525.Az

Xocalı soyqırımı Laçın torpağında ilk dəfə anıldı - Yazı


 

Xocalı soyqırımı Laçın torpağında ilk dəfə anıldı - <b style="color:red">Yazı</b>

Azərbaycandakı Alban mədəniyyətinə aid məbədlərin Azərbaycan Alban-udi xristian dini icmasının ixtiyarına verilməsi barədə hələ ötən il "525-ci qəzet" vasitəsilə səsləndirilən təklif respublika ictimaiyyətilə yanaşı, Kəlbəcər və Laçın əhalisi arasında da böyük rəğbətlə qarşılandı. Xüsusilə, bu təklifdən ötən 3-4 ay ərzində ərazilərdəki Alban məbədlərinə ziyarətlərin təşkili ictimaiyyətdə məmunluq yaratdı.

Fevralın 24-də Laçın rayonu ərazisində yerləşən qədim Alban məbədində -  Ağoğlan monastırında ilk dəfə Xocalı soyqırımı qurbanlarının anım mərasimlərinin keçirilməsi, tədbirdə Alban-udi xristian dini icmasının üzvləri ilə yanaşı, elm adamlarının, xarici və yerli mətbuat nümayəndələrinin iştirakının təşkili ilə əlaqədar müvafiq dövlət qurumlarına, Alban-udi xristian icmasının nümayəndələrinə minnətdarlığımızı bildiririk. Onlar Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanın rəhbərliyi altında bu fəaliyyətləri ilə 30 il doğma torpaqlar üzünə həsrət qalan yerli sakinlərin qəlbində qalib bir xalqın nümayəndələri kimi fərəh hissi oyatdılar.

Bunlarla bağlı  jurnalistlərə açıqlama verən icma sədri Robert Mobili Xocalı qurbanlarının ruhuna məbəddə şamlar yandırıldığını, şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxunduğunu bildirdi. Ağoğlan məbədinin əhəmiyyətindən danışan R.Mobili vurğuladı ki, Laçında bir çox Alban məbədləri var: "Ağoğlan məbədi isə Laçın üçün, Qarabağ üçün bir mirvaridir. Nəhayət, tarixi həqiqəti bərpa elədik". O, daha sonra Laçın rayonuna ilk dəfə gəldiyini və 6-cı əsirdə inşa edilən qədim Alban kilsəsini ziyarət etdiyini vurğuladı: "Bu abidə 30 il yox, mən deyərdim, 200 ilə yaxındır, işğaldadır. Ermənilər bu kilsəni də saxtalaşdırmışdılar".

Bu abidə üzərində sonradan aparılmış dəyişikliklər barədə bundan əvvəlki yazılarımızda fakt və dəlillərlə ətraflı məlumatlar vermiş, bir vaxtlar məbədə gələn ermənilərin qarşısının alınması ilə bağlı görülən tədbirlərdən söz açmışdıq. Şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində qazanılan böyük Zəfər sayəsində işğal altındakı torpaqlarımızla yanaşı, dini məbədlərimiz də uzun illərin əsarətindən xilas edildi.

İstər Sovetlər hakimiyyəti dövründə, istərsə də Laçın rayonunun işğal altında olduğu 28 ildə ermənilər Ağoğlan məbədini daima özününküləşdirməyə çalışmış, qismən öz məqsədlərinə nail olmuş, tarixi abidənin divarlarında guya məbədin tarixən ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirmişdilər.

 

Onu da qeyd etməliyəm ki, bədnam qonşularımızın bu naqis hərəkətləri yerli əhalidə ermənilərə, onların "simvollarına" qarşı nifrət hisslərini daha da gücləndirmişdi. Bütün bunlar isə üzərində xaç nümunələri olan abidələrə qarşı əhalidə mənfi münasibətinin formalaşmasına yol açmışdı. Lakin ötən əsrin son illərindən başlayaraq dünyanın və ölkələrin tarixinin yenidən işlənərək əhaliyə çatdırılması doğru-dürüst məlumatların əldə olunmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi. Buna görə də son zamanlar Azərbaycandakı Alban-udi xristian dini icmasının öz tarixi abidələrini ziyarətləri və buna şəraitin yaradılması tarixi həqiqətlərin əyani sürətdə öz təsdiqini tapması baxımından olduqca lazımlı və vacib məsələdir.

Ağoğlan məbədin yerləşdiyi bu ərazilər öz tarixi boyu bölgədəki 24 türk tayfasından olan Oğuz və Qıpçaq türklərinin doğma yurdu olub. Məbədin 6-cı əsrdə tikilməsi və 9-cu əsrdə Roma papasının himayəsindəki Albaniya dövlətinin xristian dini icması tərəfindən təmir olunması tarixidə ermənilərin bu abidəyə iddialarını alt-üst edir. Onu da qeyd etməyi lazım bilirəm ki, bölgədə zərdüştlük, xristianlıq, buddizm dini yayılsa da, oğuzlar 950-ci ildə islam dinini qəbul edənədək Göy tanrıya inanmış, digər dinlərin nümayəndələri ilə indiki kimi mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamış, öz mədəniyyətlərini daha da inkişaf etdirmişdilər. Həmin dövrlərdə türklərin Əl Xərəzmi, Əl-Fərabi, İbn Sina, Əbu Reyhan Əl-Biruni kimi tanınmış elm xadimləri, böyük şəxsiyyətləri yetişərək Avropanın müxtəlif universitetlərində və mədrəsələrində dərs demişlər. Nə tarixi mənbələrdə, nə də dərsliklərdə bütün bu dövr ərzində erməni toplumunun nümayəndələrinin bu ərazilərdə yaşadıqlarını təsdiqləyən bir dənə də olsun fakt və dəlil yoxdur. Bütün bunlar bir daha onu göstərir ki, Ağoğlan məbədinin ermənilərə heç bir aidiyatı yoxdur, sadəcə bu, mənfur ermənilərin həmin abidələrə sahiblənmək hərisliyindən başqa bir şey deyil. Alban-udi xristian dini icmasının sədri Robert Mobilinin dediyi ki, bu ziyarətlə ilahi ədalətə şahidlik olundu, tarixi həqiqət bərpa edildi.

Laçın rayonu ərazisində digər Alban abidələri də var. Növbəti səfərlər zamanı yeni abidələrin də ziyarət proqramına daxil edilməsi məqsədəmüvafiq olardı. Səfər heyətinə tarixçilərin, elm xadimlərinin, əraziyə bələd olan məlumatlı şəxslərin daxil edilməsi, bu ziyarətlərin vaxtaşırı təşkili, ərazinin mühüm tarixi, hərbi, siyasi və ictimai durumunu nəzərə alaraq belə tədbirlərin ardıcıl xarakter alması vacib və zəruridir.

Əvvəllər də qeyd etmişdim, bir daha xatırladıram və əlaqədar təşkilatların diqqətinə çatdırmaq istəyirəm ki, Xocalı soyqırımı, bundan əvvəl və sonra ermənilərin törətdikləri qanlı hadisələr onlarla qonşuluq şəraitində və yaxud da birgə yaşayışa təminat vermir. Ötən əsrin 1905-1907, 1915-1920, 1990-cı illərdə törədilən hadisələr onlara nə Laçın, nə də Kəlbəcər ərazisindən yol verməyə şərait yaradır. Odur ki, Qarabağdakı dinc əhaliyə ya Laçın-Kəlbəcər arasındakı yaylaq yolundan - Xocalı-Ballıca-Dəlidağın sol yamacı - Laçının Şəmkənd, Qorcu, Şəlvə kəndlərindən şimala olan boş ərazidən və yaxud da Zəngilandan Culfaya, Zəngəzura gedən yoldan dəhliz verilməsi kifayət edər. Bu təklifin nəzərə alınması mühüm hərbi strateji nöqteyi-nəzərdən də əhəmiyyətli olardı. Laçındakı aeroportun isə rayonun Qazıkaha-Xırmanlar düzündə, Kəlbəcərə gedən yolun üzərində tikilməsi Şuşaya gediş-gəliş baxımından da ən yaxın - 40 kilometr məsafədir və hərbi cəhətdən ən əlverişli ərazidir.

Sonda bir daha bu istiqamətdə görülən işlərdə zəhməti olan hər kəsə minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm.

Elbrus TƏHMƏZOV
Azərbaycan Respublikası Milli Məclisinin Laçın rayonundan olan sabiq deputatı

 





04.03.2021    çap et  çap et