525.Az

Dərdini danar ağlar - Məhsəti Musa şəhid Azər Əliyevi anır


 

Dərdini danar ağlar - <b style="color:red">Məhsəti Musa şəhid Azər Əliyevi anır</b>

Daha bir şəhid ailəsinin ünvanındayıq. Daha bir qısa, amma şərəfli ömür yolu...  Daha bir ata üzü görməyəcək körpə...

Əliyev Azər Dilafət oğlu 1997-ci il noyabrın 1-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində aparılan hərbi əməliyyat zamanı başından ağır yaralanan Azər bir müddət xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb və 28 yanvar 2021-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Bir qızı var. Həyat yoldaşı növbəti dəfə ana olmağa hazırlaşır. Əslində, bugünkü gəlişimizin məqsədi də şəhid xanımının əhvalı, səhhəti ilə maraqlanmaq,  ailənin rayon rəhbərliyinin diqqət mərkəzində saxlandığını bildirmək, problemlərinin, qayğılarının nə olduğunu öyrənmək idi.

Neçə illər idi ki, erməni təxribatı ilə üz-üzə qalan Yuxarı Qiyaməddinli kəndinə ilk dəfədir gəlirəm. Digər kəndlərimizə bənzəmir bura. Nədənsə kədərli təsir bağışlayır mənə. Şəhidin atasının dəvəti ilə evə daxil oluruq. Səliqəli və sükut dolu bir evə. Bir xanım qarşılayır bizi. Elə evin özü kimi sakit, dinməz, səliqəli, üzünə təbəssüm qonmuş bir xanım. Kimliyini bilmirəm. Hər halda şəhidin anası deyil deyə düşünürəm. Amma yoldaşlarım onu öpərək "ruhu şad olsun" deyəndən sonra mən də qucaqlayıb öpürəm, eyni sözləri pıçıldayıram. Qadın təmkinini pozmur, dinməzcə bizi bir otağa yönəldir. Onun bu sakitliyi və təmkini yenə də içimdə şübhə oyadır. Bəlkə anası deyil, xalası, bibisi, yaxud qonşusudur deyə suallar içində qalıram... Bir azdan dəvətimizlə şəhidin xanımı da bizimlə bir yerdə idi. Ata, ana, əmi bizimlə gedən həkim və digər şəxslər... Azərin şəkil albomları vərəqləndi, xatirələri söyləndi. 44 günlük müharibədən, xalqın əl-ələ verməsindən, qazilərimizin, döyüşçülərimizin bizlərə söyləmiş olduğu hadisələrdən danışdıq kövrəldik, qələbəmizdən söz açıb qürurlandıq, kənddəki çətinlikləri soruşduq, ailənin ehtiyacları ilə maraqlandıq. Söhbətlər müxtəlif oldu. Mövzulara münasibətlər, jestlər, mimikalar da dəyişirdi, söhbət dəyişdikcə. Amma diqqətim o qadında - Azərin anasında idi. Bütün mövzulara eyni reaksiya verirdi. Dinməz, sakit, təmkinli və üzündə azacıq təbəssüm. Oğlundan danışanda da eyni üz ifadəsi var idi. Hərdən qucağındakı 2 yaşlı Nəzrini - şəhidimizin övladını sinəsinə daha bərk sıxır və susurdu. Nə kövrəlir, nə ağlayır, nə həyəcanlanırdı. Getdikcə ətrafdakı söhbəti, insanları unudub gözaltı qadını izləyirdim. Axı onun balasından, əbədi ayrıldığı ciyərparasından danışırlar. Qonaqlar belə kövrəlir, ağlayır, bəs o necə laqeyd dayana bilir? Hələ bir ay deyil onu dəfn etdikləri. Müharibə bitəndən xeyli sonra dəyişmişdi dünyasını. Ananın yarası hələ qaysaqlamamışdı. Nə qədər möhkəm insan olsa da, bu söhbətlərin qarşılığında heç olmasa üzündəki təbəssüm dəyişməli idi axı...

 

Nəhayət, ayağa qalxırıq. Bəylər bizdən əvvəl tərk edirlər otağı. İcra Hakimiyyətinin nümayəndəsi yenidən anaya üz tutur.  Bəlkə kişilər burada olanda çəkindiniz, nə isə demək istəmədiniz. Nə istəyiniz, tələbatınız var, çəkinməyin, xahiş edirəm...

Qadın bayaqdan qoruyub saxladığı təbəssümü itirdiyi üçün utanır sanki. Yox, daha onu saxlamaq, kiritmək mümkün deyildi. Daha dözümlü qadın, səbirli insan olmaq, məğrur görünmək çətin idi. İçində boğub saxlamağa çalışdığı hıçqırtı səsləri getdikcə artırdı. O, təkcə Azər üçün ağlamırdı. Hə... hə... Onun səbrinin bu qədər böyük olmasının səbəbi də mənə aydın olur. Bütün şəhidlərin ağrısını sinəsinə sığdırmışdı. Və indi Azərin anası kimi yox, bütün şəhidlərin anası kimi hönkürürdü. Xəcalətimdən gözlərimi yumub dayandım. Gicgahlarımda guppultu hiss edirdim. Gözümü açmağa, ananın üzünə baxmağa utanırdım...

Yağış dayanmadan maşının pəncərəsini döyəcləyir, hamı susub bomboz görünən çölü, qışın soyuğunda qamətini əymədən şax duran yarpaqsız ağacları, pəncərələrə çırpılan damcıları izləyirdi. Uzaqlardan bir qadın səsi gəlirdi qulaqlarıma. Uşaq vaxtı hansısa qəzet parçasından tapıb əzbərlədiyim, tam mənasını isə məhz bu gün görüb anladığım bir ağını söyləyirdi o səs:

Analar anar ağlar,
Dərdini danar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar...

 





03.03.2021    çap et  çap et