525.Az

Torpağımız kimi, Ana dilimizi də işğaldan qoruyaq! - Yazı


 

Torpağımız kimi, Ana dilimizi də işğaldan qoruyaq! - <b style="color:red">Yazı</b>

Ana dilimizin qorunması və inkişaf etdirilməsi həm Ümummilli lider Heydər Əliyevin, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi dövründə yüksək səviyyəli dövlət qərarları və Konstitutsiya ilə təmin olunsa da, dilimizin bugünkü işlənmə səviyyəsi həm kəmiyyətcə, həm də keyfiyyətcə heç də ürəkaçan sayıla bilməz.

Dövlət qərarlarına, bir sıra ziyalılarımızın yanğılı çağırışlarına baxmayaraq, Ana dilimizin mənəvi ərazisi get-gedə hər tərəfdən qırıla-qırıla ortada qalmış bir meşə talasına bənzəməkdədir. Gücü baltaya yetən hər kəs bu dilqırımında iştirakçıdır. Adi vətəndaşlarımızın əksəriyyəti, ziyalılarımızın da bir çoxu xarici sözləri və ifadələri işlətmədən danışmaqda belə çətinlik çəkirlər. Hətta 30 ildir ki, danışıqlarındakı qüsurları düzəltmək istəməyənlər var, deməli, öz doğma dilinə, dövlətinin dilinə xor baxan xüsusi bir zümrə yaranmaqdadır. Yeri gəlmişkən, yaşlı və orta nəsildən olan bəzi ziyalılar, yaradıcı şəxslər, bəzi məmurlar da bu sahədə öz danışıqları ilə pis nümunə göstərirlər, sanki yad bir dildən tərcümə ilə danışırlar. Yeni texnologiyalarla əlaqədar işlədilən xarici sözlərin dilimizdə qarşılıqları düzəldilmir, ən asan yol seçilərək elə həmin diilərdəki ifadələr işlədilir, belə hallara rəsmi sənədlərdə də rast gəlinir (monitorinq, innovasiya, substantiv və bu kimi onlarla ifadə).

Müstəqilliyimizin 30-cu ilində dilimizin qorunması məsələsinin gündəmə gəlməsi, dilimizdə lüzumsuz yerə xarici sözlərin işlədilməsinin yolverilməz olduğunun dövlət başçısı səviyyəsində vurğulanması, Bakının və digər şəhərlərimizin tanıtım lövhələrində Azərbaycan dilinin layiqincə işlənməməsi, bir çox hallarda həmin sahədə ümumən ana dilindən istifadə edilməməsi olduqca təəssüfləndirici və eyni zamanda, düşündürücüdür. Kütləvi informasiya vasitələrində də dilimizə etinasız münasibətdən xəbər verən hallar davam edir.

Heç bir dövlət məcburiyyəti və sosial tələbat olmadan son illərdə ölkəmizdə sərf əcnəbi dildə təhsil verən tədris müəssisələrinin yayğınlaşması ona gətirib çıxarıb ki, ölkədə ana dilini arxa plana keçirənlərin sayı kəskin artmaqdadır. Bunu hər gün küçədə, parklarda, bulvarda müşahidə etmək çox təəssüf doğurur. Təsəvvür etmək olar bu şəkildə artımla on ildən sonra ölkədə daha neçə yüz min "yaddilli" nəsil formalaşacaq. Bu sayaq məktəblərdə və bölmələrdə təhsil alanların böyük əksəriyyəti ailədə, məişətdə, küçədə, təhsil yerlərində ana dilindən əsasən istifadə etmirlər. Qeyd etmək istəyirəm ki, burada hörmətli valideynlər ən böyük məsuliyyəti daşıyırlar. Onlar övladlarını milli məktəblərimizdə oxutmaq əvəzinə,  xarici məktəblərə üstünlük verirlər. Üstəlik, bir çoxları evdə də uşaqlarını ana dilində yox, yad dildə danışdırırlar.

Fikrimcə, ölkəmizdə xarici dilli məktəblərin yalnız özəl olması və dövlətin maliyyələşdirməsindən kənarda qalması daha məqsədəuyğundur. Müvafiq qanunlar qəbul edilməlidir ki, vətəndaşlarımız hansı hallarda övladlarını xarici məktəblərə qoya bilərlər. Tanışlarımdan bir neçəsindən nə üçün uşaqlarını əcnəbi dildə təhsil verən məktəbə qoyduğunu soruşanda bir qismi dedi ki, anadilli məktəblərdə tədris zəifdir. Bunun belə olub-olmadığını deyə bilmərəm, amma uğursuz bəhanədir. Ölkədə, az bir istisna ilə, hamı övladını milli məktəblərdə, dövlət dilində oxutmalıdır.

Təcrübə göstərir ki, istənilən bir dili sadə danışıq, oxuyub-yazmaq həddində bilmək üçün indiki şərtlərdə 6 ay kifayət edir. Bəs necə olur ki, az qala on il ərzində orta məktəbdə tədris edilən xarici dilləri lazımınca mənimsəyən az olur? Demək, ölkəmizdə xarici dillərin tədrisində hələ həllini gözləyən məsələlər vardır.

Bir ziyalı kimi gənc analara üz tutmaq istərdim. Düşünsünlər ki, övladlarının özgə məktəblərə, ya baxçalara qoyan analar, onlara yad  dildə laylay deyən analar hansı Ana dilini onlara aşılayacaqlar? Yadıma keçən əsrin sonlarında İrandakı diplomatik xidmətim  dövründə  mənə danışılan bir əhvalat düşdü. Ana dili uğrunda mübarizəyə qalxan Azərbaycan türklərini kobud sözlərlə aşağılayan İran şahı Rza Pəhləvi bir dəfə hökumət üzvləri qarşısında belə bir təlimat irəli sürübmüş ki, "bu... türklərin fars qızları ilə evlənməsini təşviq edin ki, doğulan uşaqları doğrudan da ana dilində danışsınlar".

Çar və Sovet işğalı dövründə Azərbaycanda başqa millətlərlə ailə qurmaq, əksər hallarda, bəlli bir "üstünlük" qazanmaq üçün idi, həm də mərkəzin assimilyasiya siyasəti beləcə ən yumşaq şəkildə icra olunurdu. Çünki o ailələrdə doğulan uşaqlar daha çox başqa dillərdə danışır, yad dildə məktəb seçirdilər. Belə davam etsə, analar da milli təəssübkeşlik göstərməsələr, axırımız nə olacaq, Ana dilimiz necə qorunacaq?

Qeyd etmək istərdim ki, dünyanın müxtəlif ölkələrində xarici dillərdə təhsilin formalaşmış sistemi uzun illərdən bəri mövcuddur və bunun müəyyən üstünlükləri də, əlbəttə,  vardır. Məsələn, Pakistanda, Hindistanda və digər Cənubi Şərqi Asiya ölkələrində təhsil dili  litsey və ali məktəblərdə əsasən ingilis dilidir. İngilis dili rəsmi dil kimi həmin ölkələrdə dövlət dili ilə yanaşı, konstitusiyada təsbit olunub. Lakin ailədə, məişətdə, insanların ünsiyyətində ana dili hakimdir və mən Pakistanda çalışdığım uzun illər ərzində iki pakistanlının bir-biri ilə ingiliscə danışmağının şahidi olmadım. Pəncablı, sindli, puştu, beluc, kəşmirli və digər xalqların nümayəndələrinin ümumi ünsiyyət vasitəsi dövlət dili olan urdu dilidir. Baxmayaraq ki, urdu dilinin daşıyıcıları ölkə əhalisinin təqribən 10 faizini təşkil edir, 1947-ci ildə Pakistan yaranarkən dövlət dili elan edildiyindən və orta təhsil bu dildə aparıldığından hər kəs dövlət dilinə ehtiram edir.

Sirr deyil ki, milli təhsil birbaşa milli təhlükəsizlik məsələsidir, Azərbaycan dövlətinin varlığının və gələcəyinin taleyi məsələsidir. Buna görə milli və xarici məktəblərin açılması və fəaliyyəti dövlət tərəfindən Azərbaycanın milli maraqlarına uyğun nizamlanmalıdır. Özəl məktəblərin fəaliyyətinə dövlət nəzarəti gücləndirilməlidir. Əlac yenə, hər sahədə olduğu kimi, şəxsən cənab Prezidentin ali müdaxiləsinə qalıb. Axı bu millətin və dövlətin gələcəyi milli təhsil, təlim, tərbiyə alan, milli ruhda pərvəris tapan gənclərimizə bağlıdır. Yoxsa gələcəkdə içərimizdə "neçəncisə kalon"ların yaradılması üçün öz əlimizlə yol açmış olarıq.

Etiraf edək ki, cəmiyyətimizdə dil məsuliyyəti çox aşağı səviyyədədir. Halbuki dil də torpaq kimi müqəddəsdir, Millətin və Vətənin qoruyucusudur. Qalib Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz Vətən torpaqlarını 44 günə mənfur düşməndən azad etdi. Gəlin biz də, xalq olaraq əl-ələ verib dilimizi yad təsirlərdən qoruyaq, onu içərisinə yerləşdirilmiş yumşaq, lakin təhlükəli minalardan təmizləyək.

 





03.03.2021    çap et  çap et