525.Az

Erməni vəhşiliyini kətana köçürən rəssam - Bir rəsmin dedikləri


 

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ NƏTİCƏSİNDƏ ARZULARI ÇİN OLAN SƏNƏTKAR

Erməni vəhşiliyini kətana köçürən rəssam - <b style="color:red">Bir rəsmin dedikləri</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevdir. Ramil bəylə Məhəmməd Əliyevin "Son vida" əsəri haqqında danışmışıq. 

- Məhəmməd Əliyev 1952-ci ildə Bakıda anadan olub, orta təhsilini doğma yurdunda alıb.  Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin məzunu olub və V.Muxina adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Məktəbinin bölməsində təhsil alıb. İlk fərdi sərgisi 1985-ci ildə Sankt-Peterburq şəhərində olub.

Məhəmməd Əliyev 1986-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 1990-cı ilin Qanlı Yanvar günlərində "Ruhların səsi" adlı tablosu baş verənlərə etiraz əlaməti olaraq Bakı metrosundan asılıb. 1991-ci ildə Sankt-Peterburq Dövlət Muzeyi onun "Sevgililər" adlı rəsm əsərini yüksək qiymətə alıb. Türkiyəyə köçərək, burada yaşamağa başladıqdan sonra əsərləri daha böyük marağa səbəb olub. Ən qısa zamanda onun rəsmləri ABŞ, İngiltərə, Avstriya, Almaniya və Fransada sərgilənib, öz modernist üslubu ilə müəllifi şöhrət gətirib. O, həm rəssam, həm heykəltəraş, həm keramikaçı, həm də qrafika ustasıdır.

Rəssamın yaradıcılığında erməni vandalizminə qarşı etiraz xüsusi bir səhifə təşkil edir. Azərbaycan xalqının fəryadı, acı səhnələri və dəhşətli mənzərələr onun "Xocalı vəhşiliyi", "Son vida", "Şəhid əsgər", "Əsir əsgər", "Xocalıda qadın qırğını" və digər  əsərlərində əyaniliyi və yaddaqalanlığı ilə bədii əksini tapıb.

Bu mənada sənətkarın "Son vida" tablosu daşıdığı məna yükünə görə çox dəyərlidir.

- Əsərin yaranma tarixi ilə bağlı nə bilirik?

- Məhəmməd Əliyevlə görüşüm zamanı o, Birinci Qarabağ müharibəsi ilə bağlı bir neçə əsər göstərərək "Son vida" adlanan bu əsəri Qarabağda şəhid olmuş xalası oğluna həsr etdiyini söyləmişdi. O, Əfqanıstanda hərbi xidmətdən Azərbaycana qayıtdıqdan sonra könüllü olaraq ətrafına mərd oğulları toplayaraq "Qarabağa gedirik" deyərək döyüşə yollanıb. Bu əsərdə yeni körpəsi doğulmuş bu gəncin ailəsi ilə vidalaşması təsvir olunub. Xalası oğlunun ölüm xəbərini eşidən rəssam təsirlənərək bu əsəri qəlb ağrısı ilə yaradıb.

Kompozisiyanın ön tərəfində təsvir olunmuş qara geyimli əsgər, qadın və uşaq həmin şəhiddir ki, ailəsi ilə vidalaşır. Bir əli ilə ailəsini, digər əli ilə silahı tutaraq qürurla dayanan əsgər, qəhrəmanlığı, Azərbaycan oğlunun əyilməzliyini göstərir.

- Uşağı qucaqlayan kişi, çıraq, qara bulud. Bunlar nəyin işarəsidir?

- Bu detallar əsərin ifadəliyini artıraraq kompozisiyada bitkinlik yaradır.  Rəssamın qeyd etdiyinə görə, qara buludla o, Azərbaycanın üstündə olan erməni savaşını göstərməyə çalışıb. Hətta sənətkarın bu fikrini qeyd etməyi özümə borc bilirəm: "İnşallah, o qara buludlar gedər və Azərbaycan günəşli günə çıxar, öz Qarabağına qovuşar".

Kompozisiyanın mərkəzində qucağında uşaq tutmuş yaşlı kişi obrazı diqqət çəkir. Bu, rəssamın özüdür, uşağı bağrına basıb ­ "heç bir uşaq ölməsin..." deyərək sanki bütün Azərbaycan oğullarını həmin uşağın timsalında qorumağa çağırır.

Sizə də maraqlı gələn və bir çox əsərlərində sevə­sevə yaratdığı yanan çırağı bu tabloda da verməklə rəssam demək istəyir ki, gedən oğullarımız qayıdar, həmin çıraq evdə həmişə yanar, sönməz.

- Əsərin rəng həlli barədə nə deyə bilərsiniz?

- Əsərin rəng münasibətləri və düzümü, bütün rəng çalarlarının qarşılıqlı əlaqəsi onun məzmunu ilə uyğun gəlir. Rəssam daha çox qara və qırmızı rəngin çalarlarından istifadə edərək kədər, iztirab, narahatlıq ifadəsini kifayət qədər qabardıb. Görünənlərin mahiyyəti etibarı ilə ön planda isti rənglərlə verilən çıraq isə gələcəyə ümid bəsləndiyinə, olanların xoşbəxt sonla bitəcəyinə işarədir.

- Hazırda əsər harada saxlanılır?

- Türkiyədə yaşayıb-yaradan rəssamın fəaliyyətini davam etdirməsi üçün böyük emalatxanası var, əsər həmin emalatxana, şəxsi kolleksiyasında saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsərin adından da göründüyü kimi, kompozisiya nikbinlikdən uzaq dəhşətli hadisələrin, müharibənin acı nəticələrinin bir anını təsirli şəkildə əks etdirir. Lakin Məhəmməd Əliyev yaşananlara ittihamedici mövqedən yanaşmır, əksinə, Azərbaycan oğullarının timsalında xalası oğlunun ailəsi, yeni doğulmuş körpəsi ilə vidalaşaraq vətənin keşiyində mərdliklə durmağa hazır olduğunu göstərir. Bunu yalnız ailəsi üçün etmir, arxa planda verilmiş memarlıq abidələrinin aşıladığı mədəniyyətimizin, dinimizin, türkçülüyümüzün keşiyində duraraq qəhrəmanlığı simvolizə edən abidə kimi ucalır. İnanıram ki, bu abidə gələcək nəsillərə böyük örnək olacaq. Son sözlərimi rəssama ünvanlamaq istərdim: Məhəmməd müəllim, sizi Qələbə münasibətilə təbrik edirəm, o qara buludlar çəkildi və Azərbaycan günəşli günə çıxdı, öz Qarabağına qovuşdu...

Aytac SAHƏD

 





03.03.2021    çap et  çap et