525.Az

Yazılı abidələrimiz elektronlaşdırılır - Müsahibə


 

ƏZİZAĞA NƏCƏFOV: "ƏLYAZMALARI ELEKTRONLAŞDIRMAQDA MƏQSƏD ONLARIN YALNIZ MÜASİR TƏDQİQATÇILARIN ONLAYN İSTİFADƏSİNƏ VERMƏK DEYİL, HƏM DƏ GƏLƏCƏK NƏSİLLƏRƏ SAXLAMAQDIR"

Yazılı abidələrimiz elektronlaşdırılır - <b style="color:red">Müsahibə</b>

Bəşəri əhəmiyyətə malik sənədli irsimizin qorunub saxlanması ilə yanaşı, etibarlı şəkildə gələcək nəsillərə çatdırılmasını təmin etmək müvafiq sahəyə dair qəbul olunan dövlət proqramlarının əsas hədəflərindəndir.

Yaşadığımız informasiya cəmiyyətində bütün fəaliyyət sahələrində rəqəmsallaşma prosesinin icrası dövrün tələbidir.

Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan qədim əlyazmalar 2014-cü ildən etibarən rəqəmsal formata keçirilir.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovla söhbətimiz də elə bu məsələlərlə bağlıdır. 

***

- Əzizağa müəllim, əlyazmaların  milli-mənəvi və tarixi əhəmiyyəti zaman keçdikcə özünü daha qabarıq büruzə verir. Dünya şöhrətli dahilərin yadigarı hesab olunan bu yazılı abidələrin Əlyazmalar İnstitutunda  elektronlaşdırılması işi necə aparılır, nə qədər material elektronlaşdırılıb və ümumiyyətlə, bu sahədə işlər hansı səviyyədədir?

- Bilirsiniz ki, 2014-cü ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hörmətli akademik Teymur Kərimli rəhbərlik edir. Elə həmin ildən institutda əlyazmaların elektronlaşdırılması işini həyata keçirən Elektron resurslar şöbəsi yaradılıb və institut lazımi texniki infrastrukturla təchiz olunub. Qədim əlyazmaları elektronlaşdırmaq üçün nəzərdə tutulmuş xüsusi avadanlıqlar  alındıqdan dərhal sonra institutun fondlarında saxlanılan əlyazma abidələrinin rəqəmsallaşdırılması və bu minvalla onlardan istifadənin asanlaşdırılması işinə başlanılıb. Əlbəttə, əlyazmaları elektronlaşdırmaqda məqsəd onların yalnız müasir tədqiqatçıların onlayn istifadəsinə vermək deyil. Biz bu əlyazmaları həm də gələcək nəsillər üçün saxlamalıyıq. Elektronlaşdırma səviyyəsinə gəlincə, onu deyə bilərəm ki, təkcə 2020-ci il ərzində ümumilikdə 769 nüsxə əlyazma abidəsi, yəni 146654 səhifə  “ATIZ Book Drive” markalı xüsusi skayner vasitəsilə rəqəmsal formata keçirilib. Skan olunmuş materiallar xüsusi proqram vasitəsilə müvafiq ölçüyə salınıb və PDF formatına konvertə edilib.

- Yəqin ki, görülən işlər nəticəsində institutda əlyazmaların elektron kitabxanası da formalaşdırılır?

- Bəli, əlyazmaların elektron variantı Elektron kitabxananın bazasına daxil edilir. Bunun üçün elektronlaşdırılan əlyazmaların həm şifrələri, həm də adları üzrə siyahılar tərtib olunur. Hazırda əlyazmaların Elektron  kitabxanasında 5018  (1129354 səhifə) tammətnli əlyazma saxlanılır ki, bunlardan da hələlik bilavasitə elmi müəssisədə tədqiqat aparan alim və mütəxəssislər istifadə edirlər.

- Haqqında bəhs etdiyiniz kitabxana elektron kataloqla da təchiz olunubmu, yoxsa bunu sonrakı mərhələdə reallaşdıracaqsınız?

- Bayaq da qeyd etdiyim kimi, 2014-cü ildən etibarən əlyazmaların elektron variantını yaratmağa başlamışıq. Elə o vaxtdan, paralel olaraq əlyazmaların ənənəvi kataloqlarını da elektronlaşdırırıq. Məsələn, keçən il təkcə "Türkdilli əlyazmalar"ın elektron kataloquna 622 kitab abidəsi daxil edilib, onların biblioqrafik təsvirləri verilib. Bundan başqa, institutun fondlarında mühafizə edilən miniatürlü əlyazmaların da ayrıca elektron kataloqunu yaratmışıq və 68 miniatürlü nəfis əlyazmanın biblioqrafik təsvirini oraya daxil etmişik.

İndiyədək 12260 biblioqrafik təsviri elektronlaşdırmışıq. Amma onu da deyim ki, bu iş ilk baxışdan göründüyü qədər asan başa gəlmir. Əvvəla ona görə ki, qədim əlyazmaların bir çoxunun təsviri ərəb qrafikası ilə verilir. Bu da elektron təsvir zamanı xeyli vaxt aparır, müxtəlif qrafik-linqvistik problemlər yaradır. Həm də zaman-zaman mütəxəssislərimiz yenidən hansısa məlumatları əlavə etməli olurlar, düzəlişlər edirlər. Təsəvvür edin ki, təkcə ötən il ərzində 1250 elektron təsvir redaktə olunub. Yəni elektron kataloqun yaradılması ilə iş bitmir, mütəmadi onun üzərində təkmilləşdirilmə işi aparılır.

- Bəs internetdə varmı bu kataloq? Yəni instituta gəlmədən əlyazmalar üzrə axtarış aparmaq mümkündürmü?

- Hazırda bizim kataloqların həm rəqəmsal, yəni PDF, DJVU variantları, həm də xüsusi avtomatlaşdırılmış kitabxana sistemi vasitəsilə işləyən elektron variantı var. Biz birinci variantda olan kataloqları veb-saytımızın (www.manuscript.az) Kataloqlar bölməsinə yerləşdirmişik ki, oxucular hələlik  ondan istifadə edərək fondda hansı əlyazmaların olduğunu müəyyənləşdirsinlər, sorğularını formalaşdıra bilsinlər. Avtomatlaşdırılmış "İRBİS" sistemi ilə işləyən daha funksional elektron kataloqumuz isə hələlik beta rejimində, yalnız müəssisədaxili istifadədir. Oxucularımız institutun qiraət zalındakı kompüterlər vasitəsilə lokal  serverimizə qoşula və elektron kataloqda hərtərəfli axtarış apara bilirlər.

- Əgər kataloq artıq qeyd etdiyiniz rejimdə işləyirsə, deməli, tezliklə sayt vasitəsilə də dərc olunacaq? Paralel bir sual da verim, sizcə, müəyyən vaxtdan sonra elektron kataloq ənənəvi kataloqları lazımsız edə bilərmi?

- Açığını deyim ki, qiraət zalında elektron kataloqumuzdan istifadə edənlər onun ənənəvi kataloqdan daha səmərəli olduğunu bildirirlər. Biz də çalışırıq ki, daha geniş axtarış imkanlarına malik olan elektron kataloqumuzdan istifadə edənlərin sayı çoxalsın. Bunun üçün ən qısa zamanda müəyyən texniki tamamlama işlərini başa vurub kataloqumuzun rəqəmsal variantı ilə yanaşı, elektron variantını da internetdə, yəni saytımız vasitəsilə oxucularımızın ixtiyarına verəcəyik. Belə olan təqdirdə, istifadəçilər Əlyazmalar İnstitutuna gəlmədən burada qorunan əlyazmaların təsviri ilə tanış olacaq və istədikləri yazılı abidəni sifariş verə biləcəklər. Bu da elmin elektron təminatı sahəsində irəliyə doğru atdığımız növbəti uğurlu addım olacaq.

- Bilirik ki, Əlyazmalar İnstitutunda Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin şəxsi arxivləri də mühafizə olunur. Yəqin şəxsi fondlarda köhnə əlyazmalar da var. Bəs onların elektronlaşdırılması məsələsi necə, gündəmdədirmi?

- Əlbəttə, bizdə bu istiqamətdə də müəyyən işlər görülür. Məsələn, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının  Əlyazmalar İnstitutunda 700 qovluqda saxlanılan şəxsi arxiv sənədlərinin elektronlaşdırılması prosesi  2019-cu ildən başlanıb və 2020-ci ildə də davam etdirilib. Ötən il 119 qovluqda saxlanılan 376 (1934 səhifə) arxiv sənədinin elektron versiyası hazırlanıb və elektron bazaya daxil edilib. Hazırda Cəfər Cabbarlının arxivinin elektron bazası 364 qovluqda saxlanılan 1092(5 970 səhifə) sənəd təşkil edir.

XX əsr Azərbaycan romantizminin yaradıcılarından, ən görkəmli nümayəndələrindən biri olan Məhəmməd Hadinin də ədəbi irsi ilə bağlı əlyazma materiallarının elektronlaşdırılması prosesi icra olunub. Ədibin ayrı-ayrı şəxslərin arxivində mövcud olan irsi ilə bağlı ümumilikdə 140 səhifə materialın elektron variantı hazırlanıb və elektron kitabxanada əks olunub.

- Bəs nadir mətbuat nümunələri necə, elektronlaşdırılırmı? Yoxsa, onları ən axıra saxlamısınız?

- Xeyr, axıra saxlamamışıq, onları da elektronlaşdırırıq. Ümumiyyətlə, çalışırıq ki, bu sahədəki bütün işləri paralel aparaq. Məsələn, keçən il ərzində "Molla Nəsrəddin" jurnalından 16 nüsxə, institutun Şəkixanovlar nəslinə aid arxiv materiallarından 20 nüsxə, "Əkinçi" və "İttihad" qəzetlərinin müəyyən sayları və digər materiallar elektronlaşdırılıb.

Bu sahədə artıq tamamlanmış işlərimiz də var. Məsələn, ölkədə ilk dəfə "Molla Nəsrəddin" jurnalının tam elektron veb-arxivinin yaradılması üçün müvafiq materialların müəyyənləşdirilməsi, toplanılması və elektronlaşdırılması işi həyata keçirilib və bunun üçün mütəxəssislərimiz tərəfindən ayrıca sayt yaradılıb və beta rejimində işə salınıb. Tədqiqat məqsədilə Milli Arxiv İdarəsi və Milli Kitabxananın fondlarında araşdırmalar aparılıb, "Molla Nəsrəddin"in sözügedən idarələrdə olmayan, 13 müxtəlif ildə işıq üzü görmüş 184 nömrəsi Əlyazmalar İnstitutunun Dövrü Mətbuat fondundan əldə olunaraq elektronlaşdırılmaya təqdim edilib. Jurnalın arxivini tamamlamaq üçün Milli Arxiv İdarəsi və Milli Kitabxana ilə elektron resurs mübadiləsi də reallaşdırılıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu işimizin əhəmiyyəti olduqca böyükdür. Çünki ilk dəfədir ki, "Molla Nəsrəddin" jurnalının tam elektron veb-arxivi formalaşdırılır. Şadıq ki, bu elektron baza məhz Əlyazmalar İnstitutu tərəfindən işlənilib, hazırlanıb.

Xatirə CABBARZADƏ
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 





04.03.2021    çap et  çap et