525.Az

Düşüncə döngələri - Şəfa Vəli yazır


 

Düşüncə döngələri - <b style="color:red">Şəfa Vəli yazır </b>

İnsanı "bəşərin əşrəfi" edən onun fikirləşə bilmək qabiliyyətidir. Uşaqdım, oxuduğum nağılların əksərindən sehrli sualı o qədər sevirdim ki, başqa uşaqlardan bunu soruşur, cavabını bilmədiklərində dirəşirdim: "Fikirləş... fikirləş..." Axırda da cavabı artıq özümün söylədiyimi deyir, gülə-gülə qaçırdım.

Nağıllarımızdan xəbəri olanlar bu sualın nə olduğunu bilir; təkrar etməyəcəyəm. Sadəcə, indi fikirdən yüyrək olan reallıqların qoynunda fikirləşə bilməyimizlə öyünməyə hələ də haqqımızın olub-olmadığını anlamaq istəyirəm... Görəsən, anlaya bilmədiklərimin izahı üçün də kompüteri açmalı, internetdə axtarış aparmalıyammı?

İlk kitab çap olunanda "şeytan işi" sayılmışdı, ilk kompüterin səsi eşidiləndə din xadimləri əlbirliyi ilə "şeytanın səsini dinləməyin" deyə xütbələr oxumuşdu. Əminəm ki, bütün İLKlərə əl uzadan insanların içində cənnət, yaxud cəhənnəm qarşıdurması baş verib; qalibi-məğlubu eynimə də deyil... Stanislav Lemin təsəlli axtarışı daha gülümsədicidir: "Əgər cəhənnəm varsa, onda mütləq ora kompüterləşib".

Hələ kompüterə şükür, telefonlaşma daha inqilabidir: bütün mövcudiyyətini cibində daşımaqmı, yoxsa, hər itən, qırılan telefonla "sona çatmaq"mı ədalətlidir? Yoxsa, fikirləşmək qabiliyyətimizdən əl çəkməmək üçün mübarizə aparmalıyıq? Məsələn, özümüzü telefondan kənarda axtarmaqla başlaya bilərik... Sadəcə, cəsarət tapmalıyıq... "İki dəfə yaşa" adlı ispan filmində məktəbli uşaq babasına telefon işlətməyi öyrədir. Deyir: "Bununla hər şey edə bilərsən. Hər kəs bunun içindədir". Baba cəsarətlə etiraz edir: "Amma mən yoxam...Bax, burda oturmuşam... "Hə, telefonun içində olmadığımızın fərqinə vardığımız an güzgülərə zahiri yaraşığımızın yerində olub-olmaması üçün yox, gözlərimizin içində parıltı varmı-yoxmu deyə baxacağıq... Əgər baxa bilsək...

O gün "Criminal Minds" serialında ekspertlərdən biri elə rahatlıqla söylədi ki: "İndiki dövrdə insanlar heç nəyə diqqət yetirmirlər; nə telefonda deyilsə, o, mövcud deyil". Tamaşaçı obrazından anındaca "istefa verib" analitik kimi çıxış eləməyə də başlamışdım: "Bədbəxtin qızı, telefondan çıxmalıdı e, bu dünya... Nə diqqəti?!"

Ardınc abir dərd də yadıma düşmüşdü - televiziyalar və tamaşaçı olmaq. Sözə baxın, "tamaşaçılar" - tamaşa edənlər, sadəcə tamaşa edənlər... Tamaşa edənlərin gördüklərini ruhundan, idrakından süzdürüb anlamağa çalışması üçün bu sözü nə ilə əvəz etməliyik, görəsən? Bilmirəm...

Mina Urqanın "Bir dinozavrın anıları" kitabında yazdığı "Televiziya vasitəsilə bayağılığın kirli suları evlərimizi də basır..." - cümləsinin bu yaxınlarda 30 yaşı olacaq, amma Nicat Həşimzadənin "Qogenin ikinci qadını" kitabında qeyd etdiyi kimi, "Ən dəhşətli hal bilirsiniz nədir? Azərbaycan insanı hələ də televiziyaya inanır".

"Bəs nəyə inanaq?" deyəcəksinizsə, bəri başdan deyim ki, Tanrı insanlara "xatırlamaq" kimi əvəzsiz bir nemət bəxş edib. O nemət sizə nə vaxtsa fikirləşə bildiyinizi xatırlamaqda kömək edəcək... Hərçənd, Natiq Məmmədlinin təlaşına, narahatlığına ortaq olmaqdan özümü saxlaya bilmirəm; yazıçı "Ulduz" jurnalının avqust (2020) sayında "özüylə söhbəti"ndə deyir: "Bir azdan insanlar öz fikirləşmək bacarığını da robotlara tapşırsa, necə olacaq?"

... "Günortaların bir qəribəliyi vardır. Səhərlər qatar yolçuluqları, iş və axşamdan qalma kədərlərin əhvalındadır. Gecələr eşqlə və oğurluqla məşğul olurlar. Bu iki uc arasında günortaların qəribəliyi uzanır... "Adam Hall "Casus postu" romanında yazır bunu... Bu günün günortasında bir az fikirləşmək, bu yüyrək dünyanın "çiyni üstündən" ayaqlarımı aşırıb da özümlə tək qalmağa çalışdım. Bir də onda ayıldım ki, kompüterin qarşısındayam və bu yazının son nöqtəsini qoyuram...

... Azdığımın fərqindəyəm düşüncə döngələrində, yeganə təsəllim burdakı "düşüncə" kəlməsidir...

28 fevral 2021

 





04.03.2021    çap et  çap et