişi əyilib qapıdan içəri baxır. Keşikçi bunu görəndə gülür və deyir: - Əgər sənin üçün belə maraqlıdırsa, mənim yasaq etməyimə baxma, içəri gir. Ancaq yadında saxla: mən güclüyəm. Ancaq həm də keşikçilərin ən zəifiyəm. Hər zalın qapısında keşikçi durur, biri də o birindən güclü olur. Mən elə üçüncünü görəndə, qorxdum.

Kənddən gələn kişi işin belə çətin olacağını gözləmirmiş, fikirləşirmiş ki, Qanunun qapısı hamı üçün həmişə açıq olmalıdır, ancaq indi diqqətlə keşikçinin qalın kürkünə, dik burnuna, seyrək, qara saqqalına baxıb qərara alır ki, icazə verənə qədər gözləsin. Keşikçi ona bir kətil verir ki, qapının yanında oturub gözləsin. Kişi günlərlə, illərlə orda oturur. Çox çalışır ki, içəri keçsin və xahiş-minnətlə keşikçini yorur. Keşikçi də tez-tez onu sorğu-suala tutur, hardan gəldiyini soruşur, böyük adamlar kimi məsələyə dəxli olmayan suallar verir və axırda da həmişəki kimi deyir ki, hələ buraxa bilməz. Çoxlu səfər ehtiyatı götürmüş kişi qiymətə baxmır, ələ almaq üçün hamısını ona verir ki, içəri buraxsın. Düzdür, keşikçi verilənin hamısını götürür və götürəndə də deyir: "Ona görə götürürəm ki, fikirləşməyəsən: vay, bundan istifadə eləmədim". Bu uzun illər ərzində kişi ara vermədən keşikçini müşahidə edir. Başqa keşikçiləri unudur, fikirləşir ki, onu Qanunun içinə buraxmayan elə birinci keşikçidir. İlk illərdə bu kor təsadüfü ucadan lənətləyir, sonralar qocalanda isə öz-özünə donquldanır. Lap uşaq kimi olur, illər uzunu keşikçini yaxından öyrənə-öyrənə, onun kürkünün yaxalığındakı birələri də tanıyır, onlardan da xahiş edir ki, kömək eləsinlər, keşikçini yola gətirsinlər. Axırda gözlərinin işığı zəifləyir, doğrudanmı qaranlığın düşdüyünü, ya da gözlərininmi onu aldatdığını bilmir. Ancaq indi qaranlıqda Qanunun qapısındakı sönməz parıltını görür. Artıq çox yaşaya bilmir. Ölümündən qabaq illər uzunu qazandığı təcrübələr beynində bir yerə yığışıb elə bir sual yaradırlar ki, kişi onu hələ indiyəcən keşikçiyə verməmiş olur. Qaxaca dönmüş bədənini tərpədə bilmədiyi üçün keşikçini əlinin işarəsi ilə yanına çağırır. Keşikçi ona tərəf çox əyilməli olur, çünki kişi bapbalaca olmuşdu. "İndi nəyi bilmək istəyirsən?" - deyə soruşur, - "Səni heç razı salmaq olmur..." Kişi deyir: "Hamı Qanuna can atır. Bəs necə olur ki, bu uzun illər ərzində heç kəs ora girmək istəmədi?" Keşikçi görür ki, artıq kişinin sonu çatıb, eşidə də bilmir və ona görə də çığıra-çığıra deyir: "Burdan heç kəs keçə bilməzdi, çünki bu giriş yalnız sənin üçün qoyulmuşdu. İndi mən gedib onun qapısını bağlayaram!"

Çox ağır, dərdli, amma fikrimcə, qəbul etməsələr belə, realistik hekayətdir, bizim üçün yaradılan qanunlar və imkanlarda (qapılar) keşikçilər olur, onlar bu imkanların məhz bizim üçün yaradıldığını danmırlar, lakin içəriyə girişin çətin olacağını, özünün sadəcə bir başlanğıc olduğunu, başqa bizə bənzər keşikçilərin də olduğunu deyib gözümüzü qorxudurlar, manipulyasiya vasitəsilə özləri asılı olduqları halda bizi kölə etmək istəyir, bizi ziyanlı bir sistemin parçasına çevirir, həsr etdiyimiz fəda etdiyimiz heç nəyi qaytarmırlar, ömrü və bacarıqları istismar edilən yenə biz oluruq. "İt kimi yaşayır, ölür", yox oluruq, qapı isə bağlanır.

"Zəiflər həmişə bərabərlik və ədalət istəyər, lakin güclüləri bu maraqlandırmır" - belə deyirdi Aristotel. "Güclülər ədaləti istədiyi yerdə taparlar, istədiyi yerə yönləndirərlər, yalnız onlara sərf edəndə bu mexanizm olduğu kimi işləyər" demək istəyən Kafka bizə qanun qapısına yaxınlaşan kəndli kimi olsaq, sonumuzun necə olacağını özünəməxsus əyaniliklə təklif edir. Azad iradə yalnız insana verilmiş olsa da, insan heyvani instinktlərinin köləsinə çevrilir, burnumuza şorba qoxusu gələndə gedib o şorbanı yeyiriksə, biz azad seçim etmiş olmuruq, qoxu instinktinin arxasınca düşürük. Buna görə insan seçim etməlidir daim və insanı insan edən də elə budur.

Əsəri məhkəmə və məhkəmə psixologiyası baxımından şərh etmək onu kiçiltmək olardı. Çünki Kafkanın əsəri çıxılmazlıq haqqındadır. Ali həqiqət yolçuluğu barədədir. Belə şərhlər üçün faktoqrafiya ilə zəngin bestseller detektiv romanlar çoxdur.

Sonda əsərin alman dilindən ana dilimizə çevirən, görkəmli tərcüməçimiz əziz Vilayət Hacıyevə dərin təşəkkürümü bildirmək istəyirəm. Dilimizə belə axıcı şəkildə oxuna bilən dərin bir romanı qazandırdığına görə.

Sona SƏLİMLİ
Qərbi Kaspi Universiteti, psixologiya fakültəsinin III kurs tələbəsi

 





03.03.2021    çap et  çap et