525.Az

Milli onomastika məktəbinin banisi - Afad Qurbanov


 

Milli onomastika məktəbinin banisi - <b style="color:red">Afad Qurbanov</b>

Bu yaxınlarda müasir milli dilçilik elminin ən görkəmli nümayəndələrindən biri olan Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın üzvü, filologiya elmləri doktoru, professor Afad Qurbanovun anadan olmasının 92-ci ildönümü tamamlandı.

O, Azərbaycan dilçiliyinin ən əsas problemlərini tədqiqata cəlb edərək çox mühüm və dəyərli nəticələr əldə edən, dilçilik elmində gələcək nəsil nümayəndələrinin formalaşması və inkişafına xüsusi qayğı ilə yanaşan, qarşıda duran vəzifələri dəqiq müəyyən edən tanınmış dilçi alimdir. Professor A.Qurbanov  çoxcəhətli və geniş diapazonlu elmi fəaliyyətilə ölkəmizdə dilçilik elmini zənginləşdirən, ona öz dəyərli töhfələrini verən, öz dəst-xəttilə seçilən elm xadimlərindən olmuşdur. Dilçiliyin son illərdəki inkişafının mühüm nailiyyətlərindən biri də yeni bir dilçilik sahəsinin - onomastikanın yaranması və formalaşmasıdır. XX əsrin ikinci yarısı Azərbaycanda onomastikanın tədqiqi üçün xüsusi mərhələ hesab oluna bilər. Bu mərhələdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik şöbəsi - elmi məktəb kimi formalaşması bilavasitə Afad Qurbanovun adı və fəaliyyətilə bağlıdır.

Ümumiyyətlə, dildəki hər bir xüsusi adın - onomastik vahidin ictimai-tarixi inkişafın məhsulu olduğunu yada salsaq, bu sahənin əhəmiyyətini daha bariz şəkildə görmək mümkündür. Xüsusi adlar keçmişin izlərini özündə mühafizə edib müasir zamana kimi gətirən real faktor olub, tarixin canlı şahidləri hesab edilirlər. Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə geniş tədqiqi məhz Afad Qurbanovun adı ilə bağlıdır. Xatırladaq ki, onomastika bir elm sahəsi kimi xüsusi adları, yəni insan adları, coğrafi adlar, tayfa adları və sairəni öyrənir. Bu sahə, tədqiqat obyektindən asılı olaraq, antroponimika, toponimika, etnonimika və digər kimi bölmələrə bölünür. Azərbaycan dilindəki şəxs adlarının özəl xüsusiyyətləri, onların mahiyyəti, sistemi, yaranması, mənşəyi, məna əsası, yayılma regionu, quruluşu, inkişaf tarixi, təkmilləşməsi, üslubi imkanları, bir dildən başqa bir dilə transliterasiyası kimi antrotoponimikanın əsas problemləri bilavasitə Afad Qurbanovun əsərlərində əsaslı şəkildə araşdırılaraq tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da o olub. Onun "Antroponim nəzəriyyəsi" adlı monoqrafiyası bu baxımdan orijinallığı ilə diqqəti cəlb etməkdədir. Onu da qeyd edə bilərik ki, bədii əsərdəki antroponimlər, toponimlər, onların üslubi xüsusiyyətləri, etnik adlar, ad yaradıcılığı, poetik onomastikanın ilk tədqiqatçısı da Afad Qurbanov olmuşdu.

Ümumi dilçilik və Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə həsr edilmiş fundamental elmi-tədqiqat əsərlərinin və dərsliklərin müəllifi, nəzəri və praktik məsələlər üzrə ən məhsuldar alimlərimizdən olan professor Afad Qurbanov öz tədqiqatlarını, əsasən, dilçiliyimizin az öyrənilmiş sahələrilə bağlı aparıb. Alim uzun illər ərzində onomastika məsələlərilə daha çox maraqlanmış, tədqiqatlar aparmış, mühüm nailiyyətlər əldə etmişdi. A.Qurbanovun onomalogiyaya dair ilk əsəri 1956-cı ildə Tbilisidə dərc edilən "Azərbaycan şəxs adlarının xüsusiyyətləri" məqaləsidir. Daha sonra tədqiqatçı bir-birinin ardınca "Müasir Azərbaycan ədəbi dili" (Onomalogiya bölməsi), "Azərbaycan onomastikası", "Azərbaycan onomalogiyası məsələləri", "Poetik onomastika", "Onomalogiyaya dair elmi-metodik göstərişlər" və digər monoqrafiyaları, dərsliklərinəşr etdirərək dilimizdə bu sahənin öyrənilməsinə düzgün elmi istiqamət verməklə bərabər, Azərbaycan onomalogiyasının da müstəqil bir şöbə kimi formalaşmasının əsasını qoymuşdu. Onun bu sahə ilə bağlı ən böyük uğuru 1988-ci ildə nəşr edilmiş və 1989-cu ildə Dövlət mükafatına layiq görülmüş "Azərbaycan dilinin onomalogiyası" adlı mükəmməl və əhatəli monoqrafiyasıdır. Əsərdə Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika problemləri elmi-nəzəri aspektdən şərh edilmişdi. Bu monoqrafiya Azərbaycan dilçiliyində xüsusi adların hərtərəfli linqvistik təhlilinə həsr olunmuş ilk əsər hesab edilir.

A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, eləcə də Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdu. Azərbaycan Dövlət Pedaqoji Universitetində "Onomastik problem laboratoriyası"nın yaradılması, onomastikamızın problemlərinə həsr edilmiş beynəlxalq və elmi konfranslarının mütəmadi olaraq keçirilməsi bilavasitə Afad Qurbanovun səyləri sayəsində baş tutdu. Onun rəhbərliyilə onomalogiyanın problemlərinə dair müxtəlif mövzularda onlarca dissertasiyalar müdafiə edildi. Onomastika sahəsində məktəb yaratmış görkəmli dilçi alimin elmi tədqiqatlarında təkcə Şimali Azərbaycandakı onomastik vahidlər deyil, həm də Cənubi və Qərbi Azərbaycandakı, eləcə də Gürcüstan, Dağıstan, Əfqanıstan və digər ölkələrdə olan minlərlə  türk-Azərbaycan mənşəli  onomastik vahidlər, xüsusilə toponimlər təhlilə cəlb olunub.

"Azərbaycan dilinin onomalogiyası" əsərinin elmi dəyəri haqqında türk dünyasının görkəmli elm xadimi Xəlil Açıqgözün də  maraqlı bir şərhi diqqəti cəlb edir: "Möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk onomastikasının nəzəri və əməli problemlərini böyük bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək, azdır. Kitabın qısa zamanda Türkiyə türkcəsinə nəşrini təmənna edirik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk onomastik araşdırmaları daha aydın işıqlandırılar". Akademik Məmmədağa Şirəliyev isə öz məqaləsində yazır: "A.Qurbanovun "Azərbaycan dilinin onomalogiyası" adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, dünya türkoloji dilçiliyi üçün də çox qiymətlidir. Mən tam məsuliyyətlə deyə bilərəm ki, Afad Qurbanov bu əsərilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur".

Onomalogiya problemlərinə xüsusi əhəmiyyət verən görkəmli elm xadimi A.Qurbanov 2004-cü ildə onomastika məsələlərinə dair 2 cilddən ibarət böyük, fundamental monoqrafiya ərsəyə gətirib nəşr etdirmişdi. Yüksək elmi səviyyədə və səlis dildə yazılan Azərbaycan onomalogiyasının nəzəri əsaslarının tədqiqinə həsr edilmiş ikicildlik monoqrafiya Türkiyə və Rusiyada da nəşr olunub.Bu monoqrafiyalar Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli şəkildə linqvistik tədqiqinə həsr edilib. O, bu əsərlərində fundamental onomastik təlimin nəzəri əsaslarını şərh etmiş, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirmişdi. Bu gün bu sahədəki bütün tədqiqatlar Afad Qurbanovun müəyyən etdiyi qruplaşma əsasında aparılır.

Həmçinin, A.Qurbanov Azərbaycan onomastikası problemlərilə bağlı konfransların hər birinin təşkilatçısı və əsas məruzəçisi olaraq misilsiz xidmət göstərib. 1986-cı il noyabrın 28-də APİ-də (indiki ADPU) "Azərbaycan onomastikası problemlərinə dair" birinci elmi-praktik konfrans keçirildi. Bu, Azərbaycan dilçiliyi, eyni zamanda, türkologiya tarixində onomastika məsələlərinə həsr olunmuş ilk konfrans oldu. Konfransa tanınmış dilçilərlə yanaşı, tarixçi və coğrafiyaşünas alimlər də dəvət olunmuşdu. Həm də bu alimlər təkcə respublikamızın deyil, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan kimi ölkələrin nüfuzlu elm adamları idilər. Təkcə bu fakt belə konfrans barədə dolğun təəssürat yaradır. Ən azı onun coğrafiyasının çox geniş olduğunu, hətta beynəlxalq səviyyəli bir konfrans kimi keçirildiyini sübut edir.

AMEA-nın müxbir üzvü A.Qurbanovun onomastika sahəsindəki fəaliyyəti respublikamızda və ölkəmizdən kənarda yüksək qiymətləndirilib. 1989-cu ildə İstanbulda nəşr edilmiş "Türk dünyası araşdırmaları" adlı sanballı elmi toplunun bir neçə səhifəsi məhz bu fundamental əsərin təhlilinə həsr olunub.

Onu da qeyd edək ki, Azərbaycan dilçiliyində bədii əsərlərin onomastik cəhətdən sistemli şəkildə tədqiq edilməsində A.Qurbanovun "Poetik onomastika" kitabının rolu əhəmiyyətlidir. O "Müasir Azərbaycan ədəbi dili", "Azərbaycan onomastikası", "Azərbaycan onomalogiyası məsələləri" kitablarında poetik onomastikanın ayrı-ayrı sahələrinin tədqiq edilməsinin dilçiliyimiz üçün təxirəsalınmaz vəzifə olduğunu xüsusi olaraq vurğulamışdı. Görkəmli tədqiqatçı "Poetik onomastika" kitabında bu problemləri sistemli şəkildə araşdırmışdı.

Həm nəzəri, həm də tətbiqi onomalogiya sahəsində öz həllini gözləyən aktual mövzular, problemlər saysız-hesabsızdır. Kəmiyyət və keyfiyyətcə böyük nailiyyətlər əldə edilməsinə baxmayaraq, hələ də görüləsi işlər az deyildir. Digər elm sahələrində olduğu kimi, birtərəfli, yaxud uydurma fikirlər onomastik tədqiqatları da faktı saxtalaşdırmağa yönəldə bilər ki, bu da elm üçün son dərəcə qəbul olunmazdır. Azərbaycan dilinin onomastik məzmunu və sistemi çox zəngin və rəngarəngdir. Tədqiqatçı onomoloqların qarşısında olduqca böyük və məsuliyyətli elmi vəzifələr durmaqdadır. Bu xüsusiyyətlərin düzgün açıqlanması, xalqımızın tarixinin, mədəniyyətinin, elminin, dilinin keçmişinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan haqqında bəhs etdiyimiz A.Qurbanovun müəyyən etdiyi elmi istiqamət yeni nəsil onomoloqların da tədqiqat işinə öz töhfəsini verəcək.

Adı Azərbaycan dilçiliyinin korifeylərilə bir sırada çəkilən, türk və Avropa dilçiləri tərəfindən orijinal konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan təhsilinə, elminə həsr edib, ana dilimizin inkişafına, ümumiyyətlə, dilçiliyə, əlifbamızın təkmilləşdirilməsinə dair sanballı, mükəmməl əsərlərlə töhfələr verib, alimliklə insanlığın vəhdətini özündə birləşdirməklə bərabər, görkəmli türkoloqlarımızdan olub. Dilçilik elmimizin görkəmli şəxsiyyətinin xatirəsi daim həmkarları və yetirmələrinin, elm xadimlərinin, onu tanıyan hər bir kəsin qəlbində əbədi olaraq yaşayacaq. Görkəmli tədqiqatçı-alim Afad Qurbanovun mənalı həyat yolu əsl ziyalılıq təcəssümüdür, öz biliyi, elmi səviyyəsi, alicənablığı, gənc mütəxəssislərə təmənnasız qayğısı, Vətəninə xidmət göstərməsilə yaddaşlara əbədi həkk olunub.

Aysel BEHBUDLU
AMEA Naxçıvan bölməsinin əməkdaşı

 





04.03.2021    çap et  çap et