525.Az

"İtkin gəlin" tapılmır - İki esse


 

"İtkin gəlin" tapılmır - <b style="color:red">İki esse</b>

Keçmişlərdən, olmuşlardan

O qatar geri dönən deyil

Bu bir ömürdə elə hadisələr, əhvalatlar olur ki, onu yeri gəldikcə danışmasan, deməsən, yazmasan, xatırlamasan, tanış-bilişə söyləməsən, sonra gec olar, unudular, yaddan çıxar...

Sənin haqqın yoxdur ki, çoxları üçün vacib, zəruri ola biləcək fakt və hadisələrin yayılmasının qarşısını alasan və düşünəsən ki, sənin bildiyin  yetər,  başqaları bilməsə də keçər...

Ölkəmizin çoxəsirlik inkişafı dövründə misilsiz xidmətləri olmuş, əslində, həyatımızın tərəqqisinin, müstəqilliyimizin bərqərar olmasının bünövrəsini qoymuş nəhəng bir dahinin - Heydər Əliyevin yaradıcı, qurucu  həyatının hər günü bir tarixdir, örnəkdir, məktəbdir. O illərdə, yəni keçən əsrin 70-80-ci illərində respublikamızın sosial-iqtisadi yüksəliş illərinin əsasında kompleks şəklində aparılan ideoloji, təşkilati tədbirlərin çox müsbət nəticələrinin şahidi olmuşuq. Əslində, ideoloji iş, necə deyərlər, bulaq kimi qaynayırdı. Mükəmməl struktur vardı, idarə olunurdu və s.

Bu gün uzun illər siyasi tərbiyə problemləri ilə məşğul olmuş bir adam kimi deyə bilərəm ki, o illərdə Moskvadan göndərilmiş, tövsiyə edilmiş göstərişləri bir tərəfə qoyub əsasən, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin partiya qurultaylarında, plenumlarında, konfranslarında, partiya-təsərrüfat fəallarının yığıncaqlarında, ictimai təşkilatların məclislərində, zona müşavirələrində, bir sözlə, bütün mühüm tədbirlərdə çıxışları bir qayda olaraq  dönə-dönə öyrənilirdi.

Müdrik rəhbərimiz şəxsən özü də bir təbliğatçı kimi əmək kollektivləri qarşısında çıxış etməkdən yorulmurdu. O vaxtlar respublikada siyasi təhsil  proseslərinə rəhbərlik edən Vəli Məmmədovla bərabər, mən də Birinci katibimizin Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsindəki məşğələsində iştirak etmişdik.

O dövrün dəbdə olan "Təşviqat qatarı" yaddan çıxmayıb. Elm və mədəniyyət xadimləri, bəstəkarlar, yazıçılar, şairlər, rəssamlar, tanınmış əmək adamları, jurnalistlər rayonlara, şəhərlərə səfərə çıxır, əmək kollektivlərində görüşlər keçirilir, adamlar arasında sıx ünsiyyət yaranır, əlaqələr möhkəmlənirdi. Yeni şeirlər yazılır, mahnılar bəstələnir, rəsm əsərləri çəkilirdi və s.  Onlarla misal gətirmək olar.

Respublikamızda geniş vüsət almış məhsul bayramları əsl xalq şənliklərinə, xoş ovqatlı bayramlara çevrilmişdi.

Yox, siz elə bilməyin ki, yaxın keçmişdəki olmuşları, əhvalatları, bir sıra kütləvi tədbirləri nostalji bir həsrətlə yada salıb heyifsilənirəm, yox... O qatar keçib getdi, bir daha geri dönməz... O vaxtların ab-havası bir başqaydı, kollektiv təsərrüfatlar vardı,  gəlirgətirən sahələr vardı,  kənd yerlərində əkilməyən torpaq tapılmazdı... Nə isə...

Ötən əsrin 70-ci illəri həm də respublikamızda pambıqçılığın inkişafı diqqət mərkəzindəydi, əhalinin əksəriyyəti pambıq planının yerinə yetirilməsinə səfərbər edilərdi, kənd rayonlarının fəaliyyətinə həm də pambıqçılığın inkişafındakı nailiyyətlərə görə qiymət verilərdi və s. Respublikamızın rəhbəri də əsasən hər il avqust-sentyabr aylarında zonalar üzrə pambıqçılığa həsr edilmiş müşavirələr keçirərdi.

Ulu öndərin iştirakı ilə belə bölgə müşavirələrinin biri də 19 iyul 1979-cu ildə İmişli rayonunda keçirilmişdi.

O dövrdə İmişli Rayon Partiya Komitəsinin birinci katibi işləmiş rəhmətlik Qadir İsmayılzadənin mənə söylədiklərindən:

- Rayon mərkəzində keçirilmiş ümumi yığıncaqdan sonra bütün heyətlə - Bakıdan və rayonlardan gəlmiş qonaqlarla birlikdə Şahverdili kəndinə, Pənah Həsənovun briqadasına getdik. Sosialist Əməyi Qəhrəmanı Pənah Həsənov rayonumuzun fəxri idi.

Heydər Əliyeviç tarla düşərgəsindəki "Qırmızı guşə"yə yaxınlaşdı, stolun üstündə yeni qəzetlər, jurnallar, kitablar... O, birdən əyilib bir kitabı əlinə aldı, baxdı:

- Hələ o, bir şeir də yazır? - deyə əsəbi şəkildə soruşdu.

Mən ayaq üstə quruyub qalmışdım. Heç nə başa düşmürdüm. Yazıçı Əkrəm Əylisli irəli çıxıb kitabı Heydər Əliyevdən alıb baxdı və gülümsəyərək dedi:

- Yox, Heydər Əliyeviç, bu, Mərkəzi Komitənin plenumunda vəzifədən azad etdiyiniz katibin kitabı deyil, tamam başqa bir adamdır. Bizim yoldaşımızdır, şairdir.

- Hə? - dedi Birinci katibimiz.

Hamımız təəccüblənmişdik, axı necə ola bilərdi ki, bir müddət əvvəl Mərkəzi Komitənin işdən çıxarılmış katibin kitabı "Qırmızı guşə"yə qoyulsun... Sən demə, sizin kitabınız imiş, ay Ramiz müəllim.

Bu əhvalatı gülə-gülə danışdı mənə maraqlı, həssas və xeyirxah bir insan olan Qadir İsmayılzadə.

Həmin dövrdə İmişli Rayon Komsomol Komitəsinin birinci katibi işləmiş Elmira Qasımova deyir ki, o böyük şəxsiyyətlə aramızda olan kiçik bir söhbəti heç vaxt unutmaram:

- Rayon partiya komitəsinin ideoloji sahə üzrə katibi Gözəl xanım Səfərova ilə birlikdə qonaq otağında çay süfrəsinin ətrafındaydıq. Heydər Əliyeviçlə gələnlərdən bir nəfər bizə yaxınlaşıb rəhbərin su içmək istədiyini dedi. Bilirdik ki, raykomun birinci katibi Qadir İsmayılzadə su tədarükü görmüşdü - Şuşadan, məşhur İsa bulağından iki böyük qabda su gətizdirib soyuducuya qoydurmuşdu.

Suyu Heydər Əliyeviçə özüm təqdim etdim.

Yayın bu qızmarında İsa bulağının bal kimi dadlı sərin suyundan içən rəhbərimiz dedi:

- Bəh-bəh, nə dadlı sudur bu su.

Mən tələsik dilləndim:

- İsa bulağından gətirmişik, Heydər Əliyeviç.

İllər keçdi, 1995-ci ildə mən Milli Məclisin üzvü olduğum günlərdə bir qrup qadın deputatlarla görüşdə Ulu öndər üzünü mənə tutub dedi:

- Hə, komsomol, indi İsa bulağından su gətizdirə bilmirsiniz, darıxmayın, gün gələr İsa bulağının suyundan yenə içərik, darıxmayın.

İndi həmin vaxt gəlib çatıb. Qarabağ, Şuşa, İsa bulağı yolumuzu gözləyir. Tam əmin-amanlıq yaranan kimi yəqin ki, may ayında, istəkli Ulu öndərimizin doğum günü ərəfəsində şəxsən özüm gedəcəyəm İsa bulağına, o bulağın doğma suyundan Bakıya gətirib unudulmaz rəhbərimizin məzarı üstünə səpəcəyəm, əhd eləmişəm.

"İtkin gəlin" tapılmır

Bir əhvalat barədə - el arasında geniş şöhrət qazanmış yazıçı Əlibala Hacızadənin o illərdə məşhur olmuş "İtkin gəlin" kitabı ilə əlaqədar baş vermiş əhvalat barədə nə vaxtsa mətbuatda oxumuşdum.

Bununla belə, daha dəqiq məlumat almaq məqsədilə uzun illər Saatlı rayonunda aparıcı rəhbər vəzifələrdə çalışmış ailəvi dostum, səmimi insan Hacı Seyidağa Kazımovdan xahiş etdim ki, 1980-cı ilin oktyabr ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin Saatlının Mir Bəşir Qasımov adına kolxoza səfərindən bir az geniş danışsın.

Seyidağa müəllim söylədi ki, Ulu öndər həmin günlərdə kolxozun qabaqcıl pambıqçılıq briqadiri olan Lələkişi Qədimovun briqadasında işləyən pambıqçı qızlarla söhbət etdi. Soruşdu ki, nəyə ehtiyacınız var, maşına, mebelə, xalçaya, soyuducuya, deyin təşkil edək.

Qızlardan biri deyir ki, yoldaş Əliyev, cehizlik üçün bir xalça olsaydı, alardım, pulum var.  

Heydər Əliyev tapşırıq verir:

- Əlisahib (Saatlı Rayon Partiya Komitəsinin birinci katibi, xalq arasında kifayət qədər hörmət qazanmış, işgüzar bir insan idi) raypoya (ticarət təşkilatı) göstəriş ver, xalça hazırlasın.

Sonra qızlardan biri irəli durub deyir ki, yoldaş Əliyev, yazıçı Əlibala Hacızadənin "İtkin gəlin" kitabı çıxıb, amma tapılmır, oxumaq üçün növbəyə dayanmışıq. Siz tapşırsanız o  kitabdan yenə də buraxarlar, biz də alıb oxuyarıq.

Pambıqçı qızın bir təklifi də respublika rəhbərinin xoşuna gəldi.

Tezliklə "İtkin gəlin" romanı kütləvi tirajla nəşr edildi. Raykomun birinci katibi Əlisahib Babayevin göstərişi ilə həmin kitab rayonun bütün pambıqçı qızlarına pulsuz paylanıldı.

 





05.03.2021    çap et  çap et