525.Az

Müharibənin nəticəsi ayıldıcı təsir göstərməlidir - Telman Orucovun yazısı


 

Müharibənin nəticəsi ayıldıcı təsir göstərməlidir - <b style="color:red">Telman Orucovun yazısı</b>

Cənubi Qafqazda sülh şəfəqi

(Əvvəli ötən saylarımızda)

Qonşuluq mehriban münasibətlərə əsaslanmalıdır

Azərbaycan, Ermənistan istisna olmaqla bütün qonşuları ilə, ümumilikdə altı qonşusu olan ölkə ilə normal münasibət saxlayır, əməkdaşlıq edir, ticarət və kommersiya əlaqələri saxlayır. Türkiyə və Rusiya ilə daha sıx əməkdaşlıq mövcuddur. Azərbaycan həmin ölkələrin iqtisad inkişafında da əhəmiyyətli rol oynayır. Türkiyədə ARDNŞ-in milyardlarla dollar vəsaiti hesabına iri, müasir neftayırma zavodu tikilir, ona xammal rolunu da ölkəmizdən ixrac edilən neft oynayacaqdır. Dövlətimizin maddi yardımı ilə Rusiyanın Astarxan vilayətində bir sıra istehsal və mədəni obyektlər tikilmişdir. Gürcüstan və İranla da ticarət əlaqələri inkişaf etdirilir. Azərbaycanlı mütəxəssislər İranda mini neftayırma zavodları inşa edirlər. Gürcüstan ərazisindən keçən neft kəməri və dəmir yolu tranzit ölkə kimi ona xeyli mənfəət gətirir. Türkmənistanla Xəzər dənizindəki neft yataqları barədə on illər ərzində davam edən mübahisələrə son qoyulmuş, dənizdə hər iki ölkədən eyni məsafədə yerləşən "Dostluq" yatağının birgə qazılması və istismarı barədə razılığa gəlinmişdir. Türkmənistan dənizin altından keçən kəmərlə öz qazını Azərbaycandan Türkiyəyə gedən Cənub Qaz dəhlizinə çıxaracaq, həmin kəmərə yükləyəcəkdir. Bu, həmin ölkəyə Rusiya vasitəsilə qazın ixracına nisbətən xeyli mənfəət gətirəcəkdir. Bu yolla türkmən qazının Avropaya satılması məsafəsi xeyli azalacaq, nəqlə aid olan tədavül xərcləri əhəmiyyətli dərəcədə ixtisar ediləcəkdir. Beləliklə, Azərbaycan Avropaya qaz satışında haba çevriləcəkdir.

Naxçıvanla respublikanın böyük ərazisinin birləşdirən avtomobil yolu çəkilməsi və dəmir yolunun bərpası ilə Türkiyə ilə iqtisadi əlaqələr müqayisəyə sığmayan səviyyəyə yüksələcəkdir. Bu, həm də qardaş ölkə ilə qarşılıqlı yük daşımaları xərclərinin xeyli azalmasına səbəb olacaqdır.

Azərbaycanlılar pandemiyadan əvvəl Gürcüstan kurortlarında istirahət etməyi sevirdilər, Bakıda gürcü mətbəxi restoranları böyük populyarlıq qazanmışdır. Rusiya xeyli həmvətənlərimizə iş yeri verdiyi kimi, onun şəhərləri ölkəmizdə istehsal edilən meyvə-tərəvəz məhsulları üçün səmərəli bazar rolunu oynayır. Bu əlaqələrdə hansısa anlaşılmazlıq hesabına fasilə yarandıqda yerli məhsul istehsalçılarımız təşviş hissləri keçirir, xoşbəxtlikdən, bu xırda insidentlər də ləngimədən öz həllini tapır. Türkiyə istehlak malları istehsalında çox irəli getmiş, regionda Çinə rəqabət göstərən ölkəyə çevrilmişdir. Qardaş ölkədə istehsal edilən paltar, ayaqqabı və məişət malları həm keyfiyyəti, həm də ucuzluğu ilə böyük alıcı tələbatının yaranmasına səbəb olur.

Bəs Ermənistanda vəziyyət necədir? Bu ölkə Rusiya ilə geniş kommersiya əlaqələrinə malikdir, daha dəqiq deyilsə, onun çox sayda istehsal müəssisələri və mühüm infrastrukturları Rusiya iş adamlarının mülkiyyətinə keçmişdir. Ermənistan qonşularından daha çox İranla ticarət aparır. Lakin otuz ilə yaxındır ki, müharibə şəraitinə görə Azərbaycanla iqtisadi və digər əlaqələri bütünlüklə kəsilmişdir. Türkiyə ilə Ermənistanın iqtisadi əlaqələri daha uzun müddət ərzində donmuş şəkildə qalır və iki ölkə arasındakı sərhədlər tam bağlanmışdır.

Müharibənin nəticəsi ayıldıcı təsir göstərməlidir

44 günlük müharibə, Azərbaycanın işğalçı Ermənistan üzərindəki qələbəsi regiona uzunmüddətli sülh gətirə bilər. Olduqca xoş haldır ki, iki dövlət və xalq arasında açıq düşmənçiliyə, silahlı münaqişəyə son qoyulmuşdur. Lakin bu sülhün dayanıqlığı, möhkəmliliyi, uzunmüddətli olması heç də təkcə Azərbaycandan asılı deyildir, əks tərəf də öz üzərinə düşən vəzifəyə ayıq gözlə baxmalıdır, əvvəlki ədavətə son qoymağı bacarmalıdır.

Təəssüf ki, ermənilərin davranışı sülhə bağlanan ümidləri müəyyən şübhə altında qoyur. Bu xalq Türkiyə və Azərbaycana qarşı ərazi iddiasından hələ də əl çəkmək istəmir, Gürcüstanda ermənilər yaşadıqları regionda iğtişaşlar törətməkdən çəkinmirlər. Yenə də Ermənistandan və Rusiyada yaşayan erməni ziyalılarından sərsəm revanşizm çağırışları eşidilir. Məgər digər bir xalq öz tarixi torpaqlarını azad etmişdirsə, buna görə ondan qisas almaq istəyi və çağırışı ağılın hansısa çaşmasından xəbər vermirmi? Nə vaxta qədər Ermənistan regionu gərginliyə cəlb edən bir bədnam amil kimi qalmaqda davam edəcəkdir? Region pandemiyaya, yoxsa erməni qatı millətçiliyinin timsalındakı tauna qarşı mübarizə aparmalıdırmı? Məgər digər xalqlar antilopa sürüsünə çevrilmişdir ki, yırtıcı heyvan daim hücum təhlükəsi ilə onu qorxutsun?

Lakin erməni millətçiliyinin fəsad yaratmaq xüsusiyyətinə də göz yummaq düzgün deyildir. Məşhur flamand rəssamı Paul Rubens kübar ailədən olan qızla evlənmək barədə dostlarının məsləhətinə qulaq asmayaraq, açıqca deyirdi ki, mən "kübar taunundan qorxuram". Qatı erməni millətçiliyi taunundan qorxmaq da hamıya ehtiyatlılıq xidməti göstərməlidir.

Yeganə yol erməni marginallarının tutduqları öz səhv mövqelərindən uzaqlaşması, Ermənistanın isə özü üçün faydalı olan mövcud imkandan möhkəm yapışmasıdır. Başqa hər hansı bir yol, ağılsız başbilənlərinin göstərdikləri yollar onu hökmən dalana aparıb çıxaracaqdır.

Azərbaycan başqa xalqların hətta kiçik dostluq jestinə daim öz ağuşunu açmaqla cavab vermişdir. Onun bu güclülük mənbəyindən, bəziləri bunu, bəlkə də, zəiflik hesab edir, düzgün olaraq istifadə etmək lazımdır. Ermənistan gizləndiyi dəmir pərdə arxasında məkrli hərəkətlərini davam etdirsə, millətlər yarışında daim uduzmaqla üzləşib, arxada sürünməli olacaqdır. Baş vermiş hərbi məğlubiyyətinə istisna kimi deyil, qanunauyğunluğun təzahürü kimi baxmalıdır və yalnız yeni vəziyyəti ilə barışsa, nəyəsə nail olmaq ümidini tamamilə itirməyəcəkdir.

Azərbaycanın siyasi rəhbərliyi onilliklər ərzində, ən çətin dövrlərdə belə beynəlxalq aləmdəki ziddiyyətlərdən kənarda qalmağı bacarmış, digər dövlətlərlə balanslaşdırılmış siyasət aparılmasına üstünlük vermişdir. Bu uzaqgörən siyasət dövlətimizi hərbi bloklara qoşulmamaq hərəkatı sıralarına daxil olmağa gətirib çıxarmışdır. Qoşulmamaq hərəkatı dünyanın 120 dövlətini hərbi bloklarda iştirak etməmək əsasında birləşdirən bir beynəlxalq təşkilatdır.

Hərəkat 1961-ci ilin sentyabrında Belqradda keçirilən konfransda rəsmi olaraq yaradılmışdır. Hərəkatın yaranmasından əvvəl beynəlxalq münasibətlərdə bu yeni cərəyanın əsasını qoyan Bandunq konfransı 1955-ci ildə keçirilmişdi. Bandunq konfransının yekun sənədi olan "pança şila" on prinsipdən ibarət idi. Onlardan biri başqa dövlətin ərazi bütövlüyünə hörmət edilməsi, digəri isə müdaxilədən və daxili işlərə qarışmaqdan imtina etmək idi. Hərəkatda müşahidəçi dövlət kimi fəaliyyət göstərən Ermənistan bu prinsipləri kobud surətdə pozmuş, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan hərbi bloka üzv olmuşdur.

2011-ci ildə Azərbaycan Hərəkatın üzvlüyünə qəbul olunmuş, respublika Prezidenti İlham Əliyev Hərəkatın sədri seçilərək, bu vəzifəni üç il müddətində - 2019-2022-ci illərdə həyata keçirməlidir. Onun bilavasitə təşəbbüsü ilə 2020-ci ilin mayında COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş Kontakt qrupu formatında videokonfrans keçirilmişdir.

Bloklara qoşulmamaq hərəkatı üzvlərinin dövlətimizlə həmrəyliyi Azərbaycanın BMT-dəki uğurlarına da şərait yaratmışdır. Onu qeyd etmək lazımdır ki, ölkəmizin bloka cəlb etmək cəhdləri bəzən təkid şəklini alsa da, dövlətimiz həmin müraciətlərə qəti "yox" cavabını vermişdi.

Siyasət olduqca mürəkkəb məsələdir və onda səbatsızlıq, büdrəmə xoşa gəlməyən nəticələrə gətirib çıxarır. Azərbaycanın siyasi rəhbərliyinin səyləri nəticəsində müharibə dövründə də rəqibimizə əvvəlki dövrlərdəki himayə göstərilməsi imkanları xeyli zəiflədi və əslində, Fransa və Kanadadan savayı, ona hətta hansısa mənəvi dəstək səsləri də eşidilmədi. Dövlətlərin böyük əksəriyyəti Azərbaycanın haqq işini bəyəndiklərini bildirdi, beləliklə, Ermənistanın diplomatik blokadaya salınmasına nail olundu. Bu, Azərbaycanın diplomatik fəallığının səmərəli və uğurlu olduğunu bir daha təsdiq etdi.

Ölkəmizin dostlarının sayı artır

Azərbaycanın beynəlxalq aləmdəki düzgün hesablanmış mövqeyi və ardıcıllığı ona hörmət qazandırır, vaxtilə ona laqeyd olanlar da öz mövqelərini dəyişib həmrəylik nümayiş etdirirlər. Ermənistan isə öz havadarlarına çox arxalandığı halda, beynəlxalq münasibətlərdə də əsl fiasko ilə üzləşməli oldu. Əgər əvvəllər dövlətlərin hamısı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini mantra kimi təkrar edirdisə, reallıqda isə işğalçını pisləmək, onu ağılsız siyasətdən çəkindirmək üçün heç bir praktiki addım atılmırdı. Lakin Azərbaycan hərb yolu ilə öz ərazilərini işğaldan azad etdikdə, dünya dövlətlərinin əksəriyyəti təkcə de-yure deyil, həm də de-fakto qaydasında onun suveren haqqını müdafiə etmək fikri ilə razılaşmalı oldu. Artıq Azərbaycan Ermənistan üzərində təkcə hərbi qələbə deyil, həm də diplomatik qələbə çaldı. Müstəqillik dövründə Azərbaycan, beləliklə, iki böyük zəfərə imza atmaq şərəfinə yiyələndi. Bu cəhət də Azərbaycan rəhbərliyinin müsbət saldosuna yazılmalıdır.

Rusiya Federasiyası ilə münasibətlərimiz strateji əməkdaşlıq xarakteri daşıyır. Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın liderliyi altında fəaliyyət göstərir. Təşkilatdan Azərbaycan əleyhinə istifadə etmək sahəsindəki Ermənistanın cəhdləri Rusiyanın, Qazaxıstanın və Belarusun sərt mövqe qayasına çırpılıb, bəhrə vermədi. Ermənistan həmişə hərbi blokun kömək göstərəcəyinə çox bel bağladığı halda, Rusiya Ermənistan baş nazirinin ilk dövrlərdəki tələbinə, sonrakı vaxtlardakı yalvarışlarına məhəl qoymayıb, sərt qaydada bildirdi ki, müharibə Azərbaycan ərazisində, həmin dövlətin öz torpaqlarını azad etməsi uğrunda gedir, Dağlıq Qarabağ da onun dünya tərəfindən tanınmış ərazisidir, ona görə də ona qarşı hansısa hərbi müdaxilə yolverilməzdir. Əgər müharibə Ermənistan ərazisində getsəydi, onda KTMT ona kömək göstərməyə tələsərdi. Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinin yenilməz mövqeyi Ermənistan rəhbərliyinə ayıldıcı təsir göstərdi.

İran da Azərbaycanın haqq işinə tərəfdar olduğunu bəyan etdi, Ermənistanla ticarət əlaqələrinin dayandırmasa da, bu, hərbi əməkdaşlıq sferasına keçmədi.

Gürcüstan Azərbaycanla dostluq əlaqələrinə sadiq qalaraq, öz ərazisindən Ermənistana silah, sursat və hərbi texnika daşınmasına imkan vermədi və əslində, öz qonşusunu minimal blokada vəziyyətinə saldı.

Pakistan İslam Respublikası müharibənin ilk günlərindən Azərbaycanın yanında olduğunu bildirdi, hər cür hərbi kömək göstərməyə hazır olduğunu çəkinmədən bəyan etdi.

İsrail müstəqillik illərində Azərbaycanla iqtisadı əməkdaşlığı yüksək qiymətləndirərək, ordumuzun ehtiyaclarını ödəmək üçün ölkəmizə ən müasir silahlar, texniki qurğular, dəqiq zərbə vurması ilə seçilən dronlar satdı.

Müharibə Azərbaycanda yaşayan xalqların möhkəm birliyinin iftixar yaradan real nümayişinə çevrildi. Ölkəmizdəki azsaylı xalqların gənc nümayəndələri müharibədə öz azərbaycanlı silahdaşları kimi həqiqi qəhrəmanlıq nümunəsi göstərdilər. Həlak olan döyüşçülər - şəhidlər, həmçinin, yaralanmış əsgərlər - qazilər arasında çox sayda talışlara, ləzgilərə, avarlara, ruslara, dağ yəhudilərinə rast gəlinir. Onlar doğma vətən saydıqları Azərbaycan uğrunda vuruşur, canlarını və sağlamlıqlarını onun naminə qurban verməyə hazır idilər. Çünki bu gənclər özününkü saydığı torpaqları bütün ruhları ilə hifz edirdilər. Ordumuz canlı qüvvə barədə heç bir çətinlik çəkmirdi. Ona görə də Ermənistan rəhbərliyinin guya Azərbaycan tərəfdə Suriya muzdlularının vuruşması iddiası heç bir əsasa malik deyildi.

Azərbaycan kiçik ölkə olsa da, çoxmillətliliyi ilə seçilir və milli tərkibdəki rəngarənglik ölkədəki vətənpərvərlik hisslərini nəinki zəiflətmir, əksinə, daha da gücləndirir. Ermənistan isə monomilli ölkəyə çevrilsə də, əslində, daha da zəifləmişdir, orduda fərarilik halları da kütləvi xarakter daşıyırdı. Son müharibədə qəribə bir dəyişikliyin də şahidi olduq. Azərbaycanlı valideynlərin igidliyə çağırış xeyir-duaları, cəbhəyə yollananların Horatsi oğlanlarınınkına bənzər andları göylərə çatdığı halda, Ermənistandakı valideynlər övladlarını səfərbərlikdən yayındırmağa çalışır, gənclər də hərbi xidmətə getməkdənsə, gizlənmək yolunu seçirdilər. Artıq millətçiliyə əlacsız müraciət cəhdləri də köməyə gəlmirdi. Azərbaycanda isə elə bil ki, Homerin "Odissey"dəki bəlkə də bütün bəşəriyyətə ünvanladığı "ləyaqət, qüsurla müqayisədə daha yaxşı siyasətdir" mesajı birbaşa qəbul edilmişdi, ölkə rəhbərliyi daim hiyləgərliyə əl atan düşməndən fərqli olaraq, ləyaqət prinsipini əsas götürərək, siyasətində və əməllərində məhz ona riayət etməyi vacib saymışdı.

Qazanılmış qələbə Azərbaycan ordusu əsgərlərinin xeyli dərəcədə igidliyi və fədakarlığı sayəsində mümkün olmuşdur. Son iki onillikdə siyasi rəhbərlik, əslində, yeni ordu formalaşdırmışdır. Ordu cəbhədə daim irəliyə doğru hərəkət edir, bütün maneələri ustalıqla dəf edirdi.

(Ardı var)

 





04.03.2021    çap et  çap et