525.Az

GUM GUAM-ı əvəz edəcək? - Xaqani Cəfərlinin yazısı


 

GUM GUAM-ı əvəz edəcək? - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Ötən əsrin sonlarında postsovet məkanında perspektivinə böyük ümidlər bəslənən regional əməkdaşlıq formatlarının önündə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM Demokratiya və iqtisadi inkişaf naminə təşkilatı dayanırdı.

1999-cu ildə Özbəkistanın tamhüquqlu, Türkiyə və Latviyanın müşahidəçi statusu ilə GUAM-a qoşulması təşkilatın gələcəyi ilə bağlı nikbinlik yaratsa da, zamanla bu ehtimal özünü doğrultmadı.  Ötən illər ərzində çoxsaylı sənədlər qəbul olunsa da, hətta 2017-ci ildə GUAM-a üzv ölkələr arasında tamhüquqlu azad ticarət zonası ilə bağlı qərar verilsə də, yenə də tam əsaslı birlik yaranmadı.

Son aylar isə Gürcüstan, Moldova və Ukraynanı birləşdirən yeni əməkdaşlıq formatının yaradılması ilə bağlı fikirlər səsləndirilir, müzakirələr aparılır. Bu proses Moldovada Qərbyönümlü lider Mayya Sandunun prezident seçilməsi ilə start götürüb. Mayya Sandu prezident seçildikdən sonra ilk rəsmi səfərini Ukraynaya gerçəkləşdirərək, bir sıra məsələlərdə birgə hərəkət etməklə bağlı ukraynalı həmkarı Vladimir Zelenski ilə razılığa gəlib. Məhz bu səfərdən sonra Gürcüstanın da iştirakı ilə Avroatlantik məkana inteqrasiya tərəfdarı olan üç ölkədən ibarət postsovet məkanında yeni əməkdaşlıq formatının yaradılması haqqında ciddi müzakirələr başlayıb. 

Avropa İttifaqının prezidenti Şarl Mişelin Gürcüstandan başlayan, Ukrayna və Moldovada davam edəcək səfərinin də bu üç ölkədən ibarət yeni əməkdaşlıq formatının yaradılmasına xidmət edəcəyi gözlənilir. Tbilisidə Gürcüstanı Avropa Birliyi ilə əlaqələri gücləndirməyə çağıran Şarl Mişel təmsil etdiyi qurumun yeni ofisinin açılışına qatılıb. Brüssel tərəfindən maliyyələşdirilən bu ofis Gürcüstanın Avropa Birliyinə inteqrasiyasına təkan verməlidir. Gürcüstana iki günlük səfərini başa vuran Şarl Mişel Tbilisidən Kiyevə gedib. Ukraynaya səfərini başa vurduqdan sonra Şarl Mişel Moldovaya gedəcək.

 

Brüsseldə hesab edirlər ki, Avropa İttifaqı prezidentinin bu üç postsovet ölkəsinə səfəri Gürcüstan, Ukrayna və Moldovanın Avroatlantik məkana inteqrasiyasını gücləndirməyə xidmət etməlidir. Bu prosesi gücləndirmək üçün Gürcüstan, Ukrayna və Moldova arasında yeni əməkdaşlıq formatı yaradılmalıdır. Brüsseldə hesab edirlər ki, əgər belə bir əməkdaşlıq formatı yaradılsa, Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyinə inteqrasiyası daha sürətli və rəvan həyata keçirilə bilər.

Tbilisi, Kiyev və Kişinyovu bu əməkdaşlıq formatında maraqlı edən digər amil Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüklərinin təmin olunması üçün Avropa Birliyinin dəstəyinə ciddi ehtiyac duyulmasıdır. Şarl Mişel Tbilisidə Gürcüstanın ərazi bütövlüyünə birmənalı dəstək verdiyi kimi, Kiyev və Kişinyovda da eyni mövqedən çıxış edəcəyi gözlənilir. Bundan başqa, Avroatlantik məkana inteqrasiya üçün vacib olan islahatların həyata keçirilməsində Tbilisi, Kiyev və Kişinyov arasında əməkdaşlığın faydalı olacağı üçün Brüssel GUM formatında əməkdaşlığa böyük önəm verir.

Co Baydenin prezident seçilməsindən sonra ABŞ da postsovet məkanında fəallaşmağa başlayıb. İrs Fondunun (The Heritage Foundation) araşdırmaçısı Lyuk Loffi hesab edir ki, artıq ABŞ-ın bu bölgədə liderliyinin zamanı gəlib çatıb. Lyuk Loffi hesab edir ki, dövlət katibi Entoni Blinken ən yaxın zamanda bölgəyə səfər etməli, Gürcüstan, Ukrayna və Moldovaya dəstəyini bildirməlidir. Ekspertə görə, dövlət katibinin səfəri Tbilisi, Kiyev və Kişinyovun Avroatlantik məkana inteqrasiyasını sürətləndirə bilər. Eyni zamanda, ABŞ və Avropa Birliyinin dəstəyinin Gürcüstan, Ukrayna və Moldovanın Rusiyanın təzyiqlərinə qarşı dayana bilmələrinə də yardım edəcəyi ehtimal olunur.

Yaradılması ehtimal olunan GUM-un GUAM-dan əsas fərqi isə Gürcüstan, Ukrayna və Moldova arasında hərbi əməkdaşlığın nəzərdə tutulmasıdır. Bu üç ölkəni hərbi əməkdaşlığa vadar edən iki əsas səbəb var. Birincisi, bu ölkələrinin üçünün də ərazi bütövlüyü eyni ölkə, Rusiya tərəfindən pozulub. Tbilisi, Kiyev və Kişinyovun nəzərində Rusiya işğalçıdır və bu amil Gürcüstan, Ukrayna və Moldovanın hərbi əməkdaşlığını zəruri edən əsas amildir. Üç ölkə arasında hərbi əməkdaşlığı zəruri edən digər amil isə Gürcüstan, Ukrayna və Moldovanın NATO-ya üzvlük niyyətində olmalarıdır. NATO-ya üzvlük isə bu üç ölkənin silahlı qüvvələrini Şimali Atlantika Alyansının standartlarına uyğunlaşdırması zərurətini doğurur. Brüsseldə, NATO-nun mənzil-qərargahında hesab edirlər ki, Tbilisi, Kiyev və Kişinyov arasında əməkdaşlıq Gürcüstan, Ukrayna və Moldovanın silahlı qüvvələrinin Alyansın standartlarına daha tez  keçməsinə də yardım edəcək. 

Aydın görünür ki, Qərb bir zamanlar Baltikyanı respublikaların Avroatlantik məkana inteqrasiyası zamanı Riqa, Tallin və Vilnyus arasında mövcud olmuş əməkdaşlığın oxşarını Tbilisi, Kiyev və Kişinyov arasında təmin etməyə çalışır.

Prezident Co Baydenin Cənubi Qafqazı çox yaxşı tanıyan sabiq diplomat Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı vəzifəsinə namizəd göstərməsi də ABŞ-ın postsovet məkanında fəallaşmaq niyyətinin göstəricisi kimi dəyərləndirilə bilər.  

Rusiya Gürcüstan, Ukrayna və Moldovanın NATO-ya inteqrasiyasını özünün həyati maraqları üçün təhlükə hesab edir və bu ölkələrin Şimali Atlantika Alyansına üzvlüyünə imkan vermək niyyətində deyil. Bu isə Moskva ilə Tbilisi, Kiyev və Kişinyov arasında münasibətlərin daha da gərginləşməsinin qaçılmaz olduğunu söyləməyə imkan verir.

 





03.03.2021    çap et  çap et