525.Az

"Ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub"


 

"Ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub"<b style="color:red"></b>

"Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi".

525.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib:

“Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik”.

Prezident İlham Əliyev qeyd edib ki, son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarında Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını deyib. “Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi. Tarixi ədalətə cavab vermirdi və yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi və biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”, - deyə Prezident vurğulayıb.

"Son 3 il ərzində prezident və parlament seçkiləri keçirilib. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri var. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və biz görürük, gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu var".

Dövlətimizin başçısı deyib:

“Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və ardıcıllıqla biz öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzn bərpasını mən birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də açıq-aydın hədəflər qarşımıza qoyuldu və biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”.

"Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib".

“Eyni zamanda, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və ikinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.

 

 





05.03.2021    çap et  çap et