525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

 

Əslən Cəbrayıl rayonundan olan Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvarda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Böyükağa uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbində təhsil aldığı müddətdə həmişə həmyaşıdlarından müsbət istiqamətdə seçilib. Savadı və bacarığı ilə fərqlənən Böyükağa həm də Vətən sevgisi ilə alışıb-yanırdı. Daimi şüarı "Qarabağ, Cəbrayıl, Şəhidlər ölməz Vətən bölünməz!" olub. Həmin şüarları hazırda Şəhid otağındakı guşəsində də yer alır. Dəfələrlə nümunəvi addımlarına görə diplom və serfikatlara layiq görülüb.

Böyükağa 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə qəbul olunub. 2019-cu ildə universiteti bitirib hərbi hissəyə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb. O, müharibə zamanı Cəbrayıl və Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib,  vəzifəsi minaatan olub. Çoxsayda düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində iştirak edib.

Onda uşaqlıqdan Qarabağ sevgisinin yüksək olması bu ərazilərin dərindən öyrənib mənimsəməsinə böyük təsir etmişdi. Böyükağa Qarabağın coğrafi xəritəsini əzbər bilirdi və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq etmişdi. B.Şahverdiyev 2020-ci il oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Biləsuvardakı "Cəbrayıl qəsəbəsi"ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub. Şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Əbil Qədir oğlu Cəbizadə 26 fevral 1993-cü ildə Sumqayıtda doğulub. 2000-2011-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdiyi ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinə daxil olub. 2015-ci ilə qədər burada çox işlənən malların texnologiyası və dizaynı ixtisasında təhsil alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Silahla mükəmməl davranışına görə baş atıcı vəzifəsinə təyin olunub. Bir əsgər olaraq Əbil Aprel döyüşlərində də iştirak edib, döyüş tapşırıqlarını böyük uğurla yerinə yetirib. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə o, dəfələrlə fəxri fərmanlarla və təşəkkürnamələrlə təltif edilib. 2016-cı ilin oktyabrında hərbi xidmətini başa vurub.

Ə.Cəbizadə 2020-ci ilin 21 sentyabrında "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təlim və məşq toplantısına çağırılıb. 6 gün sürən təlimlərdən sonra 27 sentyabrdan başlayan Vətən müharibəsinin ilk günündən döyüş yoldaşları ilə birgə bir çox hərbi əməliyyatlarda iştirak edib. Tərtər, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib. Xudafərin körpüsünün azad olunmasında böyük şücaət göstərib.

Ailəsi ilə sonuncu dəfə 12 oktyabrda əlaqə saxlayan Əbil 14 oktyabrda Xocavəndin Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olur. Əbil Cəbizadə şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Həsənağa Bəhruz oğlu Şirvani 23 aprel 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Uşaqlıq illəri doğulduğu Binə qəsəbəsində keçib. 2008-2019-cu illərdə şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbində təhsil alıb.

Həsənağa təhsilini başa vurduqdan sonra Xəzər rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Hələ iki ayın əsgəri olaraq II Qarabağ müharibəsinə qatılan, ilk gündə düşmənə sarsıdıcı zərbələr endirən Həsənağa 27 sentyabrda Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hərbçi olmağı arzulayan igid əsgərin babası Faiq kişi xatırlayır: "Həsənağa çox zaman özündən böyüklərlə həmsöhbət olardı. Deyərdi ki, böyüklərlə həmsöhbət olanda, onlardan nəsə öyrənirəm. Həm evdə, həm məktəbdə, həm də əsgər yoldaşlarının arasında böyük sevgi, məhəbbət qazanmışdı". Anası Şəfəq xanım danışır: "Həsənağanın sinif yoldaşları deyir, Həsən bizi o qədər sinifdə güldürürdü ki... Əhval-ruhiyyəmizin olmayan bir vaxtında, bir məqamında Həsən bir sözlə, bir kəlməylə sinifi ruhlandırır, ayağa qaldırırdı..." 

***

 

Salamov Vüsal Yəhya oğlu 1993-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Ə.Əliyev adına 125 №li tam orta məktəbdə təhsil alıb. Eyni zamanda, istedadlı, musiqi duyumu yüksək olan Vüsal 4 №li Uşaq İncəsənət musiqi məktəbində skripka sinfində təhsil alaraq incə ruhu aləmə sahibliyini təsdiq edirdi. Vətən-Qarabağ mövzusu onun həyatının ana xətti idi. O, hərbi xidməti - Vətən borcunu Murovda yerinə yetirmişdi. Manqa komandiri kimi əsgər yoldaşlarına dəstək, qardaş olmağı bacarmışdı. II Qarabağ müharibəsi başlanan gündən Vüsalın bir məqsədi oldu: Vətənə övlad olduğunu, Azərbaycana can olmağı təsdiqləmək. Oktyabrın 5-də könüllü döyüşlərə qatılıb. Füzuli uğrunda aparılan hərbi əməliyyatlarda fəal iştirak edib, rəşadət göstərib, qəhrəmanlıq salnaməsinə adını həkk etməyi bacarıb. Vüsalın ailəsi ilə son əlaqəsi 15 oktyabr saat 14:20-də olub. Suqovuşanda şəhadətə yüksələn Vüsal 6 gün neytral ərazidə qalıb. Vüsal müxtəlif layihələrdə, müsabiqələrdə iştirak edib qalib olan, elmi məqalələrlə müəllif hüququna layiq görülən istedadlı gənc idi. Ömrünün ən uca məqamı isə şəhidlik zirvəsi oldu.

***

 

Aqşin Nazim oğlu İbadov 24 avqust 1984-cü ildə Lənkəranın Buladi kəndində doğulub. 1990-cı ildə Boladi kəndinin 1 saylı tam orta məktəbinə daxil olub, həmin məktəbi əla qiymətlərlə bitirib .

Hərbi xidmətdə olduğu zaman Aqşin dəfələrlə hərbi hissənin, Müdafiə Nazirliyinin, ölkə rəhbərliyinin müxtəlif təltif və mükafatlarına layiq görülüb. Bununla kifayətlənməyən igidimiz ATTAŞŞE kursunu keçib. Nümunəvi xidmətlərinə görə mayor rütbəsinə qədər yüksəlmişdi. 2018-ci ildə Azərbaycan Ali Hərbi Akademiyasına daxil olmuş, təhsilini Türkiyədə davam etdirmişdi. İstanbulda Milli Savunma Universtetində təhsil almaqla yanaşı, magistr pilləsinə də yiyələnmişdi.

25 sentyabr 2020-ci ildə ailəsi və 12 günlük qızı Zeynəblə birgə A.İbadov vətənə qayıdır. Onları Bakıda kirayəyə yerləşdirərək müharibə başlanan gün cəbhəyə yollanır. Qəlbi vətən sevgisilə döyünən qəhrəmanımız Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Qorxmaz kəşfiyyatçı 19 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalır. O, Lənkəranın Boladi kəndində dəfn olunub.

Şəhidimizin iki qardaşı da 44 günlük Vətən müharibəsində vuruşub. Böyük qardaşı polkovnik-leytenant, kiçik qardaşı isə gizirdir. Aqşinin şəhadətindən sonra cəbhədə qızına və həyat yoldaşına yazdığı məktublar telefonun yaddaş hissəsində tapılıb. Məktubda deyilir: "Gözəl qızım, sən həyatını, özünü Vətənimizin azad və müstəqil olması, ərazi bütövlüyümüzün qorunmasına  həsr etmiş bir Azərbaycan Zabitinin qızısan, hər zaman başını dik tut".

Xüsusi Təyinatlı Qüvvələrin mayoru, kəşfiyyatçı zabit Aqşin İbadov şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

 

Xəlili Samir Əhməd oğlu 1997-ci il sentyabrın 6-da Bakıda doğulub. Nizami rayon 62 saylı məktəb-liseydə təhsil alıb və 2014-cü ildə oranı bitirib. Eyni ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub. Su mühəndisliyi üzrə aldığı təhsilini 2018-ci ildə tamamladıqdan qısa müddət sonra hərbi xidmətə yollanıb. Gözündən əməliyyat olunduğu üçün ona 6 aylıq möhlət hüququ verilsə də, dəfələrlə hərbi komissarlığa müraciət edərək tez bir zamanda hərbi xidmətə getmək istədiyini bildirir. Bu səyləri nəticəsində, vaxtından əvvəl hərbi xidmətə getməyə nail olur və Goranboyun "N" saylı hərbi hissəsində qulluq edir. Hərbi xidmət zamanı hərbi hissə komandirinin sürücüsü olur. Çətin coğrafi şəraitdə vəzifəsinin öhdəsindən məharətlə gəldiyi üçün rəhbərlik tərəfindən təşəkkür alır. 2019-cu il oktyabrın 2-də hərbi xidmətdən tərxis olunur. Samirin ən böyük arzusu polis olmaq idi. Bu istəyinə çatmaq üçün, Daxili İşlər naziri Vilayət Eyvazovun sıra baxışında iştirak edir. Nazir tərəfindən polis sıralarına seçilir. Çalışmaq üçün əmrini gözləyən Samirə, təəssüf ki, bu, qismət olmur. Çünki II Qarabağ müharibəsi başlayır. 2020-ci il sentyabr ayında çağırış gələn kimi dərhal hərbi komissarlığa gedir. Bir həftəlik hərbi təlimdən sonra döyüşlərdə könüllü iştirak edir. Əsgər yoldaşlarının dediklərinə görə, iki dəfə ən ağır döyüşlərdən möcüzə sayəsində sağ qalıb. Buna rəğmən irəliyə getməkdən bir an belə tərəddüd etməyib. Hətta döyüşlər sırasında keçmiş hərbi hissə komandiri ilə qarşılaşıb, lakin komandirin sürücülük təklifini qəbul etməyib, silahı əlində düşmənə qarşı vuruşacağını söyləyib. Ailə üzvləriylə telefon danışıqlarında hər şeyin yaxşı olduğunu deyir, onları narahat qoymaq istəmirdi. Samir polis olmaq arzusuna çatmasa da, daha böyük zirvəni fəth etdi -  2020-ci ilin 1 oktyabrında Şəhidlik zirvəsinə ucaldı.

***

 

Azərbaycan Silahlı Qüvvələrinin mayoru Vəliyev Vüsal İslam oğlu 15 iyul 1988-ci ildə Şərurun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Dizə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu illərdə isə H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2012-ci ildə 3 aylıq XTQ təlimini uğurla başa vurub. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl-Murovdağ silsiləsində xidmət edib, mayor rütbəsinəcən yüksəlib. Mayor V.Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri təyin edilib, Murovdağdan başlayaraq, Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək vuruşub. İki dəfə ağır yaralansa da, Vüsal tabeliyindəkiləri tək qoymayıb, döyüşə davam edib. O, noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci ildə Şərur Şəhidlər Xiyabanında dəfn olunub.

Xidmət illərində mayor V.Vəliyevə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı", Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş medal, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı, "10 il Qüsursuz xidmətlərə görə" 3-cü dərəcəli medalı təqdim edilib.

Vüsal nişanlı idi. Şəhidimizin atası İslam Vəliyev onun itkin xəbərinə dözməyərək vəfat edib.

***

 

Məmmədov Asəf Mehman oğlu 1 iyun 1995-ci ildə Ağstafanın Poylu qəsəbəsində doğulub. 2013-2014-cü illərdə Goranboy rayonunun Ağcakənd-Ballıqaya deyilən yerdə N saylı hərbi hissədə Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirib. Vətən müharibəsi başlayanda könüllü cəbhəyə yollanan Asəf Füzulidən Şuşaya şərəfli döyüş yolu keçib. Şuşa azad edildikdən sonra noyabrın 8-i  Xankəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra Asəf Məmmədov "Şuşanın azad edilməsinə görə" medalı ilə təltif edilib. Məzarı doğulduğu Ağstafa rayonunun Poylu qəsəbəsindədir. Ailəli olan şəhidimizin Vətənə əmanət iki yaşlı Zəhra balası var.

***

 

Orucov Nail Rəfail oğlu 1978-ci il iyunun 11-də Astaranın Məsçidməhəllə kəndində doğulub. 1985-ci ildə Qapıcıməhəllə kənd orta məktəbinə daxil olub və 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər təhsilini C.Naxçivanski adına Hərbi liseydə dəvam etdirib. 1995-ci ildə Bakı Ümumqoşun məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib. Məktəbi bitirdikdə ona "leytenant" rütbəsi verilib və Müdafiə nazirinin əmrinə əsasən, xidməti davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilib.  1999-2002-ci illərdə orada motoatıcı taqım komandiri,  2002-2005-ci illərdə motoatıcı bölük komandiri,  2005- 2007-ci illərdə N saylı hərbi hissənin motoatıcı taborun maddi texniki təminat üzrə komandirin müavini, 2007-ci ildə N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisi, həmin ilin dekabrından 2008-ci ilin dekabrınadək N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisi, 2008-in dekabrından 2013-cü ilin iyuluna kimi N saylı hərbi hissənin maddi texniki təminat bölməsinin (Q4) rəisi - (qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi) vəzifəsinə təyin olunub. 2014-cü ilin yanvarından oktyabrına kimi N saylı hərbi hissənin motoatıcı tabor komandiri, 2015-ci ilin dekabrına kimi isə N saylı hərbi hissənin maddi-texniki təminat üzrə vəzifəsində xidmət edib.

Müdafiə Nazirinin 31.12.2015-ci ildə tarixli 0912  nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməni 156-cı maddəsinin "j" bəndinə  (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ ilə Polkovnik-leytenant kimi ehtiyata buraxılıb.

29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunub. Oktyabrın 6-dan etibarən, 1-ci Tabor komandiri vəzifəsi ilə müharibədəki xidmətinə başlayıb. Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində əks-hücum əməliyyatları ilə düşməni geri çəkilməyə məcbur qoyub, Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədin tam nəzarətə alıb. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunub və düşmənin artilleriya atəşi nəticəsində polkovnik-leytenant Nail Rəfail oğlu Orucov şəhadətə yüksəlib.

Ailəli olan şəhidimizin Ruslan, Əlihəsən və İbrahim adlı üç oğlu Vətənə əmanətdir.

***

 

Aslanov Tural Elşən oğlu 5 iyun 1992-ci ildə Yardımlının Çay Üzü kəndində doğulub. Orta təhsilini kənddəki N.Cəbiyev adına məktəbdə alıb. Ali təhsilini Sumqayıt Dövlət Universitetində Coğrafiya fakültəsi üzrə alıb. 2013-cü ildə hərbi xidmətə yollanıb. 3 aylıq kursdan sonra N saylı hərbi hissədə leytenant rütbəsi ilə xidmət edib. 2015-ci ilin aprelində ehtiyata buraxılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmək üçün müraciət edir. Oktyabrın 1-də müharibəyə qatılmaq üçün yola düşür. Hadrut, Cəbrayıl, Füzuli və Şuşa istiqamətlərində ağır döyüşlərdə iştirak edir. Onlarla düşmən hərbçisinin məhv edilməsində, yaşayış məntəqələrinin azad edilməsində igidlik göstərir. Son döyüşü 5 noyabrda Şuşakənddə olur. Turalgilin taboru iki istiqamətdə Şuşakəndə hərəkət etməli, Şuşada olan düşməni çaşdırmalı və şəhərə istiqamətlənmiş qüvvələrin işini yüngülləşdirməli idilər. Birinci qrup Şuşakəndə çatsa da, cənab leytenantın tabeliyində olanlar meşədə düşmənin minaatanlarının atəşinə məruz qalırlar. Nəticədə qrupun xeyli üzvü və leytenant Tural Aslanov şəhid olur. Subay olan şəhidimiz Çay Üzü kəndində torpağa tapşırılıb. Turalın atası və əmisi də I Qarabağ müharibəsinin qazisi idilər.

***

 

Təhməzov Pərvin İlqar oğlu 22 yanvar 1997-ci ildə Sumqayıtda doğulub.anadan olub.1 yaşından 7 yaşına qədər Sumqayıt şəhər 64 saylı məktəbəqədər uşaq bağçasına gedib. Orta təhsilini Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam  orta məktəbdə alıb. İdmana marağı olan Pərvin 9 yaşından 17 yaşına kimi cüdo ilə məşğul olub, bu müddətdə təşəkkürnamələr, fəxri fərmanlar, kürsü medalları və kuboklar qazanıb.

Məktəbi bitirdiyi il Qərbi Kaspi Universitetinin Filologiya üzrə ingilis dili fakültəsinə qəbul olur. Ali təhsilin başa vurduqdan sonra 2020-ci ilin 13 iyulunda hərbi xidmətə gedir, Goranboy rayonunun Aşağı Ağca kəndindəki N saylı hərbi hissəsində xidmətə başlayır. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılır. Kəlbəcər, Ağdərə, Suqovuşan, Ağuçuq istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşur və oktyabrın 1-də şəhidlik zirvəsinə ucalır. 2 ay 10 günün əsgəri olan Pərvin qəhrəmancasına şəhid olan döyüş yoldaşlarını düşmən tərəfindən çıxararkən özü də şəhid olur. Şəhadətindən sonra "Vətən müharibəsi iştirakçısı", "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif olunub.

***

 

Bayramov Ramin Hüseynağa oğlu 8 oktyabr 1979-cu ildə Cəlilabadın Alar kəndində doğulub. 1986-1996-cı illərdə Alar kənd 2 saylı orta məktəbdə təhsil alıb. 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, 2000-ci ildə oranı əla qiymətlərlə bitirdikdən son 3 ay hərbi təlim-məşq keçərək leytenant rütbəsi alıb

2005-ci ildə hərbi xidmətə yollanıb, 2006-cı ildə baş leytenant rütbəsi ilə Milli ordudan ehtiyata buraxılıb.

Vətən müharibəsi başlanandan sonra Ali Baş Komandanın hərbi səfərbərlik əmrinə əsasən, 2020-ci il sentyabrın 28-də səfərbərliyə çağırılıb və həmin gün də müharibəyə yollanıb. Bölük komandiri vəzifəsini icra edən baş leytenant Ramin Bayramov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad edilməsində böyük şücaət göstərib. Müharibənin son günlərində Qubadlıda şəhadətə yüksəlib və noyabrın 11-də Alar kəndində dəfn edilib. Ailəli olan şəhidimizin Vətənə əmanət Nərmin, Yusif və Yunis adlı üç azyaşlı övladı qalıb.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri şəhadətə qovuşduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





04.03.2021    çap et  çap et