525.Az

Reklam sektorunu çaş-baş salan adam - Müsahibə


 

"KİŞİNİN NAMUSLU OLDUĞU YERDƏ QADININ ÖZ NAMUSUNU QORUMASINA EHTİYAC QALMAZ"

Reklam sektorunu çaş-baş salan adam - <b style="color:red">Müsahibə</b>

İnstaqram-da gəzişərkən qadın zinət əşyaları taxmış bir kişi şəkili gözümə sataşdı. Bığları var, saqqalı var, amma boynuna, biləyinə, barmaqlarına qadın zinət əşyaları taxıb və gülür. Səhifəyə daxil oldum və bütün şəkillərdə o adamın olduğunu gördüm. Səhifə Türkiyədə bir zərgərlik mağazasına aid idi.

Düşündüm ki, qadın zinət əşyalarının reklamı üçün axı nəyə görə kişi modeldən istifadə ediblər? Paylaşılan şəkillərin altındakı açıqlama hissəsini oxuyanda bu adamın məqsədini anladım. İndiki dövrdə qurd ürəyi yemək buna deyillər yəqin.

İndi sizi o şəxslə - Sonər Yaman ilə tanış edəcəm. Otuz iki yaşlı istanbullu Sonər bəylə onun təkbaşına böyük bir reklam sektoruna qarşı ortaya qoyduğu bu mövqenin səbəblərindən danışdıq.

***

- Sonər bəy, bu addımınız bizim kimi mühafizəkar və kişiliyin bir status olaraq qəbul edildiyi cəmiyyətlərdə bir kişinin atacağı ən cəsur, həm də riskli addımdır. Bunu niyə etdiniz?

- Artıq on ilə yaxındır ki, zərgərlik sahəsində satış təmsilçisi olaraq işləyirəm. Hazırda işlədiyim "Çınar Kuyumculuk" Kadıköydə 20 ildən çoxdur, xidmət göstərən firmadır. Mən isə burda altı ay qədər olar ki, satış təmsilçisi kimi çalışmağa başlamışam.

Ailədə dörd uşağıq: iki qardaşım, bir də bacım var. Valideynlərim bizə hər zaman insana, insan haqlarına verilən dəyəri hiss etdirərək böyüdüblər. Biz bu cür böyümüşük və bütün ailəm sayılıb-seçilən insanlardır. Anam heç vaxt məni "aslan oğlum" və bunun kimi başqa ifadələrlə böyütməyib. O, məni hər zaman düşüncəli olmağa, empatiya qura bilməyə sövq edib.  Anam həmişə hər kəsin bərabər hüquqlara sahib olduğuna diqqət çəkərdi. Bizlər - qardaşlarım, mən kimiksə, bacım da o idi. O, hər zaman eyni haqlara sahib və hər ailə fərdi qədər azadlığı olan biri kimi böyüdüldü. Buna görə də evimizdə sözün əsl mənasında demokratiya hakimdir. Çox xoşbəxtəm ki, belə bir ailədə böyümüşəm.

Təkcə qadın haqları yox, bütün haqq-hüquq məsələlərində güclünün zəifi əzməsi ilə qətiyən razılaşa bilmirəm. Amma ölkəmizdə oğlan uşaqlarının yetişdirilmə tərzində bəzi problemlərin olduğunu müşahidə edirəm. "Sən kişisən, sənə heç nə olmaz", "Kişiyə yaraşmaz", "Sən necə kişisən", yaxud "Aslan oğlum" düşüncəsi ucbatından bu motivasiya ilə böyüyən uşaqlar gələcəkdə də qarşısındakı hər kəsi dəyərsiz, özünü isə çox dəyərli zənn edir.

Məsələn, bir qadın ərindən boşanmaq istəyir, əri "Sən məni boşaya bilməzsən" - deyib qadını öldürür və hələ bu hərəkəti ilə fəxr də edir. Üstəgəl, kişinin ailəsi də ona, "Arxandayıq" - deyə dəstək olur. Biz kimin, nəyin arxasındayıq? Allah xətrinə, bir qadını xəyalları, ümidləri ilə torpağa tapşırmaq nə vaxtdan bəri qürurverici hərəkət olub?

Namus deyəndə ağlımıza birinci qadın gəlir, elə deyil? Əslində isə, kişinin namuslu olduğu yerdə qadının öz namusunu qorumasına ehtiyac qalmaz. Bir məbədən oxumuşdum: "Biz qız uşaqlarına yemək bişirməyi, oğlan uşaqlarına da avtomobil sürməyi öyrətdik. Sonra da qadını avtomobil sürə bilmədiyi, kişini də yemək bişirə bilmədiyi üçün tənqid edirik".

Bu gün qurban qadındırsa, qadının, kişidirsə, kişinin  yanında olacağam. Bəlkə də, təkcə bir küçə heyvanının, yaxud o an ehtiyacı olan kimdirsə, onun yanında olacağam. Ölkəmizdə, hətta deyərdim ki, dünya səviyyəsində bir çox firmalar reklam ünsürü olaraq lazımlı-lazımsız məhsul və xidmət reklamlarında qadın bədənindən, onun görüntüsündən istifadə edirlər. Bu, gündəlik həyatda da dəfələrlə qarşımıza çıxır. Hər hansı bir mağaza açılışı varsa, qapısında hava soyuq olsa belə, bizi gülümsəyərək qarşılayan qısa ətəkli qadınlar görürük. O soyuqda o ətəyi geyinmək onların öz seçimi deyil, əlbəttə. Heç həmin qadınlar o mağazanın işçiləri də deyillər. Onlar diqqət çəkmək məqsədilə bir neçə günlüyə bu işi görməkləri üçün müəyyən agentliklərdən göndərirlər. Diqqət edin, onlar sənəti, ustalığı, təhsili üçün yox, yalnız bədənləri üçün oradadırlar. Bu, təkcə onlar üçün deyil, bütün qadınlar, hətta kişilər üçün utanılacaq bir şeydir.

- Siz həm də evlisiniz. Ailənizin bu məsələyə reaksiyası necə oldu?

- Mən iki ildir, evliyəm. Həm də, nə yaxşı ki, evlənmişik, dediyim qadınla evliyəm. Həyat yoldaşım təkcə bu məsələdə yox, aldığım hər qərarda mənə dəstək oldu və hörmətlə qarşıladı, eynən mənim ona olan münasibətim kimi. Bu, ailəmə əslində, bir az sürpriz oldu. Dərhal demək istəmədim. İstədim ki, sosial şəbəkədən, mətbuatdan görsünlər. Çox da yaxşı oldu. Öyrəndikləri vaxt hamısı əvvəl kiçik bir şok yaşadılar, amma sonra çox məmnun oldular və hər zaman yanımda olduqlarını, məni dəstəklədiklərini dedilər.

- Bəs məhz bu cür etiraz üsulu seçmək ağlınıza hardan gəldi? Buna necə cəsarət etdiniz?

- Bu məsələylə bağlı onsuz da ağlım həmişə məşğuldur. Bütün bunlarla bağlı mən nə edə bilərəm, nəyi dəyişdirə bilərəm deyə düşünürəm. Sonda hamının etdiyinin əksini etməyə qərar verdim. Əlbəttə ki, bunun üçün bu zinət əşyaları ilə poza verəcək bir kişi lazım idi. O adam da ancaq mən ola bilərdim. Çünki bu cəsarət tələb edən addımdır və bu riskə girmədən istəyimə nail ola bilməyəcəkdim. Özümdən başqa heç kimi də bu qədər tənqidin, mühakimənin, təhqirin qucağına ata bilməzdim. Qadın bədəninin istismarına etiraz etmək üçün başqa birinin bədənini istismar etmədim. Bu işdə mənə öz peşəsiylə dəstək olan bir nəfər var - fotoqraf Fəhimə Dönməz. O da bu işdə ən başdan mənə böyük bir səmimiyyət və həyəcanla yoldaşlıq etdi. Və beləcə, bu ideyamı həyata keçirmək üçün mən bir qadının yalnız sənətindən istifadə etdim.

- Xəyalınızdakı, uğrunda çalışdığınız o cəmiyyətin necə olmasını istəyirsiniz?

- Bu addımımın bir yox, min səbəbi olsun istəyirəm. Mən istəyirəm ki, qadın bədəni bir obyekt olmasın, mal, əşya münasibəti görməsin, insana, cana, hətta cansıza qarşı da zorakılıq bitsin. Bir qadının gecə vaxtı işdən çıxıb evinə qayıdarkən bir an belə narahatlıq keçirməsini, didərgin olmasını istəmirəm. İstəyirəm ki, qadınlar da kişilər qədər azad olsunlar, qadınlar mindikləri taksilərin nömrəsini mesajla dostlarına göndərmək məcburiyyəti hiss etməsinlər. İstəyirəm ki, qadınlar hətta ictimai nəqliyyatda tək səyahət edəndə də, başını aynaya söykəyib yuxulaya bilsinlər. İstəyirəm ki, cəmiyyətdə qadınlar da istədikləri kimi rahat ola bilsinlər. Mən bunu istəyirəm və inanın, bunların reallaşması  heç də çətin deyil.

- Bu addımınızın kommersiya məqsədli olduğunu düşünənlər oldumu? Bundan sonra satışlarınızda artım baş verdimi?

- Şəkillərin paylaşıldığı ilk iki gün internet səhifəmiz yerində saydı və həddən çox tənqid gəldi. Tənqidlər isə reklam üçün niyə bu qədər qıllı bir kişinin seçilməsi, modelin niyə qadın olmaması ilə bağlı idi. Sonra palaşılan şəkillərin altına bu addımımın, məqsədimin nə olduğunu ətraflı yazdım və fikir verdim ki, bunu görən hər kəs şəkilləri bir-birinə göndərirlər. Beləcə, paylaşımlar bir anda o qədər artdı ki, təkcə bir həftə ərzində iyirmi min izləyicimiz çoxaldı, səhifənin görüntülənmə sayı yüz minlərə qalxdı. Bu, satış məqsədli bir layihə, plan deyildi, əksinə, bir sənətkar üçün çox riskli bir addım idi. İllah da əks düşüncəyə sahib olanlardan sərt reaksiyalar alacaqdıq.  Bununla yanaşı, bir çox izləyici bu addımımıza dəstək vermək üçün bizdən alış-veriş etmək istədilər. Mən də onlara bu fikrə verdikləri dəstəyin edəcəkləri alış-verişdən daha dəyərli olduğunu bildirdim. Hətta sosial şəbəkədə məsələ ilə bağlı açıqlama da verdim ki, nə İnternet üzərindən, nə də İstanbuldan kənara satış edəcəyik. Mağazamıza yaxınlaşsanız, əlbəttə, məmnuniyyətlə köməklik göstərərik, alış-verişinizi edər, qəhvəmizi içər, söhbət edərik. Siz yenə öz zərgərinizdən alış-verişinizi edin. Bizim məqsədimiz başqa bölgələrdəki sənətkarların müştərisini əlindən almaq deyil. Məqsədimiz yalnız səsimizi hər kəsə çatdıra bilməkdir. Amma əlbəttə ki, izləyicilərimiz arasında gəlib alış-veriş edənlər oldu. O təbrikləri üz-üzə eşitmək, onların üzündəki təbəssümü görmək isə məni ayrıca xoşbəxt etdi.

- Bəs bu addımı atarkən, belə böyük reaksiya alacağınızı, həm tənqid, həm təhqirlərə məruz qalacağınızı düşünürdünüzmü?

- Ətrafımdakı heç kim hadisələrin bura qədər gələcəyini düşünmürdü. Amma son irəliləyişlər, aldığımız reaksiyalar qarşısında təbrik etməyə başladılar və axıra qədər dəstək oldular. Sosial şəbəkədən də yüzlərlə dəstək mesajları yağdı və bunlar hamısı məni çox xoşbəxt etdi. Tənqid edənlərin isə paylaşılan şəkillərin altına yazılmış açıqlamaların heç birini oxumayan, məqsədimdən xəbərsiz olan insanlar olduqları açıq-aydın ortadadır. Onlar yalnız paylaşılan şəkli görür və dərhal rəy, yaxud mesaj olaraq öz tənqidlərini mənə çatdırdılar.  Oxuyub çox xoşuma gələn rəylər də oldu. Bəzilərini sizinlə də paylaşım:

"Qılları almasaq, qiymət nə qədər olar?"

"Amazon meşələrində yonca bitib, elə bil".

"Qılların qızılı var".

"Epilyasiya üçün sponsor olmaq istəyirəm".

Baxın, bu cür rəyləri görmək məni güldürür.

Natəvan ABDULLA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





03.03.2021    çap et  çap et